Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi üzrə ilkin nəticələr və təkliflər

 

Ali təhsildə yeni maliyyələşmə mexanizmi

 

Müasir dövrdə ali təhsilin inkişafı ölkəmizin sosial-iqtisadi inkişafının əsas prioritet istiqamətlərindən hesab edilir. Belə ki, hər bir ölkənin inkişafı təhsilin səviyyəsi və keyfiyyətindən çox asılıdır. Bu baxımdan ölkəmizdə son dövrlərdə təhsil sahəsində, eləcə də ali təhsildə aparılan nəticəyönümlü islahatlar mühüm əhəmiyyət kəsb edir. Ali təhsildə hazırda aparılan islahatların istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"na əsasən müəyyən edilir və həyata keçirilir. Qeyd olunan proqramın əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, ali təhsilin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Artıq bu gün Azərbaycanın ali təhsil sistemi Avropa ali təhsil məkanına inteqrasiya istiqamətində inkişaf etməkdədir. Ali təhsildə keyfiyyətin əldə olunması, effektiv idarəetmənin və ayrılan vəsaitlərdən səmərəli istifadənin təmin edilməsi üçün əsas amillərdən biri də ali təhsilin maliyyələşdirilməsində yeni və mütərəqqi mexanizmlərin tətbiq olunmasıdır.

Eyni zamanda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsinin təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilməsi və bu normativlərin təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilməsi təsbitlənmişdir.

Bu baxımdan ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin ötən ilin əvvəlində imzaladığı "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Fərmanının icrası istiqamətində aparılan işlər mühüm əhəmiyyət kəsb edir.

Belə ki, ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır. 

 

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı görülən işlər

 

Qeyd olunan Fərmanın icrası ilə bağlı qısa müddət ərzində ali təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsində mühüm yeniliklərin tətbiq edilməsinə yol açan bir sıra addımlar atılmış və bu istiqamətdə ciddi işlər görülmüşdür.

Fərmanın icrası istiqamətində Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə müzakirələr aparılmış,  yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı normativ sənədlər hazırlanmışdır. Belə ki, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq   edilməsi haqqında"  25 iyun 2010-cu il tarixli 120  nömrəli Qərarı qəbul olunmuş, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmişdir. Bu qərara əsasən, həmçinin "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları" təsdiq edilmişdir.

Qeyd etdiyimiz kimi, artıq 2010-2011-ci tədris ilində dövlət və özəl ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında  həyata keçirilmiş və ölkədə fəaliyyət göstərən 51 ali təhsil müəssisəsindən 35-i (27 dövlət, 8 özəl) dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş, 16-sı isə iştirak etməmişdir.

2010-2011-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə dövlət sifarişi üzrə qəbul planı 10529 nəfər olmuş, dövlət sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul isə 9788 nəfər təşkil etmişdir. Nəticədə dövlət sifarişi 741 nəfər kəsrlə yerinə yetirilmişdir.

Magistratura səviyyəsinə dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul planı isə 2070 nəfər olduğu halda, dövlət sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 1125 nəfər təşkil etmiş və nəticədə ali təhsilin bu səviyyəsi üzrə dövlət sifarişi 945 nəfər kəsrlə yerinə  yetirilmişdir.

Ümumilikdə 2010-2011-ci tədris ilində ali  məktəblərə faktiki qəbul 27612 nəfər təşkil etmişdir ki, bundan da 9788 nəfər (35,4%) hazırda dövlət sifarişi ilə, 17824 nəfər isə (64,6%) ödənişli əsaslarla təhsil alır.

Dövlət sifarişi üzrə kadr hazırlığının dövlət büdcəsindən maliyyələşdirilməsinə başlanılması üçün, ilk növbədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq   edilməsi haqqında"  25 iyun 2010-cu il tarixli 120  nömrəli Qərarına əsasən dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali məktəblərlə Təhsil Nazirliyi, həmçinin ali məktəblərlə tələbələr arasında  müvafiq müqavilələr bağlanılmışdır.

