Ömrünü təhsilimizin inkişafına həsr etmiş insan

 

Həyatını vətəninin çiçəklənməsinə, xalqının tərəqqisinə, elmin, təhsilin inkişafına sərf edən insanlar bu dünyadan köçəndən sonra da qədirbilənlər tərəfindən hörmət və ehtiramla yad edilir, xatirələrdə yaşayırlar. Belə insanlardan biri, harada işləməsindən asılı olmayaraq, təhsilimizin inkişafına xüsusi önəm vermiş, fövqəladə bacarığına, yüksək intellektual səviyyəsinə görə 16 il aliorta ixtisas təhsili naziri işləmiş Qurban Həsən oğlu Əliyevdir.  Qurban Əliyev 1921-ci il iyun ayının 22-də Rusiya Federasiyasının Zabaykalye vilayətinin Çita şəhərində anadan olub. 1932-ci ildə ailəsi Bakıya köçübo, 1941-ci ildə 6 nömrəli məktəbi bitirib. Qurban Əliyev həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, müalicə və profilaktika fakültəsində ali təhsil alıb.

 

1946-cı ildə Xızıda kənd xəstəxanasında həkim kimi əmək fəaliyyətinə başlayan Qurban Əliyev 1948-1961-ci illərdə Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Respublika Komitəsində şöbə müdiri, məsul katib və sədr vəzifələrində işləyib. 1961-1971-ci illərdə Bakı şəhərində keçmiş 26 Bakı komissarı rayon partiya komitəsinin birinci katibi, 1971-1987-ci illərdə isə Azərbaycan SSR aliorta ixtisas təhsili naziri vəzifəsində çalışıb.

Qurban Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə səriştəliliyi və peşəkarlığı ilə fərqlənmiş, yüksək təşkilatçılıq və dərin məsuliyyət nümayiş etdirərək, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə ləyaqətlə gəlib. O, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edib, altı çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Qurban Əliyev 1949-cu ildən etibarən ömrünün sonuna qədər Azərbaycan Dövlət Tibb Universitetində laborant, assistent, dosent və professor vəzifələrini tutub. Kurortologiya və tibb xidmətinin təşkilinə dair bir neçə monoqrafiyanın, elmi məqalə və metodik vəsaitlərin müəllifi idi.

Qurban Əliyevin xidmətləri layiqincə qiymətləndirilib. O, 1966-cı ildə respublikanın əməkdar həkimi adına layiq görülüb. Həmçinin bir sıra  orden və medallarla təltif olunub. Qurban Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Mənalı ömür yaşamış Qurban Əliyev 2008-ci il martın 30-da 87 yaşında əbədiyyətə qovuşub.

Bu günlərdə 90 illik yubileyi qeyd edilən Qurban Əliyevin xarakterik xüsusiyyətlərini öyrənmək və oxuculara çatdırmaq üçün vaxtilə onunla çiyin-çiyinə çalışmış bir neçə elm adamı ilə görüşüb aldığımız müsahibələri oxuculara çatdırırıq.

 

 

"O, təhsilimizin əsas dayaq sütunlarından biri olmaqla yanaşı, görkəmli ictimai-siyasi xadim idi"

 

İsmayıl İBRAHİMOV,

Sosialist Əməyi Qəhrəmanı, akademik, Azərbaycan Uşaq Fondunun sədri

 

- Vaxtında "ciddi qanunlar"ı ilə dünyaya səs salan SSRİ dövründə bir vəzifədə uzun müddət işləmək çox çətin idi. Bunun üçün insanda güclü intellektual səviyyə, xüsusi bacarıq, yorulmaz işgüzarlıq qabiliyyəti olmalı idi. Özüaliorta ixtisas təhsili naziri işləmək insandan fövqəladə istedad tələb edir. Məhz adıçəkilən amilləri özündə cəmləşdirən Qurban Əliyev 16 il fasiləsiz olaraq Azərbaycanda AliOrta İxtisas Təhsili Nazirliyinə rəhbərlik etmişbu işin öhdəsindən layiqincə gələrək milli təhsilimizə böyük töhfələr vermişdir.

O, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin həssaslıqla seçdiyi kadrlardan biri idi. Heydər Əliyev DTK-nın sədri işləyəndə 26-lar rayon partiya komitəsinin I katibi işləyən Qurban Əliyevlə tez-tez görüşür, fikir mübadiləsi aparır və onun bacarığına, iş qabiliyyətinə bələd olur. Beləliklə, 1969-cu ilin avqustunda Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi seçilən Heydər Əliyev 1971-ci ildə Qurban Əliyevi ali və orta ixtisas təhsili naziri vəzifəsinə təyin edir.

Qurban Əliyev nazir kimi fəaliyyət göstərdiyi dövrdə bir sıra yeni təhsil müəssisələri yaradılır, tədris korpusları tikilir. Azərbaycan təhsilinə informasiya texnologiyaları daxil edilir. Aliorta ixtisas məktəblərinə qəbul zamanı şəffaflığın bərpa olunması üçün Azərbaycanda ilk dəfə NeftKimya İnstitutunda imtahanlar xüsusi maşınlarla götürülməyə başlanmışdı. Bu, SSRİ miqyasında yalnız 3 yerdə - Moskva İqtisadiyyatStatistika İnstitutunda, Xabarovsk Politexnik İnstitutunda və bizdə həyata keçirilməyə başlanmışdı.

O zaman Azərbaycanda ixtisaslı kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə dövlət başçımız Heydər Əliyev azərbaycanlı gəncləri SSRİ məkanında fəaliyyət göstərən digər ali məktəblərə göndərməyi qərara aldı. Bu məqsədlə mən, (o zaman Nazirlər Soveti sədrinin müavini işləyirdim) Qurban Əliyev və nazirliyin maliyyə şöbəsinin o zamankı müdiri Bəybala Xankişiyevlə birlikdə Moskvaya, SSRİ Təhsil Nazirliyinə gedib çox çətinliklə gənclərimizin başqa şəhərlərdə təhsil almaları üçün müəyyən sayda yer ala bildik və həmin illərdən gənclərimiz başqa şəhərlərdə təhsil almağa başladılar. Heydər Əliyevin tövsiyəsi ilə digər şəhərlərdə təhsilini başa vurub vətənə qayıdan gənclərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün beşmərtəbəli bina tikib ehtiyacı olanlara mənzillər verilirdi. Bu hal ardıcıl olaraq hər il həyata keçirilirdi.

Elə hallar olurdu ki, başqa şəhərlərə oxumağa gedən gənclərin yarısı təhsilini başa vurduqdan sonra geri qayıtmır, təhsil aldıqları şəhərlərdə qalıb işləməyə üstünlük verirdi.

Buna görə Qurban Əliyev narahat olurdu, düzü, mən də nigarançılıq hissi keçirirdim. Axı həmin gənclərin başqa ölkələrdə təhsil almaları üçün dövlətimiz külli miqdarda pul xərcləyirdi. Bu məsələyə Heydər Əliyevin   necə münasibət göstərəcəyini düşünüb-daşınırdıq. Və bir gün tərəddüdlə bu məsələni açıb Heydər Əliyevə danışdıq. Heydər Əliyev gülümsədi: "Bunun nəyi pisdir ki, gənclərimiz başqa ölkələrdə qalıb işləsələr, Azərbaycanımızı layiqincə təmsil edəcəklər. Bu hal isə bizim xeyrimizədir", dedi. Məhz həmin gənclər bu gün Azərbaycan diasporunun yaradıcısı və fəal üzvləridirlər.

Qurban Əliyev gözəl ailə başçısı, qayğıkeş insan, səmimi dost idi. Ailəvi gediş-gəlişimiz olduğu, onu yaxından tanıdığım üçün bunları deməyə mənə əsas verir. O, işdən çıxandan sonra da xislətinə sadiq qaldı. 1988-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Əbdürrəhman Vəzirov M.Qorbaçovun diktəsi ilə Heydər Əliyevə qarşı yaramaz kampaniya aparır, onun vaxtilə gördüyü işlərə kölgə salmağa çalışırdı.

