Uppsala Universiteti
Yerləşir: İsveç Krallığı,
Uppsala şəhəri
Yaranma tarixi: 1477-ci il
Tipi: Dövlət
İşçi
heyətinin sayı: 5000 nəfər
Tələbələrin
ümumi sayı: 45000 nəfər
İllik büdcəsi: 5000000000 İsveç
kronu
Rəsmi saytı: www.uu.se
Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Uppsala Universiteti 100 ən yaxşı ali məktəb arasında 75-ci yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Uppsala Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 147-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 62-ci yerdə qərarlaşıb.
Tarixi
Uppsala Universitetinin yaranmasında
arxiyepiskop Ceyms Ulfssonun əhəmiyyətli rolu olub. XV əsrin ortalarında C.Ulfsson Uppsala şəhərində
universitet yaratmaq qərarına gəlir, bunun üçün
isə mütləq, orta əsrlər universitetlərində
olduğu kimi, papa bullası almaq lazım idi. 1477-ci ildə Uppsala Universiteti bu sənədi
almağa nail olur. Bullaya əsasən, Papa IV
Sikstus Uppsala Universitetinə daha əvvəl yaranmış
Boloniya Universitetində olduğu kimi bir sıra hüquq və
imtiyazlar verir. Belə ki, Uppsala Universitetində 4 ənənəvi
fakültə - ilahiyyat, hüquq (kilsə və
Roma hüququ), tibb və fəlsəfə fakültələri
açılır. Uppsalanın arxiyepiskopu yeni
yaradılmış universitetin kansleri adlandırılır,
ilahiyyat fakültəsi ali məktəbin mərkəzi
qüvvəsi hesab olunur.
1515-ci ildə arxiyepiskop Ceyms Ulfsson təqaüdə
çıxdıqdan sonra Uppsala Universitetinin inkişafında
durğunluq yaranır. Kral XIV Erikin, sonradan isə onun
qardaşı və davamçısı III İoannın
universiteti dirçəltmək cəhdləri nəticəsiz
qalır. 1593-cü ildə
İsveç orta əsrlərdə
istila etdiyi ərazilər hesabına böyüməyə
başlayır, ölkədə dövlət
qulluqçularına və müəllimlərə daha
çox ehtiyac duyulur. İsveçin
müxtəlif şəhərlərində gimnaziya və
hazırlıq məktəbləri tikilir. 1620-ci ildə
kral II Qustav Adolfun səxavətli yardımı nəticəsində
Uppsala Universitetinin iqtisadi təməli möhkəmlənir və
ali məktəb inkişaf yoluna qədəm
qoyur. Artıq 1630-cu ildə universitet tələbələrinin
sayı 1000-i keçir. Eləcə də
həmin dövrdə İsveç Krallığının tərkibində
olan Estoniyada Derpt (1632), Finlandiyada Abo (1640), Danimarkada Lund (1666)
universitetləti açılır. XVII əsrin əvvəllərində
Almaniya universitetlərində təhsil almış
İsveçin dövlət xadimi Aksel Oksenstierna
ömrünün son illərində universitetdə kansler vəzifəsində
çalışır və ali məktəbin
inkişafında gördüyü xüsusi işlərlə
yadda qalır. Kraliça Yelizaveta universitetə etdiyi bir
çox yardımlarla yanaşı, ali məktəbdə
keçirilən tədbirlərə də şəxsən
qatılır. O, gənc alim Olaus Rudbekin Anatomik teatr memarlıq
işinin
nümayişində iştirak edir. Qeyd
edək ki, Niderland Krallığının Leyden Universitetində
təcrübə qazanan və ixtisasca həkim olan O.Rudbek
1655-ci ildən Uppsala Universitetində çalışmağa
başlayıb və memarlıq sahəsində
gördüyü işlərlə tarixə düşüb.
Xüsusi gümbəzlərdən ibarət
Anatomik teatr binası, hazırda XVIII əsr muzeyi hesab edilən
və Botanika bağı məhz onun əməyinin bəhrəsidir.
