Bakıdakı 49
nömrəli məktəbdə akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi-praktik
konfrans keçirilib
Azərbaycan Respublikası təhsil
nazirinin "Beynəlxalq Kimya İli"nə həsr
olunmuş Tədbirlər Planının təsdiq edilməsi
haqqında" əmrinə əsasən aprelin 15-də
Bakıdakı 49 nömrəli "İntellekt" məktəb-liseydə
akademik Yusif Məmmədəliyevin anadan olmasının 105
illik yubileyi çərçivəsində elmi-praktik konfrans
keçirildi. Tədbirin keçirilməsində məqsəd
ensiklopedik biliyə malik olan Y.Məmmədəliyevin
elmi-ictimai fəaliyyəti və kimya sahəsindəki
uğurları haqqında şagirdlərə məlumat vermək,
praktik təcrübələr aparmaq idi.
Tədbirdə
məktəb-liseyin müəllim və şagird kollektivi ilə
yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif
Abbasov, BDU-nun Kimyanın tədrisi metodikası
kafedrasının müdiri, kimya elmləri doktoru, professor Əyyub
Əzizov, TPİ-nin Kurikulum Mərkəzinin Ümumi orta və
tam orta təhsil şöbəsinin müdiri Akif Əliyev, təbiət-riyaziyyat
fənlərinin təlimi bölməsinin böyük elmi
işçisi Mürşüd Fərəcov, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin baş məsləhətçisi
Əfqan İsgəndərov, Səbail rayonunda yerləşən
məktəblərin direktorları və kimya müəllimləri
iştirak edirdilər.
Tədbiri
giriş sözü ilə açan məktəbin direktoru Təhminə
Əsədova akademik Yusif Məmmədəliyevin kimya elminə
verdiyi töhfələrdən söz açdı. Bildirdi ki,
XX əsrin böyük kimyaçı alimi Y.Məmmədəliyev
Azərbaycanda neft kimyasının əsasını
qoymuşdur. Xüsusən İkinci Dünya müharibəsi
zamanı Azərbaycan neftinin nə qədər mühüm əhəmiyyət
kəsb etdiyini bütün dünya bilir. O vaxt Sovetlər
ölkəsində hasil edilən neftin 70-80 faizi Azərbaycanda,
Bakıda çıxarılırdı. Ancaq iş təkcə
bu neftin çıxarılması deyildi, əsas məsələ
bundan neft məhsullarının alınması və o məhsulların
keyfiyyəti idi. Bu sahədə Yusif Məmmədəliyevin
xidmətləri həddindən artıq qiymətlidir və
tarixi əhəmiyyət kəsb edir. Yusif Məmmədəliyev
böyük maarifçi olubdur. O, ilk əmək fəaliyyətinə
müəllimliklə başlayıb. Azərbaycan Dövlət
Universitetində, Dövlət Neft və Kimya İnstitutunda və
Moskva ali məktəblərində kimya fənninin sirlərini
öyrədib. Y.Məmmədəliyevin mühazirələri,
tələbələrə verdiyi biliklər və göstərdiyi
qayğı onun əsl mənada
müəllim olduğunu sübut edirdi. Ona görə də
xatirələrdə böyük müəllim kimi
yaşayır və yaşayacaqdır.
T.Əsədova belə tədbirlərin şagirdlərə müsbət təsir edəcəyini və onların gələcəkdə bir ziyalı kimi yetişməsində müsbət rol oynayacağını bildirdi.
Sonra
söz professor Vaqif Abbasova verildi. O, XXI əsrin texnologiyalar və
texnika əsri olduğunu və belə şəraitdə kimya
və biologiya elminin nə qədər böyük əhəmiyyət
kəsb etdiyini vurğuladı. Bildirdi ki, kimya elmi müasir
dövrdə istər ekoloji problemlərin həllində, istərsə
də torpaqda, suda, havada monitorinq aparılması
üçün ən vacib amildir. Dövrümüzün ən
aktual problemlərindən biri də qida məhsulları ilə
bağlıdır ki, bu da müəyyən mənada kimya
elminə olan ehtiyacı artırır. Mövcud problemlərin
aradan qaldırılmasında kimya elminin əhəmiyyətli
rolunu nəzərə alaraq 2011-ci il BMT tərəfindən
"Kimya ili" kimi elan olunmuşdur. "Kimya ili"nin elan
olunmasında məqsəd insanlar arasında, xüsusilə gənclərdə kimya elminə marağı
artırmaqdan ibarətdir. Düşünürəm ki,
görülən tədbirlər öz faydasını verəcək.
