Nanyanq Texnoloji
Universiteti
Yerləşir: Sinqapur Respublikası, Nanyanq şəhəri
Yaranma tarixi: 1981-ci il
Tipi:
Dövlət
İşçi
heyətinin 5761 nəfər
Tələbələrin
ümumi sayı:
33478 nəfər
İllik gəlirləri: 407472000
Sinqapur dolları
İllik xərcləri: 927151000 Sinqapur dolları
Rəsmi
saytı: www.ntu.edu.sg
Nanyanq Texnoloji
Universiteti (
Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Nanyanq Texnoloji
Universiteti 100 ən yaxşı ali məktəb
arasında 73-cü yerdə sıralanıb. 2010-cu ildə
Nanyanq Texnoloji Universiteti "Times Higher Education World University
Rankings"in açıqlamasına görə
dünyanın ən nüfuzlu universitetləri arasında
174-cü, "QS World University Rankings"in reytinq cədvəlinə
əsasən isə 74-cü yerdə qərarlaşıb.
Nanyanq Texnoloji Universiteti Cənub-Şərqi
Asiya Ali Təhsil Müəssisələri
Assosiasiyasının, ASEAN Universitet Şəbəkəsinin
üzvüdür.
Tarixi
1955-ci ildə Sinqapurda Nanyanq Universiteti
fəaliyyətə başlayır. Bu, Çindən
kənarda açılan ilk çindilli ali
məktəb olur. Universitet cəmiyyətin
bütün təbəqələrindən toplanan vəsait
hesabına Sinqapur Hokkien Huay Klan Assosiasiyasının
bağışladığı torpaq ərazisində (Yunnan
Bağında) tikilir.
1980-ci ildə Nanyanq Universiteti Sinqapur
Universitetinə birləşdirilir. 1981-ci
ildə Nanyanq Universitetinin yerləşdiyi ərazidə
dövlət vəsaiti hesabına üç məktəbdən
ibarət Nanyanq Texnologiya İnstitutu yaradılır. İnstitutun yaradılmasında əsas məqsəd
Sinqapurun inkişaf edən iqtisadiyyatı üçün yeni
mütəxəssislər yetişdirmək olur. Ali məktəbdə dərslər ingilis dilində
keçirilir. 1987-ci ildə burada
Mühasibatlıq və Biznes Məktəbi (hazırkı
Nanyanq Biznes Məktəbi), 1988-ci ildə isə Tətbiqi Elmlər
Məktəbi açılır.
1991-ci ildə Milli Təhsil
İnstitutunun dəstəyi ilə Texnologiya İnstitutu Nanyanq
Texnoloji Universiteti adlandırılır. 1992-ci ildə universitetin Kommunikativ Tədqiqatlar Məktəbi
fəaliyyətə başlayır. 1995-ci
ildən Nanyanq Texnoloji Universiteti keçmiş Nanyanq Universitetinin
şərəfinə Çin dilində olduğu kimi
"Nantah" adlandırılır. 2000-ci
ildə Tətbiqi Elmlər Məktəbinin adı dəyişdirilərək
Hesablama Texnikası və Materialşünaslıq Məktəbi
olur. Biologiya Elmləri Məktəbinin
açılışı 2001-ci ilə təsadüf edir.
Kommunikativ Tədqiqatlar Məktəbi 2002-ci ildə
Kommunikasiya və İnformasiya Məktəbi
adlandırılır. 2003-cü ildə universitetdə
TexnoPlaza elmi-tədqiqat mərkəzinin tikintisi başa
çatdırılır, bir il sonra isə Humanitar və
Sosial Elmlər Məktəbi
yaradılır.
2005-ci ildə Nanyanq Texnoloji
Universitetinin və keçmiş Nanyanq Universitetinin məzunları
bir yerə toplaşaraq 50 illik yubiley mərasimini qeyd edirlər. Həmin
il ali məktəbdə İncəsənət,
Dizayn və KİV, Fizika-Riyaziyyat Elmləri məktəbləri
fəaliyyətə başlayır.
