"Qulu Xəlilli
jurnalistika fakültəsinə milli ruh, vətənpərvərlik
gətirdi"
Qulu Xəlilli Qərbi
Azərbaycanın Sisyan bölgəsində Qızılcuq kəndində
sadə, əməksevər ailədə 1930-cu ildə anadan
olmuşdur. Uşaqlıq illərində qoyun-quzu
otarmış Q.Qasım oğlu əməkdə bərkimişdir.
Mənfur düşmənin növbəti alçaq siyasətinin
nəticəsi olaraq doğma yurddan didərgin
düşmüş ailələrdən biri kimi Qasım
kişi ömür-gün yoldaşı Tavadla birlikdə
balaları ilə Ağcabədinin Poladlı kəndində məskunlaşırlar. Ağdamda ilk təhsilini alan Qulu Xəlilli Azərbaycan
Dövlət Universitetində oxumuş, aspiranturanı
bitirmişdir.
Hələ aspirantura dövründən
başlayaraq Qulu Xəlilli Azərbaycan ədəbi-tənqidi
ilə məşğul olmağa başlamışdır. Azərbaycan
ədəbiyyatşünaslığı sahəsində
araşdırmaları ona geniş oxucu auditoriyası
qazandırmışdır. Elmi məclis və
yaradıcılıq plenumlarında cəsarətli, məzmunlu
və obyektiv çıxışları ilə məşhurlaşan
Q. Xəlilli "Vaqif" pyesi və tarixi dram janrı"
mövzusunda namizədlik, sonralar Azərbaycan romanının
inkişaf tarixini əks etdirən doktorluq
dissertasiyalarını müdafiə etmişdir.
Söz önü, yaxud unudulmaz
hadisə
...İsti
yay günü idi. İmtahan otağında əyləşənlər
biletlərin sualları üzərində
düşünür, arabir başlarını qaldırıb
komissiya qarşısında cavab verən qrup
yoldaşlarını dinləyirdilər.
Sonuncu
dövlət imtahanı pedaqogikadan idi. İki suala
yaxşı cavab verən tələbə
üçüncü sualda çətinliyə
düşmüşdü. Pestalotsinin Qu quşunun nəğməsi
məqaləsinin adını dəqiqliyi ilə xatırlaya
bilmirdi. O vaxtlar (ötən əsrin 70-ci illəri) pedaqogika və
pedaqogika tarixindən dərslik, dərs vəsaiti, demək
olar ki, yox idi. M.Mehdizadə, Ə.Seyidov, M.Muradxanovun rəhbərliyi
və iştirakı ilə hazırlanmış vəsaitlər
kitabxanalarda belə defisitləşmişdi. Tələbə
psixoloji cəhətdən sarsılmışdı: elmi
kommunizmdən "4", Azərbaycan dili və ədəbiyyatdan
iki "5" alandan sonra Qu quşunun son nəğməsində
"yana" bilərdi. Ani olaraq özünü toplayıb
hafizəsini "səhifələdi" və birdən səsini
bir az ucaldaraq yadına saldığı son variantı dedi və
elə bu anda Ə.Dəmirçizadə, A.Hacıyev, X.Məmmədov,
N.Abdullayevlə bir sırada, tən ortada əyləşmiş
qıvrım saçlı, qarabuğdayı, orta boylu komissiya
sədrinin səsi eşidildi: - Ay... müəllim, bir məqalə
adına görə tələbəni çox incitməyin. O,
Azərbaycan dili və ədəbiyyatdan "əla"
aldı. Filologiyanı bilirsə, dərs deyəcəyi
şagirdlərə nəsə öyrədəcək. Onda
Pestalotsi lazım olmayacaq.
Ötkəm
və cəsarətlə söylənilən sözlər
pedaqogika müəlliminin sürətini azaltdı, heç nə demədən
qarşısındakı vərəqə öz qiymətini
yazdı.
...İmtahan
qiymətləri oxunanda tələbənin gözləri doldu
və hörmətlə komissiya sədrinə baxdı. Qranit
çöhrəli alim sonuncu imtahanı da uğurla başa
vurdu.
...Bir
gün 22 ildən sonra imtahan komissiyasının sədri ilə
həmin məzun Təhsil Nazirliyində rastlaşdılar. Xəstəliklərə
mərdliklə sinə gərmiş alim-pedaqoq mətbuatda
çalışan, namizədlik dissertasiyası müdafiə
etmiş həmsöhbətini axıradək səbrlə dinləyib,
xeyirxah əməlinin təfsilatını eşidənlərlə
xudahafizləşib ayrıldı. Keçmiş tələbənin
gözləri dolmuşdu. Söhbətə qulaq asanlar təəssüratın
psixoloji təsirində idilər. O vaxtlar imtahan
komissiyasının sədri olmuş alim filologiya elmləri
doktoru, professor Qulu Xəlilli, onun imtahanda pedaqogika müəlliminin
cəngindən qurtardığı tələbə isə bu
sətirlərin müəllifidir.
