Tələbələrin
fəaliyyətinə verilən psixoloji tələblər
Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasında
apardığımız müşahidələr
bəzi qənaətlərə gəlməyə imkan vermişdir. Psixoloqların tədqiqatlarına istinadən
söyləmək mümkündür ki, hər bir insanın təlim və tərbiyə
prosesində əqli keyfiyyətlərinin inkişaf
etdirilməsi bəzən
təsadüfi hallarla bağlı
olsa da belə, onun emosional vəziyyətinə,
mədəni-mənəvi hisslərinə təsirsiz ötüşmür, bütün
varlığının tədricən
müsbət axında təkmilləşməsinə şərait
yaradır. Biliklərin mənimsənilməsi, hər bir tələbənin fərd olmaq etibarı ilə intellektual inkişafı onun bütün daxili aləmində izlər
buraxmadan ötüşmür.
Buna görə də onların mahiyyətini,
başvermə səbəblərini, eləcə də hər
bir fərdin özü ilə
bağlılığını aydınlaşdırmaq yerinə
düşərdi. Tələbənin davranış
qaydaları, onun mənəvi
tələbatlarının ödənilməsi,
bunlarla əlaqədar
olan digər zəruri amillərin inkişaf etdirilməsi, yaxud
neqativ halların meydana gəlməsi sosial davranış formaları
ilə səciyyələnir. Tələbə həyatında
mənəvi-siyasi, əqli və estetik hisslər mühüm əhəmiyyət
kəsb edir.
Tələbələrlə
fəaliyyətin təşkilində təqdim olunan biliklərin
mənimsənilməsi, onların ildən-ilə genişləndirilməsi
və dərinləşdirilməsi mühüm əhəmiyyət
kəsb edir. Bu hisslərlə yaşamaq, tələbə
şəxsiyyətinə hörmət hissi ilə
yanaşı, onun seçdiyi ixtisasın dərinliklərinə
yiyələnməsi üçün məsuliyyət hissini
artırır.
Tələbə
fəaliyyətini istiqamətləndirmək, yalnız bir
sıra sahələri əhatə edən əxlaqi, tarixi,
estetik və s. məlumatların çatdırılması ilə
həll edilə bilməz. Biliklər sürətli templə
arta bilər, lakin fəaliyyətə olan yaradıcı
münasibət səmərəli olmaya bilər. Ona görə
də inkişafda fasiləlik yaranmaması üçün
biliklərin obrazlı şəkildə, emosionallıqla,
inandırıcılıqla çatdırılması daim
diqqət mərkəzində saxlanılmalıdır. Məşğələlər
üçün seçilən faktlar və nümunələr
elə olmalıdır ki, tələbəni daxilən həyəcanlandırsın,
coşqun münasibət yaratsın, elə keyfiyyətlər
aşkarlansın ki, onların tərbiyə olunması zəruri
hal alsın. Bunun üçün vacib hesab olunan şərtlərdən
biri tələbələrə həm təhsil prosesində,
həm də onların ictimai fəaliyyətində müstəqilliyin
təmin edilməsidir. Bu olmadan zehni və iradi fəallıq
nümayiş etdirmək, biliklərin praktiki əhəmiyyətini
təsəvvür etmək, elmi yaradıcılığı
inkişaf etdirmək çətinləşə bilər. Digər
amillərdən biri də təlim prosesinə olan maraqlara əsaslanan
fəal dərketmənin inkişaf etdirilməsidir. Belə
olduqda, tələbələr mənimsədikləri məzmun
və formaların mahiyyətcə qiymətləndirilməsini
bacarır, davranış formalarına yiyələnməkdə
davam edirlər. Qiymətləndirmələr, eləcə də
tədricən qazanılan təcrübə, birinci növbədə,
dünyagörüşün, elmi biliklər sisteminin və mədəni
münasibət formalarının bərqərar olmasına
şərait yaradır. Bu baxımdan, Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasının
çoxillik təcrübəsinə müraciət etmək
yerinə düşərdi. Burada ənənəvi olaraq
birinci kurs tələbələrilə müxtəlif tədbirlər
keçirilir.