Büdcəsi və
təhsil haqqı
2009-2010-cu tədris ilində Nanyanq
Texnoloji Universitetinin illik gəlirləri 407472000 Sinqapur
dolları olub. Bu məbləğin 201313000-ni təhsil
haqqı və digər yığımlar, 161364000-ni tədqiqat
qrantları,
2428000-ni faiz gəlirləri, qalanlarını isə
digər gəlirlər təşkil edib. Həmin tədris
ilində ali məktəbin illik xərcləri
927151000 Sinqapur dolları olub. Vəsaitin 534440000-ni
əməkdaşların əməkhaqqı və
mükafatlar, 108455000-ni tədris-tədqiqat, 59490000-ni
administrasiya, 59419000-ni texniki xidmət, 7059000-ni isə
amortizasiya xərcləri təşkil edib.
Nanyanq Texnoloji Universitetində təhsil
haqqı subsidiya verilən (təhsil qrantı alan)
və verilməyən tələbələr
üçün fərqlidir. Belə ki, 2010-2011-ci tədris
ilində bütün proqramlar üzrə təhsil haqqı
subsidiya alan sinqapurlu tələbələr
üçün 6890, almayanlar üçün isə 8270
Sinqapur dolları, subsidiya alan əcnəbi tələbələr
üçün 11030, almayanlar üçün isə 25230
Sinqapur dolları təşkil edir. Tələbələrə
verilən subsidiyaların məbləği ildə 19000, incəsənət,
dizayn və media, kommunikasiya elmləri, mühəndislik, dəqiq
elmlər, idman elmləri üzrə isə 26400 Sinqapur
dollarıdır. Eyni zamanda bu universitetdə
tələbələrə müxtəlif məbləğli
maliyyə yardımı, qrantlar təklif olunur.
Nanyanq Texnoloji Universitetində təhsil alan tələbələr üçün ali
məktəb tərəfindən verilən NTU, MOE, həmçinin
özəl şəxslər və təşkilatlar tərəfindən
təqdim olunan təqaüdlər mövcuddur. Həmin təqaüdlər
əyani təhsil alan, bacarıqlı, ailə
büdcəsi 1700 Sinqapur dollarına bərabər və ya bu
məbləğdən aşağı olan tələbələrə
verilir. Təqaüdlərin məbləği
ayda ən azı 800 Sinqapur dollarıdır və tələbələrin
nailiyyətlərinə uyğun olaraq artır. Bu ali məktəbdə tələbə təqaüd
almaq üçün universitetə ərizə ilə
müraciət etməlidir.
Universitet bu
gün
Nanyanq Texnoloji Universitetinin kampusu Nanyanq şəhərində
200 hektar ərazini əhatə edir və Yunnan Bağı
adlanır. Kampusun tikintisinə
1986-cı ildə Nanyanq Universiteti fəaliyyət göstərən
zaman memar Kenzo Tangenin rəhbərliyi altında
başlanılıb. Universitetin kampusu
qeyri-adi tərzdə tikilmiş binaları və
yaşıllığı ilə seçilir. Yüzlərlə bitki, xüsusilə çiçək
növlərinin yetişdirildiyi, rəngarəng
canlıların yaşadığı bu şəhərciyi
"Yaşıl kampus" da adlandırırlar. Kampusda
özünəməxsus memarlıq üslubu ilə diqqəti
cəlb edən tikililərdən qazonla örtülmüş
dam örtüyünə malik İncəsənət, Dizayn və
Media, N4 Kompüter Mühəndisliyi, Biologiya elmləri, Fizika
və Riyaziyyat məktəblərinin, mərkəzi Eyri həyətində
yerləşən dördmərtəbəli SCI, Nanyanq
İcraedici Mərkəzinin, Nanyanq Auditoriyasının
binalarını, şam ağaclarından ibarət olan Yunnan
Bağı pavilyonunu, Cənubi və Şimali Onurğa
Sütunu oranjereyalarını, sıx ağaclar arasında, təpələrin
ətəyində və çay sahilində yerləşən
tələbə və müəllim yataqxanalarını,
yaşıllıq və çay daşları ilə bəzədilmiş
süni şəlaləni xüsusi qeyd etmək yerinə
düşər.
