"Şöbəmiz
fəaliyyətə başladığı vaxtdan 25
təhsil müəssisəsinin
akkreditasiyası keçirilib"
Müsahibimiz Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri,
professor Həbib Zərbəliyevdir
- Həbib müəllim, son illər təhsil sahəsində aparılan islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə təhsilin səviyyəsinin artmasına, keyfiyyətinin yüksəlməsinə xidmət edən bu əsaslı dəyişiklikləri, tətbiq edilən yenilikləri ictimaiyyət böyük maraqla qarşılayır. Bilirik ki, Sizin rəhbərlik etdiyiniz şöbə də məhz təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi və bu strukturun əhatə etdiyi sahədə zəruri işlərin aparılması zərurətindən yaradılmışdır. Akkreditasiya şöbəsinin fəaliyyəti barədə oxucularımıza ətraflı məlumat verməyinizi xahiş edirik.
- Akkreditasiya şöbəsi təhsil nazirinin 15 fevral 2010-cu il tarixli, 11/72 nömrəli əmri ilə "Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi" alt komponenti çərçivəsində aparılan islahatlara və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq yaradılmışdır. Şöbə, ilk növbədə, özünün əsasnaməsini, "Təhsil müəssisələrinin akkreditasiya qaydaları"nı hazırlamışdır. Birinci sənəd təhsil naziri, ikinci sənəd isə 28 sentyabr 2010-cu il tarixində Baş nazir tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə və öz statuslarına uyğunluğunu müəyyənləşdirən yeni meyarların layihəsi də yaxın günlərdə müzakirəyə çıxarılacaqdır. Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu akkreditasiya komissiyası həmin meyarlar əsasında təhsil müəssisələrinin fəaliyyətinin normativ-hüquqi təminatı, onların idarə olunması, elmi tədqiqat fəaliyyəti (ali təhsil müəssisələri üzrə), beynəlxalq əməkdaşlığı (ali təhsil müəssisələri üzrə), maddi-texniki bazası, sosial-məişət şəraiti, maliyyə təminatı, təhsil müəssisələrində təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu, keyfiyyəti, tədris prosesinin təşkili və kadr təminatı istiqamətləri üzrə müəyyənləşdirir. Bundan başqa, təhsil müəssisələrinin akkreditasiyasının nəticələrini müzakirə edərək müvafiq qərarlar çıxaran Akkreditasiya şurasının və özəl təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi barədə qərarlar qəbul edən Lisenziya komissiyasının tərkibləri də müəyyənləşdirilib təsdiq edilmişdir.
Akkreditasiya şöbəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyasını, özəl təhsil müəssisələrinin lisenziyalaşdırılmasını və lisenziya müddəti başa çatmış təhsil müəssisələrinin yenidən lisenziyalaşdırılmasını həyata keçirir, lisenziya almış müəssisələrin lisenziya şərtlərinə əməl etməsinə nəzarət edir. Şöbənin fəaliyyət istiqamətlərindən biri də xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərən təhsil müəssisələrinin müəyyənləşdirilməsi və onlara qarşı tədbirlər görülməsi üçün müvafiq orqanlara məlumat verilməsidir. Akkreditasiya şöbəsi təhsil nazirinin hər il təsdiq etdiyi iş planına uyğun olaraq sadaladığımız bu istiqamətlər üzrə fəaliyyət göstərir.
- Şöbənin fəaliyyət
göstərdiyi bir ildən artıq müddət ərzində
təhsil müəssisələrinin
akkreditasiyası istiqaməti
üzrə nə kimi işlər görülmüşdür? Təhsil
müəssisələrinin akkreditasiyası zamanı hansı meyarlar əsas götürülür? Konkret
olaraq indiyə qədər
neçə təhsil müəssisəsinin akkreditasiyası keçirilmişdir?
