Təhsildən yazan jurnalistlər Fransa təcrübəsini
öyrəniblər
Bu günlərdə
Təhsil Nazirliyinin əməkdaşlarından və
təhsildən yazan jurnalistlərdən
ibarət nümayəndə heyəti Fransa Respublikasında səfərdə oldu. Martın 27-dən aprelin
3-nə kimi davam edən səfərin əsas
məqsədi Fransanın təhsili idarəetmə
orqanlarının KİV-lə qarşılıqlı əməkdaşlıq
təcrübəsinin öyrənilməsi idi.
Səfər Təhsil
Nazirliyi və Fransanın Azərbaycandakı səfirliyinin
birgə təşkilatçılığı ilə Təhsil
Sektorunun İnkişafı
üzrə İkinci Layihənin təhsil
islahatlarına dair ictimaiyyətin
məlumatlandırılması alt-komponentinin icra planına əsasən həyata keçirilirdi. Təhsil Nazirliyinin İctimaiyyətlə
əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin rəhbərlik
etdiyi nümayəndə
heyətinin tərkibində TSİİL-in kütləvi
informasiya vasitələri ilə iş üzrə mütəxəssisi Sevinc
Səfərova, İctimai Televiziyanın Gənclər,
elm və təhsil departamentinin direktoru Cəsarət
Valehov, "Azərbaycan
müəllimi" qəzeti baş redaktorunun müavini Sarvan İbrahimov,
"525-ci qəzet"in müxbiri Sevinc Qarayeva və "Exo" qəzetinin müxbiri Dilarə Əlizadə təmsil olunurdu.
Fransanın əksər
məktəblərinin İnternetə giriş imkanı yoxdur
Səfər çərçivəsində ilk görüş Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi nümayəndə heyətlərinin qəbulu şöbəsində oldu. Mərkəzin fəaliyyəti haqqında məlumat verən şöbənin əməkdaşı D.Futşik bildirdi ki, qurum fransız dilinin tədrisində böyük təcrübəyə malikdir. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini istər ölkədə, istərsə də beynəlxalq miqyasda xarici dillərin tədrisi və eyni zamanda müxtəlif dillərin inkişafı və mübadiləsi siyasətinin aparılması, müxtəlif proqram mübadiləsinin həyata keçirilməsi təşkil edir. Müəllimlərin dil üzrə peşəkarlığının artırılmasını da diqqət mərkəzində saxlayan mərkəz bu sahədə ciddi addımlar atır. D.Futşik qeyd etdi ki, təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, müəllimlərin stajının artırılması proqramlarını icra edən mərkəz məktəbə təzə başlayanlar üçün dillərin veb sayt üzrə tədris edilməsini də təşkil edir.
Fransanın
əsası 1880-1890-cı illərdə qoyulmuş müasir təhsil
sistemi haqqında danışan D.Futşik bildirdi ki, 6
yaşından 16 yaşınadək uşaqlar
üçün təhsil icbari xarakter daşıyır. Ölkədə
fəaliyyət göstərən 66172 orta ümumtəhsil məktəbində
12 milyona yaxın şagird təhsil alır. Məktəblilərin
təxminən 20 faizi özəl orta təhsil müəssisələrində
oxuyur. Dövlət ümumtəhsil məktəblərinin
sayı 54923, özəl ümumtəhsil məktəblərinin
sayı isə 11249-dur. Ölkə üzrə 852902 müəllimin
712453 nəfəri dövlət, 140449 nəfəri isə
özəl ümumtəhsil məktəblərində
çalışır.
Fransada
məktəbəqədər təhsil müəssisələri
bələdiyyələrin, yerli icra hakimiyyəti
orqanlarının, kilsələrin və s. tabeliyində fəaliyyət
göstərir. Məktəbəqədər təhsil icbari
olmasa da, faktiki olaraq 2-6 yasında olan uşaqların 99,5 faizi
uşaq müəssisələrinə gedir. "Ana məktəblər"də
bir ildə bir uşağa düşən xərc 5370 avro təşkil
edir.
Ölkənin
əksər orta ümumtəhsil məktəblərinin
İnternetə giriş imkanının
olmadığını söyləyən D.Futşik qeyd etdi
ki, 2007-ci ildə qəbul edilmiş tədris proqramına əsasən
informatika məcburi fənn kimi keçilir.
Görüşdə
Azərbaycanın təhsil sistemi, təhsil siyasəti və təhsilin
bütün pillələri üzrə qəbul olunan Dövlət
Proqramları haqqında nümayəndə heyətinin rəhbəri
B.Hüseynzadə fransalı mütəxəssislərə ətraflı
məlumat verdi.
