ADPU-da "Azərbaycan
təhsili və elmi
XXI əsrdə: inteqrasiya və qloballaşma" mövzusunda seminar keçirilib
Aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində
(ADPU) "Azərbaycan təhsili
və elmi XXI əsrdə: inteqrasiya və qloballaşma" mövzusunda elmi-nəzəri
seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, rektor,
AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov çıxışında
ümummilli lider Heydər Əliyevin təhsilin
inkişafına, pedaqoji kadrların hazırlanmasına daim
böyük önəm verdiyini, ideyalarının Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata
keçirildiyini vurğulamışdır. Rektor qeyd
etmişdir ki, bu, seminarın ilk toplantısıdır və
belə toplantılar ayda bir dəfə keçiriləcəkdir.
Seminarlarda konkret mövzu ətrafında müzakirələr
aparılacaq, dünya təhsil sistemində əldə
olunmuş nailiyyətlərdən söz açılacaq,
dünya təcrübəsində olan qabaqcıl yeniliklərin
Azərbaycanda tətbiqi məsələlərinə
toxunulacaqdır.
Dünya təhsil sistemində müasir
təhsil standartlarının ön plana çəkildiyini
qeyd edən natiq Azərbaycan təhsil sisteminin beynəlxalq
standartlara uyğunlaşdırılmasının vacibliyini
vurğulamışdır.
Rektor Azərbaycanın Avropa təhsil məkanına
- Boloniya prosesinə qoşulduğunu xatırlatmış, bu
sahədə universitetdə həyata keçirilən tədbirlərdən
danışmışdır. Məlumat vermişdir ki, təhsil
ocağında bu proseslər başlanmışdır. Ali təhsildə
keyfiyyət əsas amildir.
Natiq sözünə davam edərək
demişdir ki, universitetin xarici ölkələrin ali məktəbləri
ilə əlaqələri ildən-ilə inkişaf edir və
bu əməkdaşlıq inteqrasiya və qloballaşma prosesinə
müsbət təsir göstərir. Müasir
texnologiyaların təhsildə tətbiqi, gənclərdə
araşdırma təfəkkürünün
formalaşmasına və təhsilin məqsədyönlü
dinamik inkişafına xidmət edən vasitələrdən
istifadə olunması, qarşıya çıxan problemlərin
həlli yollarının axtarılması, inkişaf perspektivlərinin
müzakirəsi, beynəlxalq təcrübənin öyrənilməsi
çox əhəmiyyətlidir. Gənclərin təhsilində,
onların lazımi məlumatları əldə etməsində
müasir elektron-informasiya texnologiyalarının rolu əvəzsizdir.
ADPU-nun professoru Mirzəli Murquzovun
müasir dövrün fiziki mənzərəsi ilə
bağlı məruzəsi dinlənilmişdir. Natiq təhsilimizin
inkişaf etdiyini qeyd etmiş, Azərbaycan təhsil sisteminin
dünya təhsil sisteminə inteqrasiyası, elm və təhsildə
inteqrasiya proseslərinin tarixi mərhələləri ilə
bağlı öz mülahizələrini söyləmiş,
nəzəri biliklərin müxtəlif sahələrə tətbiqi
məsələlərinin vacibliyini diqqətə
çatdırmışdır.
Fizika fakültəsinin
hazırladığı "Kainatın təkamülü və
mənşəyi, böyük partlayış" adlı
videoçarx nümayiş olunmuşdur.
Seminar iştirakçıları
mövzu haqqında fikirlərini bölüşmüş, təkliflərini
vermişlər.
Azərbaycan müəllimi.- 2011.- 29
aprel.- S.18.