49 nömrəli "İntellekt" məktəb-liseyi
Ünvanı: Bakı şəhəri, Səbail rayonu, A.Nəsirov küçəsi, 5
Yaranma tarixi: 1929-cu il
Müəllimlərin sayı: 145 nəfər
Şagirdlərin sayı: 1450 nəfər
Direktoru: Təhminə Əsədova,
əməkdar müəllim
E-mail ünvanı: mekteb49@mail.ru
Haqqında
49
nömrəli "İntellekt" məktəb-liseyi
respublikamızda öz ənənələri və
uğurları ilə tanınan qabaqcıl təhsil
ocaqlarından biridir. Əvvəllər
"Şkola-dvores" adlanan məktəb-lisey 1929-cu ildən
fəaliyyət göstərir. Tədris ocağının
binasında II Dünya müharibəsi illərində 369-cu
atıcı diviziya yerləşdirilmiş, sonra isə məktəb
hərbi hospital olmuşdur.
Müasir
dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən
sosial-iqtisadi münasibətlər təhsil sisteminin bu proseslərə
çevik, dinamik adaptasiya olunmasını tələb etdiyindən
təhsilin keyfiyyəti və onun səmərəli idarə
olunması problemi ön plana çəkilir.Yeni istehsal və
mülkiyyət münasibətlərinin
formalaşdığı, beynəlxalq əlaqənin
genişləndiyi, təhsilin qabaqcıl dünya təcrübəsinə
inteqrasiya olunduğu bir dövrdə məktəbdə
köklü dəyişikliklər aparıldı. "Təhsil haqqında" Qanunun
tələblərinə uyğun fəaliyyətini tənzimləyən
məktəb-lisey müstəqil dövlət quruculuğunun
başlıca amillərindən biri kimi təhsilin keyfiyyətinin
yüksəldilməsini özünün ən vacib vəzifələrindən
biri hesab edir. Təhsil sahəsində dünya standartlarına
uyğun əsaslı islahatlar aparılması təhsilimizin
milli və ümumbəşəri dəyərlər,demokratik
və dünyəvi prinsiplər əsasında, müstəqilliyin
bəxş etdiyi imkanlar zəminində xalqımızın,
millətimizin tarixinə, mənəviyyatına, milli ənənələrinə
uyğun formalaşmasını qarşıya məqsəd
qoyur. Məktəbin pedaqoji kollektivi hərtərəfli biliyə
malik, mütərəqqi dünyagörüşə sahib
olan, vətənini göz bəbəyi kimi qorumağa
hazır olan gənclərin yetişməsi işini
özünün əsas vəzifəsi hesab edir.
Məktəbin
yerləşdiyi ərazidə heç bir liseyin, gimnaziya tipli
təhsil müəssisəsinin olmadığı və
valideynlərin müraciəti nəzərə alınaraq
2006-2007-ci tədris ilində Təhsil Nazirliyinin
20.04.2006-cı il tarixli 266 nömrəli əmrinə əsasən
məktəbdə lisey siniflər açıldı. Lisey
siniflərə kadr və şagirdlərin seçilib yerləşdirilməsi
təhsilin keyfiyyətinə müsbət təsir göstərdi.
Bu da məktəbə şagird axınını sürətləndirdi.
Məktəb-liseyin əsas vəzifəsi istedadlı
şagirdləri aşkara çıxarıb, onların təbii
imkanlarını inkişaf etdirmək və bir şəxsiyyət
kimi formalaşmasını təmin etməkdən ibarətdir.
"2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na müvafiq
olaraq məktəb-liseyin maddi-texniki bazası ildən-ilə
möhkəmlənir. İndi məktəb-lisey 40 kompüter,
1 ədəd noutbuk, 3 ədəd printer, 1 ədəd
proyektorla təmin olunmuşdur. 3 kompüter otağı var.
2005-ci ildən məktəb İnternet şəbəkəsinə
qoşulmuşdur.
Pedaqoji şəraiti qiymətləndirmək,
təlim-tərbiyənin təşkili, mövcud problemlərin
araşdırılaraq həllinə nail olmaq əsas məsələ
kimi qarşıda durur.
Məktəbdə
icbari təhsilin həyata keçirilməsi istiqamətində
tədbirlər planı işlənmiş, nəticədə
təhsildən yayınma hallarının
qarşısının alınmasında uğurlu nəticə
əldə edilmişdir.
Tədrisin təşkili
Məktəb-liseydə
1450 şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 145 müəllim məşğul olur. Məktəb-liseydə
təhsil dünyəvi xarakter daşıyır, milli zəminə,
Azərbaycanın azadlıq və demokratiya ənənələrinə,
ümumbəşəri dəyərlərə əsaslanmaqla
şəxsiyyətin hərtərəfli formalaşmasına
xidmət edir, onun təlim-tərbiyə prosesinin bərabərhüquqlu
subyektinə çevrilməsini başlıca vəzifə
hesab edir.
