Sent-Luis
Vaşinqton Universiteti
Yerləşir:
ABŞ, Missuri ştatı, Sent-Luis şəhəri
Yaranma tarixi: 1853-cü il
Tipi:
Özəl
İşçi
heyətinin ümumi sayı: 3415 nəfər
Tələbələrin
ümumi sayı:
14000 nəfər
İllik gəlirləri: 2129951000
ABŞ dolları
İllik xərcləri: 1981401000 ABŞ dolları
Rəsmi
saytı: www.wustl.edu
Sent-Luis
Vaşinqton Universiteti (
Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Sent-Luis
Vaşinqton Universiteti 100 ən yaxşı ali
məktəb arasında Nanyanq Texnoloji Universiteti ilə birgə
73-cü yerdə olub. 2010-cu il üzrə
dünyanın ən nüfuzlu universitetləri arasında
Sent-Luis Vaşinqton Universiteti "Times Higher Education World
University Rankings"in apardığı araşdırmaya əsasən
38-ci, "QS World University Rankings"in açıqlamasına
görə isə 75-ci yerdə qərarlaşıb.
Tarixi
XVII əsrdə Midvest (ABŞ-ın Mərkəzi-Qərbi
coğrafi regionu) ərazisində yerləşən Sent-Luis
şəhərinin iş adamları, siyasətçiləri,
dini liderləri və b. burada ali məktəbin
olmamağından narahat idilər. 1853-cü ildə Sent-Luis
şəhərində yeni universitet yaradılır, bu, Missuri
ştatının senatoru Veyman Krounun və Unitarianizm kilsəsinin
başçısı Uilyam Qrinflin Eliotun səyi nəticəsində
(şair Tomas Stern Eliotun babası) baş tutur. Universitetin
ilk kansleri Cozef Gibson Hoyt təyin edilir. U.Q.Eliot
yerli işgüzar şəxslərdən, eləcə də
Sent-Luisin ən varlı insanlarından olan Con OTfallondan maddi
yardım istəyir, lakin onun səyi nəticəsiz qalır.
Sent-Luis Vaşinqton Universiteti digər ali məktəblərdən ianə
yardımı almamağı ilə fərqlənir. Hətta
yaranmasından xeyli il keçdikdən
sonra da universitet məhz bu səbəbdən müəyyən
çətinliklərlə qarşılaşır.
Yarandığı gündən
üç il ərzində universitetin
adı üç dəfə dəyişir. İlkin olaraq ali məktəb "Eliot Seminariyası"
adlandırılır. Lakin Uilyam Eliot bununla
razılaşmır və universiteti təkcə
xristianlığa deyil, dünyanın bütün dinlərinə
hörmətlə yanaşmağı çağırır.
1854-cü ildə Qəyyumlar Şurası ölkənin ilk
prezidenti olmuş Corc Vaşinqtonun şərəfinə ali məktəbi Vaşinqton İnstitutu
adlandırır. Vətəndaş müharibəsinə 7 il qalmış ali məktəbin bu adla
adlandırılması təsadüfi deyil. O zaman
amerikalılar Vaşinqtonu milli birlik simvolu və atası hesab
edirdilər. Qəyyumlar Şurasının universiteti bu adla
adlandırmasında məqsəd Missuri ştatında birliyə
nail olmaq idi. 1856-cı
ildə institut Vaşinqton Universiteti adlandırılır.
Yalnız 1976-cı ildə bu ali məktəbi
onlarca eyniadlı universitetlərdən seçmək məqsədilə
Qəyyumlar Şurasının səsverməsi nəticəsində
universitetin adının qarşısına "Sent-Luis"
artırılır.
1854-cü ildən başlayaraq
universitetdə axşam məktəbləri
açılır. Həmin vaxtdan burada
yeni-yeni məktəb və fakültələr fəaliyyətə
başlayır. 1867-ci ildə universitetdə
Missisipi çayının qərbində bütün dinləri
birləşdirən ilk Hüquq Məktəbi
yaradılır. Artıq 1882-ci ildə
universitet genişlənərək bütün Sent-Luis ərazisində
fəaliyyət göstərir. 1891-ci ildə
Sent-Luis Tibb Kolleci universitetin tibb bölməsi kimi fəaliyyətə
başlayır. Kollec 1899-cu ildə Missuri
Tibb Kolleci ilə birləşdirilir. Həmin
ildə universitet yeni kampusun tikintisinə başlayır.
