Ulu öndərin xatirəsinə həsr olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirildi

 

Aprelin 24-də akademik Zərifə Əliyeva adına məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirildi.

Müsabiqədən öncə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, təhsil nazirinin müavinləri, Təhsil Nazirliyinin müvafiq şöbəsinin əməkdaşları və KİV nümayəndələri iştirak edirdilər.

Tədbirin keçirildiyi zalda ümummilli lider Heydər Əliyevə həsr edilmiş fotostendlər, kitab sərgisi hazırlanmış, onun müdrik  kəlamları yazılmış lövhələr asılmışdı. Müsabiqə iştirakçılarına üzərində ulu öndərimiz Heydər Əliyevin şəkli olan döş nişanları və eksklüziv nümunədə qızlar və oğlanlar üçün fərqli rənglərdə hazırlanmış dəftər və qələm təqdim edilmişdi. Mərasimi açaraq iştirakçıları salamlayan təhsil naziri Misir Mərdanov ulu öndərin anadan olmasının ildönümlərinə həsr edilmiş inşa müsabiqəsinin Azərbaycanda həyata keçirilən ən kütləvi tədbir olduğunu qeyd etdi.

Təhsil naziri diqqətə çatdırdı ki, bu müsabiqənin keçirilməsinə 2007-ci ildən etibarən başlanmış və o zamandan da ölkə ictimaiyyətinin dərin rəğbətlə qarşıladığı nəcib niyyətli bir ənənəyə çevrilmişdir.

Müəyyən edilmiş qaydaya görə, inşa müsabiqəsi hər il Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 3 mərhələdə - məktəb, rayon (şəhər) və yekun (respublika) mərhələlərində keçirilir. Müsabiqədə, bir qayda olaraq, ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri və peşə liseylərinin şagirdləri iştirak edirlər.

Nazirin verdiyi məlumata görə, ötən illərdə olduğu kimi, bu il də rayon və şəhərlərdə ümumtəhsil  və ilk peşə-ixtisas təhsili müəssisələrində Təhsil Nazirliyinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında" 25 yanvar 2011-ci il tarixli əmrinə əsasən müsabiqənin keçirilməsi ilə bağlı zəruri təşkilati işlər görülmüş, məktəb və rayon (şəhər) mərhələlərində 700 minədək məktəbli iştirak etmişdir. Nəzərdə tutulan qaydaya görə, müsabiqənin yekun mərhələsində hər rayon və şəhəri  sinfindən asılı olmayaraq 1 nəfər təmsil edir. Bu mərhələdə 20 nəfəri oğlan və 77 nəfəri qız olmaqla cəmi 97 məktəbli iştirak etmək hüququ qazanıb. Məktəblilərin sayının ilbəil artmasını, onların müsabiqəyə böyük maraq göstərmələrini əlamətdar bir hal kimi dəyərləndirən təhsil naziri bunun yüz minlərlə təhsil işçisinin, şagird və valideynlərin böyük rəhbərin unudulmaz xatirəsinə hədsiz hörmət və ehtiramının parlaq ifadəsi olduğunu vurğuladı.

Misir Mərdanov iştirakçıların diqqətinə çatdırdı ki, inşa 3 saat ərzində  4 səhifə həcmində yazılmalıdır. Müsabiqəyə ulu öndərin anadan olmasının 88-ci ildönümü ərəfəsində yekun vurulacaq, qaliblərə mükafat, müxtəlif hədiyyələr təqdim olunacaq və ən yaxşı işlər kitab şəklində nəşr ediləcək.

Təhsil naziri Misir Mərdanov çıxışının  sonunda bu işdə əməyi olan hər kəsə, eləcə də tədbirə ev sahibliyi  edən akademik Zərifə Əliyeva adına məktəbin kollektivinə təşəkkürünü bildirdi və iştirakçılara uğurlar arzuladı.

Sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edildi və məktəblilər "İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət" adlı inşa yazmağa başladılar.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 29 aprel.- S.6.