- Təhsil müəssisələrinin akkreditasiyası
istiqamətində xeyli
təşkilati işlər
görülmüşdür. Məsələn, 2010-2011-ci tədris ili üçün təhsil müəssisələrinin
akkreditasiyası qrafiki hazırlanmış
və akkreditə ediləcək təhsil
müəssisələrinə xəbərdarlıq məktubu
göndərilmiş, akkreditasiyanın keçirilməsi proseduru ilə bağlı bir neçə təhsil
müəssisəsində təlimati söhbət
aparılmış, onlara metodik
kömək göstərilmişdir. Bu iş bütün
tədris ili boyu davam etdiriləcəkdir.
Təhsil müəssisəsinin akkreditasiyası, ilk növbədə, müəssisədə təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının səviyyəsinin, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədilə aparılır. Təhsil müəssisəsinin akkreditə olunduğuna dair qəbul edilmiş müsbət qərar müəssisəyə onun növbəti 5 il müddətinə müəyyən edilən statusuna uyğun fəaliyyəti üçün hüquqi təminat verir.
Bu ilin mart ayına qədər biz təhsil müəssisələrinin akkreditasiyasını 2005-ci idən tətbiq edilən meyarlar əsasında aparırdıq, lakin yaxın günlərdə meyarların Təhsil Nazirliyinin aidiyyəti olan strukturları ilə razılaşdırılmış layihəsi müzakirə edilərək qəbul olunduqdan sonra bu meyarlara istinad edəcəyik.
Şöbəmiz fəaliyyətə başladığı vaxtdan 25 təhsil müəssisəsinin akkreditasiyası keçirilmişdir. Onlardan 11-i ali təhsil, 8-i orta ixtisas təhsili, 6-sı isə ilk peşə-ixtisas təhsili müəssisəsidir. Bu müəssisələrin 7-nin akkreditasiyasının nəticələri artıq Akkreditasiya şurasında müzakirə edilmiş və növbəti 5 il müddətinə fəaliyyətinə icazə verilmişdir. Qalan müəssisələrin akkreditasiyasının nəticələri aprel-may ayları ərzində müzakirə ediləcəkdir. Bundan başqa, bu aylar ərzində daha bir neçə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisəsinin akkreditasiyasının keçirilməsi üçün müvafiq təşkilati işlər aparılır.
2011-2012-ci tədris ilindən ümumi təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə də başlayacağıq. Təsdiq edilmiş qrafikə uyğun olaraq əvvəlcə Təhsil Nazirliyi və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin keçirdiyi "Səmərəli məktəb" layihəsi çərçivəsində 11 pilot məktəbinin akkreditasiyasının keçirilməsi planlaşdırılır.
- Hörmətli professor, rəhbərlik
etdiyiniz şöbə,
qeyd etdiyiniz kimi, həmçinin təhsil müəssisələrinin
lisenziyalaşdırılmasını həyata keçirir. Bu sahədə vəziyyət necədir?
- Təhsil müəssisəsinə xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikası Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli, 782 nömrəli Fərmanı, Nazirlər Kabinetinin "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" qərarı və sonrakı illərdə onlara edilmiş dəyişikliklər və əlavələr əsasında verilir. Lisenziya Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin təsis etdiyi bələdiyyə və özəl təhsil müəssisələrinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin təsis etdiyi təhsil müəssisələrinin fəaliyyəti üçün nəzərdə tutulur. Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya 5 il müddətinə (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin təsis etdiyi təhsil müəssisələrinin fəaliyyətinə 3 il müddətinə) verilir.