Kampus tikintisi ilə bağlı elan edilən
müsabiqədə Filadelfiyanın məşhur "Kop &
Stewardson" tikinti şirkəti qalib gəlir. Oksford və Kembric universitetlərinin kampuslarından
ilhamlanan şirkət oxşar olaraq Sent-Luis Vaşinqton
Universitetinin Denfort kampusunun tikintisinə başlayır. Kampusun ilk binası 1900-cü ildə tikilmiş
Brukinqs Holl olur. 1915-ci ildə universitetin
tibb kompleksinin tikintisi başa çatır. Üç il sonra universitet ilk qız tələbəsini qəbul
edir.
1922-ci ildə Sent-Luis Vaşinqton
Universitetinin gənc professoru Artur Holli Kompton İds Holl
binasının zirzəmisində bir sıra təcrübələrdən
sonra elektromaqnit şüalanma anlayışını
daşıyan hissəcikləri nümayiş etdirir. Beləcə,
1927-ci ildə "Kompton effekti"nin kəşfinə
görə A.Kompton fizika üzrə Nobel mükafatına layiq
görülür. Bir müddət Çikaqo
Universitetində çalışan Kompton 1946-cı ildə
Sent-Luisə qayıdır və Sent-Luis Vaşinqton
Universitetinin 9-cu kansleri vəzifəsini icra etməyə
başlayır. 1947-ci ildə universitetin
tibb məktəbinin professoru Certi Kori fiziologiya və tibb
üzrə Nobel mükafatına layiq görülən ilk
amerikalı qadın olur. 1949-cu ildə
universitetin Zənci Tələbələrin Qəbulu üzrə
Komitə tam irqi inteqrasiya uğrunda kampaniyaya başlayır.
XIX əsrin ikinci yarısında
Sent-Luis Vaşinqton Universiteti nəhəng elmi-tədqiqat mərkəzinə
çevrilir. 1957-ci ildə Saut-40
müasir yataqxana kompleksinin tikintisinə başlanılır.
1971-ci ildə Qəyyumlar Şurası Uilyam
Henri Danfortu universitetin kansleri seçir. 24 il sürən kanslerliyi dövründə
universitetin Tibb Məktəbi sürətlə inkişaf edir,
70 yeni kafedra açılır, tələbələrin təqaüdləri
üç dəfəyə qədər çoxalır. 1995-ci ildə Massaçusets Texnologiya İnstitutunun
sabiq rektoru Mark Vriqton Sent-Luis Vaşinqton Universitetinin kansleri
seçilir. Həmin ildən universitetə 190 yeni
professor işə qəbul olunur, incəsənət və dəqiq
elmlər üzrə proqramlara düzəlişlər edilir, ali məktəbin 30 yeni binası istifadəyə
verilir. Ali məktəb 1983-1987-ci illər ərzində
"Sent-Luis Vaşinqton Universiteti üçün alyans"
adlı kampaniya həyata keçirərək 630500000 ABŞ
dolları, 1998-2004-cü illərdə təşkil olunmuş
"Sent-Luis Vaşinqton Universiteti üçün
kampaniya" çərçivəsində isə 1,55 milyard dollar vəsait toplayır. Həmin vəsait işçilərin əməkhaqlarının
və tələbələrin təqaüdlərinin
artırılmasına, yeni elmi tədqiqatların
aparılmasına sərf olunur.
Büdcəsi və
təhsil haqqı
2009-2010-cu tədris ilində Sent-Luis
Vaşinqton Universitetinin illik gəlirləri 2129951000 ABŞ
dolları olub. Bu məbləğin 272055000-ni təhsil
haqqı və digər yığımlar, 225066000-ni ianə fondu,
539760000-ni qrant və sazişlər, 724022000-ni universitet xəstəxanalarından
əldə olunan vəsaitlər, qalanlarını isə digər
gəlirlər təşkil edib.
