Gənc karikaturaçıların əsərləri maraqla qarşılandı

 

Naxçıvan Dövlət Universitetində "Mirzə Cəlil günləri" çərçivəsində incəsənət fakültəsinin tələbə və müəllimlərinin böyük ədib, publisist Cəlil Məmmədquluzadəyə həsr olunmuş 44 əsərinin nümayiş olunduğu  karikatura sərgisinə baxış keçirilmişdir. Qeyd edək ki, bu, "Mirzə Cəlil günləri" çərçivəsində ali məktəbdə təşkil olunan sayca ikinci karikatura sərgisidir.

Sərgiyə baxışdan əvvəl çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli artıq universitetdə  karikatura sənətinin inkişaf etdiyini, təkmilləşdiyini qeyd etmiş, bu janra müraciət edən rəssam tələbələrin hər birinin yaratdığı əsərlərin üslub fərdiliyi, özünəməxsusluğu və orijinallığı ilə seçildiyini sevinc hissi ilə diqqətə çatdırmış,  bunu gənc rəssamların  peşəkar karikatura  sənətinə  doğru inamlı addımları kimi dəyərləndirmişdir.  Natiq sərginin böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin ədəbi irsinə və Azərbaycanda karikatura janrının yaranması və tərəqqisində əvəzsiz xidmətləri olmuş "Molla Nəsrəddin" jurnalının 105 illik yubileyinə dəyərli töhfə olduğunu vurğulamışdır.

Sonra sərgiyə baxış olmuşdur.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 29 aprel.- S.21.