"İNEPO-AVRASİYA"
Layihə Olimpiadası başlandı
Bakı şəhərində ekologiya və
təbiəti mühafizə
problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf
Mühitin Mühafizəsi V Beynəlxalq Layihə
Olimpiadası başlandı. Bu münasibətlə aprelin 5-də
"Çağ" Öyrətim İşlətmələri
Şirkətində KİV nümayəndələri
üçün mətbuat
konfransı keçirildi. Tədbiri Azərbaycan-Türkiyə
Özəl Liseyləri Baş İdarəsinin rəisi, "İNEPO-AVRASİYA" Ətraf
Mühitin Mühafizəsi V Beynəlxalq Layihə
Olimpiadasının təşkilat komitəsinin sədri Arif
Gömleksiz açaraq KİV nümayəndələrinə
bu yarış haqqında məlumat verdi. Qeyd olundu ki, 8-9 aprel
tarixlərində keçiriləcək olimpiada Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio
Yayımları Şirkətinin dəstəyi,
"Çağ" Öyrətim İşlətmələri
Şirkətinin və "İNEPO-AVRASİYA"
Ekologiya İctimai Birliyinin təşkilatçılığı
ilə həyata keçirilir.
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr
olunan builki olimpiadada 35 ölkədən 300-dək
iştirakçı yarışacaqdır. Olimpiadanın əsas
məqsədinin ekoloji problemlərin həlli və ətraf
mühitin mühafizəsi istiqamətində gənc nəsli
məlumatlandırmaq, onlarda ətraf mühitə qarşı
həssas münasibət formalaşdırmaq, təbii, mədəni,
tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu
yaratmaq olduğunu deyən Arif Gömleksiz yarışa
qatılan ölkələrin sayının ildən-ilə
artdığını, şagirdlərin təqdim etdikləri
layihələrin daha keyfiyyətli və yüksək səviyyədə
hazırlandığını söylədi.
"Çağ"
Öyrətim İşlətmələri Şirkəti
İdarə Heyətinin sədri Ənvər Özərən
ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə
başlayan Azərbaycan-Türkiyə Özəl Liseylərinin
uğurla fəaliyyət göstərməsindən,
şagirdlərin dünya olimpiadalarında əldə etdikləri
nailiyyətlərdən danışdı. O, xarici ölkələrdə
keçirilən mötəbər bilik yarışlarında
azərbaycanlı şagirdlərin yüksək intellekt və bacarıq nümayiş
etdirdiklərini və Vətənə çoxlu sayda medalla
döndüklərini qürur hissi ilə qeyd etdi. Azərbaycanda
geniş miqyasda keçirilən və artıq bir ənənəyə
çevrilmiş "İNEPO-AVRASİYA" Ətraf
Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasının əhəmiyyətinə toxunan Ənvər
Özərən bütün
iştirakçılara uğurlar arzuladı, tədbirin təşkilində
əməyi olanlara isə öz minnətdarlığını
bildirdi.
Qeyd
edək ki, aprelin 8-də olimpiadanın
açılışı olacaq, iştirakçılar öz ölkələri haqqında
stendləri və layihələrini nümayiş etdirəcəklər.
Həmin gün olimpiada iştirakçıları tərəfindən
təqdim olunan layihələri münsiflər heyəti diqqətlə nəzərdən
keçirərək ətraflı təhlil edəcək və
sonda qaliblər müəyyənləşdiriləcəkdir. Aprelin
9-da isə Bakı Əl
Oyunları İdman Sarayında beynəlxalq olimpiadanın
qaliblərinin mükafatlandırılması mərasimi
keçiriləcəkdir.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2011.-
8 aprel.- S.4.