Təhsil
işçilərinin 2011-ci il sentyabr konfranslarının
keçirilməsi haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 11
iyul 2011-ci il tarixli Sərəncamına əsasən,
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın
hazırlanması ilə bağlı Dövlət
Komissiyasının yaradılması yeni dərs ili ərəfəsində
ölkəmizin ictimai-siyasi və sosial həyatında ən
mühüm və əhəmiyyətli hadisə olmuşdur.
Müstəqil Azərbaycanda informasiya cəmiyyətinin təşəkkülünü
və biliklərə əsaslanan iqtisadiyyata keçid şəraitində
yeni təhsil modelinin qurulmasını təmin edəcək
Milli Strategiyanın hazırlanması təhsilin
inkişafının dövlət siyasəti səviyyəsində
prioritet istiqamət kimi nəzərdə tutulmasına, ölkə
Prezidentinin təhsil sahəsinə göstərdiyi müntəzəm
diqqət və qayğıya əyani sübutdur.
Onillik
Milli Strategiya həm də "Təhsil əsri" elan edilən
XXI əsrin çağırışına layiqli cavab olmaqla
yanaşı, ulu öndər Heydər Əliyevin ölkəmizin
təhsil sahəsində düşünülmüş və
gələcəyə ünvanlanmış islahatların
sistemli şəkildə aparılması ideyasına sadiqliyin
parlaq təcəssümüdür.
Etiraf
olunmalı faktdır ki, təhsil sistemimizin yenidən
qurulması ilə əlaqədar 1999-cu ildən başlanan və
bu günümüzə qədər məqsədyönlü
şəkildə həyata keçirilən islahatlar bu vacib
strateji fəaliyyət sahəsinin inkişafına
güclü təkan vermiş, ölkə təhsilinin
qabaqcıl dövlətlərin təhsil sistemlərinə
inteqrasiyasına əlverişli şərait
yaratmışdır. Nəticə etibarı ilə dünya təcrübəsində
sınaqdan çıxmış innovasiyaların tətbiqinə
geniş meydan açılmış, ötən müddət
ərzində hər bir dərs ili
özünəməxsus əlamətdar hadisələrlə
zəngin olmuşdur.
Bu mənada
2010-2011-ci dərs ili də istisna deyildir. Belə ki, "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin
Qanunun tətbiq edilməsi barədə 5 sentyabr 2009-cu il
tarixli fərmanına uyğun olaraq, ümumi təhsil sahəsində
təhsil orqanlarının, ümumtəhsil məktəblərinin,
pedaqoji işçilərin fəaliyyətini tənzimləyən
normativ-hüquqi sənədlər, o cümlədən
"Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)", "Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi", "Ümumi təhsil pilləsində
təhsil haqqında dövlət
sənədlərinin nümunələri və
onların verilməsi qaydası", "Ümumi təhsili
xüsusi nailiyyətlərlə başa vuran məzunların
qızıl və ya gümüş medalla təltif olunma
Qaydası", "Təhsildə xüsusi nailiyyətlərə
görə" qızıl və gümüş
medalların təsviri", "Təhsil proqramlarının
(kurikulumların) yerinə yetirilməsi müddəti",
"Ümumi təhsil müəssisəsinin Pedaqoji
Şurası haqqında Əsasnamə" hazırlanıb
müəyyən olunmuş qaydada təsdiq edilmişdir.
Uzun müddətdən
sonra ümumtəhsil məktəb məzunlarının
qızıl və ya gümüş medalla təltifinin "Təhsil
haqqında" Qanunda təsbit olunmasını və
şagirdlərin təhsil əməyinin
stimullaşdırılmasına xidmət edən bu işin
reallaşdırılması istiqamətində həyata
keçirilən tədbirləri ölkə ictimaiyyəti rəğbətlə
qarşılamışdır. Müsbət haldır ki,
müstəqil Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl medala
layiq görülən 37 nəfər, gümüş medalla təltif
olunan 16 nəfər məzundan 49 nəfəri respublikanın,
4 nəfəri isə xarici ölkələrin ali məktəblərinə
yüksək balla qəbul olunmuşlar.