2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə ali təhsil müəssisələrinin I kurs bakalavriat və magistratura səviyyələrinə qəbul olmuş tələbələrin  təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün  Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrı ali məktəblər üzrə təsdiq edilmiş müvafiq bölgüyə əsasən Təhsil Nazirliyinə 2010-cu ilin sentyabr-dekabr ayları üzrə 6081933 manat, 2011-ci ilin I yarımili üçün isə 9122900 manat  məbləğində vəsait ayrılmışdır. Ayrılmış vəsait bölgüyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına köçürülmüş və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar həmin ali məktəblərə tapşırıqlar verilmişdir.

Qeyd etməliyik ki, cari tədris ilindən başlayaraq ali təhsildə yeni maliyyələşdirmə mexanizminin  tətbiqi ölkəmizin ali məktəbləri qarşısında böyük vəzifələr qoymuşdur. Belə ki, yeni maliyyələşmə mexanizminə əsasən  dövlət ali təhsil müəssisələrimiz fəaliyyətlərini tam təmin etmək üçün dövlət büdcəsindən vəsaiti əvvəlki kimi cari tələbata uyğun olaraq deyil, əldə etdikləri müvafiq tələbələrin sayına və ixtisas üzrə bir tələbə üçün nəzərdə tutulmuş xərc məbləğinə uyğun olaraq alırlar.

Əlbəttə ki, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi təkcə bu məqsədlə ayrılmış vəsaitlərin müvafiq qaydada dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəblərin hesablarına köçürülməsi ilə bitmir. Belə ki, ali məktəblər tərəfindən bu vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi, mövcud resurslardan daha rasional istifadənin təmin edilməsi, qarşıya çıxan problemlərin aradan qaldırılması ilə bağlı təkliflərin müzakirə edilməsi və s. ilə əlaqədar vaxtaşırı  ali məktəb rəhbərləri və baş mühasiblərinin iştirakı ilə müvafiq kollegiyaların, müşavirələrin və seminarların keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar bu günə qədər 2010-2011-ci tədris ilində dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəblərin rektorlarının, baş mühasiblərinin iştirakı ilə yüksək səviyyələrdə aşağıdakı  kollegiya, müşavirə və seminarlar keçirilmişdir:

* 17 iyun 2010-cu il tarixdə "Maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı ölkə başçısının müvafiq Fərmanının icrası vəziyyəti, bununla əlaqədar  qüvvəyə minəcək yeni qaydalar, mövcud problemlər, qarşıya çıxa biləcək risklər, həmçinin bu problemlərin həlli və risklərin aradan qaldırılması yolları barədə təkliflər" mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi və təhsil, maliyyə və iqtisadi inkişaf nazirlərinin, həmçinin  ali məktəb rəhbərlərinin iştirakı ilə geniş müşavirə;

* 22 oktyabr 2010-cu il tarixdə Təhsil Nazirliyində təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin, Respublika Nazirlər Kabinetinin şöbə müdirinin, ali məktəb rektorlarının iştirakı ilə  "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, təkliflər və qarşıda duran vəzifələr" haqqında kollegiya iclası;

* 03 dekabr 2010-cu il tarixdə Təhsil Nazirliyində Maliyyə Nazirliyinin məsul əməkdaşının iştirakı ilə "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli yolları və təkliflər" mövzusunda ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsi;

* 10 mart 2011-ci il tarixdə Təhsil Nazirliyində təhsil, maliyyə nazirlərinin və ali məktəblərin rektorlarının iştirakı ilə "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər" mövzusunda müşavirə.

Qeyd olunan tədbirlərin mövzularından göründüyü kimi, bu görüşlərdə ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı görülən işlər, əldə olunan ilkin nəticələr,  qarşıda duran vəzifələr və təkliflər geniş müzakirə edilmişdir. 

 

Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı əldə olunan ilkin nəticələr

 

Məlum olduğu kimi, 10 mart 2011-ci il tarixdə keçirilmiş müşavirədə təhsil naziri cənab Misir Mərdanov geniş təqdimatla çıxış etmiş, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı görülmüş işlər, əldə edilmiş ilkin nəticələr barədə məlumat vermiş və mövcud problemlərin aradan qaldırılması ilə bağlı bir sıra təkliflər irəli sürmüşdür.