Tələbələrdə
mənəvi keyfiyyətlərin inkişaf etdirilməsində
milli mentalitetlə bağlı olan nümunələrdən
istifadə etməyin əhəmiyyəti böyükdür.
Professor-müəllim
heyəti, məşğələlərin gedişində, nəzərdə
tutulan məsələləri bacarıqla həll etməklə,
tələbələrdə yaratdığı münasibətin
formalaşdırılması, onların müstəqil
çalışmaq vərdişlərinə yiyələnmələri,
tapşırıqların həllində şəxsi fəallıqlarının
təmin edilməsi və s. həyata keçirir. Tələbələrə
müntəzəm diqqətlilik, onlara hörmətlə
yanaşma müsbət çalarlar yaratmaqla tərbiyəvi tədbirlərin
təsir gücünü artırır.
Tələbələr
arasında dostluq və səmimi yoldaşlıq münasibətlərinin
yaradılması da mühüm məsələlərdən
biridir. Belə münasibətlərin
formalaşdırılması onlarda gümrahlıq yaradır,
həyat eşqini gücləndirir, daha çox
çalışmaq, qarşıya çıxan çətinlikləri
aradan qaldırmaq əhvali-ruhiyyəsi yaradır, eqoizm, mənəm-mənəmlik,
düşünülməmiş hərəkətlər etmək,
kobudluq, hörmətsizlik göstərmək kimi hallar tədricən
aradan qalxır.
Tələbələrin
fəaliyyətinin təşkilində gələcək
peşə fəaliyyətində nailiyyətlər qazanmaq
üçün onlara hansı hissi-emosional təcrübənin
lazım olacağı da nəzərə
alınmalıdır. Ali məktəbi bitirdikdən sonra əmək
fəaliyyətinin ilkin mərhələsində bir sıra
xoşagəlməz hallarla rastlaşmaq mümkündür,
halbuki, onların baş verəcəyi ehtimalları ali məktəb
illərində nəzərə alınmalıdır. Ona
görə də təlim prosesi elə təşkil
olunmalıdır ki, tələbələrdə formalaşan
keyfiyyətlər, onların əmək fəaliyyətində
rastlaşacaqları vəziyyətlərlə, təxmini də
olsa, yaxın olsun. Bütün bunlara, təlim prosesinin vəzifə
və şərtlərini əmək fəaliyyətinin tələblərinə
yaxınlaşdırmaqla nail olmaq mümkündür.
Tələbə
fəaliyyətinə verilən pedaqoji tələblərdən
biri özünütərbiyə prosesinin təşkilidir.
Öz hərəkətlərini düzgün qiymətləndirməyi
bacarmaq, insanlara xoş təsir bağışlamaq, məsuliyyətli
olmaq, şəxsi ləyaqətini qorumaq, şərəf
hissini artırmaq kollektiv münasibətə xoş təsir
bağışlayır. Mərifətli olmaq, tələbələrdə
öz hisslərini qiymətləndirmək
bacarıqlarını formalaşdırmaq və onların daim
təkmilləşdirilməsi qayğısına qalmaq
gündəlik fəaliyyətin təxirəsalınmaz vəzifələridir.
Məlum
olduğu kimi, mühazirələrdə, seminar məşğələlərində
ixtiyari diqqətin fəaliyyəti daha fəaldır. Çıxışlara,
məruzələrə hazırlıq, müstəqil iş
bütövlükdə mütəşəkkillik, təkidlik,
özünənəzarət və tənqidi münasibət
tələb edir, müstəqillik və təşəbbüskarlıq
göstərilir. Bütün bunlara rəğmən iradi keyfiyyətlərin
inkişafı tələbələr üçün vacib
psixoloji və pedaqoji tələblər sayılır. Yalnız
bu yolla fəaliyyətdə baş verən çətinliklər
aradan qaldırıla bilər, xüsusilə birinci kurslarda
bunun əhəmiyyəti daha böyükdür,
işgüzarlığın göstərilməsi və
nailiyyətlərin qazanılmasında iradi fəaliyyət
intensivləşdirilməlidir.
