Təhsil muzeyi ölkəmizin təhsil tarixi məbədidir
Azərbaycanın təhsil
tarixi hər birimizin fəxr
etdiyi nailiyyətlərlə zəngindir.
İlham ƏLİYEV
Muzeylər hər hansı bir
xalqın əsrlər boyu yaratdığı milli mənəvi
dəyərləri, maddi və mədəni irsini qoruyub
saxlayan, nəsildən-nəslə, keçmişdən gələcəyə
ötürən bir məbəddir. "Muzey"
anlayışı latın mənşəli yunan sözü
olan "museion" - muzalar məbədi, "musa" - muza
sözündəndir. Muza - qədim yunan mifologiyasında incəsənət
və elm ilahəsinin adıdır, ilham mənbəyi deməkdir. "Muzeylər haqqında" Azərbaycan
Respublikasının Qanununda "muzey - maddi - mədəniyyət
abidələrinin komplektləşdirilməsi, mühafizəsi,
öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin
həyata keçirildiyi mədəniyyət, elmi - tədqiqat
müəssisəsi" kimi təsbit edilmişdir. Muzeylər tarixi abidələri
qoruyub saxlayan bir elmi - maarif müəssisəsi, hamı
üçün müyəssər olan tarix, elm, incəsənət,
mədəniyyət xəzinəsidir.
Muzeylər çox qədim tarixə
malikdir. İlk muzeylər e.ə.XVI əsrdə Kritdə, e.ə.XIII
- XII əsrlərdə Çində, e.ə. VII əsrdə
Nineviyada (İraq), e.ə. III əsrdən qədim
Yunanıstanda və Romada əsasən saraylarda sənədlər,
şəhadətnamələr və estetik dəyərə
malik əşyalar kompleksi şəklində, həmçinin
məbədlərin və bəzi şəxslərin
kolleksiyaları kimi meydana gəlmişdir.
Azərbaycanda müasir tipli muzeylər XIX əsrin
sonu, XX əsrin əvvəllərində meydana gəlsə də,
onun sələfi olan kolleksiyaçılıq ənənələrinin
tarixi çox qədimdir. E.ə. sonu, eləcə də
eramızın ilk əsrlərində Atropatena və
Albaniyanın hökmdar saraylarında,
məbəd və kilsələrdə qiymətli əşyaların,
nadir sənət əsərlərinin, dünyəvi və
dini məzmunlu zəngin kitabların, əlyazmaların qorunub
saxlanıldığı məlumdur. Azərbaycan
hökmdarları - Cavanşir (VII əsr), Məhəmməd
Cahan Pəhləvan (XII əsr), Qızıl Arslan (XII əsr)
və bir çox başqaları mədrəsələr, məscidlər,
rəsədxanalar, karvansaralar, ovdanlar, xəstəxanalar tikdirməklə
yanaşı zəngin kitabxanalar yaratmış, öz
saraylarında poeziya, musiqi, rəsm məclisləri təşkil
etmiş, alimlərə, şairlərə, sənətkarlara
hamilik etmişlər.
Elxanilər və Eldənizlər
dövründə Azərbaycanda mədəniyyət daha da
inkişaf etmişdi. Görkəmli dövlət xadimi, alim və
şair Fəzlullah Rəşidəddinin (1247-1318) təşəbbüsü
ilə XIII əsrdə Təbriz yaxınlığında
salınan Rəşidiyyə şəhərciyində digər
tikililərlə yanaşı, 60 mindən artıq kitab fondu
olan iki böyük kitabxana da fəaliyyət göstərirdi.
Öz dövrünün bu böyük elm mərkəzində
qiymətli sənət əsərləri, nadir əlyazmalar
mühafizə olunur, tanınmış alimlər, hakimlər,
şairlər, rəssamlar çalışırdılar.