Zəngin elmi-nəzəri irs:
çoxsaylı məqalələr, monoqrafiyalar
Bir
müddət akademiyanın Nizami adına Ədəbiyyat
İnstitutunda çalışan Qulu Xəlilli sonralar ADU-nun
(indiki BDU) professoru kimi, sözün həqiqi mənasında,
qüdrətli bir pedaqoq tək çalışmış,
mühazirələrində elmi dəyərlərlə
yanaşı, milli mənəvi dəyərləri də
çatdırmışdır.
Tənqidçi,
ədəbiyyatşünas, müəllim-pedaqoq, alim, əməkdar
mədəniyyət işçisi, əməkdar elm xadimi kimi
ad və titulları "alın təri və əlinin
qabarı ilə qazanmış" Q.Xəlilli "həyatın
qaynar, təlatümlü bağrından qopmuş bir
yazıçı-publisist" (Y.Qarayev, F.Mehdi) kimi
tanınmışdı.
Professor
Famil Mehdi alim-ədibin irsi ilə bağlı fikirlərində
vurğulamışdır: "Məsələ yalnız məqalə
və məktubların, resenziyaların sayında deyil,
onların, sözün əsl mənasında, cəsarətliliyində,
obyektivliyində, prinsipiallığındadır, elmi dəyərində,
orijinal tədqiqat üslubunda və nəhayət, publisistik təbiətliliyindədir.
...Onun
ədəbi tənqidindəki publisistik keyfiyyət, klassik və
müasir Azərbaycan - dünya tənqidinin ən
yaxşı ənənələrinə söykənir".
"Sənət
eşqi, yaşamaq istəyi" adlı məqalədə
("Ədəbiyyat qəzeti", 10.XI.2000) oxuyuruq: "Qulu
Xəlilli neçə ildir ki, dünyasını dəyişib.
Ancaq Qulusuz bir günümüz olmayıb. Onun dostları,
yoldaşları, tanış-bilişləri, qardaş deyib,
qardaş bildikləri insanlar... Qulu Xəlillini xatırlayırlar.
Onun özü kimi sərt məqalə
və çıxışlarını, xoş
zarafatlarını, məqamında səslənən
atmacalarını, atalar sözü və zərb-məsəllər
kimi qısa, ancaq dərin məzmunlu kəlamlarını yada
salırlar. Beləliklə, gözlərim
qarşısında onun bəzən qəmgin-tutqun, bəzən
gülümsər, mehriban sifətli, bütün hallarda mənən
zəngin, mərd, cəsarətli, sədaqətli, səxavətli
obrazı canlanır. Mən bütün məsuliyyəti ilə
deyirəm ki, onun şəxsiyyətinə, obrazına bərabər
az-az şəxsiyyət tapmaq olar. Qulu Xəlillidən daha
çox istedadlı yazıçı, publisist də tapmaq
olar, dərin zəkalı alim də, tənqidçi və
pedaqoq da. Ancaq Qulu Xəlillini tapmaq mümkün deyil. Qulu Xəlilli
bütün hallarda bənzərsizdir, özünə məxsusdur,
təkrarolunmazdır".
Professor Q.Xəlilli tanınmış ədəbiyyatşünas
alim idi.
1966-cı
ildə Məsud Əli oğlu ilə ilk monoqrafiyasını
- "Rəsul Rza" əsərini nəşr etdirən alim
sonralar yüzlərlə ədəbi-tənqidi məqalə
və resenziya çap etdirmiş, bunlar "Böyük sənət
uğrunda", "Sənət və sənətkar",
"Vaqif" pyesi və tarixi dram janrı", "Azərbaycan
romanının inkişaf tarixindən", "Həyat və
idrak", "Həyat yaradıcılıq çeşməsidir"
kitablarında toplu halında çap olunmuşdur.
Q.Xəlilli cəsarətli, obyektiv, prinsipial, elmi cəhətdən
dəyərli, orijinal tədqiqat üslublu, publisistik təbiətli
məqalə və resenziyalar müəllifi idi.
Q.Xəlillinin
tədqiq etdiyi yazıçı və şairlərin təxmini
siyahısı belədir: Y.V.Çəmənzəminli,
S.Vurğun, R.Rza, S.Rüstəm, İ.Əfəndiyev, Ə.Vəliyev,
B.Bayramov, İ.Hüseynov, B.Vahabzadə, Qabil, H.Abbaszadə,
N.Xəzri, Q.Qasımzadə və b.