Sonradan bu bağda tibb sahəsi üzrə
professor Karl Linney uzun müddət fəaliyyət göstərdiyi
və xüsusi qulluq işləri apardığı
üçün bağa onun adı verilir.
XVII əsrin
sonunda universitetin tarixində nəzərəçarpacaq
inkişaf hiss edilmir. Universitetdə dəqiq elmlər üzrə
alimlərin sayı xeyli azalır, bu zamanadək ali məktəbdə aparılan fəal fəlsəfi
debatlar Fransa inqilabından sonra ləngiməyə
başlayır.
1702-ci ildə Uppsala Universitetində
baş vermiş yanğın nəticəsində universitetin
bir çox binaları yansa da, Rudbekin tikdiyi binalar
yanğına daha az məruz qalır. Yanğından daha çox zərər çəkən
XVIII əsrdə universitetdə
ortodoksal Lüteran və klassik filologiya hökm sürsə də,
dəqiq elmlər üzrə də yeni layihələr həyata
keçirilməyə başlanılır. 1728-ci
ildə riyaziyyatçı və fizik Samuel Klingenstierna, 1729-cu
ildə astronom və fizik Anders Selsi, 1741-ci ildə isə
botanik və həkim Karl Linney professor elmi dərəcəsini
almağa nail olurlar. Universitetdə dəqiq və
humanitar elmlərin tərəfdaşları arasında
mübarizə aparılır. 1741-ci ildə
Uppsala Universitetində iqtisadiyyat kafedrası yaradılır.
Bu, Almaniyanı çıxmaq şərti ilə,
Avropada yaradılan ilk iqtisadiyyat fakültələrindən
biri olur. 1759-cu ildə universitetdə təsərrüfat
məqsədi ilə Təcrübi iqtisadiyyat bölməsi
yaradılır.
1865-ci ildə İsveç parlamentinin
sonuncu sessiyası zamanı qadınların ali
məktəblərə qəbul edilməsi barədə ilk dəfə
olaraq məsələ qaldırılır. Sonrakı
illər bu məsələ ölkə universitetlərində
də müzakirə olunur. İsveç
Krallığı üzrə ilk qız tələbə
Uppsala Universitetinin tələbəsi Berti Petterson olur. O,
1872-ci ildə kralın icazəsi ilə Uppsala Universitetinə
qəbul edilir və burada müasir Avropa dillərini öyrənir.
Sonradan isə B.Petterson oğlanlar
üçün məktəbdə müəllim işləyən
ilk isveçli qadın kimi tarixə düşür.
Ölkədə ilk doktorluq səviyyəsi alan
qadın da Uppsala Universitetinin tarix elmləri doktoru Ellen Fries
olur (1883-cü il). 1809-cu ildə qəbul
edilmiş İsveç Konstitusiyasına əsasən
yalnız isveçli kişilər dövlət vəzifələri
tuta və professor adını ala bilərdilər. Bu
qanun 1925-ci ildə ləğv edildikdən sonra İsveçdə
ilk dəfə olaraq 1949-cu ildə xanım Gerd Enequist Uppsala
Universitetində insan coğrafiyası üzrə professor adına yüksəlir.
Büdcəsi və
təhsil haqqı
Uppsala Universitetinin illik büdcəsi
5000000000 İsveç kronu təşkil edir.
Universitetdə yerli və Avropa
Birliyi, eləcə də Avropa İqtisadi Məkanı ölkələrini
təmsil edən tələbələr ödənişsiz təhsil
alırlar. Əcnəbi tələbələrdən
isə təhsil haqqı ödəmək tələb olunur.
Bakalavr pilləsində onların təhsil
haqqı ildə 80000-180000 İsveç kronu təşkil
edir. Təhsil haqqı İsveç kronu
ilə ödənilir. Tələbə
qeydiyyatdan keçmək üçün 900 İsveç
kronu (100 avro) verir. Universitetin magistratura və
doktorantura səviyyəsində təhsil haqqı tələbənin
seçdiyi proqrama görə fərqlənir.