Nanyanq Texnoloji Universitetində dəqiq
elmlər, texnika, biznes, humanitar elmlər və incəsənət,
həyat elmləri sahələrini əhatə edən
geniş çeşidli bakalavr, magistr və doktorluq
proqramları təklif edilir. Universitetdə
4 kollec və 12 məktəb fəaliyyət göstərir.
Nanyanq
Biznes Kolleci Avropa Yüksək Keyfiyyət Sistemi
(EQUIS) və Universitet Biznes Məktəblərinin
İnkişafı Assosiasiyası tərəfindən
akkreditasiyaya alınmış və Sinqapurda yeganə, Asiyada
isə 3 biznes məktəbindən biridir. Kollec MBA üzrə 100-dən çox proqram təklif
edir. Kollecdə Biznes məktəbi,
Mühasibatlıq, Bank işi və maliyyə, Biznes hüququ,
İnformasiya texnologiyaları və əməliyyatların
idarəolunması, Strategiya, Menecment və təşkilatçılıq,
Marketinq və beynəlxalq biznes departamentləri fəaliyyət
göstərir.
Mühəndislik
Kolleci texnologiya və innovasiyalara əsaslanan 6 məktəbdən
ibarətdir: Kimya və Biotibbi Mühəndislik; Vətəndaş
və Ekologiya Mühəndisliyi; Hesablama Texnikası
(Kompüter Mühəndisliyi); Elektrik və Elektron Texnika;
Materialşünaslıq və Mühəndislik; Mexaniki və
Aerokosmik Texnika. Sinqapurda yalnız bu kollecdə
mühəndislik elmləri üzrə aerokosmik proqramlar tədris
olunur. Kollec Corciya Texnologiya İnstitutu ilə
əməkdaşlıq edir və iki kompleks proqram təklif
edir.
Humanitar, İncəsənət
və Sosial Elmlər Kolleci Asiyanın nüfuzlu jurnalistika və
media ali məktəbidir. Kollecdə İncəsənət,
Dizayn və Media, Humanitar və Sosial Elmlər, Vi Kim Vi
Kommunikasiya və İnformasiya məktəbləri
mövcuddur. Kollecin yeddi elmi-tədqiqat mərkəzində
iqtisadiyyat, humanitar və sosial elmlər, Çin dili və mədəniyyəti,
rəqəmsal yaradıcılıq, KİV və kommunikasiya
sahələri üzrə tədqiqatlar aparılır.
Dəqiq Elmlər
Kolleci fizika, riyaziyyat, kimya, biologiya, həyat elmləri və
s. üzrə təhsil proqramları təklif edir. Kollecdə
Biologiya Elmləri, Fizika və Riyaziyyat Elmləri məktəbləri
fəaliyyət göstərir. Biologiya Elmləri
Məktəbi "Şərqin Qərblə
qarşılaşması" proqramını həyata
keçirir. Bu məktəb ənənəvi
Çin təbabəti və müasir tibbi birləşdirərək
tibbi-bioloji tədqiqatlar aparır. Fizika və
Riyaziyyat Elmləri Məktəbi ayrıca fizika və riyaziyyat
elmləri üzrə təhsil verir, bu sahələr üzrə
tədqiqatlar həyata keçirir.
Kolleclər və onların nəzdində
fəaliyyət göstərən məktəblərlə
yanaşı, Nanyanq Texnoloji Universitetində müəllim
hazırlayan Milli Təhsil İnstitutu, C.Racaratnam Beynəlxalq Tədqiqatlar
Məktəbi (məktəbin Müdafiə və Strateji Tədqiqatlar
İnstitutu dünyada terrorizmlə mübarizə
yollarının axtarılması üzrə tanınıb), zəlzələ,
sunami, vulkan püskürməsi, daşqınlar, iqlim dəyişməsi
və digər ekoloji təhlükələrin
qarşısının alınması üzrə tədqiqatlar
aparan Yer Kürəsi Rəsədxanası, su təchizatı
və ekoloji sabitlik üzrə problemlərin həlli ilə məşğul
olan Ekoloji Həyat Elmləri Mühəndisliyi Mərkəzi fəaliyyət
göstərir. Onu da qeyd edək ki, universitetin
Yer Kürəsi Rəsədxanasına görkəmli geoloq,
Kaliforniya Texnologiya İnstitutunun professoru Kerri Sieh rəhbərlik
edir.