Cəsarətli tənqidçi, xeyirxah
publisist, yazıçı
Sağlığında
onunla çiyin-çiyinə çalışanlar sonralar dəfələrlə
ciddi cərrahiyyə
əməliyyatlarına məruz qalmış Qulu
Qasım oğlunun ağrılı-acılı ömür
boyu çoxsahəli fəaliyyət göstərdiyini etiraf
etmişlər: "O, görkəmli yazıçı, alovlu
publisist, geniş diapazonlu alim, tədqiqatçı, tənqidçi,
ən başlıcası isə həqiqi vətəndaş,
prinsipial, təcrübəli pedaqoq idi. O, bütün bu
işlərlə eyni vaxtda məşğul olmuş, ictimaiyyətin
diqqət mərkəzində dayanmışdı. Bir çox halda canlı müzakirələrin,
mübahisələrin, hətta bəzən haqsız tənqidlərin,
hücumların hədəfinə çevrilmiş,
bütün hallarda bu hücumlara qətiyyətli,
ardıcıl, obyektiv şəkildə daha tutarlı, kəskin
formada cavab vermişdir. ...Qulu Xəlilli
başqalarını qorumaqla daha çox məşğul
olmuş, qələm dostlarına yönələn zərbələrə
qorxub çəkinmədən, cəsarətlə cavab
vermişdir" (F.Mehdi).
B.Vahabzadə
yazırdı: "Hər kəsin özünəməxsus,
diqqəti cəlb edən əlaməti olur ki, həmin adam o əlamətlə səciyyələnə
bilir. 40 ilə yaxın bir müddətdir ki,
eyni zindanda çəkic vurduğumuz, eyni əqidəyə
qulluq etdiyimiz qələm dostum Qulu Xəlillini mən bircə
sözlə səciyyələndirə bilərəm. Cəsarət!"
Müasirlərinin yazdığı kimi, Qulu Xəlilli
ömründə riyakarlıq bilməmiş,
yazılarında, söhbətlərində də
düşündüyünü demiş, bunun ona neçəyə
başa gələcəyini fikirləşməmişdir.
Bu və ya digər şəxsi keyfiyyətlərinə
görə Q.Xəlilli "Koroğlu toppuzu" (S.Rəhimov),
"Babək qılıncı" (F.Mehdi) bənzətmələri
ilə səciyyələndirilmişdir.
Professor Q.Xəlilli eyni zamanda qüdrətli bir publisist
idi. Professor
F.Mehdi yazırdı: "Onun publisistikası bir çox halda
tənqidi pafosla müşayiət olunur. Ancaq o,
vurub dağıdan, məhv edən, inkarçılıq yolu
tutan, gözdən salan, alçaldan publisistika deyildir. Əksinə,
onun publisistikasındakı Nəcəf bəy Vəzirov, Mirzə
Cəlil, Üzeyir Hacıbəyov yanğısı, Ömər
Faiq harayı, xalqa, Vətənə məhəbbətlə,
onların inkişafına, müasirləşməsinə...
mane olanlara... nifrətlə... əlaqədardır".
Qulu Xəlilli həm də yazıçı idi. Ağır exnakok xəstəliyi
ilə çarpışa-çarpışa qüdrətli qələmini
bədii yaradıcılıq sahəsində sınayan Qulu
müəllim ədəbiyyat tariximizdə öz yeri olan
"Yaşamaq istəyirəm", "Ömrün
baharı", "Atam və mən", "Qulun yaman
kişnədi", "Mələk xala" kimi roman, povest və
hekayələrində bir-birindən maraqlı, unudulmaz bədii
obrazlar yaratmışdır. Ötən əsrin
60-70-ci illərində nəşr olunmuş "Yaşamaq istəyirəm"
povesti böyük oxucu marağı qazanmışdı.
Q.Xəlilli təbiətə bağlı bir şəxsiyyət
olmuşdur.
Böyük alim-insan-yazıçı yazırdı: "təbiəti
qorumaq vətənpərvərlik, hətta insanpərvərlik
hissləri ilə birləşməlidir".
Bir alim-yazıçı olmaqla yanaşı, o, həm də
bir pedaqoq və filosof olaraq insanlar üzərində
müşahidə aparmış, müəyyən nəticələrə
gəlmişdir. Professor Şirməmməd Hüseynova məktubunda
insanları iki qrupa bölmüş Q.Xəlilli birinci qrupa aid
olanları yoluxucu xəstəliklərə
oxşatmışdır. "Belə
çirkablar, rəzillər sıxlaşıb
üstümüzə gələrkən sarsılmamaq,
müvazinəti itirməmək üçün mərd, təmiz
vicdanlı, namuslu, ruhən sağlam, cəsur, cəngavər
adamların birləşməsi lazımdır. Həqiqi,
işıqlı və mütərəqqi olanları qorumaq...
üçün, cəmiyyəti, insanlığı, bəşəriyyəti
çirkabdan, üfunətdən qorumaq üçün, saf,
təmiz, məsum, ləkəsiz insani ürəkləri
qorumaq üçün, yanan, yandıran, yaşayan, yaşadan
humanist vətəndaşları qorumaq üçün...
insani fikirlərin, ideyaların paklığını özündə
birləşdirən adamların birliyi vacibdir".
Qulu Xəlilli araşdırmalarda
İnsan
ömrünün cümləyə bənzəyişi var:
yaşama tərzindən asılı olan ömür var ki,
bütöv, geniş cümləyə oxşardır,
ömür var adlıq cümlə, ümumi şəxsli
cümlə səciyyəlidir.