Uppsala Universitetinin təqaüd
proqramı Avropa Birliyi və Avropa İqtisadi Məkanından
kənar ölkələri təmsil edən tələbələr
üçün nəzərdə tutulub. Təqaüd elanları payız və yaz
aylarında (1 noyabr, 1 aprel) verilir və tələbələrin
ərizə qəbuluna başlanılır. Universitetdə təhsil haqqını tamamilə
ödəyəcək məbləğdə bir neşə təqaüd
mövcuddur. Burada təqaüdlə
yanaşı tələbələrə qrant və kreditlər
təklif olunur. Universitetin verdiyi Vallenberq
fondu, Linney qrantlarının məbləği 86000
İsveç kronu təşkil edir.
Universitet bu
gün
Uppsala şəhərinin mərkəzindən
şimalda Uppsala Universitetinin Müəllimlərin
Hazırlanması Mərkəzi, cənubda Uppsala Biotibbi,
İnformasiya Texnologiyaları və Geo mərkəzlər,
Anqstrem, Rudbek laboratoriyaları, universitet xəstəxanaları,
qərbdə Humanitar elmlər, o cümlədən Xarici dillər,
Təkamül biologiyası mərkəzləri, Botanika
bağı, Kilsə ətrafında Qustavianum, Qədim
Konsistoriya, Universitet Holl, Ekerman, Din, Oksentierna, Reqnellianum,
Karolina Rediviva binaları, şəhərin müxtəlif hissələrində
isə Teatr Oekonomikum və Qamla Torget, Anders Selsi binaları,
Linney bağı yerləşir.
Uppsala Universitetində 50-dən çox
bakalavr, 60-dan çox magistr və doktorluq proqramı, 1900
müxtəlif kurs təklif edən 16 fakültə fəaliyyət
göstərir. Bu ali məktəbdə humanitar və sosial
elmlər üzrə İlahiyyat, Hüquq, Tarix və fəlsəfə,
Dillər, Sosial elmlər, Pedaqogika, tibb və əczaçılıq
elmləri üzrə Tibb, Əczaçılıq, Tibb
bacısı fakültələri, Tibb və Əczaçılıq
Elmləri Elmi-Tədqiqat Mərkəzi, dəqiq və texniki
elmlər üzrə Riyaziyyat və dəqiq elmlər, Fizika,
Kimya, Biologiya, Texniki elmlər, Geoelmlər, Texnologiya və dəqiq
elmlər fakültələri mövcuddur.
Uppsala Universitetinin Tibb və tibb
bacısı fakültələrinin "Akademiska sjukhuset"
adlı təhsil və təcrübə xəstəxanası
fəaliyyət göstərir. Universitet xəstəxanasının
yaşı universitetdən qədimdir, belə ki, bu xəstəxananın
binası 1302-ci ildə tikilib və müstəqil xəstəxana
kimi fəaliyyət göstərib, sonradan isə Uppsala
Universitetinə birləşdirilib. Tibb fakültələri tələbələri
üçün tikilmiş xüsusi universitet xəstəxanası
Riddartorget ərazisində yerləşən və 1708-ci ildə
inşa edilən "Nosocomium Academicum" xəstəxanasıdır.
Ali məktəbin digər "Akademiska sjukhuset" xəstəxanası
1850-ci ildə universitet klinikasının ətraf xəstəxanalarla
birləşməsi nəticəsində yaradılıb. Uppsala
qəsrinin cənub-şərqindəki xəstəxananın
yeni binası isə 1867-ci ildə inşa edilib.