Qeyd olunan tədbirdə təhsil naziri cənab Misir Mərdanov yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində əldə edilmiş bir sıra ilkin müsbət nəticələr barədə ətraflı məlumat vermişdir. Belə ki, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanılmasından qısa müddət keçməsinə baxmayaraq, artıq bu istiqamətdə aşağıdakı bir sıra ilkin müsbət nəticələrə nail olunmuşdur:

* Mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali   məktəblərin dövlət sifarişi üzrə kadr hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılmışdır. Belə ki, bildiyiniz kimi, yeni maliyyələşmə mexanizminin tətbiqinin əsas məqsədlərindən biri bütün ali təhsil müəssisələri arasında dövlət maliyyəsini, daha doğrusu, dövlət sifarişi əsasında təhsil alacaq tələbə uğrunda mübarizəni, başqa sözlə, yarışmanı təmin etməklə rəqabətin yaradılmasıdır. Bununla əlaqədar olaraq yeni qaydalara əsasən 2010-2011-ci tədris ilindən başlayaraq dövlət təhsil müəssisələri ilə yanaşı, özəl təhsil müəssisələri də dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsində iştirak edirlər.

* Abituriyentlərin, həmçinin dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin seçim imkanları artırılmışdır. Belə ki, yeni qaydalara əsasən ali təhsil müəssisələrinə qəbul üzrə aparılan müsabiqədə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsini artıq sərbəst şəkildə seçirlər.

* Dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün ali məktəblərə vəsait ayrı-ayrı xərc maddələri  ilə deyil, bir xərc maddəsi ilə ayrılmış və bu vəsaitlərin xərclənilməsində ali məktəblərin səlahiyyətləri artırılmışdır. Belə ki, 2010-2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi üzrə ali məktəblərə dövlət vəsaitinin ayrılması və xərclənilməsi əvvəlkindən fərqli olaraq 40 xərc maddəsi ilə deyil, bir xərc maddəsi ilə ayrılır. 

* Dövlət ali məktəblərinə əvvəlki illərdə dövlət hesabına qəbul olmuş və  II, III və IV kurslarda bakalavriat və magistratura səviyyələrində  təhsil alan tələbələrin xərclərinin ödənilməsi məqsədilə 2011-ci il üçün nəzərdə tutulan vəsait 4 xərc maddəsi üzrə ("Ştatda olan işçilərin əməkhaqqı", "Dövlət Sosial Müdafiə Fonduna ayırmalar", "Sair xərclər" və "Bank xərcləri") proqnozlaşdırılmışdır.

* Maliyyə Nazirliyi ilə aparılmış danışıqların nəticəsi olaraq 2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün 2010-cu ilin sentyabr-dekabr ayları üzrə dövlət ali təhsil müəssisələrinə ayrılmış vəsait Maliyyə Nazirliyinin müvafiq əmrinə əsasən ilin sonunda dövlət büdcəsinə silinməmiş və növbəti ilə keçirilmişdir.

* Ali məktəblərin 2011-ci ilə büdcədənkənar vəsaitlər üzrə icmal gəlir və  xərclər smetasında  əməkhaqqı üzrə vəsaitin artırılması nəzərdə tutulmuşdur. Belə ki, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə (Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Lənkəran Dövlət Universiteti və s.) dövlət sifarişi üzrə tələbə qəbulu gözləniləndən az olmuş, ödənişli əsaslarla tələbə qəbulu isə artmışdır. Bu da həmin ali məktəblərin büdcədənkənar gəlirlərinin artmasına səbəb olmuş və müəyyən xərclərin, əsasən əməkhaqqı xərclərinin büdcədənkənar gəlirlər hesabına ödənilməsinə zərurət yaratmışdır. Bu səbəbdən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla ali məktəblərin 2011-ci ilə büdcədənkənar vəsaitlər üzrə icmal gəlir və  xərclər smetasında  əməkhaqqı maddəsi  üzrə xərclərin artırılması nəzərdə tutulmuşdur.

Eyni zamanda 2011-2012-ci tədris ilində ödənişli əsaslarla tələbə qəbulunun     nəticələrindən asılı olaraq əməkhaqqı xərc maddəsi  üzrə büdcədənkənar xərclərin həcminin cari ildə əlavə  olaraq yenidən artırılması gözləniləndir.

* Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla  2011-ci ilə ali təhsil müəssisələrinin büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetası 6 xərc maddəsi üzrə ("Ştatda olan işçilərin əməkhaqqı", "Ştatdankənar işçilərin əməkhaqqı", "Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri", "Dövlət Sosial Müdafiə Fonduna ayırmalar", "Sair xərclər" və "Bank xərcləri") təsdiq olunmuşdur. Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar  ali məktəblərə  2011-ci ildə büdcə vəsaitlərinin müvafiq olaraq yuxarı kurslar üzrə 4  xərc maddəsi  və dövlət sifarişi üzrə I kurslar üçün isə 1 xərc maddəsi üzrə ayrılması nəzərdə tutulduğundan ali məktəblərin büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının da 40 xərc maddəsi deyil, 6 xərc maddəsi üzrə proqnozlaşdırılması zəruri olmuşdur.

* 2010-2011-ci tədris ilindən başlayaraq dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və təhsil haqlarından azad olunan  məcburi köçkün  tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə  bağlı 22 oktyabr 2010-cu il tarixdə Təhsil Nazirliyində keçirilən kollegiyada müzakirə edilən təklifə Maliyyə Nazirliyi tərəfindən müsbət yanaşılmış və bu məqsədlə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Nazirlər Kabinetinin Qərarı layihələri hazırlanmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə" 2003-cü il 04 avqust tarixli, 1308 nömrəli Sərəncamına əsasən dövlət ali təhsil müəssisələrinə ödənişli formada qəbul olan məcburi köçkünlər təhsil haqqının ödənilməsindən azad edilmişdir. Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə zərurət yaratmışdır.

Qeyd etməliyik ki, 2010-2011-ci tədris ilindən başlayaraq dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və təhsil haqlarından azad olunan məcburi köçkün  tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi müvafiq olaraq ali məktəblərin  büdcədən əldə etdikləri vəsaitlərin, həmçinin onların maliyyə imkanlarının artmasına səbəb olacaq.

Hazırda dövlət ali məktəblərində xeyli sayda  təhsil haqlarından azad olunan məcburi köçkün  tələbə təhsil alır.    

Yeni mexanizmin tətbiqi ilə bağlı ali məktəblərin qarşısında duran vəzifələr

Qeyd etdiyimiz kimi, yeni maliyyələşmə mexanizminin tətbiqi ali məktəblərdən vəsaitlərin, mövcud resursların daha səmərəli və rasional şəkildə istifadəsini tələb edir.   Məlum olduğu kimi, dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş dövlət ali məktəblərinin hazırda xərcləri əsasən aşağıdakı 3 istiqamət üzrə əldə edilən vəsaitlər hesabına maliyyələşir:

- Dövlət ali məktəblərinə əvvəlki illərdə dövlət hesabına qəbul olmuş və  II, III və IV kurslar üzrə bakalavriat və II kurs  magistratura səviyyələrində  təhsil alan tələbələrin xərclərinin ödənilməsi məqsədilə nəzərdə tutulan vəsait;

- Dövlət sifarişi üzrə kadr hazırlığının həyata keçirilməsi üçün ayrılan vəsait;

- Ödənişli təhsildən əldə olunan büdcədənkənar gəlirlər.

Bunu dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsində iştirak etmiş bir neçə ali məktəbin 2011-ci ilə proqnozlaşdırılan xərclərin xərc istiqamətləri üzrə bölgüsündən aydın görmək olar.

10 mart 2011-ci il tarixdə keçirilən müşavirədə təhsil naziri cənab Misir Mərdanov əsasən aşağıdakı məsələləri ali məktəb rektorlarının nəzərinə çatdıraraq yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar bu istiqamətdə ciddi işlərin aparılmasının vacibliyini vurğulamışdır:

* Ali məktəblər tərəfindən mövcud resursların daha rasional istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir. Bu kimi tədbirlərə paralel və artıq kafedraların, fakültələrin bağlanılması, artıq ştatların ixtisar olunması, lüzumsuz xərclərə yol verilməməsi, kommunal  xərclərə qənaət edilməsi və s. aiddir. Belə ki,  əvvəlki qaydada dövlət büdcəsindən bakalavriat səviyyəsində II, III və IV kurslar, magistratura səviyyəsində  II kurslar üçün ayrılan vəsaitlərin həcminə yalnız əməkhaqlarının, təqaüd məbləğlərinin, kommunal xidmət haqlarının və s. bu kimi digər xərclərin artımı ilə bağlı yenidən baxıla bilər.