Bir gün Azərbaycan KP Mərkəzi Komitəsinin büro iclasında Ə.Vəzirov yenə çirkin siyasətini həyata keçirərək Heydər Əliyevin gördüyü işlərə ləkə yaxmaq istədi. Buna dözməyən Qurban Əliyev yerindən qalxaraq cəsarətlə Ə.Vəzirovu ciddi tənqid etdi. Dəlil və sübutlarla Heydər Əliyev siyasətinin mahiyyətini açıqladı və "Heydər Əliyev dühasının nəyə qadir olduğunu tarix göstərəcək", - deyib heç nədən qorxmadan haqlı olaraq məsləkdaşını müdafiə etdi.

Qurban Əliyev həmişə Heydər Əliyev siyasətinin aktiv təbliğatçılarından biri olub. O, vətənini sevən, millətinin tərəqqisinə sevinən və bu yolda əlindən gələni əsirgəməyən bir Azərbaycan övladı idi.

 

 

"O, Konovalovun cavabını qorxmadan, sərtliklə vermişdi"

 

Gültəkin HÜSEYNOVA,

Təhsil Nazirliyinin elm şöbəsinin müdiri

 

- Hər bir insan dünyaya göz açanda İlahi tərəfindən ona müxtəlif keyfiyyətlər də bəxş edilir. İnsana xas olan nə qədər müsbət keyfiyyətlər varsa, hamısı Qurban müəllimdə cəmləşmişdi. Onun sadəliyi, insansevərliyi və geniş fəaliyyəti haqqında saatlarla danışsaq xatirələr yenə də bitib-tükənməz.

Qurban Əliyevin rəhbərliyi zamanında respublikanın ali məktəblərində elmi-tədqiqat işinin gündən-günə genişləndirilməsi elmi işçilərin sayının kəskin artmasına səbəb olmuşdur. 1970-ci ildən 1980-ci ilə qədər ali məktəblərdə çalışan elmi-pedaqoji işçilərin sayı 5042 nəfərdən 7156 nəfərə qədər  artmışdı. Elmlər doktorları və elmlər namizədlərinin sayı iki dəfə çoxalmışdı.

Təhsilin keyfiyyətini qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirilirdi. Bütün ali məktəblərdə tələbə elmi cəmiyyətləri fəaliyyət göstərirdi, tələbə konfransları keçirilirdi, ən yaxşı məruzəyə görə diplom, ən yaxşı tələbə elmi-tədqiqat işinə görə medal təsis edilmişdi. Təhsildə müvəffəqiyyət qazanmış tələbələr hər il xarici ölkələrdən birinə getmək üçün turist putyovkası ilə mükafatlandırılırdı.

Tez-tez xarici ölkələrə səfərlər edən Qurban müəllim Çexoslovakiya, Bolqarıstan, Tailand, Yaponiya, Polşabaşqa ölkələrin təhsil sistemi ilə yaxından tanış olub fikir mübadiləsi aparıb. Bundan sonra respublikada yeni tikilən ali məktəblər zəruri avadanlıqlarla təchiz edilib, tədrisin keyfiyyətinin dövrün tələbləri səviyyəsinə qaldırılması məsələləri ön plana çəkilib. Bir neçə ali məktəb üçün tikilən yeni korpuslar günün tələbləri səviyyəsində maddi-texniki baza ilə təchiz edilib.

O zaman Şuşada Xankəndi musiqi məktəbinin filialının fəaliyyətinə ermənilər maneələr törətdikləri üçün bu məsələnin SSRİ AliOrta İxtisas Təhsili Nazirliyində müzakirəyə çıxarılmasına və filialın müstəqil məktəbə çevrilməsinə nail olub.

Qurban müəllim kadr seçiminə xüsusi diqqət yetirdiyi üçün bilikli gənclərə daha çox üstünlük verirdi. 28 yaşımda mən artıq Elm idarəsinin elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri təyin edilmişdim. O vaxt nazirlikdə mən ən gənc şöbə müdiri idim. Başqa gənclər də həm nazirliyin aparatında, həm də ali məktəblərdə məsul vəzifələrə təyin edilirdilər.