Həmin tədris ilində
universitetin xərcləri 1981401000 ABŞ dolları olub. Vəsaitin 472493000-ni tədqiqat, 142317000-ni akademik
xidmət, 64731000-ni tələbələrə göstərilən
xidmətlər, 91487000-ni əlavə müəssisələrə
xərclənən vəsaitlər, qalanlarını isə
digər məsrəflər təşkil edir.
2010-2011-ci tədris ilində Sent-Luis
Vaşinqton Universitetində təhsil haqqı 39400 ABŞ
dolları təşkil edib. Ümumiyyətlə,
universitetin kollec və məktəblərində təhsil
haqqı fərqlidir - İncəsənət və Dəqiq
Elmlər Ali Məktəbində 40950, Braun İctimai Fəaliyyət
Məktəbində 32760, Olin Biznes Məktəbində 46000,
Tibb Məktəbində 48800 ABŞ dolları və s.
Tələbələr yataqxanada
qalmaq üçün 7982-8828, qidalanmaq üçün isə
3498-4788 ABŞ dolları ödəyirlər. Ümumilikdə təhsil haqqı, yataqxana, qidalanma,
nəqliyyat, kitab və dərs ləvazimatları, geyim və
digər xərclər daxil olmaqla tələbəyə 62000
ABŞ dollarına yaxın məbləğ lazım gəlir.
Universitet bu
gün
Sent-Luis şəhəri
ABŞ-ın 18-ci ən böyük paytaxt şəhəridir. Müxtəlif dövrlərdə buraya
köçmüş immiqrant və macəraçıların
hesabına hazırda şəhər əhalisinin sayı 3
milyondan çoxdur. Sent-Luis şəhəri
rütubətli kontinental və rütubətli subtropik iqlimə
malikdir. Şəhərin ən məşhur
abidəsi böyük Qapı Arkasıdır. Həmçinin, Sent-Luisdə yerləşən
Baş kilsə, Sent-Luis bədii muzeyləri, simfonik orkestri,
Opera,
Sent-Luis Vaşinqton Universitetinin
kampusları Sent-Luis şəhərinin müxtəlif hissələrində yerləşir
və ümumilikdə 1 milyon m²
ərazini əhatə edir. Universitet Denfort, Tibb, Qərbi,
Şimali kampuslardan, Teyson Tədqiqat Mərkəzindən, 560
nömrəli Musiqi, Luis mərkəzlərindən ibarətdir.
Denfort kampusu 169 akr
(0,7 km²) ərazidə salınıb və
şərqdən Meşə Parkı ilə əhatə
olunub. Kampus ensiklopedik qotik üslubda inşa
edilib və onun binaları Tarixi Yerlərin Milli Registrinə
daxildir. Əvvəlki adı Hilltop olan
kampus 2006-cı ilin sentyabrında rəsmi olaraq həkim Uilyam
Denfortun şərəfinə Denfort adlandırılıb.
Bu kampusda universitetin inzibati binası Brukinqs Holl, İncəsənət
və Dəqiq Elmlər Kollecinin, Sem Foks Dizayn və İncəsənət,
Olin Biznes, Hüquq, Corc Uorren Braun İctimai Fəaliyyət məktəblərinin,
Tələbə Təşkilatının binaları, eləcə
də tələbə yataqxanaları və böyük idman
kompleksləri yerləşir. Denfort kampusu
universitetin başqa kampusları ilə Siti-Biq-Bend Universitet və
Skinker metro stansiyaları ilə birləşir.
Tibb kampusu 164 akr
(0,77 km²) ərazidə yerləşir.
Kampusda Vaşinqton Tibb Məktəbi, Barns-Yəhudi, Sent-Luis
Uşaq xəstəxanaları, Karlar üçün Mərkəzi
İnstitut, Sent-Luis Reabilitasiya İnstitutu, Onkoloji, Həkimlərin
İxtisasartırma, Erik Nyuman Təhsil mərkəzləri fəaliyyət
göstərir. Kampusda yerləşən
binaların əksəriyyəti bir-biri ilə koridor və
körpülərlə birləşir. Kampusdakı
Spenser Olinin şərəfinə adlandırılmış
Olin Holl yataqxana kompleksi 200-dən çox tələbə
tutumuna malikdir. Tibb kampusundan Mərkəzi
Uest-İnd metro xətti keçir.