* Cari ildən başlayaraq ali təhsil müəssisələrinə bu məqsədlə ayrılan büdcə vəsaitlərinin, həmçinin büdcədənkənar gəlirlərin, ilk növbədə, müdafiə olunan xərclərə və prioritet istiqamətlərə  yönəldilməsi zəruridir. Belə ki, 2010-cu ilin yekunlarının ilkin təhlili göstərir ki, dövlət sifarişi üzrə kadr hazırlığının  yerinə yetirilməsi ilə bağlı ayrılmış vəsait bir sıra dövlət ali təhsil müəssisələri tərəfindən, ilk növbədə, müdafiə olunmuş xərc istiqamətlərinə (işçilərin əməkhaqqı, müavinət, tələbələrə verilən təqaüdlər və istifadə olunmuş kommunal xidmət haqlarının dəyəri üzrə ödənişlərə) deyil, digər istiqamətlərə (ezamiyyə, cari və əsaslı təmir xərclərinə, inventar və avadanlıqların alınmasına) istifadə olunmuşdur. Dövlət büdcəsindən məqsədli ayrılmış maliyyə vəsaitinin bir sıra ali təhsil müəssisələri tərəfindən düzgün idarə edilməməsi  2010-cu ilin sonunda əməkhaqqı və təqaüdlər üzrə borcların yaranmasına səbəb olmuşdur. 

 

Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar qarşıya çıxan problemlərin aradan qaldırılması ilə bağlı təkliflər

 

Əlbəttə ki, yeni maliyyələşmə mexanizminin tətbiqi son nəticədə ali təhsildə keyfiyyətin təmin olunmasına xidmət etməlidir. Bu istiqamətdə ilkin nəticələr əldə edilsə də, bir sıra problemlərin aradan qaldırılması ilə bağlı müəyyən tədbirlərin görülməsi vacibdir. Bununla əlaqədar Təhsil Nazirliyi cari ildə keçirilən müşavirədə aşağıdakı təkliflərlə çıxış etmişdir:

1. Dövlət sifarişi üzrə hər bir təhsilalana düşən xərclərin miqdarına yenidən baxılması və bu məbləğlərin artırılması; Belə ki,  dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi məqsədilə  ayrılmış vəsait əksər ali məktəblərdə yalnız əməkhaqqı və təqaüd xərclərinin ödənilməsinə kifayət edir. Bu da dövlət sifarişi üzrə keyfiyyətli kadr hazırlığının təmin edilməsi  üçün müvafiq maddi-texniki bazanın yaradılmasına və saxlanılmasına şərait yaratmır. Digər tərəfdən, dövlət sifarişi üzrə hər bir təhsilalana düşən xərclərin miqdarı təsdiq olunduqdan sonra, yəni  2010-cu ilin sentyabrında tələbələrə, doktorantlara ödənilən təqaüdlərin məbləğləri, eyni zamanda cari ildə su və kanalizasiya xidmətləri ilə bağlı kommunal xərclərin dəyəri artmışdır.

2. Oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yenidən baxılaraq uyğunlaşdırılması; Bir sıra oxşar və eynitipli ixtisaslar üzrə təsdiq olunmuş bir təhsilalana düşən təhsil xərclərinin miqdarı arasında kəskin fərqlər mövcuddur. Məsələn, instrumental ifaçılıq üzrə  bu məbləğ 7000 manat, xalq çalğı alətləri ifaçılığı üzrə isə 1500 manat müəyyənləşdirilmişdir.  Bəzi hallarda isə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilərkən bir sıra ixtisasların spesifikası nəzərə alınmamışdır. Məsələn, "Uçuş mühəndisliyi", "Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi" və digər bütün  texniki mühəndislik ixtisasları üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı eyni  məbləğdə müəyyənləşdirilmişdir. 