Allah
payı olan ömrü ağrı-acıları ilə
bütöv yaşamış şəxslərdən biri idi
Qulu Xəlilli...
Dünyasını
dəyişdiyi 16 il ərzində
doğmaları, onu tanıyanlar, onun tələbə və
yetirmələri üçün tənqidçi, ədəbiyyatşünas,
müəllim, yazıçı, insan, ata, dost... olmuş Qulu
Xəlillinin yoxluğu çox ağrılı, çox
çətin bir itki kimi ürəklərdə göynərtiyə
çevrilib. Xalq yazıçısı İsmayıl
Şıxlının bir fikri var: biz bir şeyi itirəndən
sonra onun qədrini bilirik.
Q.Xəlillinin ictimai fikir tarixindəki yeri, bədii nəsrimizdə
və Azərbaycan jurnalistikasında, ədəbiyyatşünaslığımızda
xidmətləri bu gün özünün bütün tərəfləri
ilə aydın seçilir, təsəvvür olunur. Və xalqımızın dəyərli
simalarından biri olan görkəmli alimin şəxsiyyətinin
böyüklüyünü, əvəzedilməzliyini təsvir
və tədqiq etmək, onun ədəbi-tənqidi və ədəbi-estetik
irsini qiymətləndirmək, bədii-publisistik əsərlərinin
dəyərini vermək niyyətilə görülmüş
hər bir iş özlüyündə təqdirə və tərifə
layiqdir.
Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət
Pedaqoji Kollecinin direktoru Nurlana Əliyevanın Azərbaycan
Dövlət Kitab palatası tərəfindən
buraxılmış kitabı - "Narahat ömrün səhifələri"
(redaktoru professor Nizami Cəfərovdur) böyük alim-müəllimə
həsr olunmuş dəyərli əsərdir. Kitab görkəmli
şəxsiyyətin yaradıcılığını sadəcə
olaraq panoram təsvir etmir, analitik təhlil aparılıb, zəngin
elmi-nəzəri, bədii-publisistik irsə, çoxsaylı
mülahizə və faktlara əsaslanmaqla dəyərli
monoqrafik əsər yaradılıb. 11
çap vərəqi həcmində olan kitab 12 bölmədən
ibarətdir. "Unudulmaz insan, böyük
şəxsiyyət" adlanan bölmədə alim, tənqidçi,
yazıçı, publisist və pedaqoq Q.Xəlillinin şərəfli
və ibrətamiz həyat yoluna nəzər salınır,
şəxsiyyətini təşkil edən keyfiyyətlər təsvir-tədqiq
edilir.
Ədəbiyyatı özünün "ən mötəbər
istinadgahı, ən dəyanətli sirr mənbəyi, qəlbinin
döyüntüsü" adlandırmış Q.Xəlillinin
həyat yolu, əsərlərinin sayı və tematikası
haqqında oxuculara geniş informasiya
çatdırılır.
Monoqrafiyada
Q.Xəlilli prinsipial və güzəştsiz bir tənqidçi
kimi səciyyələndirilir, onun klassiklərə və
müasirlərinə münasibəti, ədəbi gəncliyə
diqqət və qayğı məsələləri
ayrı-ayrılıqda zəngin faktik materiallar əsasında
nəzərdən keçirilmiş, C.Cabbarlı, S.Rəhimov,
S.Vurğun, R.Rza, M.Süleymanlı və İ.Hüseynov kimi
şair, yazıçı və dramaturqların
ayrı-ayrı əsərlərinə tənqidçi qiyməti
birər-birər yada salınır, təqdir edilir, münasibət
bildirilir, tənqidi fikirlərin elmi-ədəbi, bədii-estetik
və sosial-fəlsəfi orijinallığı əsaslandırılır.
Tənqidçiliyi
çətin peşə kimi səciyyələndirən Q.Xəlilli
təkcə tənqidi məqalələr yazmaqla kifayətlənməmiş,
ədəbi prosesin bu müstəqil və məsuliyyətli
qolunun inkişafı, təşəkkülü,
formalaşması yolunda bir Fərhad fədakarlığı
göstərmiş, tənqidə etinasızlığa
qarşı barışmazlığı ilə həmişə
öndə olmuşdur.
N.Əliyeva monoqrafiyasının bir bölməsini Q.Xəlillinin
dilimizin saflığı uğrunda apardığı
mübarizə faktlarının təsvir, təhlil və tədqiqinə
həsr etmişdir. Aydın olur ki, Qulu müəllim dilə,
sözə münasibətdə daha tələbkar, daha sərt
və hətta amansız olmuşdur. Ədəbi
əsərlərdə ən mühüm məsələlərdən
biri dildir, - deyən görkəmli ədəbiyyatşünas
ayrı-ayrı sənətçilərin dilə münasibəti
faktlarını müntəzəm izləmiş, üstəlik
xalq dilinin inkişafında məktəb və müəllimin
roluna böyük əhəmiyyət vermişdir.
