Yaponiyanın təhsil
sistemi
Yaponiya
Ərazisi: 377907
kv.km.
Əhalisi:
127767994 nəfər
Paytaxtı: Tokio şəhəri
Dövlət dili: Yapon dili
Pul vahidi: yen
Təhsil sistemi
Şərqi
Asiyada, Sakit okeanın qərb hissəsində yerləşən,
dörd böyük (Honsü,
Küsü, Hokkaydo, Sikoku) və çoxlu sayda kiçik
adalardan ibarət olan Yaponiya 47 prefekturaya (bölgəyə)
bölünüb. Yaponiyada təhsil dövlət, ailə və
ümumilikdə cəmiyyət tərəfindən himayə
olunur.
Yaponlar
kiçik yaşlarından ciddi və davamlı şəkildə
müvafiq biliklərə yiyələnməyə
başlayırlar. Uşaqlar bunu, yüksək səviyyəli
məktəbə daxil olmaq, gənclər nüfuzlu universitetdə
oxumaq, müvafiq seçimlərdə müsabiqələrdən
keçə bilmək, daha sonra isə qabaqcıl şirkətlərdə
çalışmaq üçün edirlər. Yaponiyada
yüksək səviyyəli təhsil hər bir şəxsin
gələcək uğurlarına zəmanət hesab olunur.
Təhsil sistemində aparılan
mütərəqqi islahatlar II Dünya müharibəsindən
sonrakı onilliklərdə ölkənin tərəqqisi və
iqtisadi inkişafında mühüm rol oynayıb. 1947-ci ildə
Fundamental Təhsil və Məktəb Təhsili qanunları qəbul
olunub. Məktəb Təhsili Qanunu bu gün də
mövcud olan təhsil sistemini müəyyən edir:
* Məktəbəqədər
təhsil - 6 yaşa qədər uşaqları əhatə
edir.
Ümumi
orta təhsil:
*
İbtidai təhsil - 6 il;
*
Aşağı orta məktəb - 3 il;
*
Yuxarı orta məktəb - 3 il.
Ali təhsil:
*
Bakalavriat - 4
il;
*
Magistratura - 2 il;
* Doktorantura
- 2 il.
Yaponiyada ibtidai və orta təhsilin aşağı pilləsində-I-IX
siniflərdə təhsil icbaridir. 11 aylıq tədris ili
apreldə başlayır və martda başa çatır. Dərslər məktəbdən asılı olaraq,
həftədə 5 və ya 6 gün keçilir. Tədris
ili üç semestrdən ibarətdir. Semestrlər arasında yaz, yay və qış tətili
verilir. Məktəblərdə vahid məktəbli
forması sistemi tətbiq olunur. İbtidai
məktəb şagirdlərinin məktəbli forması orta məktəb
şagirdlərinin geyimindən fərqlənir.
Ölkədə bütün dərsliklər pulsuzdur. Məktəblərdə
alternativ dərsliklərdən istifadəyə də icazə
verilir. Eyni zamanda, fənn müəllimləri
də yardımçı dərslik, dərs vəsaiti
hazırlaya bilərlər. Ancaq təhsili
idarəetmə orqanları tərəfindən təsdiq
edildikdən sonra onların istifadəsinə icazə verilir.
Yaponiyada müəllim hazırlığına və
işə qəbul məsələsinə çox ciddi
yanaşılır. Müəllimlər tələbləri
kifayət qədər ciddi və sərt olan imtahan verdikdən
sonra işə qəbul edilir. Müəllimlərin
böyük əksəriyyəti könüllü şəkildə
axşam saat 9-a qədər şagirdlərlə fərdi məşğul
olmaqla məktəbdə işlərini davam etdirirlər.
Yaponiyanın orta məktəblərində bir müəllim
eyni bir məktəbdə 6 ildən çox
çalışa bilməz. Bu müddət bitdikdən
sonra prefekturadakı digər məktəbdə və ya digər
prefekturadakı tədris ocaqlarında işlə təmin
edilir. İş yerini dəyişən
müəllimin evlə təmin edilməsi təhsili idarəetmə
orqanları tərəfindən həyata keçirilir.
