"Elektron təhsil" Respublika müsabiqəsinə
start verildi
Aprelin
11-də Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron təhsil"
Respublika müsabiqəsinə başlanılıb.
Müsabiqə
"2008-2012-ci illərdə təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində həyata
keçirilir və "Microsoft-Azərbaycan",
"İntel" korporasiyasının "Gələcək
üçün təhsil" proqramı,
"Azerfon-Vodafone", AZEDUNET, "Ultra", HP, "Mədəd"
təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqədə
iştirak üçün www.musabiqe.edu.az rəsmi İnternet
səhifəsində qeydiyyatdan keçmək və buradan ətraflı
məlumat almaq mümkündür.
"Təhsildə
İnternet texnologiyaları" və "Müasir məktəbdə
elektron tədris resursları" istiqamətləri üzrə
təşkil olunan müsabiqə üzrə sənəd qəbulu
mayın 25-dək davam edəcək.
Müsabiqənin keçirilməsində
əsas məqsəd elektron tədris resurslarından,
İnternet texnologiyalarından istifadənin əhəmiyyətini
önə çəkmək, bununla bağlı təhsil
ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri
üçün İnternetdən istifadənin yeni
formalarını üzə çıxarmaq, informasiya
texnologiyalarından fəal istifadə edən müəllimləri
həvəsləndirməkdən ibarətdir.
Qeyd edək
ki, "Təhsildə İnternet texnologiyaları" istiqaməti
üzrə müsabiqəyə təhsil məzmunlu
İnternet resursları, bloqlar və digər İnternet layihələri
təqdim edilə bilər. Qaliblər "Təhsildə
İnternet resursları" və "Müəllimlərin
bloqları" nominasiyaları üzrə müəyyən
olunacaqdır.
"Müasir
məktəbdə elektron tədris resursları" istiqaməti
üzrə müsabiqəyə elektron resursların tədris
prosesində əməli tətbiqinə dair metodiki materiallar təqdim
edilə bilər. Bu istiqamət üzrə qaliblər "Fənlərin
tədrisində İT-dən istifadə üzrə ən
yaxşı metodika", "İbtidai təhsil sistemində
İT-dən istifadə üzrə ən yaxşı
metodika", "Elektron tədris vəsaitlərindən
istifadə edilməklə qurulan tədris prosesinin ən
yaxşı modeli" nominasiyaları üzrə müəyyən
olunacaq.
İki mərhələdə
keçiriləcək səsvermədə qaliblər peşəkarlardan
və mütəxəssislərdən ibarət münsiflər
heyəti tərəfindən müəyyənləşdiriləcək.
Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib
gələnlərə noutbuk, netbuk və digər xüsusi
mükafatlar təqdim olunacaq.
Məlumat üçün bildiririk
ki, müsabiqə artıq ikinci dəfə keçirilir.
2010-cu ildə keçirilən müsabiqəyə 810 layihə
təqdim edilmiş və qaliblər 89 nominant arasından
seçilmişdi.
Azərbaycan
müəllimi.- 2011.- 15 aprel.- S.3.