Tərcümə problemlərinə həsr olunmuş seminar

 

Bakı Slavyan Universitetinin "Tərcümə problemləri" ETL-da elmi seminarların təşkili ənənə halını almışdır. BSU hər zaman öz yenilikləri ilə digər tədris ocaqlarından fərqlənib.

Universitetdə tələbələrin bilik səviyyələrinin yüksəldilməsinə və əməkdaşlarının elmi-pedaqoji potensialının inkişafına və peşəkar kimi püxtələşməsinə hər zaman xüsusi diqqət ayrılıb.

Bu istiqamətdə atılmış növbəti addım BSU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayevin universitetdə mühazirələrin, seminarların, məsləhət saatlarının, müzakirələrin, həmçinin tərcümə sənəti ilə məşğul olan tanınmış insanlarla, əməkdar elm xadimləri ilə görüşlərin təşkil olunması təşəbbüsü oldu.

Bu məqsədlə "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasında, tələbələrin və universitet əməkdaşlarının mühazirələri dinləmək, seminarlarda iştirakı üçün xüsusi təchiz olunmuş otaq ayrılmışdır.  Nəzəri biliklərin bilavasitə tədrisə şamil olunması üçün mühüm addımlardan biri də odur ki, "Tərcümə problemləri" laboratoriyası və Tərcümə nəzəriyyəsi və praktikası kafedrası elmi biliklərin mübadiləsi yönündə yaxından əməkdaşlıq edirlər.  Kafedranın müəllimləri bu fakültənin tələbələrinə "Tərcümə problemləri" laboratoriyasının əməkdaşlarının iştirakı ilə dərslər keçirlər.

Aprelin 12-də adıçəkilən seminar çərçivəsində Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Kamran Hacıyevin "Tərcümə prosesində bədii mətnin mənimsənilməsində hermenevtik aspekt" mövzusunda ilk məşğələ keçirildi.

Seminarda tərcümə kafedrasının müəllimləri, həmin fakültənin tələbələri, magistrantlar, laboratoriyanın işçiləri, həmçinin digər fakültələrin tələbələri də iştirak etdilər. Məşğələlərin ayda iki dəfə keçirilməsi nəzərdə tutulur.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 15 aprel.- S.16.