BDU-nun rektoru
Rumıniyada səfərdə olub
BDU-nun rektoru, akademik Abel Məhərrəmovun
rəhbərlik etdiyi nümayəndə heyəti
Rumıniyanın Konstanta şəhərinin Ovidius Universitetində
Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri
Assosiasiyası tərəfindən təşkil olunmuş
"Davamlı inkişaf üçün təhsil və idarəetmə"
mövzusunda beynəlxalq konfransda iştirak edib. BMT-nin Akademik
Təsir (Academic İmpact) proqramı çərçivəsində
təşkil edilən konfrans insan haqları, savadlılıq,
davamlı inkişaf və münaqişələrin həll
edilməsi ilə bağlı BMT tərəfindən qəbul
edilən 10 prinsipin aktiv dəstəklənməsi, ali təhsil
müəssisələri və biznes cəmiyyətlərinə
fəaliyyətlərini bu prinsiplər üzərində
qurmaları üçün köməklik məqsədi
daşıyıb.
Proqramın
strategiyası müasir cəmiyyətdə yaşamaq
üçün lazım olan bilik və təcrübənin
adi şəkildə ötürülməsindən sürətlə
dəyişən şərtlərə uyğunlaşmağa
keçmək, sosial inkişafın
planlaşdırılmasında iştirak etmək və
atılan addımların nəticələrini əvvəlcədən
görməyi öyrənməkdir.
Konfransda
çıxış edən akademik Abel Məhərrəmov
Azərbaycanda davamlı inkişafla bağlı təhsil
sistemində köklü dəyişikliklər
aparılmasından, müstəqilliyin bərpasından sonra
davamlı insan inkişafına dair monitorinqlər
aparılmasına start verilməsindən danışıb. Bildirib
ki, bu prosesin daha geniş vüsət almasına ölkənin
sürətli inkişafı, müxtəlif islahatların həyata
keçirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın
genişlənməsi də güclü təkan verib. Nəticədə
insan inkişafı indeksinin orta illik tempinə görə
ölkəmiz keçmiş sovet respublikaları arasında
aparıcı dövlət olmuşdur. 2005-ci illə
müqayisədə Azərbaycan Respublikası 34 pillə irəliləyərək
64-cü yerə yüksəlmişdir. Respublikamız "orta
insan inkişafı" qrupunu tərk edərək,
"yüksək insan inkişafı" ölkələri
kateqoriyasına daxil olub.
Konfransda
təhsilin təkmilləşdirilməsi ilə əlaqədar
müxtəlif fikir və mülahizələr səsləndirilib.
Rektor Abel Məhərrəmov insanlarda tənqidi və
yaradıcı təfəkkür vərdişlərinin
inkişaf etdirilməsi, fərqli düşünənlərə
hörmətlə yanaşma və tolerantlıq, qərarların
qəbulunun demokratik formalarını dərindən mənimsəmə
məsələləri ilə əlaqədar təklif və
vəzifələr irəli sürüb.
Bu təkliflər
böyük maraqla qarşılanıb və rektor Abel Məhərrəmov
davamlı inkişaf üçün təhsil
metodologiyasının aşağıdakı vəzifələri
nəzərdə tutmalı olduğunu qeyd edib:
Vətəndaş
cəmiyyətinin formalaşdırılması, ictimai həyatın
müxtəlif sahələrində disproporsiyanın və
sosial-iqtisadi sahədə təbəqələşmənin
aradan qaldırılması əsasında sosial tərəfdaşlıq,
təhsilin davamlı inkişafın maraqlarına cavab verməsi
dərəcəsini əks etdirən indikatorlar sisteminin
işlənib hazırlanması, əsas diqqətin biliklərin
təmin olunmasına deyil, problemlərin
araşdırılması və onların mümkün həlli
variantlarının tapılmasına istiqamətləndirilməsi,
ənənəvi fənlərin tədrisinin və onların
proqramlarının strukturunun dəyişdirilməsi, fənlərarası
sintezin həyata keçirilməsi, davamlı inkişafın
səmərəli olması üçün onun problemlərinin
bütün tədris fənlərinə, proqram və kurslara
inteqrasiyası, davamlı inkişaf problemlərinə həsr
olunmuş konkret kursların keçirilməsi, tədris
metodlarının yaradıcılıq vərdişlərini
inkişaf etdirən geniş diapazonundan istifadə olunması,
hər bir ölkədə davamlı inkişafın təşkili,
maliyyələşdirilməsi və qiymətləndirilməsi
üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi
və təhsil prosesinin bu yeni istiqamətində milli fəaliyyət
planı və strategiyasının hazırlanması.
Konfransda BMT Baş katibinin Kommunikasiya və ictimai informasiya məsələləri üzrə müavini Kiyo Akasaka, o cümlədən dünyanın klassik universitetlərinin rektorları, iş və dövlət adamları, elm xadimləri iştirak ediblər. Çıxış edənlər davamlı irəliləyişləri dəyərləndirmək üçün müəyyən indikatorların inkişafı, yoxsulluğu aradan qaldırmaq üçün istiqamətləndirilmiş iqtisadiyyat, yaşıl iqtisadiyyat, təhsil və idarəetmə üzrə plenar sessiyaların ardıcıl keçirilməsinə nail olmaq üçün məruzələr əsasında qətnamələr qəbul olunmasının önəmindən danışıblar. BMT-nin dayanıqlılıq prinsipini irəli çəkməklə işgüzar biznes dairələri və idarəetmə ilə əlaqədar akademik təşkilatların rolunun müzakirəsi üçün platforma yaradılması da təklif edilib.
Konfransın
sonunda alternativ enerji, bərpa olunan enerji mənbələri,
yaşıl enerji, ekoinnovativ texnologiyalar üzrə birgə tədris
planlarının hazırlanması, eyni zamanda
qarşılıqlı maraq doğuran sahələr üzrə
birgə layihələrin həyata keçirilməsi qərara
alınıb və konfransın yekun Deklarasiyası qəbul
edilib.
Rektor Abel Məhərrəmov səfər çərçivəsində Ovidius Universitetinin 50 illik yubileyində də iştirak edib. Tədbirdə çıxış edən akademik A.Məhərrəmov Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası ilə mövcud olan uzunmüddətli əməkdaşlıq çərçivəsində Ovidius Universitetinin özünəməxsus rolundan danışıb. Rektor eyni zamanda bildirib ki, Ovidius Universiteti Rumıniyanın qabaqcıl universitetləri ilə bərabər iki ölkə arasında təhsildə islahatların aparılması və əməkdaşlığın inkişafı istiqamətində öz töhfələrini verib. Yubileydə rektor Abel Məhərrəmov Ovidius Universitetinin rektoru, professor Viktor Çupina tərəfindən diplomla təltif olunub.
Yeri gəlmişkən qeyd edək ki, Bakı Dövlət Universiteti Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının aktiv üzvlərindən biridir. 2002-2004-cü illərdə BDU Assosiasiyaya sədrlik etmiş, 2004-cü ildən isə vitse-prezident səviyyəsində təmsil olunmaqdadır. BDU-nun Assosiasiyaya rəhbərlik etdiyi 2 illik fəaliyyəti çox yüksək dəyərləndirilib və nəticə etibarilə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın "Komandor" dərəcəli ali Qızıl Ulduz Ordeni ilə təltif olunub.
P.İbrahimova
Azərbaycan müəllimi.- 2011.-
15 aprel.- S.5.