İki məktub, dostluq
düşüncələri
Şirməmməd HÜSEYNOV, BDU-nun
professoru
Dünyagörmüş, keşməkeşli, mənalı
və fəal ömür sürmüş yaşlıları
həyata bağlayan ən güclü amillərdən biri də
tarixi yaddaşdır. Bu qiymətli, mənəvi xəzinəyə
zaman-zaman kövrək hissiyyatla baş vurmalı, yaddaş dəftərini
vərəqləməli olursan. 40 ilə
yaxın bir müddət dostluq etdiyim, halal çörək kəsdiyim,
əqidəsinə, məsləkinə, cəsarətinə,
məntiqinə, alimliyinə hədsiz məhəbbət və
hörmət etdiyim Qulu müəllimin də yaddaş dəftərimdə
xüsusi yeri və mövqeyi var.
Qulu məndən 6 yaş kiçik idi. Mən universitetin jurnalistika
şöbəsini qurtaran ili o, birinci kursa
qəbul olunmuşdu. 1954-cü ildə mən Moskva Dövlət
Universitetində aspiranturanı bitirib, namizədlik
dissertasiyası müdafiə edərək universitetə
qayıdan ili Qulu təhsili başa
vurmuşdu. O vaxtkı filologiya fakültəsində jurnalist tələbələrdən
söhbət gedərkən bir neçə nəfərin
adını çəkərdilər. Bunların
sırasında Qulu Xəlilli və Xəlil Rza da vardı.
Məni onların hər ikisi
maraqlandırdı. Qulu ilə yaxın münasibətlərimizin
əsas səbəbkarlarından biri məşhur alim-tənqidçi,
Səməd Vurğunun "ədəbiyyatımızın
vicdanı" adlandırdığı akademik Məmməd
Arif Dadaşzadə, onun həyat yoldaşı, universitetin
sayılan, istedadlı və yiyəsiz gənclərinə
analıq məhəbbəti göstərən pedaqogika
kafedrasının dosenti Zümrüd xanım Axundova oldular. Hər ikisi Qulunun çox böyük istedad və ən
əsası vətəndaş və milli qeyrət sahibi
olduğunu dəfələrlə şəxsi, ailə çərçivəsi
söhbətlərdə qeyd edirdilər. 1963-cü
ildə M.Arif müəllimin Ağcabədidən Azərbaycan
SSR-in Ali Sovetinə deputatlığa namizədliyini irəli
sürmüşdülər. Arif müəllimi Ağcabədiyə
seçicilərlə görüşə kimlər
müşayiət edirdi; indi çoxlarına təəccüblü
gələ bilər: Nizami adına Ədəbiyyat
İnstitutundan baş elmi işçi Qulu Xəlilli və
universitetin dosenti Şirməmməd Hüseynov. Bizi rəsmi dairələr yox, M.Arif müəllim
özü seçmişdi. Mən Ağcabədidə
Qulunun ata-anası, qardaş-bacıları ilə də
Bu səfərdən sonra eyni ictimai zümrədən
olduğumuz üçün Qulu mənim üçün
doğmalaşdı. Çox böyük vuruşdan, çəkişmələrdən
sonra Qulunu jurnalistika fakültəsinə dəvət etdik.
Qulu Xəlilli jurnalistika fakültəsinə
milli ruh, vətənpərvərlik gətirdi. Qulu mənalı ömrünün sonunadək bu
kollektivin əzizi, sevimlisi oldu.
Qulu müəllimin mənə qardaşcasına
yazdığı, görüş və düşüncələrini
bölüşdüyü bir neçə məktubu var. Mən
onları qayğı ilə hifz edib saxlamışam. 1968 və 1972-ci illərdə
yazılmış bu şəxsi məktublarda dövrün səciyyəsi,
ictimai-siyasi problemləri, Qulunun ailə və övlad
qayğılarına həsr olunmuş sətirlər var. Azərbaycan
ziyalısı, alim və yazıçısının qələmindən,
qəlbindən süzülən bu sətirləri həyəcansız
oxumaq olmur...
Yaşamaq istəyirdi...
Yaşayacaq
Pənah XƏLİLOV, filologiya elmləri
doktoru, professor
Görkəmli
ədəbiyyatşünas, cəsur tənqidçi,
tanınmış ədib və Bakı Dövlət
Universiteti auditoriyalarında oxuduğu mühazirələri
neçə istedadlı tələbənin yaddaşında
yurd-yuva salmış filologiya elmləri doktoru, professor Qulu
Qasım oğlu Xəlillini bu fani dünyadan haqq dərgahına
yola salanda jurnalistika fakültəsində oxuduğu illər
yadıma düşdü. Özünün və
dostu rəhmətlik Xəlil Rza Ulutürkün şəkli
gözümün qabağına gəldi. İkisi
də sağlam gəncliyin işıqlı təbəssümü
kimi qarşımda parladı. Qışın
oğlan çağında başı və köynəyinin
yaxası açıq, əynində pencəkdən başqa
isti və qalın geyimi olmayan buz baltası kimi sağlam, ruhən
bundan da gümrah olan bu iki gənc beş-altı yaş
özlərindən böyük olan müəllimlərinə
- mənə həmişə nikbinlik gətirirdi. Qəbir üstündən qayıdandan sonra
"Yaşamaq istəyirəm" romanına bir də
baxdım və öz qələmi ilə çəkdiyi avtosurət
təəssüratımı daha da gücləndirdi.