2009-cu
ilin statistik məlumatlarına görə, Yaponiyada 13536
uşaq bağçası, 22258 ibtidai məktəb, 10864
aşağı orta məktəb, 5183 yuxarı orta məktəb,
1026 xüsusi qayğıya ehtiyacı olanlar üçün
məktəb, 64 texniki kollec, 406 yeniyetmələr
üçün kollec, 773 ali məktəb, 3348 peşə
ixtisas kolleci fəaliyyət göstərir.
Yaponiyada bir çox əcnəbi dillərin, xüsusilə
ingilis dilinin tədrisinin təkmilləşdirilməsi
prioritet kimi qəbul edilib. İngilis dilinin tədrisi
səviyyəsinin yüksəldilməsi üçün
hökumət Yaponiya Mübadilə və Tədris Proqramı
çərçivəsində ingilisdilli ölkələrdən
müəllimlər dəvət edir.
Məktəbəqədər təhsil
Yaponiyada uşaqların məktəbəqədər təhsilə
cəlb olunması könüllülük prinsipinə əsaslanır. Məktəbəqədər
təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi
üçün nəzərdə tutulmuş müvafiq
proqramlar vasitəsilə tədris aparılır. Məktəbəqədər təhsil həyat boyu təlimin
formalaşmasında əsas rol oynadığı
üçün bu təhsil pilləsi ən mühüm mərhələ
hesab olunur. Bu baxımdan ölkədə hər
bir uşağın keyfiyyətli məktəbəqədər
təhsillə təmin olunması xüsusi əhəmiyyət
kəsb edir.
Ölkədə həm dövlət, həm də
özəl uşaq bağçaları mövcuddur. Məktəblər
məktəbəqədər müəssisələrlə
yaxından əməkdaşlıq edir. Onu
da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində
6 yaşa qədər 1636336 uşağın təlim-tərbiyəsi
ilə 110692 müəllim məşğul olur.
İbtidai təhsil
Yaponiyada ibtidai və orta təhsilin aşağı pilləsində
təhsil icbaridir. Uşaqlar 6 yaşdan 12 yaşa qədər
- I-VI siniflərdə bu təhsil pilləsində oxuyurlar.
İbtidai təhsil pilləsində şagirdlərlə
əsasən, iki müəllim məşğul olur. Dərslərdə daha çox tətbiqi
bacarıqlara, müzakirələrə və oyunlara
üstünlük verilir. İbtidai təhsil
müəssisələrində 7063606 şagirdin təlim-tərbiyəsi
ilə 419518 müəllim məşğul olur.
2011-ci ildən etibarən ingilis dili ibtidai məktəb
kurikulumunun icbari hissəsini təşkil edir. Əksər şagirdlər
ibtidai, orta təhsilin aşağı pilləsində dövlət
müəssisələrində oxusalar da, orta təhsilin yuxarı
və ali təhsil pillələrində
özəl təhsil müəssisələrinə
üstünlük verirlər.
Orta təhsil
Qeyd
etdiyimiz kimi, Yaponiyada orta təhsil aşağı və
yuxarı pillələrə bölünür və
ümumilikdə 6 il davam edir. Ölkənin bütün orta təhsil müəssisələrində
6947634 şagirdin təlim-tərbiyəsi ilə 490113 müəllim
məşğul olur.
Orta təhsilin aşağı pilləsinə VII, VIII və
IX siniflər daxildir. Uşaqlar 12 yaşdan 15 yaşa qədər
bu təhsil pilləsində oxuyurlar. Bu
dövrdə məktəblərdə əsas diqqət akademik
fənlərə yönəldilir. Orta təhsilin
aşağı pilləsini bitirən şagirdlərin 96 faizi
öz təhsillərini orta təhsilin yuxarı pilləsində
davam etdirirlər.
