Akademik Zərifə
Əliyeva adına məktəbin qızıl və
gümüş medalçıları
Bu medallar V Beynəlxalq
Layihə Olimpiadasında qazanılıb
Xəbər
verdiyimiz kimi, aprelin 8-9-da Bakı şəhərində
ekologiya və təbiəti mühafizə problemlərinə
həsr olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin
Mühafizəsi V Beynəlxalq
Layihə Olimpiadası keçirilib.
Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti, İctimai
Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi,
"Çağ" Öyrətim İşlətmələri
Şirkətinin və "İNEPO- AVRASİYA" Ekologiya
İctimai Birliyinin təşkilatçılığı ilə
aparılıb. Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunan builki olimpiadada 35
ölkədən 300-dək iştirakçı biliklərini
nümayiş etdirib. Olimpiadanın əsas məqsədi
ekoloji problemlərin həlli və ətraf mühitin
mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq,
onlarda ətraf mühitə qarşı həssas münasibət
formalaşdırmaq, təbii, mədəni və tarixi dəyərlərin
qorunması ruhunu yaratmaq olub.
Dörd kateqoriya - enerji, ətraf mühit, mühəndislik
və sosial elmlər üzrə keçirilən beynəlxalq
layihə olimpiadasında Azərbaycan məktəbliləri 5
qızıl, 8 gümüş və 14 bürünc medal
qazanıblar. Bu yüksək mükafatçılar
arasında Bakıdakı akademik Zərifə Əliyeva
adına məktəbin şagirdləri də vardır. Bu
günlərdə həmin məktəbdə olduq. Qalib
şagirdlərlə, onlara rəhbərlik etmiş müəllimləri
ilə görüşdük. Uğurları necə
qazandıqları ilə maraqlandıq. Təqdim etdikləri
layihələri ilə tanış olduq...
Yüksək
mükafat qazandıran layihə
Həmin gün bizi qızıl medal qazanmış komandanın üzvləri ilə məktəbin direktoru Məhəbbət Vəliyeva tanış etdi. İnformatika müəllimi, layihənin rəhbəri, İKT profili üzrə direktor müavini Aygün Əzizova, XI sinif şagirdi Səbinə İsayeva və X sinif şagirdi Gülnar Rəhimzadə ilə birlikdə müəllimlər otağına getdik. Elə burada məktəbin gümüş medal qazanmış komanda üzvləri - fizika müəllimi, fizika-riyaziyyat elmləri namizədi, layihənin rəhbəri Kamran Rəhimov, XI sinif şagirdləri İlkin Hüseynzadə və Lalə Əhmədova ilə də tanış olduq.
Əvvəlcə "İNEPO-AVRASİYA" Layihə
Olimpiadasının qızıl medalını qazanmış
komandanın rəhbəri Aygün Əzizovanı dinlədik.
O bildirdi ki, beynəlxalq layihə olimpiadasına təqdim
etdiyimiz mövzu "İqlim dəyişikliyini
proqnozlaşdıran modellərin qurulması" adlanır. Bu
layihənin əsas məqsədi iqlim dəyişikliyini
proqnozlaşdırmaq imkanı verən modellərin
yaradılmasıdır. Dünyada istifadə olunan enerjinin
artımını, müxtəlif qəzaları, kütləvi
yanğınları və artan tələbləri nəzərə
alsaq yaxın gələcəkdə havaya buraxılan
qazların daha sürətlə artacağını görmək
çətin deyil. Bu isə qlobal istiləşmə prosesini
sürətləndirəcək. Ümumiyyətlə,
qazların qlobal istiləşməyə təsirinin öyrənilməsi
və müvafiq tədbirlər görülməsi
günümüz üçün xüsusilə aktualdır,
çünki gələcək 20 ildə atmosferə
buraxılan qazların miqdarı son 200 ildə buraxılandan
çox ola bilər, bu isə qlobal istiləşməni
sürətləndirə bilər. Yaponiyada zəlzələ
və Fukusimo Atom Elektrik Stansiyasında qəza dünyada da