Səfər
çərçivəsində nümayəndə heyəti
Fransa Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi,
Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Qiymətləndirmə,
Planlaşdırma və Səmərəliliyin Təhlili
İdarəsində oldu. İdarənin əməkdaşları
ilə keçirilən görüşdə A.Lopez qeyd etdi ki,
rəhbərlik etdiyi qurum təhsil sahəsində statistik
informasiya sisteminin qurulması və idarə olunmasını təmin
edir. Təhsil sisteminin bütün istiqamətləri üzrə
qiymətləndirmə, sorğular və tədqiqatlar
proqramını nazirliyin digər idarələrinin sifarişi
əsasında hazırlayıb həyata keçirən qurum təcrübə
və məsləhət funksiyası ilə bağlı milli
və regional səviyyələrdə tədbirlərin səmərəliliyini,
ardıcıllığını təmin edir. Eyni zamanda həm
məktəbi, həm ali təhsili, həm də elmi tədqiqatları
maraqlandıran statistik məsələlərlə
bağlı idarə tərəfindən Ali Təhsil və
Peşə İnteqrasiyası üzrə Baş İdarəyə,
İnnovasiya və Tədqiqatlar Baş İdarəsinə dəstək
verilir və ya əksinə. Görüşdə idarənin əməkdaşlarına
ölkəmizdə tətbiq olunan qiymətləndirmə
sistemi haqda məlumat verildi.
"Fransanın təhsil nazirinə
bir il əvvəl göndərdiyim sorğuya hələ cavab
ala bilməmişəm"
Parisdə
gündəlik 400000 nüsxə tirajla 28 səhifə həcmində
nəşr olunan "Le Monde" qəzeti təkcə Fransada
deyil, eləcə də Avropada böyük nüfuza malikdir. Redaksiyanın
şöbələri, əməkdaşların iş rejimi
ilə yaxından tanışlıqdan sonra qəzetin təhsil
rubrikasına məsul şəxs M.Bomar azərbaycanlı həmkarları
ilə görüşdü. O bildirdi ki, qəzetin 600 əməkdaşı
var. Onlardan 400 nəfəri yaradıcı heyətə
daxildir. "Le Monde"nin Təhsil redaksiyasında 5 nəfər
çalışır. Redaksiya əməkdaşları tərəfindən
hər ay bir dəfə təhsillə bağlı 12 səhifəlik
xüsusi buraxılış hazırlanır. Qəzetdə
çalışan jurnalistlərin orta aylıq əməkhaqqı
2000-3000 avrodur.
Fransa
Təhsil Nazirliyi tərəfindən keçirilən
bütün tədbirlərdə iştirak etdiyini söyləyən
M.Bomar təəssüf hissi ilə bir məqama da xüsusi
toxundu. Ölkənin təhsil naziri ilə jurnalistlərin
birbaşa görüşməsinin demək olar ki,
mümkünsüz olduğunu bildirən xanım Bomar fikrini
belə əsaslandırdı: "Ümumiyyətlə, bizim
nazir mətbuat nümayəndələri ilə ünsiyyətdə
olmağı bir o qədər də sevmir. Doğrudur, nazir
tez-tez jurnalistlər üçün mətbuat konfransı
keçirir, nazirlik tərəfindən görülən
işlər haqda məlumat verir. Ancaq jurnalistləri, şəxsən
məni maraqlandıran bir çox suallara cavab vermir. Fransanın
təhsil nazirinə bir il əvvəl göndərdiyim
sorğuya hələ cavab ala bilməmişəm".
Maraqlı
diskussiya şəraitində keçən görüşdə
nümayəndə heyətinin rəhbəri B.Hüseynzadə
"Le Monde" qəzetinin əməkdaşlarına Azərbaycanda
KİV nümayəndələrinin dövlət
orqanlarından rahat məlumat almaq imkanlarından
danışdı. Qeyd etdi ki, mətbuata həmişə
açıq olan təhsil naziri Misir Mərdanov bütün tədbirlərdə
jurnalistlər tərəfindən ona ünvanlanan sualları
şəxsən özü cavablandırır. "Hətta əksər
hallarda jurnalistlər nazirlə birbaşa əlaqə
yaradır və onları maraqlandıran bütün suallara
onun özündən cavab ala bilirlər". Fransalı
jurnalist isə, öz növbəsində, "Mən nazirin
jurnalistlərlə bu qədər açıq olmasını
müsbət hal kimi qiymətləndirirəm. Çox istərdim
ki, biz də Azərbaycanda olduğu kimi nazirlə birbaşa əlaqə
yaradıb suallarımıza cavab ala bilək", - söylədi.
"İstərdik ki, bizim
kanalı Azərbaycan tamaşaçısı da izləsin"
"TV5 Monde" dünyanın ən böyük telekanallarından biridir. Siyasi, elmi
və təhsil proqramlarına xüsusi yer ayıran telekanal 215 milyon tamaşaçı auditoriyası
ilə "CNN" telekanalından
öndə gedir.
