Təhsil
Nazirliyində Fransa səfərinə dair təqdimat-məruzə dinlənilib
Aprelin 8-də Təhsil Nazirliyində
İctimaiyyətlə əlaqə şöbəsinin
müdiri Bayram Hüseynzadənin Təhsil Nazirliyi əməkdaşlarının
və təhsildən yazan jurnalistlərin Fransa
Respublikasına tədris səfərinə dair təqdimat-məruzəsi
dinlənilib.
Səfərin
martın 27-dən aprelin 3-dək davam etdiyini bildirən Bayram
Hüseynzadə öncə Fransa Respublikası haqqında
qısa məlumat verib və bu ölkənin təhsil
sisteminin strukturundan söz açıb. Şöbə
müdiri qeyd edib ki, Fransada məktəbəqədər təhsil
müəssisələri müxtəlif qurumların nəzdində
fəaliyyət göstərir. Ölkədə ümumi təhsilin
üç pillədən - ibtidai, əsas və tam orta təhsil
pillələrindən ibarət olduğunu vurğulayan
B.Hüseynzadə peşə təhsilinin 2 il davam etdiyini, ali
təhsil pilləsinin isə lisans (3 il), master (2 il) və
doktor (3 il) mərhələlərinə
bölündüyünü nəzərə
çatdırıb.
Fransada
təhsilin idarə olunması ilə bağlı 2 qurumun - Təhsil,
Gənclər və Assosiativ Həyat Nazirliyinin, Ali Təhsil və
Elmi Araşdırmalar Nazirliyinin fəaliyyət göstərdiyini
bildirən şöbə müdiri büdcə vəsaitlərinə
qənaət edilməsi məqsədilə hər iki nazirliyin
bir neçə struktur bölməsinin ortaq olduğunu deyib. B.Hüseynzadə
qeyd edib ki, nazirliklərin departament direktorları nazirlərin
təqdimatı əsasında Baş nazir, departamentlərin nəzdindəki
şöbələrin rəhbərləri isə hökumətlə
razılaşdırıldıqdan sonra müvafiq nazirlər tərəfindən
təyin olunur. Ali məktəb rektorlarının (prezidentlərinin)
seçki əsasında müəyyənləşdirildiyini
söyləyən B.Hüseynzadə Fransada təhsilin idarə
olunması üzrə fəaliyyət göstərən 30
akademiya (yerli təhsili idarəetmə orqanları) rektorunun təyinatının
isə ölkə prezidentinin səlahiyyətində
olduğunu nəzərə çatdırıb.
2010-cu
ildə Fransada dövlət büdcəsindən təhsilə
ayrılan vəsaitin 60 milyard avro olduğunu qeyd edən
şöbə müdiri ölkədə fəaliyyət
göstərən 66172 orta ümumtəhsil məktəbində
12 milyona yaxın şagirdin təlim-tərbiyəsi ilə
852902 müəllimin məşğul olduğunu bildirib və
özəl ümumtəhsil məktəblərində
çalışan müəllimlərin əməkhaqlarının
da dövlət tərəfindən ödənildiyini söyləyib.
Orta məktəblərdə çalışan müəllimlərin
əməkhaqqının onların iş stajına, diplomunun
dərəcəsinə və hansı yaşlı uşaqlara
dərs deməsinə görə 1500-2300 avro arasında dəyişməsinə
diqqət çəkən B.Hüseynzadə tam orta təhsilin
sonunda məzunlara verilən bakalavriat diplomu (attestat) ilə ali
məktəblərə imtahansız qəbul olunmağın
mümkünlüyü barədə məlumat verib.
83
universitetin, 215 ali mühəndislik, 220 ali ticarət, idarəetmə
və maliyyə institutunun fəaliyyət göstərdiyi
Fransanın dövlət ali məktəblərində təhsilin
pulsuz olduğunu vurğulayan şöbə müdiri özəl
ali məktəblərdə təhsil haqqının 9000-30000
avro arasında dəyişdiyini, ölkədə iqtisadiyyat,
kompüter mühəndisliyi və mühəndislik
ixtisaslarına daha çox üstünlük verildiyini
bildirib.
B.Hüseynzadə
Fransanın təhsili idarəetmə orqanlarının
KİV-lə qarşılıqlı əməkdaşlıq
təcrübəsinin öyrənilməsi məqsədi ilə
reallaşdırılan səfər çərçivəsində
keçirilən görüşlər haqqında ətraflı
məlumat verib. Şöbə müdiri daha sonra Beynəlxalq
Pedaqoji Araşdırmalar Mərkəzinin Xarici nümayəndə
heyətlərinin qəbulu şöbəsində, Təhsil,
Gənclər və Assosiativ Həyat Nazirliyinin, Ali Təhsil və
Elmi Araşdırmalar Nazirliyinin Qiymətləndirmə,
Planlaşdırma və Səmərəliliyin Təhlili
İdarəsində, Kommunikasiya İdarəsində, "Le
Monde" qəzetinin redaksiyasında, TV5 Monde telekanalında və
Paris Təhsil İdarəsi Regional Pedaqoji Sənəd Mərkəzində
aparılan müzakirələrdən söhbət
açıb.
Qarşılıqlı
təcrübə mübadiləsi baxımından səfərin
üstün cəhətlərindən bəhs edən
B.Hüseynzadə, sonda tədbir
iştirakçılarını maraqlandıran sualları
cavablandırıb.
İctimai
Televiziyanın Gənclər, elm və təhsil departamentinin
direktoru Cəsarət Valehov Fransa səfərində
iştirak etmiş jurnalistlər adından minnətdarlığını
bildirib və səfər təəssüratlarını tədbir
iştirakçıları ilə bölüşüb.
Azərbaycan
müəllimi.- 2011.- 15 aprel.- S.3.