Rumıniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər
Prezident İlham Əliyevə müraciət qəbul ediblər
Rumıniyada
yaşayan və təhsil alan azərbaycanlı gənclər
Prezident İlham Əliyevə müraciət qəbul
etmişlər. AzərTAc xəbər
verir ki, müraciəti Rumıniyada yaşayan və təhsil
alan azərbaycanlı gənclər adından Rumıniya-Azərbaycan
Gənclər və Mədəniyyət Assosiasiyasının
sədri İqbal Hacıyev, Badeş-Bolyai Universitetinin tarix
fakültəsinin doktorantı Əsgər Dünyamalıyev,
Buxarest İqtisadi Elmlər Akademiyasının biznesin təşkili
və idarəedilməsi fakültəsinin ikinci kurs tələbəsi
Rəşad Ağazadə imzalamışlar.
Müraciətdə
deyilir ki, biz - Rumıniyada yaşayan və təhsil alan azərbaycanlı
gənclər Vətəndən uzaqda olsaq da, bu gün ölkəmizdə
bütün sahələrdə aparılan hərtərəfli
quruculuq işlərini, inkişafı, həyata keçirilən
siyasi, iqtisadi, hüquqi, demokratik islahatları diqqətlə
izləyir və dövlətimizin həm daxildə, həm də
beynəlxalq aləmdə atdığı hər bir uğurlu
addım ilə fərəhlənirik. Hazırda dünyanı
bürüyən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə
makroiqtisadi sabitliyin və iqtisadi artımın qorunub
saxlanılması həyata keçirilən siyasətin
dayanıqlığına söykənir. Qonşu ölkələrdə
milli valyutanın devalvasiyaya məruz qalması, xarici
borclanmanın artması müşahidə olunduğu halda,
ölkəmiz bu çətin sınaq dövründən də
uğurla çıxmışdır. Milli sərvətlərdən
məqsədyönlü istifadə nəticəsində
ölkəmizin maliyyə ehtiyatlarının gündən-günə
artması xalqın rifahının və maddi-sosial təminatının
gücləndirilməsinə geniş imkanlar yaradır. Təbii
ki, bu uğurlarımızın təməlində əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş və ölkəmizin siyasi, iqtisadi-sosial və mədəni
həyatının bütün sahələrini əhatə
edən dinamik inkişaf dayanır.
Gənclərin
müraciətində daha sonra deyilir: "Sizin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
sülh yolu ilə həlli istiqamətində
yürütdüyünüz qətiyyətli siyasət
nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizin
haqlı mövqeyini gücləndirir. Ordu quruculuğu sahəsinə
xüsusi diqqət ayırmaqla, ələlxüsus gənclərə
vətənpərvərlik, milli dəyərlərə
bağlılıq hissinin aşılanması, onların
torpaqlarımızın azadlığı uğrunda
mübariz ruhda tərbiyə olunması istiqamətində
ardıcıl fəaliyyət həyata keçirirsiniz. Bütün
bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı və
gəncliyi öz torpaqlarını azad etmək uğrunda
canından keçməyə hazırdır. Azərbaycan gəncliyi
Azərbaycanın ərazi bütövlüyünün gec-tez
bərpa olunacağına əmindir".
Azərbaycan dövlətinin həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasətin ölkənin regiondakı geosiyasi və geoiqtisadi mövqeyini get-gedə gücləndirdiyinin vurğulandığı müraciətdə deyilir ki, müasir dövrün reallıqlarından biri kimi qərbə inteqrasiya yolunu tutmuş Azərbaycanın yalnız Avropa və Avratlantik strukturlarla deyil, bütövlükdə dünyanın digər nüfuzlu regional strukturları ilə uğurla əməkdaşlıq etməsi ölkəmizin milli və dövlətçilik maraqlarının geniş miqyasda təmin edilməsində həlledici amildir. Bundan əlavə, sivilizasiyalararası və dinlərarası dialoqun gücləndirilməsi, dini dözümlülüyün təşviqi istiqamətində həyata keçirilən irimiqyaslı beynəlxalq tədbirlər Şərq-Qərb arasında Azərbaycanın körpü rolunu artırmaqla ölkəmizi dünya mədəniyyətlərinin qovuşduğu məkana çevirir.