Təhsil
Sektorunun İkinci İnkişaf Layihəsində
(TSİİL) nəzərdə tutulan tədbirlərə
uyğun olaraq, V-XI siniflər üçün fənn
proqramları (kurikulumları) təsdiq edilmiş,
Sumqayıt şəhərində
və respublikanın 22 rayonunu əhatə edən 3 bölgəsində
yeni fənn proqramları (kurikulumları) və dərslik
komplektlərinin, şagird nailiyyətlərinin qiymətləndirilməsinə
aid müasir modellərin tətbiqi vəziyyətinə həsr
olunmuş zona elmi-praktik konfransları keçirilmiş, eyni məzmunlu
məsələlər Astara, Biləsuvar, Şəki, Zaqatala,
Qazax, Samux, Qusar, Xaçmaz rayonlarında öyrənilərək
nəticələri nazirliyin əmri ilə rəsmiləşdirilmişdir.
Bunlarla yanaşı, ümumi təhsilin məzmunu, dərslik
siyasəti və təlim nailiyyətlərinin qiymətləndirilməsi
sahəsində aparılan islahatyönümlü işlərin
geniş təbliği və izahı məqsədilə yerlərdə
davamlı şəkildə maarifləndirmə tədbirləri təşkil
edilmiş, "Öyrədənlərin öyrədəni"
kursları vasitəsilə yerli təlimçilər
qruplarının yaradılmasına başlanmışdır.
Həmçinin 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərinin
I siniflərində dərs deyəcək 9 min nəfərədək
ibtidai sinif müəllimi təhsil sahəsində fəaliyyət
göstərən tender yolu ilə seçilmiş
qeyri-hökumət təşkilatları tərəfindən
yay dövründə öyrədici təlim kurslarından
keçirilmiş və onlara müəyyən olunmuş qaydada sertifikatlar verilmişdir.
Ulu öndər
Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr edilmiş məktəblilərin
ümumrespublika inşa yazı müsabiqəsi, ölkəmizdə
dördüncü dəfə keçirilmiş "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri,
obyektivliyi və şəffaflığı təmin etmək
məqsədilə pedaqoji kadrların vakant yerlərə
işə qəbulunun yeni model üzrə mərkəzləşdirilmiş
qaydada aparılması, Şuşa şəhəri 1 nömrəli
tam orta məktəbin 180 illik yubileyinin təntənəli
şəkildə qeyd edilməsi, indiki dövrdə ümumtəhsil
məktəblərinin idarə olunmasında mühüm rola
malik VMA-ların şəbəkəsinin nəzərəçarpacaq
dərəcədə genişlənməsi, təhsil
tariximizdə ilk təşəbbüs kimi "Təhsil
ensiklopediyası"nın hazırlanmasına
başlanması da ötən dərs ilinin ən yaddaqalan
hadisələrindən olmuşdur.
Bunlarla
yanaşı, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən, ümumi təhsil
pilləsinin tam orta təhsil səviyyəsində təhsilin
təmayüllər üzrə təşkili nəzərdə
tutulduğundan gələcəkdə bu işin səmərəli
həyata keçirilməsinə zəmin yaratmaq
üçün Bakı Avropa Liseyi, Fizika-riyaziyyat və
informatika təmayüllü lisey, "Elitar" gimnaziya,
akademik Zərifə Əliyeva adına məktəb, 6 nömrəli
məktəb-lisey nazirliyin əmri ilə pilot müəssisələr
elan olunmuş və 2011-2012-ci dərs ilindən həmin məktəblərin
müsabiqə əsasında komplektləşdirilmiş X
siniflərindən başlayaraq tam orta təhsilin eksperiment
qaydasında müəyyən edilmiş təmayüllərlə
təşkili qərara alınmışdır. Bu məqsədlə xüsusi tədris
planları və proqramları təsdiq olunmuş, pilot siniflərində
dərs deyəcək müəllimlərin seçimi
aparılmışdır.
Təhsil
Nazirliyinin "İstedadlı şagirdlər
üçün xüsusi lisey siniflərinin təşkili barədə"
22 iyun 2010-cu il tarixli əmrinə uyğun olaraq, 2010-2011-ci dərs
ilində Gəncə şəhəri 27 nömrəli
fizika-riyaziyyat və informatika təmayüllü liseydə,
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü
gimnaziyada, Quba rayonu A.Məmmədov adına təbiət fənləri təmayüllü 2
nömrəli məktəb-liseydə, Mingəçevir şəhəri
İ.Qayıbov adına 10 nömrəli, Şirvan şəhəri
S.Hüseynov adına 1 nömrəli, Lənkəran şəhəri
S.Kazımbəyov adına 6 nömrəli, Şəki şəhəri
19 nömrəli və Ağdaş rayonu S.Vurğun adına
şəhər 1 nömrəli məktəblərdə
yaradılmış xüsusi istedadı ilə fərqlənən
şagirdlər üçün V lisey siniflərində
uğurlu nəticələr əldə edilmiş, təhsilin
innovasiyalar zəminində təşkili istiqamətində
müsbət təcrübə toplanmışdır.