3. Dövlət sifarişi üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarının vaxtaşırı indeksasiyasının aparılması;

4. Dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişi ilə qəbulla bağlı müsabiqə ballarının fərdi qaydada müəyyənləşdirilməsi;

5. Ali məktəblərin bəzi ixtisaslarına olan inhisarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi;

6. Dövlət sifarişi üzrə  müsabiqə ballarının ixtisas qrupları üzrə deyil, eyniyönümlü ixtisaslar üzrə müəyyənləşdirilməsi (məsələn, kənd təsərrüfatı, texnologiya, neft, aviasiya və s.);

7. Ali məktəblərin ayrı-ayrı  ixtisaslarına ödənişli əsaslarla qəbul üzrə təhsil haqlarının həmin ixtisasa dövlət sifarişi üzrə müəyyənləşdirilmiş təhsil xərclərinin miqdarının 60%-indən az olmayaraq müəyyənləşdirilməsi;

8. Tələbə statusu qazanmış şəxslərə  güzəştli təhsil kreditlərinin verilməsi ilə bağlı müvafiq Qanunun qəbul edilməsi;

9. Büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının təsdiq edilməsi, il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin dürüstləşdirilməsi prosedurlarının sadələşdirilməsi, bu səlahiyyətlərin ali məktəblərə və Təhsil Nazirliyinə verilməsi;

10. İlin sonunda büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət büdcəsinə silinməməsi və bu vəsaitin növbəti ilə keçirilməsi; 

11. Dövlət ali təhsil müəssisələrinə tələbə qəbulunun planlaşdırılması və tələbələrin yerləşdirilməsi zamanı dövlət sifarişi üzrə və ödənişli əsaslarla təhsil alan tələbələrin sayı arasında mütənasibliyin yaradılması qaydalarının hazırlanması;

12. Özəl ali məktəblərin dövlət sifarişində iştirakının stimullaşdırılması.

Göründüyü kimi, qeyd olunan təkliflərin həyata keçirilməsi üçün mövcud normativ-hüquqi sənədlərdə dəyişikliklərin edilməsi və bir sıra yeni normativ sənədlərin hazırlanması vacibdir.Bununla əlaqədar Maliyyə, İqtisadi İnkişaf, Təhsil nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsul əməkdaşları və digər aidiyyəti şəxslər daxil olmaqla 13 nəfərdən ibarət işçi qrupu yaradılmışdır və hazırda işçi qrupu müvafiq təkliflər üzərində  çalışır.

Ümumiyyətlə, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində  daha ciddi nəticələrə nail olmaq üçün dövlət ali təhsil müəssisələrinin səlahiyyətlərinin artırılması vacib amillərdən biridir. Məhz buna görə də 2011-ci ildən başlayaraq dövlət ali təhsil müəssisələrinin büdcədən ayrılan vəsaitlərin xərclənilməsi ilə bağlı səlahiyyətləri xeyli artırılmışdır.

Eyni zamanda növbəti illərdə də dövlət ali təhsil müəssisələrinin bu istiqamətdə səlahiyyətlərinin artırılması nəzərdə tutulur. Belə ki, cari ilin mart ayında Təhsil Nazirliyində keçirilən müşavirədə Azərbaycan Respublikasının maliyyə naziri cənab Samir Şərifov öz çıxışında bildirmişdir ki, növbəti ildən dövlət ali təhsil müəssisələrinə büdcə və büdcədənkənar vəsaitlərin idarəedilməsində tam sərbəstliyin verilməsi planlaşdırılır və bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd etməliyik ki, dövlət ali təhsil müəssisələrinin səlahiyyətlərinin artırılması, eyni zamanda onların bu istiqamətdə məsuliyyətlərini də artırır. Belə ki, ali məktəblər son nəticədə təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün öncə qeyd etdiyimiz kimi mövcud resurslardan, həmçinin əldə edilən maliyyə resurslarından daha səmərəli, rasional şəkildə  istifadəni təmin etməlidirlər.Bu baxımdan ali təhsildə yeni maliyyələşmə mexanizmi ilə əlaqədar tətbiq olunan yeniliklər ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyur. 

 

 

Şahrza ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 8 aprel.- S.6-7.