Müraciətdə qeyd olunur ki, bu gün biz Azərbaycan Respublikasının xarici siyasət strategiyalarından biri kimi xarici ölkələrlə mehriban qonşuluğun, qarşılıqlı maraq və fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi strategiyasının bəhrələrinin Rumıniyada bilavasitə şahidi oluruq. Belə ki, Rumıniyada Şarl de Qoll və Mustafa Kamal Atatürklə yanaşı xatirəsi əbədiləşdirilən üç tarixi şəxsiyyətdən birinin ulu öndərimiz Heydər Əliyevin olması, Rumıniyanın dövlət universitetlərində Şarl de Qoll, Ştefan Çelmare ilə yanaşı Heydər Əliyev adına təqaüdlərin təsis olunması bizim üçün böyük qürur və fəxr mənbəyidir. Azərbaycan Rumıniya ilə strateji tərəfdaşlıq əlaqələri qurmuş 10 ölkədən biridir. Bu, cənab Prezident, məhz Sizin müəyyən etdiyiniz xarici siyasət kursunun bariz nəticələrindəndir.
Gənclər xüsusi vurğulayırlar ki, bu gün ölkəmizdə
siyasi sabitlik, əmin-amanlıq,
milli birlik, xalqla onun seçib
sevdiyi və dəstəklədiyi Prezident arasında birbaşa münasibət və ünsiyyət
mövcuddur.
Ölkəmizdə
şəhid ailələrinə, qaçqınlara, öz doğma
yurd-yuvalarından didərgin düşmüş məcburi
köçkünlərə, müharibə veteranlarına, əlillərə
dünyanın heç bir ölkəsində göstərilməyən
dövlət qayğısı göz önündədir. Dövlətimizin
milli elmimizə, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə,
yaradıcı ziyalılarımıza münasibəti bizdə
iftixar hissi doğurur. Dövlətimizin Azərbaycan gəncliyinə,
onun sağlam həyat tərzinə, xaricdə təhsil
almasına göstərdiyi qayğıda, son illərdə
idman sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlər,
o cümlədən beynəlxalq Olimpiya yarışlarında
qazandığımız qələbələr sayəsində
bayrağımızın müntəzəm yüksəlməsində,
cənab Prezident, şəxsən Sizin xidmətləriniz əvəzsizdir.
Son
zamanlar Sizin birbaşa göstərişinizlə korrupsiya və
sui-istifadə hallarına qarşı aparılan mübarizə
ölkəmizin iqtisadiyyatının inkişafına səmərə
verməklə hər bir Azərbaycan vətəndaşının
maraqlarına xidmət edir və bu tədbirlər dövlətimizin
dünyada mövqeyinin daha da möhkəmlənməsinə təminat
yaradır.
Müraciətdə
vurğulanır ki, Azərbaycanın sürətli
inkişafı cəmiyyətdə gənclərin rolunu
artırmışdır. Vətəndən kənarda
yaşasaq da, bu uğurlar bizi daha yaxşı təhsil
almağa, ölkəmizi layiqincə təmsil etməyə həvəsləndirir,
Azərbaycançılıq məfkurəsi ətrafında
birliyimizi gücləndirir.
Bununla
yanaşı, Azərbaycanda müşahidə olunan inkişafı
və tərəqqini görmək istəməyən, öz
mənfur niyyətlərinə çatmaq üçün
xalq arasında çaşqınlıq, siyasi qarşıdurma
və gərginlik yaratmağa çalışan qrupların
demokratik dəyərlərə zidd, qanunsuz hərəkət
və davranışları bizdə dərin təəssüf
hissi və qəti etiraz doğurur. Biz təxribat xarakteri
daşıyan bu cür meyilləri beynəlxalq aləmdə
ölkəmizin imicinə zərbə vurmaq, mövcud
siyasi-iqtisadi sabitliyin üzərinə kölgə salmaq cəhdi
və xaricdə Azərbaycan dövlətinin əleyhinə
çalışan düşmən qüvvələrin,
qrupların və işğalçı ermənilərin
maraqlarına xidmət edən addım kimi qiymətləndiririk.
Gənclərin müraciəti aşağıdakı fikirlərlə bitir: "Cənab Prezident, Sizi əmin edirik ki, Rumıniyadakı Azərbaycan gəncləri ölkəmizdə güclü dövlətçiliyin qorunub saxlanması, davamlı ictimai-siyasi sabitliyin və iqtisadi-sosial inkişafın təmin edilməsi, Vətənimizin gündən-günə qüdrətlənməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması ilə bağlı yürüdülən siyasi kursunuzu tam dəstəkləyir və hər zaman olduğu kimi, bundan sonra da öz üzərinə düşən vətəndaşlıq borcunu böyük məsuliyyətlə, ləyaqətlə, sədaqətlə və vicdanla yerinə yetirməyə hazırdır. Siz dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbi Vətən eşqi ilə döyünən azərbaycanlıların, o cümlədən Rumıniyadakı biz gənclərin sevimlisi və liderisiniz. Biz hər zaman Sizin yanınızdayıq".
Azərbaycan müəllimi.- 2011.-
15 aprel.- S.1, 2.