İbtidai məktəblər kimi, orta məktəblərin
də böyük əksəriyyəti dövlətə məxsus
olsa da, onların 5 faizi özəldir. Özəl orta məktəblərdə
birillik təhsil haqqı orta hesabla 4000 ABŞ dollarına
(558592 yen) yaxındır. Bu məbləğ,
hökumətin dövlət orta məktəblərində
oxuyan bir şagird üçün müəyyən etdiyi 934
ABŞ dolları (130828 yen) ilə müqayisədə, təxminən
4 dəfə çoxdur.
Aşağı orta məktəblərdə müəllimlər
yalnız ixtisaslarına uyğun fənləri tədris edirlər. Müəllimlərin
80 faizi 4 illik kollec məzunlarından ibarətdir. Siniflərdə şagird sıxlığı
çox yüksəkdir və orta hesabla bir sinifdə 35-dən
artıq şagird olur. Dərs keçmək
üçün şagirdlər deyil, əsasən, müəllimlər
sinifdən-sinfə dəyişirlər.
Orta təhsilin aşağı pilləsində tədris
mühazirə üsuluna əsaslansa da, müəllimlər
digər texniki vasitələrdən də istifadə edirlər. Eləcə də
dərs zamanı şagirdlər üçün laboratoriya
işləri müəyyən olunur.
Məktəblərdə kompüterləşməyə
hələ ötən əsrin 80-ci illərinin sonlarından
başlanılıb. Məlumatlara görə, 1989-cu ilə qədər
dövlət əsaslı orta məktəblərin 45 faizi
kompüterlərlə təmin olunub.
Tədrisin bütün məzmunu orta təhsilin
aşağı pilləsi üçün nəzərdə
tutulan tədris kursunda müəyyən olunur. Orta təhsilin
aşağı pilləsinin kurikulumuna yapon dili, ictimai elmlər,
riyaziyyat, təbiət elmləri, musiqi, incəsənət,
tibbi və fiziki təhsil daxildir. Bundan əlavə,
bütün şagirdlərə maşın və mexanizmlər
haqqında müvafiq məlumatlar verilir, əmək təlimi
tədris edilir. Şagirdlərin əksəriyyəti
dərsdən sonra bir sıra məktəb dərnəklərində
fəal iştirak edir, axşamlar və ya həftə
sonlarında isə özəl sinifdənxaric kurslara gedirlər.
Yaponiyada
3 il davam edən orta təhsilin yuxarı
pilləsi məcburi olmasa da, orta təhsilin aşağı
pilləsini bitirənlərin 96 faizi təhsillərini bu pillədə
davam etdirirlər. Orta təhsilin yuxarı pilləsində
özəl məktəblərə tələbat daha
çoxdur. Odur ki, təhsilin bu mərhələsində
özəl tədris ocaqları bütün orta məktəblərin
95 faizini təşkil edir. Onu da qeyd edək
ki, orta təhsilin yuxarı pilləsində təhsil həm
dövlət, həm də özəl məktəblərdə
pulludur. Özəl məktəblərdə
bir şagird üçün nəzərdə tutulan təhsil
haqqı dövlət məktəblərindəki xərclərdən
iki dəfə çoxdur.
Orta təhsilin
yuxarı pilləsində tədris əsasən əyanidir və
şagirdləri ali və peşə
ixtisas təhsilinə hazırlayan akademik kurslar təklif edən
ümumi proqram əsasında aparılır. Şagirdlərin
70 faizdən çoxu ümumi akademik proqramlar üzrə təhsil
alır. Məktəblərin kiçik bir
hissəsində isə qiyabi, axşam kursları təşkil
olunur.
Proqramın birinci illərində şagirdlərə
yapon dili, ingilis dili, riyaziyyat və təbiət elmləri tədris
olunur və şagirdlərin qabiliyyət fərqləri üzə
çıxarılır. İkinci ildə isə
tədris kursunun məzmunu və məktəblinin seçimi fərdiləşdirilir.
Bunlarla yanaşı, ümumi proqramın tədrisi
zamanı əsas akademik materialın mənimsənilməsinə
xüsusi diqqət yetirilir.