Görkəmli dövlət xadimlərindən
Uzun Həsənin (1468-1478) Təbrizdə tikdirdiyi Nəsriyyə
və Məqsudiyyə mədrəsələrində elm və
sənət inciləri mühafizə olunurdu, Ağqoyunlu
hökmdarı Sultan Yaqub (1478-1490) isə zəngin
kitabxanası, əlyazma fondu, mədrəsələri və xəstəxanası
olan, dünya memarlığının şah əsərlərindən
sayılan Həşt behişt (Səkkiz cənnət) saray
kompleksini (1483) inşa etdirmişdi. Bu sarayda dövrün
müasir muzeyçilik fəaliyyətinin prototipi olan
kolleksiyaçılıq ənənələri daha da
inkişaf etdirildi. Həmin dövrdə qiymətli əşyalar,
əsasən, xəzinələrdə və saray
kitabxanalarında qorunub saxlanılırdı. Saray
kitabxanası sadəcə kitabxana olmayıb, həm də
böyük elm və incəsənət mərkəzi, təhsil
ocağı, muzey əşyalarının qorunduğu
böyük bir dövlət müəssisəsi rolunu
oynayırdı. I Şah İsmayılın, I Təhmasibin
dövrlərində Təbriz və Qəzvinin saray
kitabxanalarında və rəssamlıq emalatxanalarında
dövrünün tanınmış azərbaycanlı rəssamları
- Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli Təbrizi,
Müzəffər Əli və b. yaradıcılıqla məşğul
olurdu. XVI əsrin sonlarında Məhəmmədi, Sadıq bəy
Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi kimi Azərbaycan
sənətkarları Qəzvində və İsfahanda saray
kitabxanalarında işləmiş, bu kitabxanalarda qorunub
saxlanılan qiymətli əşyalar fondunu gözəl rəsm
əsərləri ilə zənginləşdirmiş,
İsfahan miniatür məktəbinin meydana gəlməsində
və inkişaf etməsində
həlledici rol oynamışlar.
XIX əsrdə Azərbaycandakı
ictimai-siyasi pərakəndəlik bütövlükdə mədəniyyətə,
o cümlədən muzey və kolleksiyaçılıq ənənələrinə
ciddi ziyan vurdu. Ara çəkişmələri, müharibələr
nəticəsində bir çox qiymətli maddi-mədəniyyət
abidələri məhv edildi, qalanları isə yad ölkələrə
aparıldı. XIX əsrin əvvəllərində Rusiya
imperiyasının Azərbaycana təcavüzü nəticəsində
Gəncə, Qarabağ, İrəvan, Talış
xanlıqlarının xəzinələri qarət olundu,
buradakı qiymətli əşyalar, nadir kitab nüsxələri
talan edildi.
1826-1828-ci illər Rusiya-İran müharibəsinin
sonunda rus generalları Şeyx Səfi kompleksinə məxsus zəngin,
qiymətli əşyaları apardılar.
Çarizm dövründə Azərbaycanda
muzeylərin təşkili işi məqsədyönlü
şəkildə ləngidilir, bu ərazidə aşkar edilən
qiymətli arxeoloji abidələr Tiflis, Moskva, Peterburq muzeylərinə
göndərilirdi.
Azərbaycanda müasir tipli muzeylərin təşkili
tarixi XIX əsrdən başlayır. Həmin əsrin
axırlarında Naxçıvanın Nehrəm kənd məktəbində
C.Məmmədquluzadənin təşəbbüsü və
yaxından iştirakı ilə muzey yaradılması
faktı məlumdur. XX əsrin əvvəllərində
Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində
Pedaqoji Muzey, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin
Bakı şöbəsi nəzdində qapalı muzey
olmuşdur.
Azərbaycanda dövlət səviyyəsində
ilk rəsmi muzey Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
dövründə yaradılmış İstiqlal Muzeyidir.
Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan
Parlamentinin işə başlamasının ildönümü
münasibətilə onun binasında açılmış və
parlamentin nəzdində fəaliyyət göstərmişdir.
Muzeyin təsisi ilə əlaqədar "Azərbaycan" qəzeti
(1919, 23 sentyabr) yazırdı: "Sənələrdən bəri
bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda
bir milli muzey təsisidir... bu gün fərdimizin
köksünü qabardan istiqlal şüarı olmasına
görə, "İstiqlal" muzesi olmasını əhəmiyyətli
görürüz".
Muzeydə Azərbaycanın azadlıq və
istiqlalına dair sənəd və materiallar, tarixi və
maddi-mədəniyyət örnəkləri, arxeoloji
tapıntılar, silahlar, numizmatika nümunələri, rəsm
əsərləri, xalça və xalça məmulatı,
bədii tikmələr, dulus və mis qablar, bəzək əşyaları
və digər sənət əsərləri, Qurani-Kərimin
nadir nüsxələri, müxtəlif əlyazmalar və s.
toplanmışdı. Muzeyin açılışına
hazırlıq görülərkən 1919-cu il noyabrın 6-da
tərtib olunmuş bir sənəddə muzeyin əsasnaməsi,
uçot-mühafizə üzrə təlimat, fond -
satınalma komissiyası haqqında müddəalar
yığcam şəkildə əks olunmuşdu. Sənəddə
göstərilirdi ki, muzeyə verilən hər bir əşya
milli sərvətdir, əşya sahiblərinin ailə üzvləri
gələcəkdə onları tələb edə bilməzlər.