Hazırda bu xəstəxana kompleksinin
genişləndirilməsi üzrə işlər davam
etdirilir. 2000-dən çox pasiyent tutumuna malik bu xəstəxananın
8000-dən çox əməkdaşı var. Universitet xəstəxanaları
nəzdində Diaqnostika, anesteziya və texnologiya; Təcili
tibbi yardım və reabilitasiya; Onkologiya, döş qəfəsi;
Nevrologiya; Psixiatriya, Cərrahiyyə, Qadın
sağlamlığı və pediatriya bölmələri,
100-ə yaxın departament fəaliyyət göstərir. Eyni
zamanda Uppsala Universitetinin
Uşaq xəstəxanası, Uppsala Qabaqcıl Texnologiyalar və
Neyroendokrin Şişlər Mərkəzi, Mobil İntensiv
Müalicə, Helikopter İntensiv Müalicə, Bərkidilən
Qanad İntensiv Müalicə (xəstənin yanına ən
sürətli yetişmə, bütün avadanlıqla təchiz
olunan vertolyot və təyyarələrə malik) şöbələri
mövcuddur. Universitetin Uppsala Qayğı Xidməti ölkədə
yaşayan əcnəbi vətəndaşlar üçün
tibbi xidmətlər təklif edir. Qayğı Xidməti
Endokrin onkologiya; Daxili xəstəliklər; Ginekologiya və
sonsuzluq; İmmun catışmazlığı; Nevrologiya və
neyrofiziologiya; Neyrocərrahiyyə, əmək terapiyası,
reabilitasiya; Protez; Onurğa beyini zədələri
reabilitasiyası; Xərçəngin cərrahiyyə və
şüa terapiyası yolu ilə müalicəsi;
Orqanların transplantasiyası; Uroloji xəstəliklər
bölmələrindən; Döş Xəstəlikləri
(kardiologiya, angioplastika və aritmiya daxil olmaqla) Mərkəzindən
ibarətdir.
***
Uppsala Universitetinin kitabxana sistemi
ölkənin ən zəngin universitet kitabxanalarından hesab
edilir. Universitetin kitabxana sistemi əsas Karolina
Rediviva kitabxanası daxil olmaqla 18 filial kitabxanalarından
(Karolina Rediviva, Boye Karin, Blasenhus, Hüquq, Daq Hammarşeld,
İqtisadi elmlər, Şəhər və yaşayış
yeri tədqiqatları, Təhsil və tədqiqat, Tibb, Səhiyyə
və qayğı, Biotibbi, Anqstrem, Yer elmləri, Biologiya, Əlyazma
və musiqi, Xəritə və çap, İlkin nəşrlər,
Arxiv kitabxanaları) ibarətdir. Kitabxanalarda
humanitar, ilahiyyat, sosiologiya, mədəniyyət, hüquq,
pedaqogika, tibb, əczaçılıq, dəqiq elmlər və
texnologiya üzrə kolleksiyalar toplanıb. Əsas kitabxana olan Karolina Rediviva binası 1841-ci ildə
memar Karl Frederik Sundvall tərəfindən inşa edilib.
Bu kitabxanada 6 milyona yaxın kitab, 61959 əlyazma, 7200-ə qədər
musiqi partiturası, 345734 xəritə və digər
coğrafi sənəd, eləcə də minlərlə digər
materiallar saxlanılır. Arxiv və əlyazmalar
arasında qotik İncil əlyazmaları (Kodeks Argenteus),
astronom Nikolay Kopernikin və digər alimlərin əsərləri,
kralların şəxsi sənədləri mövcuddur.
Uppsala Universitetinin unikal kolleksiyaya
malik bir neçə muzeyi fəaliyyət göstərir. Bu muzeylər tədqiqatçılar,
Uppsala Universiteti Senat tərəfindən
idarə olunur. Senat ali məktəbin
elmi, iqtisadi, inzibati işlərinin
planlaşdırılması və həyata keçirilməsinə
cavabdehlik daşıyır. Senatın üzvlərini
İsveç dövləti təyin edir. Müəllim və
tələbələr də Senatın üzvü ola bilərlər. Senatın hər
bir üzvü səsvermə hüququna malikdir. Senatın müəyyən etdiyi işlərin həyata
keçirilməsinə operativ nəzarət universitet
rektorunun üzərinə düşür. Uppsala Universitetinin rektoru və vitse-kansleri professor
Anders Hallberqdir. Rektorun humanitar və sosial
elmlər, tibb və əczaçılıq, eləcə də
dəqiq elmlər və texnika üzrə 3 müavini var.