Orta təhsilin yuxarı pilləsində
çalışan müəllimlərin çoxu universitet məzunlarıdır. Məktəblər
bölmələrə ayrılır və müəllimlər
öz ixtisas sahələrinə uyğun bölmələrdə
çalışırlar. Bununla belə,
müəllimlər öz ixtisasları çərçivəsində
müxtəlif kurslarda da işləmək imkanına malikdirlər.
Tədris prosesində əsasən mühazirə
üsuluna üstünlük verilir.
Orta təhsilin yuxarı pilləsində fiziki cəhətdən
qüsurlu şagirdlərin təlimi əsasən peşəyönümlüdür. Bu, onların
cəmiyyətdə mümkün qədər müstəqil
olmasını təmin etmək məqsədi
daşıyır. Şagirdlərin fiziki
qüsurundan asılı olaraq peşəyönümlü təhsil
fərqlənir. Onu da qeyd etmək
lazımdır ki, ümumiyyətlə, ölkədə
peşə ixtisas təhsili orta təhsilin ən vacib hissəsinə
çevrilib.
Peşə ixtisas təhsili
Gənc nəslin karyera qazanmaq imkanlarının
genişləndirilməsini, əhalinin məşğulluq səviyyəsinin
artırılmasını nəzərə alaraq, peşə
ixtisas təhsilinin ümumi inkişafı Yaponiyada hər zaman
diqqət mərkəzində saxlanılır, uşaqların
gənclik illərindən müəyyən peşələrə
yiyələnməsinə olduqca ciddi yanaşılır. Bu baxımdan,
peşə ixtisas təhsilinin perspektiv inkişafını nəzərdə
tutan strategiyanın hazırlanması xüsusilə qeyd
olunmalıdır.
Yaponiyada peşə təhsili proqramlarına yüzlərlə
ixtisaslaşmış kurslar daxildir. Həmin kurslarda
informasiyanın emalı, gəmiçilik,
balıqçılıq, sənətkarlıq və digər
çoxsaylı ixtisaslar üzrə kadrlar hazırlanır.
Peşə ixtisas təhsili alanlar biznes və sənaye
sahələri ilə bağlı ixtisaslara daha çox
üstünlük verirlər.
Peşə
ixtisas kolleclərinin məzunları yalnız müvafiq
qaydalar çərçivəsində qəbul imtahanı
verdikdən sonra ali məktəbdə,
texniki və ya yeniyetmələr üçün xüsusi
hazırlıq kolleclərində təhsillərini davam etdirə
bilərlər.
Ali təhsil
Yaponiyada
595-i özəl olan 773 ali məktəbdə
3 milyona yaxın tələbənin təlim-tərbiyəsi ilə
172 mindən artıq müəllim məşğul olur. Ən
nüfuzlu və qocaman dövlət ali məktəbləri
arasında əsası 1877-ci ildə qoyulmuş Tokio, 1897-ci
ildən fəaliyyət göstərən Kioto və 1931-ci
ildə yaradılmış
Dövlət universitetlərinə daxil olmaq
üçün mütləq tam orta məktəbi bitirmək
lazımdır. Ali məktəblərə qəbul 2 mərhələdə
həyata keçirilir. Birinci mərhələdə,
abituriyentlər universitetlərə qəbulu həyata
keçirən milli mərkəzin apardığı
sınaqlarda iştirak edirlər. Sınaqdan
müvəffəqiyyətlə keçənlər bilavasitə
universitetlərdə təşkil edilən qəbul imtahanlarına
buraxılırlar.
Qeyd etmək lazımdır ki, özəl universitetlər
qəbul imtahanlarını müstəqil olaraq həyata
keçirirlər. Nüfuzlu və tam formalaşmış
özəl universitetlərin nəzdində uşaq
bağçaları, ibtidai, aşağı və yuxarı
orta məktəblər fəaliyyət göstərir. Belə kompleks tədris ocaqlarında uşaq
bağçasından yuxarı məktəbə qədər
müvəffəqiyyətli nəticələr göstərmiş
abituriyentlər universitetə imtahansız qəbul olunurlar.
