"Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda konfrans

 

 Qubada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunmuş konfransda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, eləcə də "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən "Mədəd", AZEDUNET və "Ultra" şirkətlərinin nümayəndələri iştirak ediblər. Konfransa həmçinin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sayəsində əldə olunmuş müsbət təcrübəni bölüşmək üçün Bakıdakı məktəblərdə çalışan İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər də qatılıblar.

Konfransın açılış mərasimində çıxış edən Quba Rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov təhsilin həyatımızdakı vacib rolunu və müasir texnologiyaların tətbiqi vasitəsi ilə tədrisin daha yüksək səviyyədə təşkilinin mümkünlüyünü vurğulayıb. Onun sözlərinə görə, Quba rayonunda təhsildə İKT-nin tətbiqinə xüsusi diqqət yetirilir.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov öz çıxışında Dövlət Proqramının komponentləri və bu sahədə görülmüş işlər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlər təhsildə İKT-nin sistemli tətbiqinin təmin edilməsinə yönəlib. Reallaşdırılan tədbirlərin məhz kadr potensialının inkişafına xidmət etdiyini bildirən S.Məmmədov ölkəmizdə təhsil sisteminin informasiyalaşdırılması məsələsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. S.Məmmədov müasir texnologiyaların tədris prosesində tətbiqi ilə bağlı məlumatların təhsil işçilərinə daha dolğun çatdırılması üçün digər regionlarda da belə konfransların keçiriləcəyini nəzərə çatdırıb.

"Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə" mövzusunda təqdimatla çıxış edən "Mədəd" təşkilatının direktoru Elbrus Zərbəliyev Dövlət Proqramı çərçivəsində müəllimlərin cəlb olunduğu təlimlərə toxunub. E.Zərbəliyev Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və 33 rayon üzrə 100-ə yaxın təlim mərkəzinin yaradıldığını bildirib. O, 250 təlimçinin apardığı bu təlimlərdə 55980 pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçildiyini qeyd edib.

Konfrans çərçivəsində "İnternet tədris vəsaiti kimi", "Təhsildə elektron resurslar", "Elektron təhsil resurslarının yaradılması", "Elektron məktəb" layihəsi", "Tədrisdə baş verən dəyişikliklər və öyrənmə imkanları" mövzularında seminarlar keçirilib.

  

 

Azərbaycan müəllimi.- 2011.- 15 aprel.- S.5.