Qurban Əliyev nazir işlədiyi dövrdə nazirliyin aparatında və təhsil müəssisələrində azərbaycanlıların sayı xeyli artmışdı. Bu da onun uğurlu kadr siyasətinin nəticəsi idi. Ancaq bu uğur sonralar onu gözü götürməyənlər üçün bəhanəyə çevrildi.

1987-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin II katibi Konovalov bu siyasəti əldə bayraq tutaraq Qurban Əliyevdən hesabat istəyib və onu kiçik burjua millətçisi adlandırıb.

Bundan hiddətlənən Qurban Əliyev: "Nə etmişəmsə, xalqım üçün, Vətənim üçün etmişəm və bundan da peşman deyiləm, əksinə, əməllərimdən həzz alıram", - deyib və işdən getməsi üçün ərizə yazıb. Xalqını sevdiyinə, xeyirxah əməllərinə görə kreslosunu, nazir postunu qurban verib.

Əminəm ki, onun əziz xatirəsi qədirbilənlər tərəfindən həmişə anılacaq.

 

 

 "Qurban Əliyev Azərbaycan dilinin inkişafına xüsusi önəm verirdi"

 

Abuzər XƏLƏFOV,

BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin kitabxanaşünaslıq kafedrasının müdiri, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor

 

- Qurban müəllim Rusiya Federasiyasının Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuş, orta və ali təhsilini Bakıda, rus dilində almışdır. Buna baxmayaraq o, Azərbaycan dilində səlis danışır, respublikada ana dilimizin inkişafına xüsusi diqqət yetirirdi.

Yaxşı yadımdadır, mən ADU-da qəbul imtahan komissiyasının məsul katibi idim. Qəbul zamanı bir valideyn Qurban Əliyevə şikayət edərək bildirdi ki, övladı bir neçə orfoqrafik səhv buraxdığına görə imtahandan qeyri-kafi qiymət alıb. Qalan başqa fənləri əla bilən uşağına  kömək etməsini nazirdən xahiş etdi. Qurban müəllim: "Atacan, övladın  başqa fənlərdən zəif bilsəydi, ona kömək edərdim, ancaq ana dilimiz olan Azərbaycan dilini mükəmməl bilmək hamımızın müqəddəs borcudur. Ana dilini sərbəst bilməyən vətəndaş xalqına heç bir xeyir verə bilməz", - demişdi.

O zaman ADU-da qəbul imtahanlarını başqa ali məktəblərdə işləyən müəllimlər götürürdülər. Həmin müəllimlər Azərbaycan Neft və Kimya İnstitutunda yaradılmış xüsusi komissiya tərəfindən imtahan günü seçilərək ADU-ya göndərilir, bununla da şəffaflıq üçün şərait yaradılırdı.

Qəbul imtahanlarına nəzarət etmək üçün tez-tez universitetə gələn Qurban müəllim məsul katib olduğum üçün mənimlə mütləq görüşər, ümumi vəziyyətlə maraqlanardı. Bir dəfə o, mənə "Abuzər müəllim, səndən möhkəm şikayət var, deyirlər müəllimlərin uşaqlarına kömək edirsən. Elə buna görə də səni işdən çıxaracağam", - dedi və gülümsədi. Onda güclü yumor hissinin olduğunu bilirdim. Elə buna görə də mən də ona yumorla cavab verib: "Yoldaş Əliyev, xahiş edirəm əmrdə "Müəllimlərə kömək etdiyi üçün işdən çıxarılır" sözlərini yazasınız, qoy müəllimlər ordusu bilsin ki, onlara kömək etdiyim üçün cəzalandırılıram", - dedim. Qurban müəllim güldü: "Səninlə zarafat etmək istədim, ancaq sən məni başa düşüb qabaqladın", - dedi.

Onun xasiyyətini bilirdim, hər vəchlə müəllimlərə kömək etmək, onlara dayaq durmaq üçün əlindən gələni əsirgəmirdi. Onun qəbuluna düşən hər bir müəllim oradan fərəh hissiylə, qürur və sevinclə, böyük ümidlə çıxardı.