Təlimin
Azərbaycan və rus dillərində aparıldığı
məktəb-liseydə müasir təlim texnologiyalarından və
innovativ təhsil proqramlarından müvəffəqiyyətlə
istifadə edilir. Müəllimlərdən 119 nəfəri
(82%-i) tədris prosesində İKT-dən geniş istifadə
edir. Müəllimlər peşəkarlıq səviyyəsini
artırmaq üçün fəal təlim və
ixtisasartırma kurslarından, fənn kurikulumları üzrə
öyrədici seminarlardan keçmişlər. Fənn kurikulumları
tətbiq edilən I-II-III siniflərdə müəllimlər
müasir dərsin strukturu, mərhələləri, eləcə
də təlim strategiyaları, yeni qiymətləndirmə
mexanizmini müvəffəqiyyətlə tətbiq edirlər.
Məktəb-liseydə
şagirdlərin biliyini möhkəmləndirmək məqsədi
ilə müxtəlif yarışlar, tədbirlər
keçirilir. Proqram materiallarının mənimsədiklərini
yoxlamaq məqsədi ilə hər yarımildə test
yoxlamaları təşkil olunur.
Məktəb-lisey
metodiki işlərin təşkili sisteminə xüsusi tələbkarlıqla
yanaşır, fənn müəllimlərini metodbirləşmələrə
cəlb edir. Qabaqcıl təcrübələrin öyrənilməsi
və yayılması, istedadlı şagirdlərin aşkara
çıxarılması və onlara qayğı göstərilməsi
ön plana çəkilir. Qabaqcıl pedaqoji təcrübə
müəllim fəaliyyətini və şagirdlərin təlim
işinin səmərələşdirilməsini əhatə
edir. Müəllimlərin yaradıcılıq
axtarışlarını öyrənmək və qabaqcıl
təcrübələri yaymaq məqsədi ilə il boyu
"açıq dərs"lər keçilir. Məktəbin
kimya müəllimi Sevda Axundovanın qabaqcıl təcrübəsinin
öyrənilib yayılması məqsədəuyğun hesab
edilib. Qarşılıqlı dərsdinləmə yüksək
səviyyədə aparılır.
Məktəb-liseyin uğurları
Məktəb-liseyin
əsas uğurlarından biri 2009-2010-cu tədris ilində
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olmasıdır. Məktəb-liseyin Azərbaycan
dili və ədəbiyyat müəllimi Elçin Manafov 2009-cu
ildə "Ən yaxşı müəllim" müsaqibəsinin
qalibi olmuş, eyni zamanda "Kurikulum layihəsi üzrə
milli məsləhətçi", V, VI, VII siniflər
üçün Azərbaycan dili dərsliklərinin redaktoru,
XI sinif ədəbiyyat dərsliyinin rəyçisidir. Məktəb-liseyin
direktoru, həmçinin Azərbaycan dili və ədəbiyyat
müəllimi Təhminə Əsədova VIII, IX siniflər
üçün Azərbaycan dili dərsliklərinin və
V-XI siniflər üçün Azərbaycan dili
proqramının müəllifidir. Məktəb-liseyin alman
dili müəllimi, baş müəllim, əmək
veteranı Firuzə Ağayeva VIII siniflər üçün
alman dili dərsliyinin müəllifi olmuşdur. "Əməkdə
fərqlənməyə görə" medalı ilə təltif
olunmuş Azərbaycan dili və ədəbiyyat müəllimi,
metodist Arifə Məmmədovanın "Azərbaycan dili və
tədrisi" jurnalında metodiki məqalələri dərc
olunur. Məktəb-liseyin tarix müəllimi, metodist Fəridə
Heydərova "Xan qızı Natəvan", "Hüseyn
Cavid" mükafatlarına layiq görülmüş, Azərbaycan
dili və ədəbiyyat müəllimi Şahnaz Xəlilova
"Azərbaycan müəllimi", "Elm, təhsil və
həyat" qəzetlərində məqalələri ilə
geniş oxucu rəğbəti qazanıb. Məktəb-liseyin
müəllimlərindən Ş.Mahmudova, A.Fərəcova,
U.Hacıyeva, S.Hüseynova, İ.Bəylərova müxtəlif
müsabiqələrin qalibi olmuş, mükafatlara layiq
görülmüşlər.
