Tələbənin
fərdi rəsm sərgisi
Naxçıvan Dövlət Universitetində daha bir rəsm sərgisi tamaşaçılara təqdim edildi. İncəsənət fakültəsinin IV kurs tələbəsi Nəsib Nəsirovun müxtəlif janrlarda yaratdığı 25 əsəri sərgidə nümayiş olundu.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rektor, akademik İsa Həbibbəyli universitetimizdə dövlət başçısının və muxtar respublika rəhbərliyinin böyük dəstək və qayğısı sayəsində yaradılan güclü maddi-texniki bazanın yüksək intellektli, müasir dövrün tələblərinə cavab verən potensiallı kadrların yetişməsinə tam zəmanət verdiyini diqqətə çatdırdı. Natiq, universitetimizdə dəfələrlə ayrı-ayrı tədbirlərlə bağlı istər fərdi, istərsə də müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, təhsil ocağında artıq professional rəssamlıq məktəbinin formalaşdığını qeyd etdi. Bu sahədə universitetin müəllimi, xalq rəssamı Hüseynqulu Əliyevin böyük əməyini xüsusi vurğulayan rektor, fakültədə təhsil alan gənc rəssamların özünəməxsus ştrixlərlə, fərdi təxəyyüllərinin təsiri ilə ərsəyə gətirdikləri bu rəsm əsərlərini yüksək qiymətləndirdi. Fərdi üslubu və təkrarsızlığı ilə seçilən növbəti rəsm sərgisinin müəllifi Nəsib Nəsirova bu yolda nailiyyətlər dilədi.
Xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək muxtar respublikanın və universitet rəhbərliyinin gənc istedadların üzə çıxarılmasına və onların inkişafına göstərilən dəstək və qayğısından bəhs etdi.
Rəssamlıq ixtisası üzrə III kurs tələbəsi Cəlal Rzayev rəssam yoldaşına təbriklərini çatdıraraq yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Sonda müəllif Nəsib Nəsirov ürək sözlərini tədbir iştirakçılarına çatdırdı.
Nərmin CƏFƏROVA
Azərbaycan müəllimi.- 2011.-
22 aprel.- S.22.