Kamilliyin yolu mütaliədən keçir
Naxçıvan Dövlət
Universitetinin Elmi kitabxanasında Ümumdünya Kitab və
Müəllif Hüquqları Gününə həsr
olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə
rektor, akademik İsa Həbibbəyli açaraq müasir
dövrdə informasiya vasitələrinin günbəgün
çoxalmasına baxmayaraq, kitabın, mütaliənin gənclərin
hərtərəfli intellektual potensiala, yüksək mənəviyyata
malik, vətənpərvər ruhda, kamil şəxsiyyət
kimi formalaşmasında əvəzsiz
rol oynamasından danışdı. Rektor yeni nəşrlərin
təbliği, müəlliflərlə görüşlərin
təşkili, artmaqda olan oxucu tələbatının ödənilməsi
istiqamətində universitetin elmi kitabxanasının fəaliyyətini
yüksək qiymətləndirdi.
Kitabxananın direktoru, filologiya elmləri
üzrə fəlsəfə doktoru Aypara Behbudova məruzəsində
bildirdi ki, Ümumdünya Kitab və Müəllif Hüquqları
Günü BMT-nin elm, təhsil və mədəniyyət məsələləri
üzrə ixtisaslaşmış təşkilatı olan
YUNESKO-nun 1995-ci il tarixli qərarına əsasən
maarifçilik və mədəni əlaqələrin dərk
olunmasının inkişafı məqsədilə, kitabın
ən geniş bilik mənbəyi, bütün biliklərin ən
etibarlı saxlanma üsulu olması nəzərə
alınaraq təsis edilmişdir. Azərbaycanda da müəllif
hüquqlarına, əqli mülkiyyət sahəsinin
inkişafına, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə
dövlət tərəfindən xüsusi diqqət yetirilir.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
və dəstəyi ilə 1993-cü ildə Azərbaycanda
Milli Müəllif Hüquqları İnstitutu
yaradılmış, 1996-cı
ildə isə "Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında" Qanun qəbul edilmişdir. Azərbaycan
Respublikası 1997-ci ildə YUNESKO-nun Müəllif Hüquqları Ümumdünya
Konvensiyasına qoşularaq, geniş beynəlxalq əməkdaşlığa
cəlb olunmuşdur. Möhtərəm Prezident İlham Əliyev
tərəfindən də bu sahə ilə bağlı
qanunvericilik aktları qəbul edilmişdir.
Digər
çıxışçılar - universitetin "Qeyrət"
nəşriyyatının direktoru, tarix elmləri üzrə
fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədov,
Kitabxanaçılıq kafedrasının müdiri, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent Nəzakət
İsmayılova, Sosial idarəetmə və turizm
kafedrasının müəllimi Cahan Bayramova,
kitabxanaçılıq ixtisası üzrə I kurs tələbəsi
Fəridə Əliyeva Azərbaycanda, o cümlədən
muxtar respublikada nəşriyyat-poliqrafiya, kitabxana işinin
müasir inkişaf səviyyəsindən, müəlliflik
hüququnun pozulmasına qarşı nəzərdə tutulan
qanunvericilik aktlarından bəhs etmişlər.
Tədbir iştirakçıları
universitet əməkdaşlarının yeni əsərlərindən
ibarət sərgi ilə də tanış olmuşlar.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2011.- 29 aprel.- S.10.