Şimali
kampus Sent-Luis şəhərində Delmar Lup istirahət mərkəzinin
yaxınlığındadır. Bu
ərazi universitet tərəfindən 2004-cü ildə əldə
olunub.
Hazırda kampusda universitetin bir
neçə bölməsi, Təsviri İncəsənət
Departamenti, maliyyə, nəqliyyat, texniki xidmətləri,
Quadranql yataqxana kompleksi, tələbələri qida ilə təchiz
edən Bon Appetit İdarəetmə Kompaniyası yerləşir. Kampusda yenidənqurma işləri davam etməkdədir.
Qərbi
kampus Denfort kampusundan qərbdə Kleyton ərazisindədir. 1990-cı ilədək univermaq kimi fəaliyyət
göstərən və sonradan universitet tərəfindən
alınan binada hazırda kitabxana, arxiv və konfrans mərkəzləri
mövcuddur. Bu kampusda informasiya
texnologiyalarının tətbiqi (CAIT) üzrə işlər
aparılır. Qərbi və Şimali
kampuslar daha çox inzibati məqsədlər
üçün istifadə olunur. Hər
iki kampusdan Sent-Luis, Delmar Lup və Forsayt metro xətləri
keçir, bu da tələbələrin şəhər və
kampuslararası hərəkətini təmin edir.
Teyson Tədqiqat
Mərkəzi 2000 akr (8 km²) ərazini əhatə
edir. İkinci Dünya müharibəsi
dövründə hərbi sursat saxlanan ərazi 1968-ci ildə
universitet tərəfindən əldə olunub və həmin ərazidə
Teyson Tədqiqat Mərkəzi yaradılıb. Bu mərkəzdə universitetin tələbə və
müəllimləri ekoloji tədqiqatlar aparır, eləcə
də mərkəzdə fasiləsiz təhsil üzrə kurs
və proqramlar təşkil olunur. Kampusda Vəhşi
Kanid Yaşama və Elmi-Tədqiqat Mərkəzi (Canavar
İbadətgahı), Missuri Mikoloji Cəmiyyəti,
Ümumdünya Quş Sığınacağı yerləşir.
Sent-Luis Vaşinqton Universitetində
bakalavr, magistr və doktorluq səviyyələri üzrə
300-dən çox proqram və 1900-dən çox kurs təklif
edən İncəsənət və dəqiq elmlər
fakültəsi, Corc Uorren Braun İctimai Fəaliyyət,
Mühəndislik və Tətbiqi Elmlər, Sem Foks Dizayn və
Vizual İncəsənət, Hüquq, Tibb, Olin Biznes məktəbləri
fəaliyyət göstərir.
İncəsənət
və dəqiq elmlər fakültəsi
Sent-Luis Vaşinqton Universitetinin ən böyük müəssisəsidir
və üç hissədən - İncəsənət və
Dəqiq Elmlər, İncəsənət və Dəqiq Elmlər
Ali, Universitet kolleclərindən ibarətdir. İncəsənət
və Dəqiq Elmlər Kolleci humanitar, ictimai, dəqiq elmlər
üzrə proqramlar, dünyanın 15-dən çox dilində
kurslar təklif edir. İncəsənət və Dəqiq Elmlər
Ali Kolleci magistrant və doktorantların
hazırlığı üçün nəzərdə
tutulub və 29 departamentdən ibarətdir. Universitet Kolleci təhsilin
davam etdirilməsi və fasiləsiz təhsil verir. Bu kollecdə
daha çox Sent-Luisdən olan müəllim və mütəxəssislər
təhsil alırlar. Kollecdə
gecə və yay məktəbləri mövcuddur.
