İnklüziv təhsil diqqət mərkəzindədir
Xüsusi qayğıya ehtiyacı
olan uşaqlara keyfiyyətli təhsil almaq imkanı yaratmaq,
onların ailələrinə dəstək vermək məqsədilə
2001-ci ilin iyulunda "Sağlamlıq imkanları məhdud
şəxslərin təhsili (xüsusi təhsil)
haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul
edilmişdir. Qanunda xüsusi təhsil sahəsində dövlətin
vəzifələri müəyyənləşdirilmiş,
sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin
və ya valideynlərini əvəz edən şəxslərin
inklüziv təhsil sahəsində hüquq və vəzifələri
öz əksini tapmış, bu təhsilin təşkili və
idarə olunması təsbit olunmuşdur. Qanunun
icrasının təmin edilməsi məqsədilə Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif
təyinatlı 9 qərar, o cümlədən
"İnteqrasiya təlimi təhsil müəssisələrində
təhsilin təşkili Qaydaları haqqında" qərar qəbul
edilmişdir.
Qanunun
icrasının təmin edilməsi məqsədilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20
nömrəli qərarı ilə "Azərbaycan
Respublikasının xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin
təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu
illər)" təsdiq edilmiş, Azərbaycan Respublikası təhsil
nazirinin 25 mart 2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən
İnkişaf Proqramının icrası ilə əlaqədar
fəaliyyət planı işlənib
hazırlanmışdır.
Təhsil
nazirinin müvafiq əmrinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Müəllimlər İnstitutunda səmərəli
işlər gedir. İlk növbədə, institut rəhbərliyi
10 nəfər əməkdaşının layihə ilə əlaqədar
treninqlərdən keçməsi üçün şərait
yaratmışdır. İxtisasartırma və bakalavr təhsilinin
tədris-tematik planına inklüziv təhsillə
bağlı mövzular salınmışdır. AMİ və
onun filiallarının metodistləri və kafedra müəllimləri
üçün seminarlar təşkil edilmişdir. 2010-cu il
dekabrın 2-də institutun Təhsildə innovasiya kabineti
"İnklüziv təhsil günün tələbidir"
mövzusunda konfrans keçirmişdir. Görülən
işlərin davamı olaraq aprelin 15-də həmin layihə
çərçivəsində "İnklüziv təhsilin
tətbiqi zamanı qarşıya çıxan problemlər və
onların həlli yolları" mövzusunda "dəyirmi
masa" keçirilmişdir.
"Dəyirmi
masa"da Təhsil Nazirliyinin müvafiq şöbəsinin əməkdaşı,
AMİ-nin elmi işlər üzrə prorektoru N.Abdullazadə,
Sosial Xidmətlər Təşəbbüslü qeyri-hökumət
və UATA təşkilatlarının, Müstəqil Həyat
İnkişaf və Dəstək Mərkəzinin, Təhsil
Problemləri İnstitutunun nümayəndələri,
AMİ-nin bilavasitə inklüziv təhsillə məşğul
olan müəllim və metodistləri, ümumtəhsil və
xüsusi tipli məktəblərin müəllim və müəllim
köməkçiləri, AMİ-nin tələbələri
iştirak edirdilər.
"Dəyirmi
masa"nı AMİ-nin Əlavə təhsil üzrə
prorektoru Rahim Əzizov açdı.
"İnklüziv
təhsilin tətbiqi zamanı əldə olunan uğurlar və
qarşıda duran vəzifələr",
"İnklüziv təhsil bizə nə verir",
"İnklüziv təhsildə müəllim-valideyn əməkdaşlığı"
və s. mövzularda
çıxışlar dinlənildi.
Çıxışlardan
sonra mövzular ətrafında müzakirə aparıldı və
təkliflər irəli sürüldu. Təkliflər
ümumiləşdirilərək
aşağıdakıların nəzərə
alınması və əlaqədar təşkilatların nəzərinə
çatdırılması məqsədəmüvafiq hesab
edildi:
*
İnklüziv təhsilə cəlb edilən məktəblərin
əhatə dairəsi genişlənsin;
*
Valideynlər üçün maarifləndirmə işi
gücləndirilsin, bu məqsədlə mətbuat və
informasiya vasitələrindən geniş istifadə edilsin;
*
Televiziyada bu mövzuda söhbətlər aparılsın,
reklam çarxları nümayiş etdirilsin;
*
Metodik və əyani vasitələr hazırlansın;
*
Uşaq bağçaları və məktəblərin
qabaqcıl iş təcrübəsi öyrənilsin,
ümumiləşdirilsin və yayılsın;
*
İnklüziv təhsilə qoşulan məktəb və
bağçalarda işləmək üçün loqoped,
psixoloq və defektoloq ştatları verilsin;
*
İnklüziv uşaqların təhsil alması
üçün xüsusi tipli məktəblər tikilsin;
*
İnklüziv təhsilə qoşulmuş məktəb və
uşaq bağçaları üçün alternativ tədris
proqramı hazırlansın;
*
Sosial işlə bağlı kurslar təşkil edilsin;
*
İnklüziv uşaqların həyatı davamlı olaraq izlənilsin.
Tarixi
inkişafın bütün mərhələlərində cəmiyyətdə
mövcud olan problemlər
insanları düşündürmüş və bunun həlli
yollarının axtarılması dövrün vacib məsələsi
hesab edilmişdir. Belə problemlərdən biri də
xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil almaq
imkanı yaratmaq, onların ailələrinə dəstək
verməkdir. İnklüziv təhsilin inkişafı bir
çox qabaqcıl ölkələrin, eyni zamanda Azərbaycan təhsil siyasətinin
prioritetlərindəndir, bu təhsil zamanın tələbidir.
Leyla ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.-
22 aprel.- S.6.