Muzeyə hədiyyə olunmuş əşyalar geri
qaytarılmır. Sənədin 3-cü bəndində
deyilirdi: "İstiqlal muzeyi milli bir müəssisə
olduğu üçün muzeydə mövcud bütün əşya
milli mal hesab edilir. Heç kəs və heç bir müəssisə
o şeylərə sahib ola bilməz".
Muzeyin təşkili və fəaliyyəti
ilə bağlı bütün xərclər Azərbaycan
Parlamenti rəyasət heyətinin hesabına idi. Aprel
işğalından (1920) sonra "İstiqlal" muzeyinin
eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət
Muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi, o
cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin
bayrağı, "İstiqlal bəyannaməsi"nin əsli,
Azərbaycan Parlamentinin materialları, Quranın nadir nüsxələri,
müxtəlif əlyazmaları, dekorativ - tətbiqi sənət
nümunələri və s. Moskvadakı İnqilab muzeyinə
aparıldı.
Muzey beş aya yaxın fəaliyyət
göstərmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan
sonra, 1920-ci il iyunun 15-də Azərbaycan SSR Xalq Maarifi
Komissarlığında muzey - ekskursiya şöbəsi
açılmış və onun ilk iclasında xüsusi tədris
muzeylərinin təşkil edilməsi qərara
alınmışdı. 1920-ci ilin oktyabrında Azərbaycan
SSR Dövlət Muzeyi yaradıldı.
XX əsrin 20-ci illərində Bakıda
İnqilab və Əmək Muzeyi, Kənd Təsərrüfatı
Muzeyi, həmçinin Gəncə, Naxçıvan, Şəki,
Lənkəran və b. şəhərlərdə
tarix-diyarşünaslıq muzeyləri təşkil
olunmuşdu. Sonralar Azərbaycan SSR Dövlət Muzeyinin
müvafiq şöbələri əsasında Azərbaycan Təbiət
Tarixi Muzeyi (1930), Azərbaycan Dövlət Teatr Muzeyi (1934) və
Azərbaycan Dövlət İncəsənət Muzeyi (1936)
yaradıldı. Dövlət Muzeyi 1936-cı ildən Azərbaycan Tarixi Muzeyi
adlanır.
1935-ci ildə SSRİ EA-nın Azərbaycan
filialı nəzdində Din Tarixi və Ateizm Muzeyi təşkil
olundu. 1939-cu ildə Nizami Gəncəvinin anadan
olmasının 800 illiyi münasibətilə Bakıda Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı Muzeyinin
yaradılması qərara alındı. Həmin muzey 1945-ci
ilin may ayından fəaliyyət göstərir. 1945-ci ildə Azərbaycanda 22, 1969-cu ildə isə
29 muzey var idi. 50 - 60-cı illərdə Azərbaycanda xeyli
yeni muzeylər yaradıldı.
Respublikada görkəmli ictimai-siyasi,
dövlət və mədəniyyət xadimlərinin,
tanınmış yazıçıların ev-muzeylərinin,
həmçinin xatirə - memorial komplekslərinin geniş
şəbəkəsi yaradılmışdır.
Respublikanın əksər rayonlarında
tarix-diyarşünaslıq muzeyləri
yaradılmışdır. Bakı, Gəncə,
Naxçıvan, Quba, Şəki, Şamaxı, Lənkəran
və b. şəhərlərdə, bir sıra rayonların ərazisində
tarixi - memarlıq abidələri bərpa edilmiş, bu abidələrdə
maraqlı ekspozisiyalar qurulmuşdur. Həmin muzeylərdə əsasən
regional əhəmiyyət daşıyan arxeoloji materiallar,
maddi-mədəniyyət nümunələri, incəsənət
əsərləri, müxtəlif əşyalar, fotoşəkillər,
sənədlər, dekorativ - tətbiqi sənət məmulatları
və s. saxlanılır.
Azərbaycanda muzey şəbəkəsi
XX əsrin 70-ci illərindən başlayaraq daha intensiv
inkişaf etdirilmişdir. Respublikada 1969-2006-cı illər
arasında 100-dən artıq yeni muzey
yaradılmışdır.
Keçən əsrin 80-90-cı illərində
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
işğal olunmuş ərazilərdə tarixi-memarlıq
abidələri, xatirə-memorial kompleksləri və
muzey-qoruqlar tamamilə dağıdılmışdır.