Sent-Luis Vaşinqton Universitetinin kitabxana sistemi universitetin
professor-müəllim heyəti, tələbə və tədqiqatçılar,
müstəqil alimlər, ümumi cəmiyyət
üçün zəngin məlumat mənbəyi
funksiyasını daşıyır. Universitetin kitabxana sisteminə
Con Olin (Əsas), İncəsənət və Memarlıq,
Bernard Beker Tibb, Biznes, Kimya, Rəqəmsal, Yer və Planetar
Elmlər, Şərqi Asiya, Hüquq, Musiqi, Fizika, İctimai Fəaliyyət,
Xüsusi Kolleksiya və Arxivlər, Qərbi Kampus kitabxanaları
daxildir. Bu kitabxanaların 12-si Denfort, 1-i Tibb,
1-i isə Qərbi kampusda yerləşir.
Universitetin kitabxana sistemi ümumilikdə 4281213 cild kitab və
digər materiallara malikdir və hər il
bu rəqəm artmaqdadır. 2009-2010-cu tədris
ilində kitabxananın ümumi xərcləri 28230503 ABŞ
dolları təşkil edib.
Bu xərclərin böyük hissəsi
kitab, jurnal və digər materialların əldə
olunmasına sərf edilib. Sent-Luis
Vaşinqton Universitetinin kitabxana sistemi Elmi Kitabxanalar
Assosiasiyasının, Elmi-Texniki Kitabxanalar Mərkəzinin,
Böyük Qərbi Kitabxana Alyansının və digər təşkilatların
üzvüdür.
Sent-Luis Vaşinqton Universitetinin
kansleri akademik Mark Vriqton, rektoru isə professor Edvard
Masiasdır. Ali məktəbin əməkdaşları
arasında bu günədək 23 Nobel mükafatı laureatı
çalışıb, onlardan 9-u hazırda bu ali
məktəbdə novator elmi tədqiqatlar həyata keçirməkdədir.
Universitetin işçiləri arasında
çoxlu sayda digər mükafatların laureatları da
vardır. Universitetdə
çalışan professor-müəllim heyətinin ümumi
sayı 3415 nəfərdir. Professorlardan 23 nəfəri
Milli Elmlər Akademiyasının, 29 nəfəri Tibb
İnstitutunun, 29-u Amerika İncəsənət və Elmlər
Akademiyasının, 72-si Amerika Qabaqcıl Elmlər
Assosiasiyasının, 18-i Elektrik və Elektronika Mühəndisliyi
İnstitutunun, 13 nəfəri Amerika Hüquq İnstitutunun, 3
nəfəri isə Amerika Fəlsəfə Cəmiyyətinin
üzvüdür.
Universitetdə 14000-ə qədər
tələbə təhsil alır. Ali məktəbdə
əyani təhsil alan tələbələrin
ümumi sayı 11834, qiyabi oxuyanların sayı isə 2100 nəfərdir.
Burada dünyanın 110 ölkəsindən minlərlə
tələbə oxuyur. 2010-2011-ci tədris
ilində universitetə sənəd verən 24939 abituriyentdən
1632 nəfəri qəbul edilib. Dünya
üzrə universitetin 125334 nəfər məzunu müxtəlif
peşə sahələrində fəaliyyət göstərir.
Sent-Luis Vaşinqton Universitetində tələbələrin
75%-i yataqxanalarda qalır. Universitetin ən böyük tələbə
yataqxanası Denfort kampusunun cənubunda yerləşən və
160000 m² ərazini əhatə edən Saut-40 yataqxana
kompleksidir. Saut-40 kompleksinə Robert Brukinqs, Veyman Krou,
Tomas Eliot, Lee, Ligget, Park Mudd, Uilyam Qrinlif Eliot və s.
yataqxana-kolleclər aiddir. Bu ərazidə eyni
zamanda tibb mərkəzləri, idman kompleksləri, bank və
digər xidmətlər mövcuddur. Denfort
kampusunun şimal-qərb hissəsində Nort-Sayd tələbə
kəndi tələbələrin məskunlaşmaları üçün
çox əlverişli kompleksdir. Tələbə kəndində
kampus daxilində yerləşən 325 nəfərlik Villic
Haus, Lopata Haus və Haus 6 binaları, şərqdə 440
yerlik Millbrok, eləcə də kampusdan kənar 450 yerlik
Terras, Rousdeyl, Qrinvey, Voterman Kart binaları tələbələrin
istifadəsinə verilir.