Yaxşı
deyiblər ki, "Sən saydığını say, gör fələk
nə sayır". Otuz yaşına yenicə
çatmış bu "anadangəlmə pəhləvan"ı
uzun sürən xəstəlik yaxaladı, səkkiz-doqquz kərə
onu cərrah bıçağı altına saldı. Amma dözdü.
Qulu müəllimin bu dözümünün səbəbləri
nədir? - deyə düşünürəm. Təkcə cansağlığımı?
Başına toplaşan yar-yoldaş ünsiyyəti, ən
çox sarıldığı jurnalist, tənqidçi, ədəbiyyatşünas
qələminin saysız-hesabsız məhsulundan doğan
qürur, ədəbi-bədii yığıncaqlarda,
disputlarda, mətbuatda, radio və televiziyada,
yazıçılar qurultaylarında öz tribunasını
boş görməmək qətiyyəti. Tək öz
yazılarından yox, qələm yoldaşlarının,
keçmiş müəllimlərinin uğurlarından sevinmək,
ruhlanmaq ləyaqəti!..
İndi ötən illəri bir də yada salıb ədəbiyyatşünaslıq
və ədəbi tənqidimizdə səs-soraq salmış
kitablarına baxıram. Məndə avtoqrafı olan iki kitabı var: birinin tarixi
29.X.70-ci il, ikincinin tarixi 9.I.87. Kitabın
adı: "Tənqidçilik çətin peşədir".
Nə gözəl addır! Necə yazasan ki,
könül sındırmayasan, həm geniş oxucunu, həm
mütəxəssisləri, həm yazıçının
özünü qane edəsən; məqalən günün səsi
olmaqla yanaşı, ədəbiyyatşünaslıq tarixində
də iz qoya bilə. Yazdığın tənqid
başqasının tənqidi üçün mövzu verəndə
və polemika törəyəndə cırnamayasan, qələm
yoldaşının fikrinə hörmət göstərməyi
bacarasan. Bəli, tənqidçilik çətin
peşədir. Qulunun məndə avtoqrafı olmayan
sanballı bir monoqrafiyası da var: "Azərbaycan
romanının inkişaf tarixindən" (1973). Bu, bütöv bir ensiklopediyadır, amma dar
ensiklopedik məlumat kitabı səpgisində yox, bəlkə
çoxsahəli elmi-tədqiqat, hüdudsuz müqayisələr,
elmi polemikalar səpgisində. Azərbaycan
romanının yaranması qaynaqlarından tutmuş təxminən
altmış illk zəngin ədəbi irsin dolğun salnaməsi,
tarixi inkişaf xüsusiyyətlərinin təhlili; hər ədibin
fərdi yaradıcılıq dünyasına girməklə
yanaşı, Azərbaycan ədəbiyyatında bütün
roman məhsuluna ümumi baxış. "Həyat
yaradıcılıq çeşməsidir" əsəri də
belədir. Qulu Xəlilli xəstə
canını yarım əsrdən artıq bir vaxt müddətində
yaranmış siqlətli, rəngarəng roman
yükünün altına vermişdir. O, ciyərinə
dəyən bıçağın altında da, ədəbi
məhsullar siqlətinin altında da tıncıxmayıb,
tövşəməyib, onu eniş və yoxuşlarda səbrlə,
təmkinlə daşıyıb, zövq ala-ala
aparmışdır. Məqalələrindən
birinin adını "Zəngin xəzinə" qoymuş
Qulu Xəlillinin elmi irsi də ədəbiyyatşünaslığımızın
zəngin xəzinələrindəndir.
Mən ömrümdə bircə dəfə nekroloq
yazmışam və sağ-salamat bir çağında cərgəmizdən
getmiş professor Əliyar Qarabağlının ruhu ilə
vidalaşmışam. O, mənim mənsub olduğum nəslin unudulmaz müəllimi
idi. İndi bu yazımın hər sətrində
daha ağır iztirablara qatlaşıram - tələbəsini
itirən müəllim üçün bu itkini yaşamaqdan
ağır sarsıntı olmaz.
Təsəllimiz yalnız budur ki, istedadlı tələbələr
qəlbinə Qulu müəllimin saldığı fikir
toxumları cücərir, gənc tədqiqatçılar nəsli
onun irsini öyrənir.
O, heç vaxt qərəzli
danışmırdı
Cahangir MƏMMƏDLİ, Bakı
Dövlət Universitetinin kafedra müdiri, professor
...İtirdiyimiz adamların hamısının yeri
görünür. Atanın ata yeri, doğmanın doğma yeri, dostun dost
yeri, hətta düşmənin düşmən yeri. Qulu müəllim kimi adamların itkisi ictimai itkidir.