Fakültələr dekanlar tərəfindən idarə olunur.
Universitetdə ümumilikdə 5000 nəfər
işçi çalışır. Onların
3000-i professor-müəllim və tədqiqatçılardır,
qalanları isə inzibati heyətə daxildir. Universitetdə 550 nəfər baş müəllim
işləyir, müəllimlərin 20 faizini qadınlar təşkil
edirlər.
Uppsala Universitetində 45000-ə
yaxın tələbə təhsil alır. Onların 23000-ni əyani, qalanlarını isə
qiyabi oxuyan tələbələr təşkil edirlər.
Tələbələrin yarıdan çoxu
humanitar və sosial elmlər üzrə təhsil alır.
"2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
Uppsala Universitetinin magistratura səviyyəsində Şəbnəm
Zöhrab qızı Alməmmədova beynəlxalq münasibətlər,
Fərrux Mübariz oğlu Əliyev Avroasiya
araşdırmaları ixtisasları üzrə təhsil
alırlar. 2010-2011-ci tədris ilində
həmin proqrama əsasən Naidə Tofiq qızı
Süleymanova Uppsala Universitetinin magistratura səviyyəsinə
Tibbi biokimya və mikrobiologiya bölməsi üzrə yoluxucu
biologiya ixtisasına qəbul olunub.
Uppsala Universitetinin tələbə
şəhərciyində 3500 birotaqlı və 2700-ə qədər
mənzildən ibarət yataqxana kompleksi fəaliyyət
göstərir. Buna baxmayaraq, tələbələr
universitet yataqxanalarında yer tapmaqda bir qədər çətinlik
çəkir, kirayə otaq tutmaq və şəhərdə
müstəqil olaraq yaşayış yeri axtarmaq məcburiyyətində
qalırlar. Bu işdə tələbələrə
universitetin Tələbə Təşkilatı yardım edir.
Tələbə Təşkilatı bir sıra
xüsusi mənzil və otaqlara malikdir və təşkilata
üzv olan tələbələri burada yerləşdirir.
Təşkilat Kvarnqardet, Floqsta, Centrum, Hoqanas, Luthagen, Ultuna,
Qamla Uppsala və digər rayonlarda yerləşən
yataqxanalarda otaqlar təklif edir. Bir otağın
qiyməti yerləşdiyi ərazi və şəraitindən
asılı olaraq ayda 2300-5000 İsveç kronu arasında dəyişir.
Uppsala Tələbə Təşkilatı
1849-cu ildə yaradılıb və bu təşkilata Əczaçılıq
fakültəsinin tələbələrini çıxmaq
şərti ilə millətindən asılı olmayaraq
bütün tələbələr daxil edilir. Əczaçılıq fakültəsinin tələbələrinin
təşkilata üzvlükdən azad olmasının səbəbi
onların ayrıca olaraq Əczaçılıq Tələbələri
Assosiasiyasının fəaliyyət göstərməsi ilə
əlaqədardır. Eyni zamanda Uppsala
Universitetində hər ölkəni və ya milləti təmsil
edən tələbələr də xüsusi təşkilatlar
yaradırlar.
Universitetdə musiqi sahəsinə
xüsusi diqqət ayrılır. Kral
Akademik Orkestri 1627-ci ildən fəaliyyət göstərir.
Bu orkestrdə Vilhelm Stenhammar, Uqo Alfven və
Lars-Erik Larson kimi dahi bəstəkarlar
çalışıblar. Universitetin məşhur
xor qrupu fəaliyyət göstərir və bu qrupun
tanınmış simalarından Erik Eriksonun adını qeyd
etmək olar. Onun şərəfinə
universitetdə Erikson Xor Rejissorluğu kafedrası, 2000-ci ildə
isə xor mərkəzi açılıb. Mərkəz xor kursları təklif edir.