Şuşa şəhərində Natəvanın, Üzeyir
Hacıbəyovun, Bülbülün, Əbdürrəhim bəy
Haqverdiyevin və b.-nın ev-muzeyləri məhv edilmiş, rəsm
qalereyası, Şuşa şəhər Tarix Muzeyi,
Xocalıdakı Tunc dövrünə aid kurqanlar, Ağdam
Çörək Muzeyi, bir çox başqa muzeylər
dağıdılmışdır.
Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin məlumatına görə, hazırda
ölkəmizdə 223 muzey (Azərbaycanın statistik göstəriciləri
- 2010. səh.268) fəaliyyət göstərir. Onlardan biri də
Təhsil Nazirliyi sistemində olan Xalq Təhsili Muzeyidir.
Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycanda
sovet hakimiyyətinin qurulmasının (1920) və Zaqafqaziya
Federasiyasının yaradılmasının (1922) 10 illiyinə
həsr edilmiş sərginin keçirilməsi ilə əlaqədar
1930-cu ildə xüsusi qərar qəbul edir. Bu sərgilərdə
xalq təsərrüfatının digər sahələri
kimi, xalq maarifinin də inkişafını əks etdirən
bölmə yaradılır. Sərginin xalq maarifi üzrə
ekspozisiyası 1930-cu ildə Leninqradda (Peterburqda) keçirilən
Ümumittifaq, bir müddət sonra isə Almaniyanın Leypsiq
şəhərində keçirilən beynəlxalq sərgidə
nümayiş etdirilmiş, mütəxəssislər tərəfindən
müsbət qiymətləndirilmişdir.
Azərbaycan SSR Xalq Komissarları Soveti sərgilərdə
uğurla nümayiş etdirilən xalq maarifi
ekspozisiyasının bazasında "Xalq Maarifi Muzeyi"nin
yaradılması haqqında 1932-ci il aprelin 27-də 651 nömrəli
qərar qəbul etdi.
Xalq Təhsili Muzeyində Azərbaycanda ən
qədim zamanlardan başlayaraq müasir dövrə qədər
pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirən
sənəd, material və fotoşəkillər, nadir dərs
vəsaiti və ləvazimatlar, dərslik və proqramlar, tədris
prosesində istifadə edilən texniki və əyani vəsaitlər,
şagird, tələbə və müəllimlərin əl
işləri, albomlar, maketlər, hədiyyələr, məktəb,
məktəbəqədər və məktəbdənkənar
təlim-tərbiyə müəssisələrinin iş təcrübəsindən
nümunələr və s. nümayiş etdirilir.
Hazırda Xalq Təhsili Muzeyi qədim
zamanlardan başlayaraq müasir dövrə qədər Azərbaycanda
pedaqoji fikrin və təhsilin inkişafı tarixini əks
etdirən, bütövlükdə təhsil sisteminin nailiyyətlərini
təbliğ edən respublika əhəmiyyətli müəssisədir.
Muzeydə təhsil sahəsində böyük xidmətləri
olan maarifçilər, elm xadimləri, pedaqoq - alimlər,
ziyalılar, iş təcrübəsi geniş yayılan
qabaqcıl müəllimlərə və təhsil müəssisələrinə
dair sənəd və materiallar nümayiş etdirilir.
Muzeyin xronoloji ardıcıllığa riayət
edilməklə elmi-tarixi əsaslar üzərində
qurulmuş daimi ekspozisiyası 6 salonda yerləşdirilmişdir.
I salonun ekspozisiyası qədim zamanlardan
başlayaraq XIX əsrin II yarısına qədər olan
dövrdə, II salondakı materiallar XIX əsrin ikinci
yarısı və XX əsrin əvvəllərində, III salonun ekspozisiyası
1918-1940-cı illərdə təhsilin inkişaf tarixini əks
etdirir. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövründə
təhsilə xüsusi bölmə
ayrılmışdır. IV salonun ekspozisiyası Azərbaycanda
ali və orta ixtisaslı kadrların hazırlanmasına və
ixtisasartırmaya aid sənəd və materialları əhatə
edir. 1941-1980-ci illərdə təhsilin, xüsusilə
texniki peşə təhsilinin
inkişaf tarixinə, həmçinin uşaq evləri,
internat-məktəblər və axşam fəhlə-gənclər
məktəblərinin yaranmasına dair sənəd və
materiallar muzeyin V salonunun ekspozisiyasında
işıqlandırılmışdır.