Bu itki Azərbaycan itkisidir; Azərbaycan ədəbiyyatının
Belinski tipli itkisi, publisistikamızın Üzeyir tipli itkisi,
universitet auditoriyasının müəllim itkisi, Şirməmməd
müəllimin, Famil müəllimin dost itkisi, onu
tanıyanların, ona söykənənlərin kişi sinəsi itkisi...
Mənim
Qulu müəllim itkisi ilə bağlı kiçik bir təsəllim
var: iyirmi il onunla bir yerdə, lap elə bir
kafedrada işləmişəm. Qulu müəllim
kafedra iclasında olmayanda süst bir yığıncaq
keçirdi. Elə təsəvvür
yaranırdı ki, hər şey qaydasındadır və hər
şey gözəldir. Qulu müəllim
olanda problemləri elə ortaya tökürdü ki, necə
pis işlədiyimizi dərk etməli olurduq.
Qulu müəllim tənqid etməkdən ona görə
qorxmurdu ki, o, heç vaxt qərəzli
danışmırdı. Ümumiyyətlə, Qulu müəllimdə
qərəz yox idi. Nifrət etdiyi şairin bir usta
misrası onun nifrətini məhəbbətə çevirə
bilərdi.
Kafedrada əlavə rəyə göndərilən bir
namizədlik dissertasiyasını "yıxıb
sürümək" prosesi gedirdi. Qulu müəllim bircə cümlə
işlətdi: "Görməmişlik eləməyin".
Qulu müəllim özü, doğrudan da, görməmiş
deyildi. Onun əlindən onlarca namizədlik, doktorluq
dissertasiyası keçmişdi. Bu işdə
xeyirxahlığa üstünlük verirdi:
- Moskva bəhanə
axtarır, - deyirdi, - bizi öz əlimizlə vurur.
Elmdən danışanda Qulu müəllimin yeri
görünür. Filoloji elmimizin böyük bir mərhələsi
onun adı ilə bağlıdır.
Müəllimlikdən söhbət düşəndə
Qulu Xəlillinin yeri görünür. Proqram əsiri
olmadı. Auditoriyaya girdi və yalnız
özünün konsepsiyası ilə işlədi.
Publisistikadan söhbət gedəndə Qulu Xəlilli
örnək kimi yada düşür. Ən ağır
senzura illərində "Torpağın göz
yaşı" ilə Azərbaycan dərdini qoydu. Vətən deyəndə Qulu müəllim yada
düşür. Onun son kitabı belə
adlanırdı: "Hər şeydən keçilər, Vətən
keçilməz". Bu da bir taledir. Onlarca ədəbi, bədii, elmi, publisist kitabın
sahibi son anında bu kitabı yadigar qoydu. Azərbaycanın
ən yeni tarixinin biabırçı faktları onu
sızladırdı. Ölümündən bir az əvvəl görüşdük. Kövrəldi
və bu kövrəkliyin səbəbini açdı:
- Bilirsən
ki, mən ölümdən qorxan oğul olmamışam. Mən heç vaxt ölüm qorxusu keçirməmişəm.
Şuşaya, İsa bulağına,
Cıdır düzünə, Ağdama, Füzuliyə
ağlayıram. Min illərin qəhrəmanlığını
yaşamış bir xalqın torpağa
etinasızlığı məni qəbirdə yandıracaq.
Qulu müəllim bu sözlərdən düz bir sutka
sonra dünyasını dəyişdi. Onun bu fikrinin
acı gerçəkliyini yaşamaq bizə bu gün də
ağırdır. Dostluqdan söhbət
düşəndə Qulu müəllimi anıram. O,
çox ləyaqətli, təkrar çıxmasın, sinəsini
qabağa verən dost idi. Həyatında ən nadir
adamları özünə dost bilən Şirməmməd
müəllimin dostu idi. Mən ondan yaşca xeyli kiçiyəm,
amma Qulu müəllim mənə dost deyirdi. Onun
bir sözünü heç vaxt iki eləməmişəm.
Fəxr eləmişəm ki, Azərbaycan dərdi
ilə yaşayan, sənət məbədini heç nəyə
dəyişməyən, yaltaqlıqdan uzaq, sözü üzə
düz çırpan bir insanla, bir alim və bir müəllimlə
dostam.
70-ci illərin ortalarında Qulu müəllimin
yanında ürəyimin ağrılarından şikayətləndim. Deyəsən,
pessimizmə qapıldığımı hiss elədi.
Bir az ürək-dirək verib getdi. İki gündən sonra "Azərbaycan gəncləri"
qəzetində bir məqaləsi çap olundu. Bu məqalə
xəstəliyə qarşı cəsarətin, iradənin ən
böyük dərman olduğunu elə güclü publisistik
üslubla ifadə edirdi ki, birdən-birə
yaxşılaşdığımı və ümidsizlikdən
uzaqlaşdığımı anladım...
