Azərbaycanlı
alimlər Ukraynada keçirilmiş beynəlxalq
konfransda iştirak ediblər
Təhsil Nazirliyinin 1 aprel 2011-ci il tarixli əmrinə əsasən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun nümayəndə heyəti 11-16 aprel tarixlərində Ukraynada səfərdə olmuşdur. Səfərdən məqsəd Ukrayna Təhsil Menecmenti Universiteti, Kiyev Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Moskva Vilayət Diplomdansonrakı Təhsil Pedaqoji Akademiyası və ABŞ-ın San-Dieqo Milli Universitetinin birgə təşkilatçılığı ilə 14-15 apreldə keçirilən "İnnovativ təhsil fəaliyyəti: regional aspektlər" beynəlxalq elmi-praktik konfransını təşkil etmək idi. Son üç ildə BPKİYİ-nin təşkilatçılığı ilə Azərbaycanda və Ukraynada keçirilən sayca IV beynəlxalq elmi konfransda adıçəkilən ölkələrin ali məktəblərinin və elmi-tədqiqat institutlarının yüksək ixtisaslı mütəxəssisləri dörd bölmədə - təhsildə innovativ proseslər və onların regional aspektləri, diplomdansonrakı pedaqoji təhsil şəraitində pedaqoqların innovativ fəaliyyətə hazırlanması, informasiya-tədris mühiti təhsildə qlobal və regional inteqrasiya vasitəsi kimi, ali və orta təhsil müəssisələrində innovativ fəaliyyətin və təcrübi-eksperimental işlərin idarə edilməsi bölmələrində məruzələrlə çıxış etmişlər. Təhsilin inkişafının mühüm problemlərinin həllinə yönəldilmiş maraqlı məruzələrlə zəngin olan beynəlxalq konfransda fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov "Azərbaycanın orta təhsil sahəsində innovativ islahatların əsas istiqamətləri", pedaqoji elmlər üzrə fəlsəfə doktoru Polad Mədədov "Qloballaşma şəraitində elm və təhsilin inteqrasiyası" mövzularında məruzə etmişlər. Konfransın materiallarında Azərbaycanın, o cümlədən BPKİYİ-nin yüksək ixtisaslı mütəxəssislərinin 12 elmi əsəri dərc edilmişdir.
Qeyd etmək yerinə düşər ki, son
üç ildə BPKİYİ-nin əsas təşkilatçılığı
ilə dörd beynəlxalq elmi konfrans
keçirilmişdir: 1)
"Qloballaşma şəraitində pedaqoji kadrların
ixtisasının artırılması: reallıqlar və
perspektivlər" (Azərbaycan, Bakı, noyabr 2008); 2)
"Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və
regional prioritetlər" (Ukrayna, Belaya Çerkov, sentyabr
2009); 3)"İnnovasiya, təhsilin keyfiyyəti və
inkişaf" (Azərbaycan, Bakı, noyabr 2010); 4)
"İnnovativ təhsil fəaliyyəti: regional aspektlər"
(Ukrayna, Belaya Çerkov, aprel 2011). Beynəlxalq konfransların
hər birinin materialları yüksək poliqrafik və elmi səviyyədə
dərc edilmişdir.
Səfər
zamanı beynəlxalq konfransda iştirak edən müvafiq ali
məktəblərin rəhbərlikləri ilə gələcək
əməkdaşlığa dair məsələlər də
müzakirə edilmişdir. Həmçinin, Ukrayna Təhsil
Menecmenti Universiteti ilə Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
arasında elm və təhsil sahəsində əməkdaşlığa
dair müqavilə imzalanmışdır. Təhsil
işçilərinin ixtisasının artırılması və
yenidənhazırlanması, professional
hazırlığının elmi-metodik müşayiəti,
ixtisasartırma və yenidənhazırlanma kurslarının
qarşılıqlı fəaliyyət sistemi ilə
tanışlıq, ixtisasartırma və yenidənhazırlanma
üzrə proqram mübadiləsi və onların qiymətləndirilməsi,
distant təlim kurslarının birgə işlənməsi,
kurs müdavimləri və tələbələr
üçün birgə məşğələlərin
keçirilməsi, elmi-tədqiqat fəaliyyətində birgə
iştirak, seminar və mühazirələrin keçirilməsi
üçün professor-müəllim heyətinin mübadiləsi,
iş təcrübəsini öyrənmək və innovativ
layihələrin hazırlanması məqsədilə pedaqoji
və rəhbər işçi qruplarının mübadiləsi,
beynəlxalq təhsil layihələrində birgə
iştirak, birgə regional və beynəlxalq elmi-praktik
simpoziumların, konfransların, seminarların, treninqlərin
keçirilməsi, nəşriyyat məhsullarının
mübadiləsi məqsədi daşıyan müqaviləni
universitetin rektoru, akademik V.V.Oleynik və BPKİYİ-nin
rektoru, professor A.Zamanov imzalamışlar.
Adıçəkilən
müqavilə BPKİYİ və xarici ölkələrin
müvafiq ali məktəbləri arasında imzalanmış
sayca 12-ci sənəddir. Belə ki, 2008-ci ildən
başlayaraq Belarus, Qazaxıstan, Fransa, Latviya, Rusiya və
Ukraynanın 12 ali məktəbi ilə elm və təhsil sahəsində
əməkdaşlığa dair müqavilələr
imzalanmış, müvafiq işlər
görülmüşdür. Yuxarıda adları göstərilən
beynəlxalq konfranslar, həmçinin ali məktəblərin
professor-müəllim heyətinin təcrübə mübadilələrinin
reallaşması da bu müqavilələr əsasında həyata
keçirilmişdir.
Sonda onu da qeyd edək ki, nümayəndə
heyətinin rəhbəri, professor A.Zamanov səfər
zamanı onlara göstərdiyi yüksək diqqətə
görə ölkəmizin Ukraynadakı fövqəladə və
səlahiyyətli səfiri cənab Eynulla Mədətliyə
qəzetimizin vasitəsilə minnətdarlığını
bildirir.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2011.-
22 aprel.- S.6.