Tədris
prosesində ümumi elmi və xüsusi fənlərə
bölünmə Yaponiya ali təhsilinin səciyyəvi
xüsusiyyətidir. Tələbələr ilk 2 il ərzində ümumi fənləri - tarix, fəlsəfə,
ədəbiyyat, ictimaiyyat və xarici dilləri öyrənməklə,
həmçinin gələcək ixtisasları ilə
bağlı xüsusi kursları dinləməklə ümumi
hazırlıq keçirlər. Bu dövrdə
tələbələr seçdikləri peşənin mahiyyətini
daha dərindən dərk edir, müəllimlər isə tələbə
seçiminin ixtisas baxımından düzgün
aparıldığına bir daha əmin olmaq, onun elmi
potensialını dəqiq müəyyənləşdirmək
imkanı qazanırlar. Bu mərhələni
başa vurduqdan sonra tələbə öz ixtisasını, hətta
fakültəsini də dəyişə bilər.
Sonrakı 2 ili isə tələbələr
seçdikləri peşəni dərindən öyrənməyə
həsr edirlər.
Universitetlərin hamısında təhsil müddəti
bakalavriat pilləsində 4 ildir. Ali tibb məktəblərinin tələbələri,
stomatoloq və baytar ixtisaslarına yiyələnmək istəyənlər
əlavə olaraq daha iki il təhsil
alırlar.
Bəzi istisna hallardan başqa, tələbələrin
bir universitetdən digərinə köçürülməsinə
icazə verilmir. Lakin ayrı-ayrı universitetlər əcnəbi
tələbələrin II və ya III kursa qəbulunu həyata
keçirirlər. Bunun üçün əcnəbi
tələbələrdən xüsusi imtahanlar
götürülür.
Universitetlər tədris prosesini əsasən semestrlər
üzrə təşkil edirlər. Tələbələrin qiymətləndirilməsində
vahid bal sistemi qəbul olunub. Bakalavr pilləsini
uğurla başa vurmaq üçün 124-150 arasında bal toplamaq tələb edilir.
Elmi-tədqiqat
işlərində öz bacarıqlarını göstərə
bilən ali məktəb məzunları 2
illik magistr (suşi) pilləsində təhsillərini davam
etdirmək imkanı qazanırlar.
Magistr pilləsi üçün olan proqram ciddi surətdə
elmi və peşəkar ixtisaslaşma nəzərdə tutur. 30 ballıq
vahidlə qiymətləndirilən proqram üzrə ikiillik təhsildən
sonra buraxılış imtahanı verilir.
Fəlsəfə
elmləri doktoru elmi dərəcəsi (nakuşi) almaq
üçün magistrlər 3 il,
bakalavrlar isə 5 ildən az olmayaraq əlavə təhsil
almalıdırlar. Doktorluq dərəcəsi proqramını
mənimsəmiş doktorantlar 50 bal
toplamalı, buraxılış imtahanı verməli,
müvafiq tədris kursları və xüsusi tədqiqatlar əsasında
dissertasiya işini müdafiə etməlidirlər.
Onu da qeyd
edək ki, fiziki cəhətdən qüsurlu gənclərin ali təhsil almasını təmin etmək
imkanlarının genişləndirilməsi Yaponiya hökumətinin
qarşısında duran əsas məqsədlərdən
biridir. Hökumət fiziki cəhətdən qüsurlu tələbələrin
ali təhsil müəssisələrinə
daxil olması üçün daha əlverişli
qaydaların tətbiqinə davamlı səylər göstərir.
Universitetlər və kolleclər
Yaponiyada
bakalavr dərəcəsi verən 4 illik kolleclər və ali peşə dərəcəsi verən 6
illik təhsil müəssisələri fəaliyyət
göstərir. 4 illik kolleclər dövlət əsaslı
milli universitetlər, prefekturaların, bələdiyyələrin
təsis etdiyi yerli universitetlər və özəl təhsil
müəssisələrindən ibarətdir.