Qulu
müəllim birsifətli adam idi. Çöldə də, evdə də. O,
monolit, ziyalı övladlar tərbiyə edib.
Qulu müəllim hərə üçün bir itkidir. Bir xalqın ədəbiyyat
itkisi, bir mətbuatın publisistika itkisi, bir Vətənin
oğul itkisi, universitet üçün müəllim itkisi,
Azər üçün ata itkisi. Mənimçünsə
bütün itkilərin önündə bir həmdərd, bir
dost itkisi durur. Bu itkinin yerini heç kimlə,
heç nəylə doldurmaq olmur.
Söz abidəsi qoymuş qardaş
haqqında düşüncələr
İnqilab XƏLİLOV, Azərbaycan
Dillər Universitetinin dosenti
Qardaşım Qulunun özünəməxsus xarakterik cəhətləri
nə idi? - deyə məndən soruşanda tərəddüdsüz
deyirəm: Ötkəmlik, cəsarət, mübarizlik,
adamın üzünə həqiqəti şax demək
hünəri. Çox qəribədir ki, onun bu
cəhətlərini yaxşı bilən hər kəs onu sevər,
ona hörmət edərdi, ondan inciməzdi.
Qulu ədəbiyyata kənddən, təbiətin
qoynundan gəlmiş, həyatın əzab və məhrumiyyətlərindən
cücərmişdi. Buna görə də biz onun
yazılarından həyatın ağrı və
acılarını oxuyuruq. Onun "Yaşamaq istəyirəm",
"Atam və mən", "Ömrün baharı",
"Torpağın göz yaşı",
"Torpağın ətri", "Hər şeydən
keçilər, Vətən keçilməz" və sair əsərləri
başdan-başa həyatın göynərtiləri ilə
doludur.
Əqidəsinə gəlincə, son dərəcə
milli olduğuna görə bir tənqidçi alim kimi təhlil
etdiyi bədii əsərlərə, əsasən, bu rakusdan
baxar, bədii əsərlərini də əsasən bu
mövzuya həsr edərdi.
Qulunun hər məsələyə münasibətdə
öz sözü və öz cəbhəsi olmuşdu. O, tutuquşu kimi
ağızdan söz qapıb, kiməsə xoş gəlmək
üçün, nəyəsə uyğunlaşmaq
üçün söz deməzdi. O, həmişə
yalnız öz düşündüyünü demiş,
ürəyini deşən fikirlərini yazmışdır.
Onun
öz təbirincə desək: Qulu müəllim zəhmətin
kürəsində bərkimiş insan idi. O, zəhmətsevər,
hünərvər, cəld, işgüzar insanları həmişə
təqdir edərdi, tənbəli, pintini, süst adamları tənqid
atəşinə tutardı.
O, sənətə,
ədəbiyyata ciddi ölçülər, tələblərlə
yanaşar, Azərbaycan milli-ictimai fikrinin formalaşmasında
yaxından iştirak edərdi, onu bir çox yeni mənəvi-əxlaqi
dəyərlərlə zənginləşdirdi. Bunlarla yanaşı, Qulu Xəlilli eyni zamanda
böyük vətəndaş və alovlu publisist idi.
"Qulu Xəlilli xatirələrdə" deyəndə
xəyalımda bütöv bir aləm oyandı. Bizə,
elmimizə, sevdiyi xalqına ürəkdən bağlı olan
Qulu çox tez dəyişdi dünyasını. Zahiri sərtliyi ilə daban-dabana zidd olan nəcib,
kövrək ürəyi zəmanənin keşməkeşlərinə
davam gətirmədi.
Kiçiklərə
öyüd-nəsihət verərkən qəribə bir misal
çəkərdi: "Boş-bekar durunca, düşməninə
daş daşı!" Nə üçün
daş daşı? Qolların bərkisin,
caynaqların bərkisin, güclü olasan".
Qulu Xəlillini tanıyanların hamısı - alim və
yazıçılar, tələbə və aspirantlar, pedaqoq
və jurnalistlər, sadə adamlar, uşaq və
böyüklər onu ən əvvəl bir Azərbaycan
kişisi kimi tanıyırdılar. Bütün digər məziyyətləri,
daşıdığı adlar və titullar isə məhz bu
yüksək addan, mərtəbədən sonra gəlirdi.
Onun nədən
xoşu gəlirdi: Ədalət uğrunda mübarizə
aparmaqdan, xeyirxahlıqdan, vaxtı bir an belə
boş keçirməməkdən, yazmaqdan, yaratmaqdan.
Bəs nədən xoşu gəlmirdi? Başqalarına
qul olmaqdan, yaltaqlıqdan, xəsislikdən,
ikiüzlülükdən, tənbəllikdən, xəyanətdən.
İnsanların qəbirləri üstündə abidə
qoyurlar ki, əbədi qalsın. Qulu isə bu
dünyada söz abidəsi qoyub gedib.
Şamxəlil MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2011.-
29 aprel.- S.14-15.