atom enerjisinə məhdudiyyətlərə gətirib
çıxaracaq, bu isə, öz növbəsində, neft-qaz
enerjisinə olan tələbatı artıracaq. Yəni qlobal
istiləşmə daha da artacaq. Məqsədəuyğun
olaraq qlobal istiləşməyə təsir edən
faktorları öyrənmək üçün 6 model
hazırlanmışdır. Təsadüfi deyildir ki, ilk dəfə
olaraq 3 qazın (CO2, CH4 və N2O) birgə qlobal istiləşməyə
təsiri modeli qurulmuşdur. Layihəni gələcəkdə
də davam etdirərək, qlobal istiləşməyə digər
qazların və aerozolların təsirinin öyrənilməsi
nəzərdə tutulur, çünki bizim məktəbimizin digər
şagirdləri də bunun ardıcıl
araşdırılmasında çox maraqlıdırlar. Bax elə
bu baxımdan beynəlxalq layihə olimpiadasına təqdim etdiyimiz layihənin
orijinallığı böyükdür. İlk dəfə
olaraq məktəblilər tərəfindən belə qlobal
istiləşməni proqnozlaşdıran modellər tərtib
olunmuşdur. Həmin modellər məktəblərdə və
ya universitetlərdə ekologiya dərsləri zamanı qlobal
istiləşməni proqnozlaşdırmaq üçün
istifadə oluna bilər. Qısaca bəhs etdiyim bu layihənin
beynəlxalq əhəmiyyəti böyük olduğuna
görə də bizim komanda birinci yeri tutdu və ən
yüksək mükafata - qızıl medala layiq
görüldü.
"Bizə qızıl medalı
təhsil naziri təqdim etdi"
Səbinə
İsayevanın dediklərindən:
- Əvvəlcə
Aygün müəllimimin dediklərinə onu da əlavə
edim ki, bu layihəni işləyərkən bizə kimya elmləri
namizədi Rüfət Əzizov, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşları yaxından köməklik
göstəriblər. Eyni zamanda ABŞ-ın Kolorado
ştatındakı National Oceanic and Atmospheric Administration
Universitetində işləyən həmyerlimiz Rəvan Əhmədovla
da əməkdaşlıq edib ondan aldığımız
statistik məlumatları, modellər üçün əmsalları
ora əlavə etdik. Həmin məlumatlar üzrə biz modellər
yaradıb qrafik qurduq. Bizim bu
modellər müasir elmin nəticələrini məktəbə
gətirməyə yardım edir. Modellərimizin sadə
olmasına baxmayaraq, həm də çox dəqiqdir. Onu da
deyim ki, bu qrafikləri məktəbimizin kompüter mərkəzində
DELPHİ proqramlaşdırma dilində qurmuşuq. O ki
qaldı bizim layihənin qızıl medala layiq görülməsinə,
o günü heç vaxt unuda bilmərəm. Aprelin 8-də
olimpiadanın açılışı oldu. Başqa
iştirakçılar kimi Gülnarla birlikdə layihəmizi
nümayiş etdirdik. Münsiflər heyəti layihəmizi
diqqətlə nəzərdən keçirdi. Bizə layihəmiz
barədə verilən sualları ətraflı
cavablandırdıq. Aprelin 9-da isə Bakı Əl Oyunları
İdman Sarayında beynəlxalq olimpiadanın qaliblərinin
mükafatlandırılması mərasimi oldu. Komandamızın
birinci yer tutduğu və qızıl medala layiq
görüldüyü elan olunanda bizimlə birlikdə mərasimdə
iştirak edən direktorumuz, müavinlər və sinif
yoldaşlarımız bizi sevinc dolu alqışlara,
gül-çiçəyə qərq etdilər. Çox
keçmədi ki, təhsil naziri Misir Mərdanov həm mənə,
həm də Gülnara qızıl medalları təqdim edərək
bizi və layihə rəhbərimiz Aygün müəllimi
qazandığımız bu yüksək mükafata görə
təbrik etdi. Onu da deyim ki, elə səhəri gün məktəbimizdə
də bu münasibətlə təntənəli
yığıncaq keçirildi. Bizi məktəbimizin müəllim
və şagird kollektivi səmimi-qəlbdən təbrik etdi,
gələcək işlərimizdə uğurlar dilədi.