Qurban Əliyev həmişə "Müəllimlər gələcəyimizin tərbiyəçiləridir. Gələcəyimizin intellekti onlardan asılıdır", - deyərdi. Xalqının maariflənməsi üçün ömrünü sərf edənlər heç vaxt yaddan çıxmır, unudulmurlar. Allahdan ona qəni-qəni rəhmət diləyirəm.

 

 

"Qurban müəllim hər bir ərizəyə diqqətlə baxar, insan taleyinə biganə qalmazdı"

 

Bəybala XANKİŞİYEV,

Azərbaycan İqtisad Universiteti maliyyə kafedrasının professoru, respublikanın əməkdar iqtisadçısı

 

Qurban Əliyev nazir olanda mən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş mühasib işləyirdim. 1975-ci ildə aspiranturanı bitirdikdən sonra məni Maliyyə Nazirliyinə idarə rəisi vəzifəsinə dəvət etdilər. İşdən çıxmaq üçün ərizə yazdım. O vaxt işdən çıxmaq istəyənlərin ərizələrinə nazir özü dərkənar qoyardı.

Bir gün ərizəmlə bağlı Qurban müəllim məni yanına çağırdı. İşdən getməyimin səbəbini öyrəndi. Mənimlə 45 dəqiqə söhbət apardı. Sən demə o, mənim bilik səviyyəmi yoxlayırmış. Sonra məni rəhbərlik etdiyi nazirliyin plan-maliyyə şöbəsinə müdir təyin etdi.

Bir dəfə Nazirlər Sovetinə təqdim etmək üçün iki səhifəlik məktub hazırlamışdım. Məktubu nəzərdən keçirən Qurban müəllim məndən icazə istəyib iki yerdə düzəliş apardı və məktubu mənə verib bir də diqqətlə nəzərdən keçirməyimi xahiş etdi. O, bütün tapşırıqlarını xahiş edərək verərdi. Bu xasiyyət onun böyüklüyündən irəli gəlirdi. Məktuba yenidən diqqətlə baxdım, onun düzəlişlərinin biri ilə razılaşmadım. Səhəri gün iradımı ona bildirdim. Qurban müəllim: "İşin xeyrinə mübahisə etməli, bir-birimizi anlamalıyıq. Bundan inciməyə heç birimizin haqqı yoxdur", - dedi. Bax o, belə sadə insan idi.

Onunla dəfələrlə səfərlərdə olmuşam. Bir dəfə Şuşada Xankəndi musiqi məktəbinin filialında olduq. Filialın direktoru şikayət edərək bildirdi ki, Stepanakertdən həmişə onların işlərinə müdaxilə edilir, sərbəst işləmələrinə mane olurlar. Qurban Əliyev Moskvada məsələni müzakirəyə çıxarıb məktəbin müstəqil fəaliyyət göstərməsinə nail olmuşdu. Hazırda həmin musiqi məktəbi Bakıda fəaliyyətini davam etdirir.

O zaman Lənkəranda pedaqoji məktəb vardı. Lənkəranlıların xahişini nəzərə alan nazir həmin məktəbin nəzdində məktəbəqədər ixtisas şöbəsinin açılmasına nail oldu. O vaxt hər şey Moskva ilə razılaşdırılmalı idi. Bu çətinliklərə baxmayaraq Qurban Əliyev nazir olduğu zaman respublikamızda bir sıra təhsil ocaqlarının yaradılmasına və maddi-texniki baza ilə təchiz olunmasına nail ola bilmişdi.

Qurban Əliyev 1987-ci ildə təqaüdə gedəndə mənə yarızarafat, yarıciddi: "Bəybala, sənin qələmindən çox şey asılıdır, qələmin "yox" desə, bir təhsil müəssisəsinin kitabı bağlanır, əgər "hə" desə, digər təhsil ocağına həyat bəxş edilir. Sən də çalış qələmin həmişə "hə" desin. Çünki bu, millətin xeyrinədir" - demişdi.

Mən ondan həmişə dostluq, atalıq, qardaşlıq qayğısı görmüşəm.

 

 

Qələmə aldı: Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.- 2011.- 5 avqust.- S.4.