İllik büdcəsi
100 milyon avrodan çox olan "TV5 Monde"nin səhm
paketində Fransa ilə bərabər daha 5 ölkə təmsil olunur. Məhz buna görə də telekanalın idarə olunması ilə bağlı bəzi məsələlər
Fransanın Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir. Telekanalın Avropaya yayım şöbəsinin məsul
şəxsi L.Eriksen görüşdə bildirdi
ki, çox istərdik bizim kanalı Azərbaycan tamaşaçısı da
izləsin. İctimai Televiziyanın
departament direktoru C.Valehov ölkəmizdə
telekanalların inkişafı
üçün mövcud
olan imkanlardan söz açdı, Azərbaycan həqiqətlərini
fransalı həmkarlarının
diqqətinə çatdırdı.
Fransa məktəblərində dini geyimlər, boyundan xaç asmaq qadağandır
Fransa Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyi, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Kommunikasiya İdarəsinin (DELCOM) direktoru
V.Meli nümayəndə
heyəti ilə görüşdü. İdarənin direktor müavini K.Dük, mətbuat şöbəsinin rəisi
Ş.Denu, veb şöbəsinin rəisi
O.Kolanın da iştirak etdiyi görüşdə qarşılıqlı
maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Bildirildi
ki, hər iki nazirliyin nəzdində fəaliyyət
göstərən DELCOM-un 7 şöbəsində 76 əməkdaş
çalışır. Kommunikasiya İdarəsi hər iki nazirlikdə KİV-lə işin qurulması, İnternet saytının idarə olunması, regional şöbələrdə
(30 akademiyada) olan əməkdaşların göndərdikləri
məlumatların emal
olunub ictimaiyyətə
çatdırılması funksiyalarını yerinə
yetirir.
Fransada təhsilin
idarə olunması ilə bağlı 2 nazirlik fəaliyyət göstərir. Təhsil, Gənclər və
Assosiativ Həyat Nazirliyi və Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi. 2010-cu ildə Fransada dövlət büdcəsindən
təhsilə 60 milyard
avro vəsait ayrılıb. Dövlət büdcəsinin xərclərində
ilk yeri təhsilə ayrılan xərclər tutur. Büdcə vəsaitlərinə qənaət edilməsi məqsədi ilə hər iki nazirliyin
bir neçə struktur bölməsi ortaq fəaliyyət göstərir.
Qeyd edildi ki, ölkədə 83 universitet var. Ali məktəblərin
rektorları (prezidentləri)
seçki əsasında
müəyyənləşdirilir. Ölkədə Təhsilin idarə olunması üzrə 30 akademiya (yerli təhsil idarəetmə orqanları) mövcuddur.
Akademiya rektorları ölkə prezidenti tərəfindən
təyin edilir. Fransanın ali
məktəblərində 2232000 tələbə təhsil
alır və 92400 müəllim çalışır.
Hər tələbəyə düşən
xərc ildə 11800 avro təşkil edir.
Fransada universitetlərin statusu digər ali
məktəblərdən (institutlardan)
fərqlidir. Ölkədə
215 ali mühəndislik,
220 ali ticarət, idarəetmə və maliyyə institutu mövcuddur. Gənclər iqtisadiyyat, kompüter
mühəndisliyi və
mühəndislik ixtisaslarına
daha çox üstünlük verirlər.
Fransada 1905-ci ildə
qəbul olunmuş qanuna əsasən dini məktəblər dövlətdən ayrıdır. Dünyəvi məktəblərdə dini
dərslər keçilmir.
Bu məktəblərdə təhsil alanların dini geyimlərdən istifadə etməsi, hətta boyunlarından açıq-aşkar xaç
asması qadağan olunur.
Səfər çərçivəsində sonuncu görüş
Paris Təhsil İdarəsi
Regional Pedaqoji Sənəd
Mərkəzində (CRDP) oldu. CRDP-ın
fəaliyyəti haqqında
məlumat verən direktor Mari-Kristin Ferandon nümayəndə heyətini
mərkəzlə
Parislə tanışlıq
Görüşlər yekunlaşdıqdan sonra Parisin qədim yerləri ilə yaxından tanışlıq
bizim üçün
Fransa mədəniyyəti
və tarixi haqqında maraqlı məlumatlar əldə etmək imkanı yaratdı. Parisin gözəllik simvoluna
çevrilən Eyfel qülləsini, Napoleonun ev-muzeyini, 1682-1789-cu illərdə
fransız kral hakimiyyəti tərəfindən
inşa edilmiş Versal sarayını görmək, Sena çayında axşam gəzintisi bizə xoş anlar yaşatdı. Birhəftəlik Fransa səfərimiz beləcə maraqlı və zəngin təəssüratlarla yaddaqalan
oldu.
Sarvan BƏHLULOĞLU
Azərbaycan müəllimi.- 2011.-
15 aprel.- S.6.