2011-2012-ci dərs ilində həmin müəssisələrdə
V və VI xüsusi lisey sinifləri fəaliyyət göstərəcək,
bu proses növbəti dərs illərində ardıcıl davam etdiriləcəkdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkədə gənclərin avanqard rolunun gücləndirilməsi
sahəsində yürütdüyü xoşməramlı
siyasəti rəhbər tutaraq, son onillikdə aparılan təhsil
islahatlarının nəticəsində formalaşmış
istedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi
və stimullaşdırılması üzrə nazirliyin 15
iyul tarixli, 1436 nömrəli əmri ilə xüsusi Fəaliyyət
planının təsdiqi də ötən dərs ilinə aid
diqqətçəkən tədbirlərdən biridir.
2010-2011-ci dərs
ili ərəfəsində respublikada 9380 yerlik 26 məktəb
istifadəyə verilmiş, 12 məktəb və 6 uşaq
bağçası əsaslı təmir edilmişdir. 50-dən
artıq rayonun ümumtəhsil məktəblərinə
2009-2010-cu dərs ilində olduğu kimi, 27414 parta, 2315
yazı lövhəsi, 4313 müəllim stolu, 7662 müəllim
stulu göndərilmişdir.
2011-2012-ci dərs
ilini 12180 nəfər şagird yeni tikilmiş 47 məktəbdə
qarşılayacaqdır. Bundan başqa, Lənkəran şəhəri
4 nömrəli məktəbdə 560 yerlik əlavə 28 sinif
otağı inşa olunmuşdur. Yeni dərs ili ərəfəsində
6 məktəb əsaslı təmir edilmişdir. Eyni zamanda
ayrı-ayrı bölgələrdəki məktəblərə
2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi,
2095 müəllim stolu, 3750 müəllim stulu
verilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may
2011-ci il tarixli, 1490 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na əsasən,
2011-ci ildə 4 yeni məktəb binasının, 2 məktəbə
əlavə korpusun, 20 məktəb üçün əlavə
sinif otaqlarının tikintisinin, 44 məktəb və 51
uşaq bağçasının əsaslı təmirinin, 6 məktəbdə
bərpa işlərinin başa çatdırılması nəzərdə
tutulur.
"2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq, keçən dərs ilində
27 min nəfər İKT-nin tətbiqi üzrə müxtəlif
təlim kurslarından keçirilmiş, 180 ümumtəhsil məktəbinə
1733 ədəd kompüter, 148 məktəbə 402 noutbuk, 14 məktəbə
1500 netbuk, 155 məktəbə 403 proyektor, 23 məktəbə
30 printer verilmiş, Azərbaycan
Təhsil Şəbəkəsinə
qoşulmuş ümumi təhsil müəssisələrinin
sayı 503-dən 1100-ə
çatdırılmışdır.
O da qeyd
olunmalıdır ki, 2011-2012-ci dərs ili ərəfəsində
ümumtəhsil məktəbləri üçün 102
adda 3463170 nüsxə dərslik
çap edilmişdir. Onların 45 adda 1179750 nüsxəsi yeni fənn
proqramları (kurikulumları) ilə işləyən ibtidai
siniflər üçün nəzərdə tutulmuşdur.
Bütün
bunlarla yanaşı, həmçinin etiraf etmək
lazımdır ki, ümumtəhsil məktəblərində təlim-tərbiyənin
keyfiyyəti müasir dövrün tələblərinə
tam cavab vermir, bu sahədə problemlər hələ də
qalmaqdadır. Təhsil orqanları tərəfindən məktəb
rəhbərlərinin vəzifə funksiyalarını
lazımi səviyyədə yerinə yetirmələrinə
ciddi nəzarət olunmur, idarəetmənin hesabatvermə, məsuliyyətin
bölüşdürülməsi və inkişafın
monitorinqi prinsipləri əsasında qurulması diqqətdən
kənarda qalmışdır.
Rayon və
şəhərlərdə bir sıra məktəb
direktorları şagird kontingentinin sabit saxlanmasına laqeyd
münasibət göstərir, xüsusilə yuxarı siniflərdə
dərsə davamiyyətin normal təşkilini təmin edə
bilmirlər. Təhsildən yayınan şagirdlərin məktəb
hesabatına daxil edilməklə adlarının sinif
jurnalına yazılması faktları vardır ki, bu da son nəticədə maliyyə
pozuntusuna gətirib çıxarır.
