Türkiyə Respublikası
Ərazisi:
783,562 min kv.km.
Əhalisi: 73,8 milyon nəfər
Paytaxtı: Ankara şəhəri
Dövlət dili: Türk dili
Pul vahidi: Lirə
Təhsil
sistemi
XX əsrin birinci yarısında
Türkiyədə əhalinin böyük əksəriyyəti
savadsız olsa da, hazırda ölkədə savadlılıq
səviyyəsi 90 faizdən yüksəkdir. Türkiyənin
ümumi orta təhsil sistemi 8 illik ibtidai, 4 illik orta təhsilə
əsaslanır. Ölkə Konstitusiyasına əsasən təhsil
müəssisələrində Türkiyə vətəndaşlarına
ana dili kimi yalnız türk dili tədris olunur.
Türkiyədə
1930-cu ilə qədər cəmi 2 universitet - İstanbul
Universiteti və İstanbul Texniki Universiteti mövcud olduğu halda, bu gün
170-dən artıq ali məktəb fəaliyyət göstərir.
Ölkənin ən qədim ali məktəbi olan İstanbul
Universiteti 1456-cı ildə, İstanbul Texniki Universiteti isə
1773-cü ildə yaradılıb. Onu da qeyd edək ki, son 50
ildə qardaş ölkənin ali məktəblərinə
idarəetmə baxımından olduqca böyük sərbəstlik
verilib. Universitetlərə qəbul Tələbə Seçmə
Sınağı vasitəsi ilə həyata keçirilir.
Türkiyənin milli təhsil sistemi
planlı və əyani təhsil olaraq, iki əsas hissədən
ibarətdir.
Planlı təhsil - müəyyən
yaş qrupundakı və eyni səviyyədəki şəxslər
üçün, müvafiq proqramlarla məktəblərdə
tədris edilən sistemli təhsildir. Planlı təhsil məktəbəqədər,
ibtidai, orta və ali təhsili əhatə edir.
Əyani təhsil, təhsilin hər
hansı bir mərhələsində ayrı-ayrı fərdlərə
maraq və ehtiyacları olan sahədə verilən təhsil
növlərinin hamısını əhatə edir. Əyani təhsil
ümumi təhsil və texniki peşə təhsili olaraq, iki
hissədən ibarətdir.
Əyani təhsil müəssisələrinə
xalq təhsili mərkəzləri, təcrübə təhsili
mərkəzləri, qız sənət məktəbləri,
təkmilləşmə institutları, sənaye sənət
məktəbləri, özəl kurslar, özəl dərs evləri,
özəl təhsil və təcrübə məktəbləri,
özəl peşə məktəbləri, özəl
peşə təhsili mərkəzləri, özəl elm və
sənət mərkəzləri, açıq ibtidai təhsil
məktəbi və açıq lisey təhsili daxildir.
Əyani təhsil vətəndaşlara
oxumağı, yazmağı öyrətmək, ilkin biliklər
vermək, bilik və qabiliyyətlərini inkişaf etdirmək,
gələcəyini təmin edəcək yeni imkanlar
qazandırmaq məqsədi ilə verilən məktəbdənxaric
təhsildir. Əyani təhsil xalq təhsili, təcrübə
təhsili və qiyabi təhsil yolu ilə həyata
keçirilir. Hər il əyani təhsil müəssisələrində
(xalq təhsil mərkəzi və təcrübə mərkəzlərində)
milyonlarla tələbə təhsil alır. Eləcə də
bir tədris ili ərzində minlərlə şagird
açıq ibtidai təhsilə və ya açıq lisey təhsilinə
cəlb olunur.
Bu gün Türkiyədə ibtidai, orta,
peşə və texniki orta təhsil pillələrində
kompüter texnologiyalarından istifadə olunmasına geniş
yer verilir. Müvafiq tədris proqramları vasitəsi ilə
aşağı siniflərdən şagirdlərə
informatika fənni üzrə müvafiq biliklər
aşılanır, onların müasir kompüter
texnologiyalarından istifadə vərdişlərinə yiyələnmələrinə
xüsusi diqqət yetirilir.
Məktəbəqədər
təhsil
Məktəbəqədər təhsil
pilləsində 3-5 yaşlı uşaqların
könüllü təhsili nəzərdə tutulur. Məktəbəqədər
təhsil müəssisələrinin fəaliyyəti 3 formada
həyata keçirilir-müstəqil, qız peşə liseylərinə
bağlı sınaq sinifləri və ya digər təhsil
müəssisələrinin nəzdindəki bağçalar
kimi.
Məktəbəqədər təhsilin
məqsədi uşaqların fiziki, zehni, psixoloji
inkişafını, ibtidai təhsilə
hazırlanmasını, müvafiq vərdişlər
qazanmasını, türk dilində səlis
danışmasını və onlar üçün
müştərək təlim-tərbiyə mühiti
yaradılmasını təmin etməkdir.