Akkreditasiya şöbəsi fəaliyyətə başladığı vaxtdan lisenziya almaq üçün daxil olmuş bütün müraciətləri diqqətlə araşdırmışdır. Bir sıra müraciətlər zəruri sənədlərin təqdim olunmaması səbəbindən təmin edilməmişdir. Müraciətlərin bir qismi yeni yaradılmış məktəbəqədər və ümumi təhsil müəssisələrinə lisenziya verilməsi, bir qismi isə özəl ali təhsil müəssisələrinin fəaliyyətinə verilmiş lisenziyaların müddətinin uzadılması ilə bağlı olmuşdur. Bu müraciətlərlə bağlı yaradılmış müvafiq komissiyalar həmin müəssisələrə baxışlar keçirmiş və nəticələri barədə arayışlar hazırlamışlar. Lisenziya komissiyası öz iclaslarında bu arayışları müzakirə edərək müvafiq qərarlar çıxarmışdır. Son 1 il ərzində lisenziya ilə bağlı şöbəyə müraciət etmiş 35 təhsil müəssisəsinin 16-na, onların maddi-texniki bazası normativlərə uyğun olmadığından, imtina edilmişdir. Müvafiq tövsiyələr verilməklə qalan müraciətlərin hamısı təmin olunmuşdur. Bütövlükdə, 19 təhsil müəssisəsi lisenziya verilməsi və lisenziyasının fəaliyyət müddətinin uzadılması ilə bağlı müraciətlərinə müsbət cavab almışdır. Onların 3-ü ali, 4-ü ümumi, 12-i isə məktəbəqədər təhsil müəssisəsidir. Bundan başqa, mühafizəçilər hazırlayan 3 özəl mühafizə xidməti kursu da Təhsil Nazirliyindən öz fəaliyyətinə lisenziya almışdır. Bir neçə belə müəssisəyə isə maddi-texniki bazası tələblərə cavab vermədiyindən lisenziya verilməsindən imtina edilmişdir.
- Həbib müəllim, çox təəssüf
ki, bəzən daha asan yolla qazanc
əldə etmək məqsədilə
təhsil müəssisəsi yaratmaq istəyənlərə də
təsadüf edilir. Yeni çoxmərtəbəli
binaların 1-ci mərtəbəsini və ya
zirzəmisini icarəyə
götürərək orada təhsil müəssisəsi
açmaq istəyənlər
bu məsələnin nə qədər ciddi və məsuliyyətli
olduğunun, görünür,
fərqinə varmırlar. Müvafiq
şəraiti olmayan
şəxsi mülklərindən məktəbəqədər
təhsil müəssisəsi kimi istifadə etmək istəyənlər
də az deyildir. Əlbəttə,
belələrinin yalnız bir məqsədi olur: gəlir
əldə etmək. Azyaşlı uşaqlara
yüksək təlim-tərbiyə
vermək, onlara yaxşı
təhsil şəraiti yaratmaq
belə işbazlar üçün o qədər də maraqlı deyildir.
Sizin bu məsələlərə
münasibətinizi bilmək istərdik. Ümumiyyətlə,
təhsil müəssisəsi açmaq istəyənlər nələrə
istinad etməlidirlər?
- Qeyd etdiyiniz məsələlər, doğrudan da, hər birimizdə narahatlıq doğurur. Təhsil müəssisəsi açmaq, onun fəaliyyətini standartlara uyğun təşkil etmək olduqca çətin və məsuliyyətli bir işdir. Bunu bir qədər əvvəl şöbənin fəaliyyəti müddətində lisenziya almaq üçün müraciət etmiş 16 təhsil müəssisəsinə rədd cavabı verilməsi barədə dediklərim də təsdiq edir. Başqa bir faktı da xatırlatmaq istərdim. 2010-cu ildə 2 ali təhsil müəssisəsinin - Moskva Dövlət Açıq Universitetinin Bakı filialının və Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılmışdır. Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında şöbənin əməkdaşları və nazirliyin bir neçə məsul işçisinin daxil edildiyi işçi qrupu Moskva Dövlət Açıq Universitetinin Bakı filialında monitorinq apararaq bu müəssisənin fəaliyyətində ciddi qanun pozuntuları olduğunu müəyyən etdi. Nazirliyin Lisenziya komissiyası bu işçi qrupunun hazırladığı geniş arayış əsasında Moskva Dövlət Açıq Universitetinin Bakı filialının lisenziyasını ləğv edərək onun fəaliyyətini dayandırdı. Təhsil Nazirliyinə lisenziyasının müddətinin uzadılması ilə bağlı müraciət etmiş Azərbaycan Beynəlxalq Universitetinə də fəaliyyətində yol verdiyi qanun pozuntularına görə rədd cavabı verildi.