Professor
V.Abbasov bu işdə ən böyük vəzifənin
KİV nümayəndələrinin və təhsil
işçilərinin üzərinə
düşdüyünü vurğuladı. Məsələn,
insanlar arasında belə bir fikir formalaşır ki, kənd təsərrüfatı
məhsullarının yetişdirilməsində kimyəvi maddələrdən
istifadə etmək zərərlidir. Bu, çox
yanlışdır. Çünki torpağın münbit
qatı çox azdır və bitkiyə lazım olan qida
elementləri bir neçə ildən sonra azalır. Təsadüfi
deyil ki, dünyada 600 milyondan çox insan azot gübrəsindən
əldə olunan qidalar hesabına yaşayır. Ona görə
də KİV-də bu mövzuya xüsusi diqqət yetirilməli,
hər bir elm adamı əhalini bu yöndə maarifləndirməlidir.
Məktəblərdə bu yöndə aparılacaq işlər
ciddi xarakter daşıyır. Hesab edirəm ki, ümumtəhsil
məktəblərində kimya dərslərinə ayrılan
saatların artırılması və tədris prosesinin
genişlənməsi qarşıda duran məsələlərdən
biridir.
V.Abbasov
Yusif Məmmədəliyevin elm sahəsində əldə
etdiyi uğurlardan söz açdı. Qeyd etdi ki, alimin neftin və
neft qazlarının katalitik emalı sahəsində əldə
olunmuş nəticələri bəşər tarixinin
böyük kəşfidir. Böyük alimin xidmətlərindən
danışan professor Y.Məmmədəliyevin
respublikamızda kimya elminin qurucusu olduğunu və bu sahədə
bir çox mütəxəssis yetişdirdiyini
vurğuladı. Bildirdi ki, Azərbaycan təkcə neft ölkəsi
kimi deyil, həm də nefti yüksək səviyyədə
emal edən ölkələrin önündə durur. V.Abbasov
belə tədbirlərin keçirilməsini təqdirəlayiq
hal kimi qiymətləndirərək, ölkəmizdə gələcəkdə
də Y.Məmmədəliyev kimi alimlərin yetişəcəyinə
ümidvar olduğunu bildirdi.
Digər
çıxış edənlər alimin keçdiyi həyat
yolu, elmi kəşfləri və ədəbi-ictimai fəaliyyəti
haqqında söhbət açdılar.
Sonra
iştirakçılar siniflərdə keçirilən
fakültativ məşğələlərdə oldular. Kimya
müəllimi Sevda Axundovanın keçirdiyi təcrübə
iştirakçılarda maraq doğurdu. Təcrübənin
keçirilməsində məqsəd kimya fənninə
marağı artırmaq, dərslərdə əldə edilən
nəzəri biliklərin tətbiqinə nail olmaq, bacarıq və
vərdişləri mükəmməlləşdirmək,
kimyanın həyatla əlaqəsini göstərməkdən
ibarət idi. Məktəbin 8, 9, 10, 11-ci sinif şagirdləri
qruplara bölünərək müxtəlif variantlarda təcrübələr
apardılar.
Digər
məşgələ isə kimya müəllimi Vəfa
Tapdıqova tərəfindən keçirildi. Məşğələ
qruplar üzrə aparıldı. Şagirdlər 4 qrupa
bölündülər:
"azot", "karbon", "oksigen",
"hidrogen". Əvvəlcə hər bir qrup
"Qazların bəhsi" haqqında məlumat verdi. Sonra
kimyəvi hadisələrdən, kəşflərdən biliklər
yoxlanıldı. Xörək duzunun, kibritin alınması kimi
təcrübələr aparıldı. Qrupların biri Y.Məmmədəliyevin
benzolu alkilləşdirərək yüksəkoktanlı
izopropil benzol yanacaq növü alması haqqında geniş məlumat
verdi.
Ədəbiyyat
müəllimi Şahnaz Xəlilovanın təşkil etdiyi məşğələdə
isə görkəmli alimin kimya məktəbinin
yaradıcısı, kimyaçı alim olmaqla yanaşı
onun ədəbiyyat sahəsində də uğurları
olduğu nəzərə çatdırıldı. Akademikin
yazdığı şeirlər səsləndirildi. Haqqında
yazılmış bədii nümunələr musiqi ilə
müşayiət olundu.
Sonda akademik Y.Məmmədəliyevin həyat
və yaradıcılığına həsr olunmuş
videoçarx izlənildi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
22 aprel.- S.7.