Nanyanq Texnoloji Universitetinin kitabxana
sistemi müxtəlif təhsil ehtiyacları və
maraqlarına cavab verən zəngin kolleksiyaya malikdir.
Universitet kitabxanası İncəsənət, dizayn və
media, Humanitar və sosial elmlər, Biznes, Çin, Li Vi Nam, Van
Qunqvu kitabxanaları, Asiya Kommunikasiya Resurs Mərkəzi
bölmələrindən ibarətdir. Kitabxanada 1 milyona
yaxın kitab var və hər il bu rəqəmin
üzərinə daha 40000 cild əlavə olunur. Universitetin tələbə və müəllimləri
istənilən vaxt kitabxanadan 40-dək kitab götürə
bilərlər. Kitabxanada 26000-dən
çox audio-vizual material, 36000 elektron jurnal, 130 verilənlər
bazası və s. mövcuddur. Bu elektron
resurslardan tələbələr evdə, yataqxanada, başqa
ölkələrdə olarkən də istifadə edə bilərlər.
Universitet kitabxanasının saytına daxil
olaraq və şifrəni yığaraq kitabxananın elektron
resurslarına çıxış əldə etmək
mümkündür. Kitabxananın rəqəmsal bazasında tələbələrin
dissertasiyaları və imtahan işlərinin bütöv mətni
yerləşdirilib. Həmin resursları əldə
etmək üçün saytda kitabxana kataloqunu tapmaq
lazımdır.
Nanyanq Texnoloji Universitetinin kansleri
Sinqapurun hazırkı 6-cı prezidenti Sellapan Ramanatan Natan,
prezidenti isə professor Su Quaninqdir. Universitetin əməkdaşlarının
ümumi sayı 5761 nəfərdir. Əməkdaşların
1667 nəfərini müəllim-professor, 1621 nəfərini tədqiqatçı,
775 nəfərini idarəetmə, 1698 nəfərini isə əlavə
işçilər təşkil edir.
Bu ali məktəbdə
33478 nəfər tələbə təhsil alır. Tələbələrin 23481 nəfəri bakalavr,
9997 nəfəri isə magistr və doktorantlardır. Universitetdə oxuyan əcnəbi tələbələrin
ümumi sayı 8212 nəfərdir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Nanyanq Texnoloji
Universitetinin bakalavr səviyyəsində Altay Davud oğlu Bədirov
molekulyar biologiya, Elnur Əlixan oğlu Hacıyev, Namiq
İmran oğlu Həsənov, Pərviz Mahmud oğlu
Hacıyev, Mirnahid Daməd oğlu Məmmədzadə, Nəcməddin
Qubad oğlu Nəcəfov isə tətbiqi fizika ixtisasları
üzrə təhsil alırlar.
Nanyanq Texnoloji Universiteti tələbələrinə
geniş çeşidli yataqxanalar təklif edir. Bakalavrların məskunlaşması
üçün universitetdə 16 yataqxana (Holl 1, Holl 2..., Holl
16) mövcuddur. Bu yataqxanalarda 10000-ə
yaxın tələbə yerləşə bilər. Lüks nömrələrə malik yataqxananın
otaqları, əsasən bir və iki nəfər
üçün nəzərdə tutulub. Otaqlar
çarpayı, yorğan-döşək, masa və stullar,
paltar şkafı, kitab rəfləri, jalüz və ya pərdə,
ventilyasiya sistemi və s. ilə təchiz edilib. Otaqların
aylıq qiymətləri bir və ya iki nəfərlik
olmasından asılı olaraq 165-245 Sinqapur dolları, semestr
müddətində isə 825-1450 Sinqapur dolları arasında
dəyişir. İşıq, su, qaz pulu
bu məbləğə daxil edilir. Tələbələr
semestr ərzində soyuducudan istifadə etmək
üçün əlavə olaraq 80, kondisioner
üçün isə 90 Sinqapur dolları ödəməlidirlər.