İbtidai təhsil
Türkiyədə ibtidai təhsil
icbaridir və dövlət məktəblərində
pulsuzdur. İbtidai təhsil pilləsi 6-14 yaş arasındakı uşaqları
əhatə edir.
İbtidai təhsilin məqsədi
uşaqların yaxşı bir vətəndaş kimi
yetişməsini təmin etmək, onların zəruri məlumat,
qabiliyyət, davranış, vərdiş qazanmasına, milli
ruhda formalaşmalarına yardımçı olmaqdır. Şagirdlərin
maraq, bacarıq və qabiliyyət istiqamətlərinə
uyğun inkişafı, onların həyata və növbəti
təhsil pilləsinə hazırlanması da ibtidai təhsilin
başlıca vəzifələrindəndir. Səkkizillik ibtidai
təhsilin sonunda şagirdlərə müvafiq diplom verilir.
Orta təhsil
Türkiyədə orta təhsil
dördillikdir. Orta təhsil ümumi, peşə və texniki
orta təhsil müəssisələrini əhatə edir.
Orta təhsilin məqsədi şagirdlərə
ortaq mədəni dəyərlər aşılamaq, fərd və
cəmiyyət məsələlərini anlatmaq, onları
ölkənin sosial-iqtisadi və mədəni inkişafına
layiqli töhfələr verə biləcək vətəndaş
kimi yetişdirmək, şagirdləri həm ali təhsilə,
həm peşəyə, həm də müstəqil həyata
hazırlamaqdır.
Orta təhsil müxtəlif proqramlara
uyğun tədrisə əsaslanır. Şagirdlər istək
və qabiliyyətləri müqabilində bu proqramlardan birini
seçərək ümumi liseylərdə, fənn liseylərində,
sosial elmlər liseylərində, idman liseylərində, incəsənət
liseylərində və çoxproqramlı liseylərdə təhsil
ala bilərlər.
Peşə və texniki orta təhsil
Peşə və
texniki orta təhsil peşə sahələrinə müvafiq olaraq müəyyən əmək qabiliyyəti və
vərdişləri verən, şagirdləri ali
təhsilə hazırlayan
təhsil müəssisələridir. Peşə
və texniki orta təhsil müəssisələri
sırasında oğlan texniki
tədris məktəbləri, qız texniki tədris məktəbləri,
ticarət və turizm tədrisi
məktəbləri, din tədrisi
məktəbləri əsas yer tutur.
Özəl təhsil və tədris
Özəl
təhsilin məqsədi qüsurlu uşaqların tədrisə
cəlb olunmasına, onların cəmiyyətə
inteqrasiyasına və müəyyən peşələrə
yiyələnmələrinə kömək etməkdən
ibarətdir. Özəl təhsildə uşaqların
qüsurlarına uyğun olaraq
xüsusi tədris proqramlarından istifadə olunur.
Özəl təhsil məktəblərində
(Azərbaycandakı xüsusi təyinatlı internat-məktəblərə
uyğun tədris ocaqları) ibtidai təhsildən əvvəl
hazırlıq sinfi mövcuddur. Nisbətən az qüsurlu
şagirdlər birbaşa ibtidai təhsilə başlaya bilərlər.
Özəl təhsil məktəblərində görmə,
eşitmə, ortopedik, zehni qüsurluların, xroniki xəstəliyi
olanların, otistik (ruhi xəstə) uşaqların,
üstün və ya özəl qabiliyyətlilərin təhsili,
eləcə də özəl siniflərdə təhsili
üzrə tədris aparılır.
Özəl tədris müəssisələri
isə hər mərhələ və növdəki özəl
məktəbləri, özəl dərs evlərini, özəl
peşə və texniki kursları, özəl
sürücü kurslarını və özəl şagird
araşdırma təhsil mərkəzlərini əhatə
edir. Özəl tədris müəssisələri Milli Təhsil
Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir.
Ali təhsil
Ali təhsil orta məktəb məzunlarının
müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli
mütəxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin
ali təhsil müəssisələri sırasına
universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri
daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf
universiteti və 7 peşə ali məktəbi fəaliyyət
göstərir.
Türkiyə ali təhsilinin məqsəd
və vəzifələri milli təhsilin ümumi məqsəd
və təməl prinsiplərinə uyğun olaraq müəyyən
edilib:
* Tələbələri maraq, istedad və
qabiliyyətləri müqabilində dövlətin elm və təhsil
siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına
görə yetişdirmək;
* Müxtəlif istiqamətlərdə
elmi inkişafa nail olmaq;
* Ölkənin ümumi inkişafı
naminə dərin elmi araşdırmalar aparmaq;
* Hökumət və qeyri-hökumət
təşkilatları ilə işbirliyi şəraitində tədris
və araşdırma mövzularının nəticələrini
cəmiyyətə təqdim etmək;
* Elmi araşdırmaların nəticələrinə
həsr olunmuş, elm və texnikanın inkişafını təmin
edən nəşrləri təqdim etmək;
* Türkiyə cəmiyyətinin
ümumi səviyyəsini yüksəldən, ictimai rəyi
aydınlaşdıran elmi məlumatları xalqa
çatdırmaq və əyani təhsil xidmətləri
göstərmək.