Sent-Luis Vaşinqton Universitetində
200-ə qədər tələbə təşkilatı fəaliyyət
göstərir. Təşkilata üzv
olmaq tələbələrə yataqxana ilə təmin
olunmaqda, asudə vaxtın səmərəli təşkilində
böyük köməklik göstərir. Universitetdə idmana xüsusi yer ayrılır.
Tələbələrdən ibarət universitet
komandası "Ayılar" adlanır. "Ayılar"
2008-ci ildə oğlanlar arasında tennis üzrə
keçirilən yarışlarda, 1998, 2001, 2010-cu illərdə
basketbol üzrə, 1989, 1991-1996, 2003, 2007, 2009-cu illərdə
qadınlar arasında voleybol üzrə keçirilmiş
yarışlarda birincilik əldə edib. Universitetin
idman klubu tələbə təşkilatı tərəfindən
maliyyələşir. Universitetin Frensis
meydançası 1904-cü ildə keçirilmiş Olimpiya
yay oyunlarına sahiblik edib. Frensis meydançası ali məktəbin futbol və yüngül
atletika üzrə komandalarının məşq yeridir.
Sent-Luis Vaşinqton Universiteti dəyişən,
multi-mədəni cəmiyyətdə yeni bilik və dərin
anlayış axtarışında olan müasir elmi tədqiqat
mərkəzidir. Sent-Luis şəhərinin, eləcə də
ABŞ-ın inkişafında Sent-Luis Vaşinqton Universitetinin
danılmaz xidmətləri var. Bu ali təhsil
ocağının məqsədi mədəniyyət, incəsənət,
yaradıcılıq, elm və digər sahələr üzrə
əldə olunmuş nəticələrin üzərinə
yeni əlavələr etmək, səhiyyənin
inkişafında əhəmiyyətli nailiyyətlər qazanmaq
və cəmiyyətə layiqli xidmət göstərməkdir.
Universitetin məşhur
məzunları
Klark Klifford ABŞ-ın
sabiq müdafiə naziri
Devid Frensis ABŞ-ın sabiq daxili işlər
naziri
Uilliam Vebste ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsinin 14-cü,
Federal Təhlükəsizlik Bürosunun 6-cı direktoru
Luis Susman ABŞ-ın Böyük
Britaniyadakı səfiri
Sem Foks ABŞ-ın Belçikadakı sabiq
səfiri
Edvard Kranç Eliot Amerika Hüquqşünaslar
Assosiasiyasının sabiq prezidenti
Fibi Kouzins ABŞ-ın ilk qadın
marşalı
Yasna Matik Serbiya
Telekommunikasiya və İnformasiya
Cəmiyyətinin sabiq naziri
Henri Kolfrid Missuri ştatının sabiq
qubernatoru
Aleksandr Monro Missuri
ştatının sabiq qubernatoru
Çen Zanqlianq Çinin Quansi ərazisinin
vitse-qubernatoru
Universitetin Nobel mükafatı
laureatları
Artur Kompton fizika üzrə Nobel mükafatı
laureatı
Luis Leloir kimya
üzrə Nobel mükafatı laureatı
Pol Berq kimya
üzrə Nobel mükafatı laureatı
Aaron Ciechanover kimya üzrə
Nobel mükafatı laureatı
Duqlas Nort
iqtisadiyyat
üzrə Nobel mükafatı laureatı
Edvard Doysi tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Jozef Erlanger tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Herbert Gesser tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Karl Kori tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Certi Kori tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Artur Kornberq tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Severo Oçoa tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Alfred Herşi tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Earl Saterlend tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Kristian de Duve tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Deniyel Natans tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Hamilton Smit tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Corc Snell tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Stenli Koen tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Edvin Krebs tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Robert Furchgott tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 22 aprel.- S.12-13.