Kollec tələbələrinin böyük əksəriyyəti
əyani proqramlar üzrə təhsil alırlar. Kolleclərdə
ən prioritet ixtisaslar sırasına ictimai elmlər, biznes,
hüquq, mühasibatlıq, mühəndislik, humanitar elmlər
və pedaqoji ixtisaslar daxildir.
Ali təhsil
müəssisələrində illik orta təhsil haqqı 1,4 milyon yen (10000 ABŞ dolları) təşkil
edir. Bu xərclərin ödənilməsini təmin
etmək üçün tələbələr günün
müəyyən bir hissəsini işləyir və ya
hökumətin dəstək verdiyi Yaponiya Təqaüd
Assosiasiyasından borc götürürlər. Yerli
hökumət qurumları, humanitar təşkilatlar və digər
qurumlar da ali təhsil xərclərinin
ödənilməsi üçün tələbələrə
yardım paketləri təklif edirlər.
Yaponiyada elmin, təhsilin inkişafına göstərilən
qayğı, insanların bu baxımdan nümayiş etdirdiyi
yüksək əzmkarlıq ölkə həyatının
bütün sahələrində özünü büruzə
verir. Təsadüfi deyil ki, dünya universitetlərinin
reytinq cədvəlinə görə Yaponiyanın Tokio,
Özəl
təhsil müəssisələrinə qəbul ali məktəblərə ümumi qəbul
olanların 80 faizini təşkil edir. Bununla belə,
dövlət əsaslı milli universitetlərə qəbul
olunmaq da yüksək qiymətləndirilir.
Yaponiyada kolleclər statusuna görə bizim orta ixtisas məktəbləri
ilə eyni səviyyədədir. Bu təhsil müəssisələri
texniki və yeniyetmələr üçün xüsusi
hazırlıq kolleclərinə bölünürlər.
Kolleclərdə humanitar, tibb və texniki elmlər
üzrə 2 illik hazırlıq proqramları təklif olunur.
Əksəriyyəti özəl olan bu təhsil
müəssisələrinə daxil olmaq istəyənlərin
sayı olduqca çoxdur. Kolleci bitirənlər
universitetlərin II və ya III kursundan başlayaraq ali təhsil almaq hüququna malikdirlər.
Texniki
kolleclərdə natamam orta təhsili olanlar 5 il,
tam orta məktəbi bitirənlər isə 2 il oxuyurlar. Bu təhsil ocaqlarında elektronika, inşaat,
maşınqayırma və digər fənlər tədris
olunur.
Yaponiyada yeniyetmələr üçün kolleclərdə
mühasib, dizayner, maşinist, proqramçı, avtomexanik, dərzi,
aşpaz və digər ixtisaslar üzrə 1 illik peşəkar
kurslar təklif edilir.
Bir çox kolleclər yalnız qadınlar
üçün nəzərdə tutulub. Qadınlara əsasən ev maliyyəsi, ədəbiyyat, xarici dillər,
pedaqoji, gigiyena kimi fənlər tədris olunur.
Təhsilin idarə
olunması
Yaponiya təhsili federal hökumət və regional
strukturlar - prefektura və bələdiyyələr tərəfindən
idarə olunur.
Federal hökumətin fəaliyyətinə təhsil
sisteminin idarə edilməsi, milli kurikulum standartlarının
yaradılması, müəllimlərə lisenziyaların
verilməsi, təhsilin maliyyələşdirilməsi, dərsliklərin
paylanması aiddir.
Prefekturalardakı təhsili idarəetmə orqanları
müəllimlərin məktəblərə təyinatını,
yuxarı orta məktəblərin yaradılması və idarə
olunmasını, məktəblərin tədris şəraitinin
yaxşılaşdırılmasını, xüsusi məktəblərin
açılması üçün icazənin verilməsini
həyata keçirirlər.
Dövlət məktəblərinin yaradılması və
idarə olunması məsələləri isə birbaşa bələdiyyələrin
üzərinə düşür.