İradə
və iradi keyfiyyətlər tələbələrin fərdi
fəallığı, özünütənzim,
imkanlarını səfərbər etmək,
davranışlarını idarə etmək işində də
özünü qabarıq göstərir. Eyni zamanda, burada təcrübə,
bilik və bacarıqlar, vərdişlər, fərdi
xüsusiyyətlər, motivlər, dünyagörüş də
az əhəmiyyət kəsb etmir. Deyildiyi kimi, iradi fəaliyyətin
başlıca xüsusiyyətlərindən biri də
motivasiya ilə sıx bağlılıqdır. Şəxsi,
situativ xarakterli hər bir iradi keyfiyyət ümumi cəhətlərilə
bərabər, xüsusi cəhətlərə də malikdir. Belə
ki, məqsədyönümlük tələbə həyatında,
onun gündəlik fəaliyyətində konkret məqsədə
istinad edir (məqsəd yaxın və uzaq məsafəli də
ola bilər). İntizamlı olmaq, əxlaqi baxımdan,
inamın tərkib hissəsidir. Bu, yalnız müxtəlif
şəraitlərdə özünüidarə ilə məhdudlaşmır,
eyni zamanda, biliklərə, təfəkkürə, emosiyalara,
eləcə də tələbələrin fiziki keyfiyyətlərinə
istinad edir. Müstəqillik, təşəbbüskarlıq, qətiyyətlik,
təkidlik, mərdlik və s. bu kimi iradi keyfiyyətlər bir-birilə
sıx əlaqədə olmaqla, tədricən inkişaf
etdirilir, tələbələri zərərli təsirlərə
düşməkdən qoruyur, çətin şəraitlərdə
səmərəli fəaliyyəti təmin edir.
Biz tələbələrə
"Ali məktəbdə hansı şəxsi keyfiyyətləri
əxz etmək istərdiniz" sualı ilə müraciət
etmişdik. Onların əksəriyyəti cavablarda mərdlik
keyfiyyətinə üstünlük vermişdir. İradi
davranış qaydalarına əməl
edilmədikdə, təlim prosesində, eləcə də təlimdən
kənar fəaliyyətlərdə ciddi nöqsanlar meydana gəlir,
tələbələr süni
qıcıqlandırıcılara, süni yollarla zövq
almağa meyillənirlər ki, bu da mənfi halların
yaranmasına səbəb olur.
Təlim
prosesindəki müvəffəqiyyətsizlik, tələbə
fəaliyyətinin səmərəliliyinə mənfi təsir
edir. Belə hallarda konkret səbəblər
araşdırılmalı, tələbədə çətinliyi
aradan qaldırmaq üçün həvəs
yaradılmalı, inandırılmalıdır ki, onda maneələri
dəf etmək üçün bütün imkanlar vardır,
o buna qadirdir. Əgər tələbədə öz qüvvəsinə
inam yoxdursa, verilən tapşırıqları müxtəlifləşdirmək,
tərifləməkdən, başqalarına nümunə
göstərmək kimi üsullardan istifadə etmək olar.
Tələbələrin
müstəqil çalışmaq vərdişlərinə
yiyələnmələri onların fəaliyyəti
üçün geniş imkanlar yaradır. Müxtəlif kurs
tələbələri qarşıya çıxan çətinlikləri
özünütərbiyə yolu ilə aradan qaldırmağa
çalışırlar. Bu məqsədlə onlar
özünənəzarət, özünəinam, özünəəmr,
"özü ilə mübarizə" kimi vasitələrdən
istifadə edirlər. Hər bir kiçik qələbə
insanı daha da qüvvətli edir. Bədəni məşq
etdirməklə insan sağlam, gümrah, dözümlü və
çevik olduğu kimi, ağlı da, psixoloji prosesləri də
məşq etdirməklə psixi vəziyyəti sazlamaq
mümkündür.