2008-2009-cu
tədris ilində ilk lisey siniflərin
buraxılışı olmuş və yüksək nəticələr
əldə edilmişdir. Məktəb-liseyin 50 məzunundan 47
nəfəri müxtəlif ali məktəblərə daxil
olub. TQDK-nın rəsmi məlumatlarına əsasən məktəb-liseyin
məzunlarının ali məktəblərə qəbul faizi
ildən-ilə artır. Məktəb-liseyi 2005-ci ildə bitirən
Ülkər Səfərəliyeva 644 bal toplayaraq Prezident təqaüdünə
layiq görülmüşdür.
Ali məktəblərə qəbulda
olduğu kimi, məktəblilərin respublika
fənn olimpiadalarında
da məktəb-liseyin
uğurları diqqətçəkəndir.
Şəhər və respublika üzrə keçirilən
müxtəlif olimpiada və
yarışlarda liseyin şagirdləri uğurla
çıxış edərək yüksək yerlər
tutmuşlar.
Məktəb-liseyin
gözəl ənənələrindən biri də məzunların
yenidən məktəbə müəllim kimi qayıtmasıdır. Təhsil
ocağının 15 məzunu hazırda öz müəllimləri
ilə çiyin-çiyinə çalışır.
Məktəb-liseyin 6-cı sinif şagirdi Sənəm
Təhməzlinin "Qarabağ geri dönəcək",
"Bizi ayrı saldılar " adlı kitabları ona
şöhrət gətirmişdir. Məktəb-liseyin 10-cu
sinif şagirdi Sevinc Qurbanova "Ümummilli liderimiz Heydər Əliyevin
anadan olmasının 87-ci ildönümü", "Azərbaycan
dünyam mənim", "Ulu öndər Heydər Əliyevi
düşünərkən" adlı inşa müsabiqələrində
iştirak etmiş və I yerə layiq
görülmüşdür. Ayşən Rəhimova
"Sağlam təbiət-sağlam insan-sağlam ailə",
İntizar Mustafayeva "20 Yanvar", "Tarixin gerçək
səhifəsi", Fariz Bayramov
"Narkomaniya və QİÇS-ə qarşı mübarizə"
mövzularında inşa müsabiqələrinin qalibləri
olmuşlar .
Məktəb-liseyin
şagirdləri idman yarışlarında da fəal
iştirak edirlər. Belə ki, İ.Mirkulova idman
akrobatikası üzrə Bakı şəhər birinciliyində
I yer, C.Abdullayev Azərbaycan Kikboksinq və Muzey-Tay
Federasiyasının Novruz bayramına həsr olunmuş
çempionatda I yer, A.Ağazadə Bakı şəhəri Gənclər
və İdman Baş İdarəsinin "Cəngavər
karate do idman klubunun şotokan növü" üzrə I
yer, S.Qurbanova şahmat üzrə Bakı şəhər
birinciliyində II yer, R.Feyziyev karatenin kyokuşinkayka
kontakt üzrə I yer,
İ.Quliyev yunan-Roma güləşi üzrə birincilikdə
I yer, N.Paşayev yunan-Roma güləşi üzrə
birincilikdə II yer, məktəbin şahmat üzrə
komandası isə "Uşaq ili"nə həsr olunmuş
rayon turnirində I yerə layiq görülmüşlər.
Pedaqoji kollektiv
49
nömrəli "İntellekt" məktəb-liseyin pedaqoji
kollektivi fəaliyyətində
müasir dərsə verilən tələbləri daim
diqqət mərkəzində saxlayır, şagirdlərin
idrakını inkişaf etdirən, müstəqilliyini artıran,
bilikləri sərbəst əldə etmək vərdişləri
yaradan, axtarıcılığı
istiqamətləndirən fəal təlim metodlarından, qeyri-ənənəvi
tədris forma və
üsullarından istifadə edir.
Müəllimlər
təlim prosesində İKT-dən səmərəli istifadə
edirlər. Müəllimlərin "İntel", "Mədəd"
kurslarından keçməsi onlara dərslərini elektron vəsaitlər
vasitəsi ilə qurmalarına çox kömək edir.
Müəllimlərdən hazırda 4 nəfəri - Samirə
Hüseynova, Xəyalə Qənbərova, İrina Abbasova, Tərminə
Əsədova Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
təşkil edilmiş dərsliklər üzrə ekspert
komissiyasının tərkibində çalışır.
Məktəb-liseyin
müəllim kollektivi müasir dərsə verilən tələbləri
daim diqqət mərkəzində saxlayır, təlim metod və
üsullarını düzgün seçməklə
şagirdlərin idrak fəallığını, müstəqillik səviyyəsini
artırmağa səy göstərir. Belə müəllimlərdən
A.Abbasova (riyaziyyat), A.Şirinov (riyaziyyat), S.Axundova (kimya),
T.Yüzbaşova (biologiya), H.Kərimova (fizika) və
başqalarını göstərmək olar.