Amerika və Britaniya universitetlərindən
fərqli olaraq Uppsala Universiteti tələbələrinin həyatında
idman elə də böyük rol oynamır. Universitet daha çox musiqi və xor sahəsi üzrə
məşhurdur. Burada tələbələr
qılıncoynatma, gimnastika, yüngül atletika, atçılıq və
s. idman növlərinə üstünlük verirlər.
Dünyanın ən qədim ali məktəblərindən olan Uppsala
Universiteti hazırda beynəlxalq əməkdaşlıq, ticarət,
iqtisadiyyat, mədəni mübadilə və bir sıra digər
sahələr üzrə ən innovativ tədqiqat və təhsil
tədbirləri keçirir. Ali məktəbin
qarşısında duran əsas məsələlərdən
biri də fənlərarası tədqiqatların
aparılması və dünyanın müxtəlif
böyük şirkətləri ilə əməkdaşlıq
çərçivəsində yeni modellərin işlənməsidir.
Son illər universitet apardığı tədqiqatların
öyrənilməsi üçün beynəlxalq ekspertlər
dəvət edib. Universitetin əldə
etdiyi nəticələr ekspertlər tərəfindən
yüksək qiymətləndirilib. Bu
gün Uppsala Universiteti tək Avropanın deyil, bütün
dünyanın sürətlə inkişaf edən elmi-tədqiqat
müəssisələrindən birinə çevrilib.
Universitetin
məşhur məzunları
Şahzadə Viktoriya İsveç
Krallığının taclı şahzadəsi
X Karl İsveç
Krallığının sabiq kralı
XV Karl İsveç
Krallığının sabiq kralı
II Oskar İsveç
Krallığının sabiq kralı
V Qustav İsveç
Krallığının sabiq kralı
VI Qustav İsveç
Krallığının sabiq kralı
XVI Karl Qustav İsveç
Krallığının sabiq kralı
Nils İden İsveç
Krallığının sabiq baş naziri
Hens Bliks İsveçin
sabiq xarici işlər naziri, Beynəlxalq
Atom Enerjisi Agentliyinin sabiq rəhbəri
Anna Lind İsveçin
sabiq xarici işlər naziri
Per Yakobson Beynəlxalq
Valyuta Fondunun direktoru
Hans Korell BMT Baş
katibinin hüquq məsələləri üzrə sabiq
müavini
Hans Henrik von Essen Norveçin
general-qubernatoru
Karl Qustav Vestman İsveçin
sabiq ədliyyə naziri
Tito Steyn Dolanc Yuqoslaviya
Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri
Universitetin
Nobel mükafatı laureatları
Arne Tiselius kimya
üzrə Nobel mükafatı laureatı
Teodor Svedberq kimya
üzrə Nobel mükafatı laureatı
Svante Arrenius kimya
üzrə Nobel mükafatı laureatı
Allvr Qulstrand fiziologiya və tibb üzrə Nobel
mükafatı laureatı
Robert Barani fiziologiya
və tibb üzrə Nobel mükafatı laureatı
Huqo Teorell fiziologiya
və tibb üzrə Nobel mükafatı laureatı
Manne Siegbahn fizika
üzrə Nobel mükafatı laureatı
Hannes Alfven fizika
üzrə Nobel mükafatı laureatı
Kay Siegbahn fizika
üzrə Nobel mükafatı laureatı
Erik Aksel Karlfeldt ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Per Laqerkvist ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Yalmar Brantinq ədəbiyyat üzrə Nobel
mükafatı laureatı
Natan Söderblom sülh
üzrə Nobel mükafatı laureatı
Alva Mirdal sülh
üzrə Nobel mükafatı laureatı
Daq Hammarşeld sülh
üzrə Nobel mükafatı laureatı
Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 29 aprel.- S.16-17.