Yeri gəlmişkən onu da qeyd edək
ki, ali məktəblərinə dünyanın bütün
ölkələrindən böyük axın olan Türkiyə
universitetlərində təhsil alan azərbaycanlıların
sayı ilbəil artmaqdadır. Azərbaycanla Türkiyə
arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir
ki, dövlət xətti və "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
950-yə yaxın azərbaycanlı Türkiyə universitetlərində
ölkəmiz üçün prioritet ixtisaslar üzrə təhsil
alır. Çoxsaylı azərbaycanlı gənclər
qardaş ölkədə ali təhsillərini başa vuraraq,
yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda
çalışmaqda, ölkə həyatının
ayrı-ayrı sahələrinin inkişafına layiqli
töhfələr verməkdədirlər.
Təhsilin idarə
olunması
Türkiyədə təhsilin idarə
olunması üzrə üç qurum - Milli Təhsil
Nazirliyi, Ali Təhsil Komitəsi və Şagird Seçmə
və Yerləşdirmə Mərkəzi fəaliyyət
göstərir.
Türkiyənin Milli Təhsil Nazirliyinin
strukturu mərkəz təşkilatı, şəhər-əyalət
təşkilatı, ölkədənkənar təşkilatlar
və digər tabe təşkilatlardan ibarətdir. Nazirliyin mərkəzi
aparatı Təlim və Tərbiyə Heyəti İdarəsi,
əsas xidmət təşkilatları, müraciət etmə
və yoxlama təşkilatları, köməkçi təşkilatlar
və layihələrin Koordinasiyası Mərkəzindən
ibarətdir. Nazirlik hökumətin ümumi siyasəti, milli mənafelər,
inkişaf planları və illik proqramlara uyğun olaraq fəaliyyət
göstərir, digər qurumlarla işbirliyi və
koordinasiyanı təmin edir.
Təlim və Tərbiyə Heyəti
İdarəsi birbaşa nazirə bağlı bir orqandır. Təhsillə
bağlı demək olar ki, hər mövzuda nazirə kömək
etməkdə, məsləhət verməkdə, təhsil
problemləri ilə bağlı araşdırmalar etməkdə
vəzifəlidir.
Milli Təhsil Nazirliyinin 81 şəhər
və 924 bölgədə yerli təşkilatları fəaliyyət
göstərir (şəhər və ya rayon milli təhsil
müdirliyi).
Milli Təhsil Nazirliyinin nəzdində
bir sıra ölkədənkənar təşkilatlar fəaliyyət
göstərir. Türkiyənin Vaşinqton, Berlin, Vyana,
Brüssel, Kopenhagen, Paris, Tbilisi, Lahey, London, Berlin, Stokholm,
Qahirə, Ər-Riyad, Moskva, Nikosiya, Bakı, Almatı,
Bişkek, Daşkənd və Aşqabad şəhərlərində
təhsil müşavirliyi, Nyu-York, Los-Anceles, Berlin, Köln,
Mayn, Münster, Münhen, Nürnberq, Ştuttqard,
Düselldorf, Essen, Frankfurt, Hamburq, Hannover, Sidney, Strasburq və
Lionda isə təhsil nümayəndəliyi mövcuddur.
Son 30 ilə qədər Türkiyədə
ali təhsilin bütün səviyyələrində mərkəzi
idarəetmənin olmaması səbəbindən bu sahədə
ciddi geriləmə müşahidə edilirdi. Odur ki, 1981-ci ildə
ali təhsil sahəsində aparılan islahatlardan sonra Ali Təhsil
Komitəsi yaradıldı və bütün ali təhsil
müəssisələri bu qurumun tabeliyinə verildi. Ali Təhsil
Komitəsi bütün ali məktəblərin fəaliyyətinin
koordinasiya olunmasını həyata keçirir və
onların işinin müvafiq qanunvericilik çərçivəsində
təşkilinə nəzarət edir.
1974-cü ildən fəaliyyətə
başlayan Şagird Seçmə və Yerləşdirmə
Mərkəzi isə Ali Təhsil Komitəsinin təsbit etdiyi əsaslar
çərçivəsində ali təhsil müəssisələrinə
qəbul imtahanlarını həyata keçirir.
Bəşarət
MƏMMƏDOV,
Təhsil
Nazirliyinin əməkdaşı
Türkiyənin
Azərbaycandakı səfirliyinin təqdim etdiyi rəsmi
materiallardan istifadə olunub.
Azərbaycan
müəllimi.- 2011.- 15 aprel.- S.8-9.