Fəal təlim dərsin keyfiyyətini artırmaqda güclü vasitədir

 

Yeni fənn kurikulumlarının tətbiq olunduğu hazırkı şəraitdə ibtidai siniflərin I-III siniflərində dərs deyən müəllimlərin fəaliyyətində əsas məsələlər kurikulumlarda öz əksini tapmış yeni təlim standartlarının reallaşdırılması, qiymətləndirmə sisteminin səmərəli tətbiqidir. Nəzəri araşdırmalar və kurikulumların tətbiqinin üçillik təcrübəsi göstərir ki, həmin istiqamətlərdə işlərin keyfiyyəti sinif müəllimlərinin fəal təlimdən, interaktiv təlim texnologiyalarından nə dərəcədə səmərəli istifadə etmələrindən birbaşa asılıdır. Çünki yeni kurikulumlarda ifadə olunan təlim modeli məhz tədrisin təşkilinə innovativ yanaşmanı, müasir təlim texnologiyalarının geniş tətbiqini tələb edir və yalnız bu halda gözlənilən effekti verir. Məhz bütün bunları nəzərə alaraq mən I sinifdə bütün dərslərimi fəal təlimdən istifadə etməklə qururam. Fəal təlim dərsin keyfiyyətini artırmaqda güclü vasitədir. O, şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir, onların dərketmə fəaliyyətini daha da fəallaşdırır.

Fəal təlimdə əsas cəhətlər müəllim tərəfindən şüurlu surətdə problemli situasiyanın yaradılması, problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması, şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil əldə edilməsi və mənimsədilməsinə şərait yaradılmasıdır.

Məlum olduğu kimi, fəal təlimin tətbiq olunduğu dərslər öz quruluşu etibarı ilə ənənəvi dərsdən əsaslı şəkildə fərqlənir və müəllimdən dərsə daha ciddi və hərtərəfli hazırlıq işi görməyi tələb edir. Fəal dərs əsasən, şagirdlərin marağı, yaradıcı axtarışları, fəallığı üzərində qurulur. Belə dərslərdə müəllimin və şagirdlərin rolu da  ənənəvi dərsdəkindən xeyli fərqlənir. Fəal dərsdə şagirdlər ənənəvi dərsdəki kimi passiv deyil, axtaran, kəşf edən tədqiqatçı mövqeyinə malik olur, müəllim isə bir növ bələdçi, istiqamətçi rolunda çıxış edir. Bütövlükdə dərs müəllimlə şagirdlərin təhsilin məqsədinə nail olmağa yönəlmiş birgə fəaliyyətinə çevrilir.

Fəal dərs motivasiya, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi və təşkili, nəticələr və ümumiləşdirmə, yaradıcı tətbiqetmə və qiymətləndirmə mərhələlərindən ibarətdir. Bu mərhələlərin hamısı bir-biri ilə sıx əlaqəli, biri digərinin məntiqi nəticəsi olub bütövlükdə dərsin vahid modelini təşkil edir və onların hər hansı birinin dərsdə nəzərə alınmaması məqsədin əldə olunmasına mənfi təsir göstərir. Ona görə də müəllim onların hər birinə göstərilən ardıcıllıqla əməl etməlidir.

Mən dərs dediyim I sinifdə bütün dərslərimi bu model əsasında qurur, hər bir mərhələyə xüsusi hazırlaşıram. Dərsdə motivasiya fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvə olduğundan bu mərhələyə xüsusi diqqət yetirir, şagirdləri problemin qoyuluşuna cəlb edirəm. Tədqiqatın aparılması mərhələsi üçün həmişə şagirdləri irəli sürülmüş problemin həllinə məqsədəuyğun şəkildə aparan, özündə yeni informasiya və yeni sualları daşıyan müxtəlif çalışmalar hazırlayır və şagirdlərə həll etdirirəm. Tədqiqatın kiçik və böyük qruplarda, cütlük və fərdi şəkildə aparılması formalarından yeri gəldikcə, yəni tədqiqat sualının və onu həll etmək üçün hazırlanmış çalışmaların xarakterinə uyğun olaraq istifadə  edirəm.

İnformasiya mübadiləsi mərhələsində şagirdlər tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparır, qruplar tərəfindən edilən təqdimatları fəal dinləyirlər. Sonrakı mərhələdə informasiyanın müzakirəsi və təşkili həyata keçirilir.

Şagirdlər tərəfindən tədqiqat sualına qənaətbəxş cavab aldıqdan sonra yaradıcı tətbiqetmə mərhələsinə keçir və onları öyrəndikləri yeni bilikləri, informasiyanı tətbiq etməyə imkan verən tapşırıqlar üzərində işlədirəm. Dərsdə qiymətləndirmənin əsasən şagirdlər tərəfindən, bu məqsədlə tərtib olunmuş və müxtəlif fəaliyyət növlərini əhatə edən cədvəl üzrə aparılmasını təşkil edirəm. Çalışıram ki, qiymətləndirmə şagirdlər üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi olsun, onlara stimullaşdırıcı təsir göstərsin.

Fəal dərsin mərhələlərinə düzgün əməl etməklə yanaşı, hər bir mövzu üzrə standartların, məqsədin, inteqrasiya imkanlarının, iş forması və üsullarının düzgün müəyyənləşdirilməsi, resurslardan geniş və yerli-yerində istifadə olunması da dərsin səmərəliliyinin artırılmasında mühüm şərtlərdir. Ona görə də hər dərsə hazırlaşarkən və onun planını tutarkən bu məsələlərə xüsusi diqqət yetirirəm.

Təcrübə göstərir ki, bütün bunlara əməl olunduqda dərsin səmərəsi artır, qarşıya qoyulan məqsədə asanlıqla nail olunur.

 

 

Fidan HEYBƏTOVA

 

Azərbaycan müəllimi.- 2011.- 8 aprel.- S.9.