Müseyib Əli oğlu Şahbazov

 

 Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Mahaçqala şəhərində anadan olub.  İlk təhsilini kənd məktəbində alan Müseyib atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirib. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq onda ictimai işlərə maraq yaradıb.

 

"İşıq" dərnəyində inqilabi fəaliyyətlə maraqlanıb, MarksEngelsin nəzəri fikirləri ilə tanış olub, 1917-ci il Fevral inqilabından sonra "Hümmət" təşkilatı ilə sıx əlaqə saxlayıb, kəndlilər, ordudan tərxis olunan əsgərlər arasında təbliğat aparıb. Dərbənddə realnı məktəbini bitirərək Həştərxana qayıdıb, Rusiya Kommunist (bolşevik) Partiyası sıralarına daxil olub.

Siyasi işçilər hazırlayan kursu bitirən Müseyib Şahbazov xüsusi tapşırıqlarla XIII orduya göndərilib. O, Xarkov quberniyasında kənd inqilab komitələri və partiya özəklərinin fəaliyyətinin möhkəmləndirilməsində bilik və bacarığını əsirgəməyib.

Həştərxana qayıtdıqdan sonra onu Bakıya göndəriblər. XI ordunun tərkibində Azərbaycana gələn Müseyib Şahbazov, sonradan RK(b)P Dağıstan Vilayət Komitəsinin sərəncamına göndərilib, Cənubi Dağıstan üzrə məsul büro katibi kimi işə başlayıb. 1920-ci ilin noyabrında Qaytaq-Tabasaran mahal komitəsinin məsul katibi vəzifəsində işə başlayıb.

Prinsipial və genişqəlbli xüsusiyyəti ilə fərqlənən Müseyib Şahbazov 1921-ci ilin aprel ayında Azərbaycan K(b)P MK-nın xahişi ilə Bakıya göndərilib, Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, Kirovabad dairə Komitəsinin məsul katibi, ADU-nun rektoru vəzifələrində çalışıb. Sonradan o, Azərbaycan K(b)P MK-nın şöbə müdiri işləyib.

Moskvada Qırmızı Professura Ədəbiyyat İnstitutunu bitirən Müseyib Şahbazov hərtərəfli hazırlığa malik bir ziyalı olaraq maarif və mədəniyyət məsələlərinə aid bir sıra kitab və məqalələr muəllifi kimi tanınıb.

O, "Yeni yol" qəzetinin redaktoru olarkən bu istiqamətdə fəaliyyətini daha da genişləndirib, tükənməz enerji ilə çalışıb.

AK(b)PMK üzvü, Azərbaycan MİK və Zaqafqaziya MİK-in üzvü seçilən Müseyib Şahbazov ÜİK(b)P XIV qurultayının nümayəndəsi olub, Zaqafqaziya Həmkarlar İttifaqları Şurasına və Maarif İşçiləri Həmkarlar İttifaqı MK-ya üzv seçilib, 1936-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunub.

1935-1936-cı illərdə Azərbaycanın xalq maarifi komissarı işləmiş Müseyib Şahbazov latın əlifbasına keçməyin əhəmiyyəti mövzusunda məqalələrlə çıxış edib, xalq maarifinin inkişafı məsələlərinə geniş yer verib.

Dövrünün tanınmış publisistlərindən olan Müseyib Şahbazov yeni insan tərbiyəsi məsələsinə xüsusi diqqət yetirib, bu baxımdan maarif orqanlarının vəzifələrini açıqlayıb.

Xalq maarifi komissarı işlədiyi iki il ərzində sələfləri olan xalq maarifi komissarlarının başladıqları işləri davam etdirərək ümumtəhsil məktəb şəbəkəsinin genişləndirilməsi, tədris müəssisələrinin pedaqoji kadrlarla təmin olunması, təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində xeyli görməyə müvəffəq olub.

Müseyib Şahbazov 1937-ci ildə vəfat edib.

 

 

Azərbaycan müəllimi.- 2011.- 12 avqust.- S.6.