Azərbaycan dilində Sinif.az interaktiv
təlim sistemi yaradılıb
Azərbaycan
dilində Sinif.az interaktiv təlim sistemi
yaradılmışdır. Layihə orta və gələcəkdə
ali distant təhsil üçün universal platformanın
yaradılması məqsədilə bir qrup azərbaycanlı
alim və proqramçılar tərəfindən
hazırlanmışdır.
Sistem
xüsusi tədris proqramı əsasında orta və mürəkkəb
səviyyəli təlimi, test sistemini, elektron müvəffəqiyyət
gündəliyinin aparılması imkanını və s. nəzərdə
tutur. Hazırda sistem ümumtəhsil məktəblərinin
V-XI sinif proqramlarını əhatə edir. Sistemdə hər
fənn üzrə 40 faizdən çox tədris materialı
yerləşdirilmişdir. V-XI siniflər üzrə tədris
proqramlarının tamamilə yerləşdirilməsi 2011-ci
ilin sonunadək həyata keçiriləcək. 2012-ci ilin
yazına qədər isə sistem I-IV siniflər üzrə də
bütün tədris materiallarını əhatə edəcək.
Fənlərin
biri üzrə proqramı öyrənmək istəyən hər
bir tələbə (şagird) müxtəlif təlim
kurslarından ibarət şəxsi tədris planını
formalaşdıra bilər. Mövzunu keçdikdən sonra
biliklərin yoxlanması imkanı da nəzərdə
tutulmuşdur. Testin əsas üstünlüyü ondan ibarətdir
ki, o yoxlamadan sonra tələbələrə onların
buraxdıqları səhvlərin tam təhlilini təqdim
edir. Təhlil əsasında
sistem tələbələrə biliklərində olan
çatışmazlıqları tamamlamağı və bu tədris
materialını bir daha öyrənməyi tövsiyə edir.
Sinif.az
interaktiv təlim sistemində həmçinin ali təhsil
müəssisələrinə qəbul testlərini keçmək
imkanı da təklif olunur. Abituriyentlər üçün nəzərdə
tutulmuş bölümdə hər bir kəs dörd qrup qəbul
imtahanlarından birini seçib 125 (700 bal) sualdan ibarət test
imtahanından keçə bilər. Mümkün səhvlərin
təhlili abituriyentlərə qəbul imtahanlarına daha səmərəli
şəkildə hazırlaşmağa imkan verəcəkdir.
Əlavə
olaraq sistemdə hər kəsin öz intellekt səviyyəsini
yoxlaya bilməsi üçün məntiq testləri yerləşdirilmişdir.
Perspektivdə
Sinif.az interaktiv təlim sistemi ali təhsili də əhatə
edəcəkdir. İstifadə olunmuş proqram təminatı
bu prosesin ümumdünya interaktiv təlim təcrübəsinin
və Boloniya prosesinin tələblərinə uyğun həyata
keçirilməsinə imkan yaradır.
Audio və
videofayllardan, təqdimatlardan və s. bu kimi elementlərdən
istifadə həm tələbələr, həm də
şagirdlər üçün tədris materialının
qavranılması imkanlarını nəzərəçarpan
dərəcədə genişləndirəcəkdir.
Sistemin
proqram təminati imtahanların keçirilməsi
üçün əla şərait yaratmağa imkan verir. Belə
ki, sistem imtahanda iştirak edən hər bir kəs
üçün fərdi tapşırığı təmin
edir və bu da köçürmə hallarını, demək
olar ki, tam istisna edir.
Sinif.az
interaktiv təlim sistemi "tələbə" ("şagird"),
"müəllim" və "valideyn" statusu ilə məlumat
bazasına girişi təmin etməyə imkan verir. Misal
üçün, valideynlər sözügedən sistem
çərçivəsində öz övldalarının tədrisinə
nəzarət, müəllimlər
isə təqdim olunmuş tədris materiallarından dərslərində
interaktiv qaydada istifadə edə bilərlər.
Artıq
300 nəfərdən çox şagird və abituriyentin
qeydiyyatdan keçdiyi Sinif.az interaktiv təlim sistemi beynəlxalq
təcrübənin dərindən öyrənilməsi əsasında
yaradılmışdır. Dünyada mövcud olan sistemlərin
müqayisəsi göstərir ki, Sinif.az öz konsepsiya və
texnoloji imkanlarına görə dünya standartlarına tam
cavab verir və təhsil sahəsində qabaqcıl interaktiv
sistemlərdən biridir.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2011.-
8 aprel.- S.5.