Bakı Avropa Liseyinin iki şagirdi V Beynəlxalq Layihə Olimpiadasının qızıl medalına layiq görülüb

 

Xəbər verdiyimiz kimi, bu il aprelin 8-9-da Bakıda "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası keçirilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan builki olimpiadada 35 ölkədən 300-dək iştirakçı biliklərini nümayiş etdirib. Dörd kateqoriya - enerji, ətraf mühit, mühəndislik və sosial elmlər üzrə keçirilən beynəlxalq olimpiadada Azərbaycan məktəbliləri 5 qızıl, 8 gümüş və 14 bürünc medal qazanıblar.

 

Bu, yüksək mükafatçılar arasında Bakı Avropa Liseyinin şagirdləri də vardır. Yeri gəlmişkən onu da qeyd edək ki, liseyin XI sinif şagirdi Nərminə Ələkbərova və X sinif şagirdi Gülay Məmmədova 2010-cu il aprelin 7-11-də keçirilmiş IV Beynəlxalq Layihə Olimpiadasında "Radioaktiv şüalanmanın bioloji obyektlərə mənfi təsiri və ondan qorunma yolları" web-səhifəsinin yaradılması adlı layihə ilə çıxış edib və fizika-informatika nominasiyaları üzrə birinci yerə - qızıl medala layiq görülüblər.

Bu il də bu uğurlu  ənənəni davam etdirən Bakı Avropa Liseyinin XI sinif şagirdləri Gülay Məmmədova və Hafizə Əlirzayeva V Beynəlxalq Layihə Olimpiadasında enerji kateqoriyası üzrə 3 "E" bloqunun yaradılması layihəsi ilə iştirak ediblər və birinci yerə-qızıl medala layiq görülüblər. Beynəlxalq layihə olimpiadasının qızıl medalını qazanmış bu komandanın rəhbəri üç müsabiqə qalibi, fizika müəllimi Səadət Veysovadır. Komandaya uğur gətirən layihənin qısa məzmunu ondan ibarətdir ki, indiki zamanda enerji istehsalı insan yaşayışı və inkişafı üçün zəruri faktorlardan biridir və ətraf mühitə böyük təsir göstərir. Hazırkı dövrdə isə insan iqtisadi cəhətdən əlverişli və ekoloji cəhətdən təmiz enerji istehsalını tələb edir. İnsan inkişafının müasir dövrü energetika, iqtisadiyyat, ekologiya formulu ilə ifadə olunur. Təbii ki, energetikaya bu sıralamada daha böyük yer verilir və o, iqtisadiyyat və ekologiya üçün yönəldici aspekt sayılır. Bu faktordan daha çox ölkənin iqtisadi potensialı və insanların məişəti asılıdır. Enerji sistemi və işıqlandırma sahələrində, istehsalın və nəqliyyatın təmin edilməsində mühüm rol oynayır. Energetika təkcə kimyəvi yox, həm də istilik, aerozol, elektromaqnit və radioaktiv çirklənmə növlərinin də yaranmasında rol oynayır. Həmçinin energetika ilə bağlı olan ekoloji problemlər sırasında ən mühüm və təhlükəli problemlərdən biri qlobal istiləşmədir. Ekoloji proseslərin çoxu insanların məişətində böyük rola malik iqlimlə bağlıdır. Fosil yanacağın yandırılması nəticəsində atmosferdə toplanan CO2 istixana effektinin yaradılmasına və iqlimin dəyişilməsinə yol açır. İndiki zamanda insan övladı bir dilemma qarşısında qalıb: bir tərəfdən enerjisiz insanların maddi tələblərinin ödənilə bilməməsi, digər tərəfdən isə energetika sənayesinin bu dərəcədə istifadəsinin ətraf mühitə zərər vurması. Beləliklə, onlar bu layihədə belə nəticəyə gəliblər ki, mühüm ekoloji problemlərin həlli enerji problemlərinin çözülməsindən asılıdır...

Haqqında qısaca bəhs etdiyimiz bu layihə beynəlxalq layihə olimpiadasına təqdim olunub və  təcrübəli elm adamlarından ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib, layihənin beynəlxalq əhəmiyyəti olduğuna görə də komanda birinci yeri tutub və ən yüksək mükafata layiq görülüb.

Biz Bakı Avropa Liseyinin beynəlxalq layihə olimpiadasında qızıl medal qazanmış komanda üzvlərinə uğurlar diləyirik. İnanırıq ki, bu liseyin şagirdləri estafeti əldən verməyəcək, sevimli müəllimləri Səadət Veysova ilə birlikdə  bundan sonra da yeni-yeni mövzular üzərində tədqiqatlar aparıb uğurlar qazanaraq, liseylərinin adını dünyada tanıdacaqlar.

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.- 2011.- 29 aprel.- S.18.