Məktəb-lisey
elm, təhsil ocağı olmaqla bərabər, həm də
şagirdlərin dünyagörüşünün
formalaşmasında, həyata baxışda milli mənəvi
dəyərləri layiqincə qiymətləndirməyi
bacarmaq kimi müsbət keyfiyyətləri tərbiyə edir.
Bu nöqteyi-nəzərdən sinifdənxaric və məktəbdənkənar
tədbirlərin keçirilməsi hər bir şagirdin
intellektual inkişafında böyük rol oynayır. Məktəbin
pedaqoji kollektivi bu yöndə ciddi addımlar atır.
Şagirdlərin elmə, təhsilə marağını
artırmaq məqsədi ilə ədəbi-bədii
kompozisiyalar, fənlər üzrə viktorinalar, "Beynəlxalq
ahıllar günu", "Müəllim sözü müqəddəsdir"
kimi ənənəvi tədbirlər keçirilir.
Məktəbdə
şagirdlərin nizam-intizam məsələsi daim diqqət mərkəzində
saxlanılır. Müəllim-valideyn-şagird münasibətlərində
istənilən nəticəni əldə etmək
üçün tez-tez lektoriyalar təşkil edilir.
Şagirdlərdə vətənpərvərlik, humanizm kimi əxlaqi
keyfiyyətləri aşılamaq məqsədilə
"Müstəqillik milli sərvətimizdir", "Milli
Dirçəliş günü", "20 Noyabr - Beynəlxalq
Uşaq Hüquqlarının Müdafiəsi Günü",
"12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya
günü", "Qanunun aliliyi həyat devizimizdir",
"Azərbaycanın gələcəyi sizin əllərinizdədir",
"Konstitusiya - əsas qanunumuzdur", "31 dekabr Dünya
Azərbaycanlılarının Beynəlxalq Həmrəylik
Günü" adlı tədbirlər keçirilir. Belə
tədbirlərin cərgəsinə "Birlik - həmrəylikdir",
"Biz Günəşin zərrəsiyik" rəsm
müsabiqəsi , "Yeni il - yeni arzular" və digərlərini
də qoşmaq olar.
Beynəlxalq əlaqələr
Məktəb-liseyin
ABŞ, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı ilə
beynəlxalq əlaqələri şagirdlərin İnternetlə
bir çox müsabiqələrdə iştirak edib, müvəffəqiyyət
qazanmasına səbəb olmuşdur.
Məktəb-liseydə
təhsil sahəsinin müasir informasiya təminatının təşkili,
təhsil sisteminin kompüterləşdirilməsi yüksək
səviyyədə aparılır. Bununla əlaqədar
"İTOCHU" şirkətinin yardımı ilə
kompüter mərkəzinin açılışı
olmuşdur. Açılışda "İTOCHU" şirkətinin
prezidenti K.Morosito iştirak etmişdir.
Məktəb-liseyin
müəllim və şagirdləri müxtəlif ölkələrdən
gələn qonaqlarla görüşlər keçirmişlər.
Səudiyyə Ərəbistanı Krallığının səfiri
Əli Həsən Cəfəri ilə, Yaponiya səfirinin I
köməkçisi xanım Makikay ilə görüşlər
şagirdlərin dünyagörüşünün
formalaşmasında böyük rol oynamışdır.
Bu
görüşlərin yekunu kimi məktəb-liseydə təhsil
özünün üstün inkişafını təmin
edir, dünya ölkələrinin təhsil sisteminə
inteqrasiya prosesi intensivləşir, təlim-tərbiyə
prosesi daha da təkmilləşir, yeni müasir modellər,
mexanizmlər intensiv şəkildə işlənərək
pozitiv nəticələr əldə olunur.
Məktəb-liseyin uğurları
* Məktəb-lisey
2010-cu ildə "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olub.
* Məktəb-liseyin
müəllimi Elçin Manafov "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibidir.
* Məktəb-liseyin
məzunlarından Ülkər Səfərəliyeva Prezident təqaüdçüsüdür.
* Məktəb-liseyin
məzunu Rauf Cəlilov - tibb elmləri doktoru, 5 nömrəli
xəstəxananın baş həkimidir.
* Məktəb-liseyin
məzunu Zenfira Məmmədova - filologiya elmləri doktoru, Azərbaycan
Dillər Universitetinin kafedra müdiridir.
* Məktəb-liseyin
məzunu Ənvər Seyidov - hüquq elmləri namizədi,
dosentdir.
Niyazi Rəhimov
Azərbaycan
müəllimi.- 2011.- 29 aprel.- S.8-9.