Təhsil müəssisəsi açmaq istəyənlər
isə, qısa şəkildə desək, "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununa,
təhsilə aid normativ-hüquqi aktlara əməl etməli, müasir
təhsil standartlarına
uyğun tədris-metodik
və maddi-texniki baza yaratmalı, yüksək
hazırlıqlı kadrlar cəlb
etməlidirlər.
- Rəhbərlik
etdiyiniz şöbədə akkreditasiya və
lisenziyalaşdırma sahəsində xarici ölkələrin
təcrübəsinin öyrənilməsi istiqamətində
nə kimi işlər görülür? Ümumiyyətlə,
qarşıda daha hansı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur?
-
Şöbəmiz, qeyd etdiyim kimi, yeni olduğundan onun fəaliyyət
istiqamətləri üzrə dünya təcrübəsini
öyrənməyimiz çox faydalı olardı. Ona görə
də biz xarici ölkələrin mütərəqqi təcrübəsinin
öyrənilməsi işini də diqqətdə
saxlayırıq. Mən 2010-cu ilin sentyabrında Tbilisidə
Almaniyanın DAAD təşkilatının təşkil etdiyi
"Ali təhsildə keyfiyyətin
təminatı və Boloniya islahatları", həmin ilin
noyabrında yenə də Tbilisidə "Milli ixtisas dərəcələri
strukturu çərçivəsində keyfiyyətin təmin
olunması" mövzularında keçirilmiş konfrans və
regional seminarda iştirak edərək bizim fəaliyyət
istiqamətlərimiz üzrə bir sıra yeniliklərlə
tanış olmuşam. 2010-cu
ilin dekabrında şöbənin 4 əməkdaşı Təhsil
Nazirliyinin nümayəndə heyətinin tərkibində
Böyük Britaniya Akkreditasiya Şurasının təcrübəsini
öyrənmək üçün orada səfərdə
olmuşdur. Böyük Britaniya səfərindən də
çox şey öyrəndik. Öyrəndiyimiz bu qabaqcıl
təcrübəni işimizdə tətbiq edirik. Düşünürəm
ki, belə səfərlər, xarici
mütəxəssislərlə mütəmadi
işgüzar görüşlər, əldə etdiyimiz təcrübə
bizim gələcək fəaliyyətimizin daha səmərəli
olması üçün çox vacibdir. Bu il təhsil
müəssisələrinin akkreditasiyası sahəsində
çox irəli getmiş Çilinin təcrübəsini
öyrənməyi də planlaşdırırıq. Akkreditasiya
prosesinin şəffaflığını təmin etmək məqsədilə
qarşıdakı tədris ilində işimizə təhsil
sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının nümayəndələrini,
akkreditasiya sahəsində təcrübəsi olan xarici ekspertləri
cəlb etməyi nəzərdə tutmuşuq.
Qeyd
etdiyim kimi, şöbəmizin fəaliyyətini iş
planında təsbit olunmuş istiqamətlər üzrə
aparırıq. Qarşıda bizi təhsil müəssisələrinin
akkreditasiyasının keçirilməsi, özəl təhsil
müəssisələrinin fəaliyyətinə lisenziya
verilməsi, lisenziya şərtlərinə əməl olunması
vəziyyətinin monitorinqi və şöbənin fəaliyyəti
üçün zəruri olan sənədlərin
hazırlanması ilə bağlı çox mühüm
işlər gözləyir.
Müsahibəni apardı: Samirə
KƏRİMOVA
Azərbaycan müəllimi.- 2011.-
22 aprel.- S.8.