Yataqxanalarda yerləşdirmə apararkən daha
çox yeni qəbul olunmuş tələbələrə
üstünlük verilir. Hər bir yeni tələbəyə
yataqxanada otaqla təmin olunmasına zəmanət verilir.
9, 11 və 15 nömrəli yataqxanalarda əlil tələbələr
üçün xüsusi otaqlar, liftlər, vanna otaqları və
digər şərait yaradılıb.
Magistr və doktorantların
yataqxanalarda məskunlaşdırılması tələbata
uyğun olaraq mövsümi xarakter daşıyır. Onlar
üçün universitetdə iki yataqxana kompleksi - Qredyueyt Holl və
Nanyanq Vadisi mövcuddur. Tələbə
sıxlığı olduğundan, bu yataqxanalarda yalnız əyani
təhsil alan magistr və doktorantlar, eləcə
də tədqiqatçı tələbələrin
qalmasına icazə verilir. Qiyabi və
uşaqlı tələbələr kampusdan kənarda Qərbi
və Şərqi Curonq ərazilərindəki özəl
yataqxanalarda və ya xüsusi evlərdə kirayə
yaşayırlar. Yataqxanalarda qalmaq tələbələrə
unikal təcrübə bəxş edir və onların tələbə
həyatlarını zənginləşdirir.
Universitetin kampusunda tələbə
və müəllimlərə dünyanın bir çox mətbəxlərini
təqdim edən restoran, kafe və yeməkxanalar mövcuddur. Eyni zamanda kampus ərazisində kitab və
kompüter mağazaları, bank ofisləri və bankomatlar,
supermarketlər, poçt, təhlükəsizlik xidmətləri,
tibbi və stomatoloji klinikalar, idman kompleksləri yerləşir.
Tələbə həyatına rəngarənglik
qatmaq məqsədi ilə Nanyanq Texnoloji Universitetində
geniş mədəni tədbir və sərgilər,
yarışlar, muzeylərə, ölkənin tarixi və səfalı
yerlərinə ekskursiyalar təşkil olunur. Universitetdə onlarla tələbə təşkilatları,
klublar, cəmiyyətlər fəaliyyət göstərir.
Belə bir mühit müxtəlif mədəniyyətlərin
bir araya gələrək daha yaxından öyrənilməsinə
səbəb olur.
Nanyanq Texnoloji Universiteti müxtəlif
fənlər vasitəsi ilə keyfiyyətli təhsil verərək
sahibkar liderlər yetişdirmək məqsədini
daşıyır. Universitet multi-mədəni
elmi-tədqiqat mərkəzi olaraq, dünyanın ən
aparıcı dövlətləri ilə əməkdaşlıq
edir. Ali məktəbin tələbələri
ABŞ, Çin, Vyetnam, Hindistan və Avropanın bir çox
ölkələrində beynəlxalq təcrübə
qazanırlar. Bu gün universitetin məzunları
arasında 11 Nobel mükafatı laureatı var və onlar
dünyanın müxtəlif elmi-tədqiqat mərkəzlərində
çalışaraq yeni-yeni kəşflərə imza
atırlar.
Universitetin
məşhur məzunları
Bertil Andersson Nobel
Fondunun qəyyumu
Anq Monq Senq Sinqapur
parlamentinin üzvü
Aaron Ciechanover kimya üzrə Nobel mükafatı
laureatı
Robert Hovard Qrubbs kimya üzrə Nobel
mükafatı laureatı
Duqlas Oşeroff fizika
üzrə Nobel mükafatı laureatı
Yanq Çen Ninq fizika
üzrə Nobel mükafatı laureatı
Klod Çon Tannoudji fizika üzrə Nobel mükafatı
laureatı
CerardTt Hooft fizika
üzrə Nobel mükafatı laureatı
Samuel Tinq fizika üzrə Nobel mükafatı
laureatı
Rui En tanınmış Sinqapur
teleaparıcısı və aktrisası
Stefani Sun tanınmış
Sinqapur sənətçisi
Qo Tat Çun Sinqapur
futbolçusu, ölkə milli yığmasının
aparıcı oyunçusu
Hazırladı: Lamiyə
ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 15
aprel.- S.10-11.