Bakı Dövlət Universitetində
Konfutsi İnstitutunun açılışı olub
Bakı Dövlət Universitetində
Konfutsi İnstitutunun açılışı olub. Açılış mərasimindən sonra tədbir işini böyük akt zalında davam etdirib. Çıxış edən rektor,
akademik Abel Məhərrəmov
bildirib ki, institutun yaradılması Çin Xalq Respublikasının Anhoy Universiteti və Bakı Dövlət Universiteti arasında imzalanmış saziş əsasında reallaşıb.
Sazişə əsasən,
Anhoy Universiteti bu instituta hər
il Çin
dili və mədəniyyəti üzrə
yüksək səviyyəli
mütəxəssislər göndərəcək,
onu dərslik və dərs vəsaitləri, audiovizual
materiallarla təmin edəcək. Bundan başqa, Konfutsi İnstitutunun tələbələri
hər il
Anhoy Universitetində təcrübə keçəcəklər.
Rektor bu institutun iki ölkə xalqlarının
dostluq tellərinin möhkəmlənməsinə və əməkdaşlığın
dərinləşməsinə təkan verəcəyinə
inamını ifadə
edib.
Təhsil
nazirinin müavini Elmar Qasımov qeyd edib ki,
bu institut Azərbaycan cəmiyyətinin
tələblərinə uyğun
olan təhsil üsulları axtaracaq, Çin dilinin Azərbaycan xalqı üçün öyrənilməsi,
Çinlə daha yaxın tanış olunması və iki tərəf arasında mədəni mübadilə əməkdaşlığının
həyata keçirilməsi
baxımından böyük
xidmətlər göstərəcəkdir.
Çinin ölkəmizdəki səfirliyinin
müvəqqəti işlər
vəkili Tsyan Syaoyan da Bakı
Dövlət Universiteti
və Anhoy Universiteti arasında aparılan uğurlu və səmimi əməkdaşlığın məhsulu olan Konfutsi İnstitutunun açılışı münasibətilə
xoş sözlərini
və arzularını
çatdırıb.
Anhoy Universitetinin prorektoru Nyu Liven təmsil etdiyi ali
təhsil ocağı
haqqında ətraflı
məlumat verib. Onun sözlərindən məlum olub ki, Anhoy Universiteti
son illər təhsilin
beynəlmiləlləşdirilməsi istiqamətində beynəlxalq
əlaqələrini genişləndirib,
90-a yaxın universitet
və elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqaviləsi
imzalayıb ki, həmin sırada Bakı Dövlət Universiteti xüsusi yer tutur.
Sonra şərqşünaslıq
fakültəsinin Çin
dili ixtisasının tələbələri Çinin
xalq mahnılarını
ifa edib, şeirlər səsləndirib,
Çin idman gimnastikasını, milli adət-ənənələrini əks etdirən paltarlar nümayiş etdiriblər.
Qeyd edək
ki, tədbirin tərcüməçiləri şərqşünaslıq fakültəsinin
tələbələri olublar. Çin nümayəndə
heyəti onların tərcüməsindən razı
qalıb və rektora təşəkkür
edib. Rektor da öz növbəsində, fakültənin
dekanı Elxan Əzizov başda olmaqla, Uzaq Şərq
dilləri və ədəbiyyatı kafedrasının
müdiri Oqtay Cəlilbəyliyə və
tələbələrə minnətdarlığını bildirib.
Konfutsi İnstitutu
xaricdə Çin dilinin yayılması üçün Çin Dövlət Komitəsi tərəfindən yaradılmış
Çin mədəniyyət
və təhsil mərkəzidir. Konfutsi İnstitutlarının missiyası
Çin dilinin başa düşülməsi,
Çin mədəniyyətinin
bütün dünyada
təbliğ edilməsi
və Çinlə
digər ölkələr
arasında dostluq münasibətlərini inkişaf
etdirməkdir.
İlk Konfutsi İnstitutu
2004-cü ildə Koreya
Respublikasının paytaxtı
Seulda açılıb.
Çin dilinin yayılması üzrə
Beynəlxalq Şuranın hesablamalarına
görə, artıq dünyada 40 milyon insan Çin dilini öyrənir.
Azərbaycan müəllimi.-
2011.- 29 aprel.- S.10.