"Gümüş
medal qazanmağımız bizi yeni layihələr üzərində
işləməyə ruhlandırır"
Biz həmin gün "İNEPO-AVRASİYA" Layihə Olimpiadasının gümüş medalına layiq görülmüş komandanın rəhbəri, fizika müəllimi Kamran Rəhimovla da qazandıqları uğurlar barədə söhbət etdik. O dedi:
- Bizim olimpiadaya təqdim etdiyimiz layihə "Radioaktiv şüa zədələnmələrində zəfəran ekstraktının qoruyucu müalicəvi təsirinin öyrənilməsi" adlanır. Layihəni Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu ilə birgə həyata keçirmişik. Bu layihənin işlənməsinə hələ ötən ilin noyabrından başlamışıq. Bildiyimiz kimi, radiasiyanın ətraf mühitə təsiri son dövrlərin aktual problemlərindən biridir. Bu səbəbdən də belə qərara gəldik ki, tədqiqat sahəsi kimi bu mövzunu seçək. Onu da qeyd edim ki, mən bir müddət Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda çalışmışam. Mövzunun aktual olduğu mənə yaxşı aydın idi. Elə buna görə də belə bir mövzunu seçmək qərarına gəldik. Danılmaz faktdır ki, radiasiya insan sağlamlığına öldürücü təsir etməklə böyük təhlükə törədir. Buna görə də orqanizmlərin xarici mühitin (o cümlədən radiasiyanın) zərərli təsirinə qarşı davamlılığının artırılması üçün sintetik və təbii mənşəli preparatların axtarılıb tapılması ətraf mühiti və onun komponentlərinin mühafizəsi üçün mühüm praktiki əhəmiyyət kəsb edir. Siçovullar üzərində apardığımız təcrübələrin nəticələri isə göstərdi ki, yoxlanılmış zəfəran ekstraktı heyvanlarda effektiv şüalanma dozasını azaldaraq modifikasiyaedici təsir göstərir. Beləliklə, aparılmış təcrübə Zəfəran (Crocus sativus) ekstraktının şüalanmadan əvvəl qoruyucu və şüalanmadan sonra effektiv müalicəvi təsir göstərməsini sübut edir. Əlbəttə, beynəlxalq layihə olimpiadasında ikinci yer tutaraq gümüş medala layiq görülməyimiz bizi yeni belə mühüm layihələr üzərində işləməyə ruhlandırır. Sonda bilirəm soruşacaqsınız kı, təcrübə aparmaq məqsədilə nə üçün məhz zəfəran bitkisini seçmisiniz. İstəyirəm ki, bu barədə gümüş medallı şagirdlərimdən biri olan İlkin məlumat versin.
İlkin
Hüseynzadənin dediklərindən:
- Zəfəran Azərbaycan üçün
xarakterik olan bitkidir. Qədim zamanlardan zəfərandan xalq təbabətində
geniş istifadə olunub. Onun dişiciklərində olan maddələr
xərçəng xəstəliyinə birbaşa təsir
edir. Radioaktiv şüalanma bir çox hallarda xərçəng
xəstəliyi əmələ gətirdiyindən fikirləşdik
ki, zəfəran radioaktiv zədələnmələrin təsirini
zəiflədə bilər. Elmlər Akademiyasının
laboratoriyasında, Bakının Bilgəh kəndindəki təsərrüfatlardan
topladığımız zəfəran tükcüklərindən
ekstrakt hazırladıq. Bunu təcrübə
üçün siçovulların qarın boşluğuna
müəyyən dozada yeritdik. 30 gün ərzində
apardığımız müşahidələr öz
müsbət nəticəsini verdi. Təcrübənin nəticələrini
İnternet vasitəsilə-www.inepo-euroasia.com
saytına göndərdik. Cavab aldıq ki, layihəmiz qəbul
olunub. Nəhayət, aprelin 9-da layihəmizin ikinci yerə layiq
görüldüyü elan olundu və sinif yoldaşım Lalə
ilə mən isə dümüş medalla təltif olunduq. Bu
mükafat bizi sevimli müəllimimiz Kamran Rəhimovla yeni-yeni
layihələr üzərində işləməyə
ruhlandırır...
Biz də
sonda akademik Zərifə Əliyeva adına məktəbin beynəlxalq
layihə olimpiadasında bir qızıl və bir
gümüş medal qazanmış komanda üzvlərinə
uğurlar diləyib onlardan ayrıldıq.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
22 aprel.- S.24.