Muzeyin VI salonu - böyük salon müstəqillik
illərində Azərbaycanda təhsilin inkişafına həsr
olunmuş və üç bölmədən ibarətdir. Azərbaycan
dövləti və hökumətinin təhsilə göstərdiyi
diqqət və qayğı bu salonun ekspozisiyasının əsas
istiqamətidir.
Salonun "Heydər Əliyev və təhsil"
adlı birinci bölməsində xalqımızın
ümummilli lideri Heydər Əliyevin Azərbaycan təhsilinin
inkişafı və keyfiyyətinin
yüksəldilməsi naminə fəaliyyətinə həsr
edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təhsilə göstərdiyi diqqət və
qayğının parlaq təcəssümü olan sənəd
və materiallar salonun bu bölməsində nümayiş
etdirilir.
Heydər Əliyev Fondunun "Yeniləşən
Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək"
layihələri çərçivəsində fəaliyyəti
həmin bölmədə əks etdirilir.
Salonun ikinci bölməsində müstəqillik
illərində Azərbaycan təhsil sisteminin fəaliyyətini
əks etdirən sənəd və materiallar, statistik məlumatlar,
nəşr nümunələri, yeni dərsliklər, maketlər
və digər eksponatlar nümayiş etdirilir.
Həmin bölmədə Təhsil
Nazirliyinin fəaliyyətini və təhsil sahəsində
beynəlxalq əlaqələri əks etdirən sənəd,
material və hədiyyələrə xüsusi yer
ayrılmışdır. Burada həmçinin pedaqoji kadrlara
göstərilən qayğıya və Azərbaycan müəllimlərinin
XI - XIII qurultaylarına dair materiallar da nümayiş etdirilir.
Salonun üçüncü bölməsində
nümayiş etdirilən sənəd və materiallar məktəbdənkənar
müəssisələrə, uşaq, yeniyetmə, gənclərin
vətənpərvərlik, mənəvi və estetik tərbiyəsinə
həsr edilmişdir. Vitrinlərdə uşaq, yeniyetmə və
gənclərin, həmçinin müəllimlərin
hazırladıqları tətbiqi sənət nümunələri,
müxtəlif əl işlərinə də yer verilmişdir.
Xalq Təhsili Muzeyi zəngin mütərəqqi
ənənələrə, milli mənəvi dəyərlərə
və beynəlxalq təcrübəyə əsaslanaraq
inkişaf edən müasir Azərbaycan təhsilinin nailiyyətlərini
əhatə edən sənəd və materialları qoruyub
saxlayır və muzeyə gələnlərə
nümayiş etdirir.
Hazırda muzeyin əsas fondunda 31741 eksponat
vardır ki, onlardan 2000-ə qədəri ekspozisiyada
nümayiş etdirilir. Pedaqoji kadr hazırlığı ilə
məşğul olan ali və orta ixtisas təhsili müəssisələri,
digər ali məktəblərin pedaqoji yönümlü
fakültələri "Pedaqogika" və "Pedaqogika
tarixi"ndən müvafiq mövzular
üzrə mühazirə və seminarları muzeyin
salonlarında keçirə bilərlər. Bunun
üçün muzeydə müvafiq şərait vardır.
Şagirdlərin, tələbələrin, müəllimlərin,
alim-pedaqoqların ekskursiyalarının da təşkil edilməsi
təlim-tərbiyə işinin vacib məsələlərindəndir.
Respublika Xalq Təhsili Muzeyi eyni zamanda təhsil
müəssisələrində fəaliyyət göstərən
muzeylər üçün elmi-metodik mərkəzdir.
Hazırda ölkəmizin təhsil müəssisələrində
300-dən artıq muzey fəaliyyət göstərir ki,
onların böyük əksəriyyətini "Heydər Əliyev",
"Hərbi vətənpərvərlik" və "Tarix -
diyarşünaslıq" muzeyləri təşkil edir. Bu
muzeylərin imkanlarından səmərəli istifadə edən
pedaqoji kollektivlər gənc nəslin təlimi və tərbiyəsinin
keyfiyyətini yüksəltməkdə müvəffəqiyyətə
nail olurlar.
Cəmiyyətin muzeylərə olan mənəvi
tələbatı durmadan artır. Bu proses hazırda
bütün dünyada gedir. İnsanların artan mənəvi
və intellektual ehtiyaclarını müasir tələblərə
uyğun ödəmək üçün Xalq Təhsili
Muzeyinin əməkdaşları daim axtarışdadırlar.
Arif MURADOV
Azərbaycan
müəllimi.- 2011.- 22 aprel.- S.10.