Tələbə fəaliyyətinin təşkili ali təhsil illərində müxtəlif istiqamətlər kəsb edir. Əgər birinci kursda təhsildə yüksək göstəricilərə nail olmaq üçün səy göstərilirsə, yuxarı kurslarda ixtisasla bağlı məsələlər ön plana çəkilir, gələcək peşə fəaliyyəti daha çox düşünülür. Bu, onunla izah olunur ki, birinci kurs tələbələri orta məktəblə bağlı olan bəzi ədalarla mübarizə aparmalı olur, fəaliyyətin yeni formalarına yiyələnirlər. Yuxarı kurslarda isə onlar artıq əmək fəaliyyətinə hazırlaşırlar.
Fəaliyyətə yaradıcı münasibət, mövcud biliklərin səfərbər edilməsi və düzgün tətbiqi olmadan, gündəlik məlumatların təhlili aparılmadan, onlardan istifadə üçün müxtəlif vasitələri tətbiq etmədən qeyri-mümkündür.
Tələbələrdə idrak proseslərini fəallaşdırmağın yeganə yolu ayrı-ayrı problemlər üzrə qabaqcadan zəruri məlumatların əldə edilməsidir.
Ali məktəb tələbələrinin təhsil illərindəki fəaliyyəti, eləcə də davranışları üç əsas tipə ayrılır: birinci tip tələbələrin ali məktəbdə təlimin məqsəd və vəzifələrinə hərtərəfli münasibət göstərməyi nəzərdə tutur; ikinci tip məhdud peşəyə meyillənmə cəhdi ilə səciyyələnir. Tələbələrin dərketmə qabiliyyəti artıq tədris proqramlarından kənara çıxır, öyrənilənlərin daha da dərinləşdirilməsi prosesi gedir; üçüncü tip bilik və bacarıqların, vərdişlərin qazanılmasını tədris proqramları həcmində nəzərdə tutur, fəallıq, yaradıcı münasibət o qədər də yüksək olmur.
Hər bir fənnin tədrisində tələbəyə mənimsədiyi biliyin səviyyəsinə görə yanaşılmalıdır. Psixoloji ədəbiyyatlarda belə səviyyələrin müxtəlifliyi qeyd olunmuşdur. Birinci səviyyə dərketmə, fərqləndirmə, tanıma və obyektin öyrənilməsidir. İkinci səviyyə öyrənilənlərin yadda saxlanılması və yada salınması ilə xarakterizə olunur. Üçüncü səviyyə isə ən yeni texniki nailiyyətlərin tətbiqi ilə əlaqədardır.
Təhsil illərində tələbələrin əmək fəaliyyətinə hazırlanması ali məktəb rəhbərliyinin, professor-müəllim heyətinin, bütün ictimai təşkilatların həyata keçirdikləri təlim-tərbiyə işinin mühüm vəzifəsidir.
Tələbələrin əmək fəaliyyətinə hazırlığının çoxcəhətli proses olduğu nəzərə alınarsa, bunu şərti olaraq üç mərhələyə bölmək olar. Birinci mərhələ, abituriyentin peşə təmayülü baxımından seçimidir. İkinci mərhələ təlimdə əmək fəaliyyəti ilə əlaqədar formalaşdırılma prosesidir. Üçüncü mərhələ isə peşə fəaliyyətinə hazırlığın başlanmasıdır.
Bir məsələni
də mütləq qeyd
etmək lazımdır
ki, bəzi tələbələr elmi
tədqiqat işi üçün mövzular
seçir, lakin az sonra onun
perspektivli olmadığı
haqqında şübhəyə düşürlər. Bununla da inamsızlıq
yaranır. Bu da onun peşə fəaliyyətinə
hazırlıq işinə mane olur.
Ali məktəb
həyatında tələbə fəaliyyəti
üçün əhəmiyyətsiz məsələ yoxdur.
Psixoloji nəzarətin, təhlil və tövsiyələrin
verilməsi həmişə vacib amil hesab olunur.
Tomas İSMAYILOV,
Bəhruz CABBARLI
Azərbaycan müəllimi.- 2011.-
22 aprel.- S.18.