Təhsilə ayrılan xərclər də bu
üç orqan - federal hökumət, prefektura və bələdiyyələr
arasında bölüşdürülür.
Yaponiyanın
Təhsil, Mədəniyyət, İdman, Elm, Texnologiya Nazirliyi
tərəfindən təhsil sistemini kollegial qaydada idarə
etmək üçün Təhsil Şurası
yaradılıb. Bu qurum ölkənin təhsil
siyasətini müəyyənləşdirir, yerli təhsil
orqanlarının nümayəndələrinin fəaliyyətini
istiqamətləndirir və müvafiq təlimatlar verir. Hər prefekturadan 1 nəfər Təhsil
Şurasının üzvlüyinə təyin olunur. Təhsil Şurasının rəhbəri isə
üzvlər arasından seçilir.
Yerli təhsili idarəetmə orqanları Təhsil Komitəsi
adlanır. Bu qurumun fəaliyyətində idarəetmə və
koordinasiya, ümumtəhsil, fasiləsiz təhsil, mədəniyyət,
idman sahəsi əsas yer tutur.
Əcnəbi tələbələr
Cəmiyyətin qapalılığı və dilin qəlizliyi
səbəbindən Yaponiya əcnəbi tələbələri
özünə cəlb edən dünya öncülləri
sırasına daxil olmayıb. Bu baxımdan, həyata keçirilən
ali təhsilin beynəlmiləlləşdirilməsi
siyasəti müsbət nəticə əldə olunmasına
təkan verir.
Ölkənin
ali məktəbləri əsasən
qonşu Asiya xalqlarından olan gəncləri özünə
cəlb edir. Əcnəbi tələbələr
arasında Çin, Tayvan və Koreyanın vətəndaşları
daha çoxdur. Avropa və Amerika ölkələrindən
də az sayda tələbələr
Yaponiya universitetlərini seçirlər.
Yaponiyada təhsil almaq istəyən əcnəbi tələbələrin
qəbulu yerli abituriyentlərlə eyni şərtlər
daxilində aparılır. Beynəlxalq Bakalavr və
Abitur proqramları üzrə imtahan verənlər də
Yaponiya universitetlərində oxumaq hüququ qazanırlar.
İddialı şəxslər 12 illik tam orta təhsil
alması haqda sənəd təqdim edərək imtahanlara
qatıla bilərlər. Əcnəbi tələbələr
dünya tarixi, ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya və
ingilis dili fənlərindən ümumi imtahan verməlidirlər.
Ən əsası isə yapon dilində olan test
yoxlamasından keçməkdir. Yapon dili üzrə test Beynəlxalq
Təhsil Assosiasiyası tərəfindən dünyanın 31
ölkəsində təşkil edilir. Məlum
olduğu kimi, yapon dili dünyada ən çətin dillərdən
biridir. Bu dili öyrənmədən Yaponiyanın mədəniyyətini,
idarəetmə üsulunu dərindən anlamaq, ali
məktəblərdə təhsil almaq mümkün deyil.
Əcnəbi
tələbələr üçün Yaponiya ali
məktəblərində təhsil haqqı dövlət və
özəl universitetlərdə kəskin fərqlənir. Əcnəbilər üçün ən bahalı
təhsil iqtisadiyyat, tibb, filologiya və pedaqogika ixtisasları
hesab olunur.
Yaponiyada əcnəbi tələbələrin 80 faizi
öz vəsaitləri hesabına təhsil alır. Təqaüd proqramları
çərçivəsində oxuyan tələbələr əsasən
Yaponiya hökuməti, Yaponiya Assosiasiyası, Beynəlxalq Həmrəylik,
Təhsil, Mədəniyyət, İdman, Elm, Texnologiya Nazirliyi
proqramları tərəfindən maliyyələşdirilir. Həmçinin bir sıra özəl fondlardan da təhsil
təqaüdü almaq mümkündür.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm,
Texnologiya Nazirliyinin rəsmi materiallarından istifadə olunub.
Azərbaycan müəllimi.- 2011.- 29 aprel.- S.12-13.