Əksər
məktəblərdə şagird nailiyyətlərinin
monitorinqinin təşkili yarıtmaz vəziyyətdədir.
Ona görə də məktəb rəhbərlərindən
bir çoxunun dərs illəri ərzində şagirdlərin
təlim göstəricilərindən hətta xəbərləri
belə olmur.
Məktəb
şəbəkəsinin optimallaşdırılması sahəsində
zəruri tədbirlərin görülməməsi, kadr siyasəti
düzgün aparılmadığından məktəblərdə
lüzumsuz olaraq xeyli artıq müəllim saxlanması,
xüsusən, ibtidai sinif müəllimi
sıxlığının yaranması, eləcə də
aparat və metodkabinet əməkdaşlarının
böyük əksəriyyətinin müasir təhsil
innovasiyalarını mənimsəməməsi yerli təhsil
orqanlarının fəaliyyətindəki ciddi
qüsurlardan hesab edilir.
Qeyd olunanlarla
əlaqədar mövcud vəziyyəti obyektiv qiymətləndirməklə
2011-2012-ci dərs ilində qarşıda duran vəzifələri
müzakirə etmək və inkişafyönümlü əməli
təkliflər hazırlamaq məqsədilə
ƏMR EDİRƏM:
1. 2011-ci
il 5-12 sentyabr tarixlərində ümumi təhsil sistemində
çalışan pedaqoji işçilərin rayon (şəhər)
konfransları keçirilsin.
2. Konfranslar
plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2
gün ərzində keçirilsin.
3.
Konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq
edilsin (əlavə olunur).
4.
Konfransların plenar iclaslarında "2010-2011-ci dərs ilinin
yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr"
mövzusunda rayon (şəhər)
təhsil şöbəsi (idarəsi) müdirlərinin
məruzəsi dinlənilib müzakirə olunsun.
5. Məktəb
direktorlarının, seçmə yolla direktor müavinləri
və qabaqcıl müəllimlərin, eləcə də
"Ən yaxşı müəllim" müsabiqəsi
qaliblərinin, təhsildə xüsusi nailiyyətlərlə
fərqlənmiş və yüksək balla ali məktəblərə
daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların
nümayəndələrinin iştirakı təmin olunmaqla
plenar iclasların 150-250 nəfərlik tərkibdə "dəyirmi
masa" formasında təşkili, təhsil şöbəsi
(idarəsi) müdirinin məruzəsinin cədvəl, sxem və qrafiklər əsasında
hazırlanıb ekranda müvafiq slaydlarla müşayiət
edilməsi məqsədəuyğun hesab olunsun.
6. Metodik
bölmə iclasları aşağıdakı təhsil
işçiləri üçün təşkil edilsin:
- məktəbəqədər
təhsil müəssisələrinin müdirləri;
- məktəb
direktorları;
-
ayrılıqda olmaqla məktəb direktorlarının
müavinləri;
-
ayrılıqda olmaqla fənlər üzrə metodbirləşmə
rəhbərləri;
- məktəb
kitabxanaçıları;
- praktik məktəb
psixoloqları;
- uşaq
birliyi rəhbərləri.
7.
Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər
Təhsil İdarəsi, rayon (şəhər) təhsil
şöbələri plenar və bölmə iclaslarında
irəli sürülmüş təklifləri ümumiləşdirib
sentyabrın sonunadək Təhsil
Problemləri İnstitutuna göndərsinlər.
8. Təhsil
Problemləri İnstitutu (A.Mehrabov):
8.1. Bölmə
iclaslarının səmərəli keçirilməsində
yerli təhsil orqanlarına köməklik məqsədilə
metodik tövsiyələr hazırlayıb avqustun 20-dək
pedaqoji mətbuatda dərc etdirsin.
8.2. Yerlərdən
alınmış təkliflərin təhlilini aparsın və
ümumiləşdirilmiş material hazırlayıb nazirliyə
təqdim etsin.
9.
Aparatın rəhbəri İ.Pirməmmədov konfranslarda
nazirliyin nümayəndələrinin iştirakı barədə
təkliflərini 2 həftə müddətinə rəhbərliyə
təqdim etsin.
10.
İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını və konfransların
gedişinin KİV-lərdə
işıqlandırılmasını təmin etsin.
11. Əmrin
icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
10 avqust 2011-ci il
Azərbaycan müəllimi.- 2011.- 19
avqust.- S.3.