Sent-Endryus Universiteti
Yerləşir: Böyük Britaniya, Şotlandiya, Sent-Endryus şəhəri
Yaranma tarixi: 1410-cu il
Tipi: Dövlət
İşçi heyəti: 1804 nəfər
Tələbələrin ümumi sayı: 9000 nəfər
İanə fondunun gəlirləri: 35000000 funt-sterlinq
Rəsmi saytı: www.st-andrews.ac.uk
Sent-Endryus Universiteti (University of St Andrews) Şotlandiyanın
Fayf vilayətinin Sent-Endryus şəhərində yerləşir.
Şotlandiyanın birinci, Böyük Britaniyanın isə
üçüncü (Oksford və Kembric
universitetlərindən sonra) ən qədim təhsil
ocaqlarından biridir.
Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə
tərtib etdiyi dünya universitetlərinin
reytinq cədvəlində
Sent-Endryus Universiteti
100 ən yaxşı
ali məktəb
arasında Perdyu Universiteti ilə birgə 87-ci yeri tutub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri
arasında apardığı
araşdırmaya əsasən,
Sent-Endryus Universiteti
103-cü, "QS World University Rankings"in
açıqlamasına görə
isə 95-ci yerdə qərarlaşıb.
Tarixi
Orta əsrlərdə şotlandiyalı gənclər
ali təhsil
almaq üçün
ölkədən kənara
üz tutmalı olurdular. 1410-cu ildə
Şotlandiyanın müstəqilliyi
uğrunda İngiltərə
və Şotlandiya arasında gedən müharibədən sonra şotlandiyalı tələbələr
Oksford və Kembric universitetlərindən
Parisə qovulmuşdular.
Katolik kilsəsi bir-biri ilə rəqabət aparan iki papa arasında bölüşdürüldükdən
sonra Fransa kardinalları papa IX Bonifatsini
dəstəkləyir, Şotlandiya
isə papa XIII Benediktə
sadiq qalır. Bu zaman çətin
vəziyyətə düşən
şotlandiyalı tələbələr
vətənə dönmək
məcburiyyəti ilə
üzləşirlər.
Artıq ali
məktəb yaratmağın
zamanı olduğunu anlayan şotlandiyalılar
bu məqsəd üçün Sent-Endryus
kilsəsini seçirlər.
Beləliklə, 1410-cu ildə
Parisdən qayıdan tələbələrin təşəbbüsü
ilə Sent-Endryus kilsəsində ali
məktəb açılır.
1411-ci ilin fevralında
məktəb Sent-Endryus
yepiskopu Henri Uordlou tərəfindən nizamnamə
alır.
1413-cü
ildə Avinyon papası XIII Benedikt məktəbə papa
bullası və universitet statusu verir. Kral nizamnaməsi isə
universitetə 1532-ci ildə verilib. Sent-Endryus
Universiteti çox tez bir zamanda genişlənir. 1418-1430-cu illərdə universitetin Sent-Cons, 1450-ci ildə
Sent-Salvator, 1511-ci ildə Sent-Leonard, 1537-ci ildə isə
Sent-Mariya kollecləri yaradılır. Həmin
dövrdə dərslərin əksəriyyəti dini xarakter
daşıyırdı və kilsə ilə sıx
bağlı idi. XVII-XIX əsrlərdə
universitetdə böhran yaşanır və ixtisarlar
aparılır, tələbə sayı xeyli azalır. Şotlandiyada yaşanan yoxsulluq da universitetin
inkişafını ləngidən amillərdən biri idi.
Belə ki, universitetə yardım edə biləcək xeyriyyəçilər
olmadığı üçün ali məktəb
inkişaf etmir.
1747-ci ildə maliyyə problemi ilə üzləşən Sent-Leonard kolleci bağlanmaq məcburiyyətində qalır. Kollecin işçi heyəti
və tələbələri
Sent-Salvator Kollecinə
köçürülür və sonradan bu kollec Sent-Salvator və Sent-Leonard Birləşmiş Kollecləri
adlandırılır. XIX əsrdə də
universitetdə vəziyyət
yaxşılaşmır. Klassik dillər, ilahiyyat və fəlsəfə elmlərinin tədrisinə
üstünlük verən
universitetdə dəqiq
elmlər, tibb, hüquq sahələri çox ləng inkişaf edir.
1897-ci ildə Sent-Endryus Universiteti yaxınlıqdakı
Dandi Təhsil Mərkəzi ilə birləşir və bundan sonra universitet
tibb və tətbiqi elmlərin inkişafı üzrə
nailiyyətlər əldə
edir. 1967-ci ildə isə
Dandi Təhsil Mərkəzi Sent-Endryus Universitetindən ayrılaraq
Dandi Universiteti kimi fəaliyyət göstərməyə başlayır.
1980-ci illərdə Sent-Endryus Universiteti geniş investisiya proqramı həyata keçirir və sürətlə inkişaf etməyə başlayır. 2009-cu ildə Şotlandiyada ilk dəfə
olaraq Sent-Endryus Universitetində qadın
(professor Luiza Riçardson)
ali məktəbin
direktoru, universitet Senatının sədri təyin olunur.
Sent-Endryus Universitetinin alimlərinin ali
məktəbin rəsmi
yaranma tarixi ilə bağlı mübahisələri hələ
də davam etsə də, 2011-ci ilin fevralında universitet məşhur məzunu şahzadə Uilyamın iştirakı ilə yaranmasının
600 illiyini qeyd edib.
Büdcəsi və təhsil haqqı
2010-cu ildə Sent-Endryus Universitetinin İanə fondunun gəlirləri təxminən 35000000 funt-sterlinq
olub.
2011-2012-ci tədris ilində Sent-Endryus Universitetində bakalavr səviyyəsində
oxuyan yerli və Avropa Şurası ölkələrindən
olan tələbələrin
təhsil haqqı ildə 1820-2895 (tibb sahəsi üzrə), əcnəbi tələbələrin
təhsil haqqı isə 13500-20550 (tibb sahəsi üzrə) funt-sterlinq arasında dəyişir. Magistratura və doktorantura səviyyələrində təhsil
alan yerli
və Avropa Şurasına daxil olan ölkələri təmsil edən tələbələr üçün
təhsil haqqı ildə 3732-8100, əcnəbi
tələbələr üçün
isə 12200-15250 funt-sterlinq
təşkil edir.
Sent-Endryus Universitetində bakalavr səviyyəsində
təhsil almaq üçün tələbəyə
ildə 26930 funt-sterlinq
(45780 ABŞ dolları) lazım
gəlir. Həmin məbləğin 13500 funt-sterlinqi
təhsil haqqı,
6500 funt-sterlinqi yataqxana,
1600 funt-sterlinqi nəqliyyat,
2000 funt-sterlinqi kompüter
təchizatı və
dərs ləvazimatları,
3330 funt-sterlinqi isə
şəxsi xərclər
üçün nəzərdə
tutulub. Magistratura və doktorantura səviyyələrində oxuyan
tələbəyə isə
ildə 29700 funt-sterlinq
(50490 ABŞ dolları) gərəkdir
(14600 funt-sterlinq-təhsil haqqı,
7000 funt-sterlinq-yataqxana, 1600 funt-sterlinq-nəqliyyat, 2000 funt-sterlinq-kompüter
təchizatı və
dərs ləvazimatları,
4500 funt sterlinq-şəxsi
xərclər).
Universitet bu gün
Sent-Endryus Şotlandiyanın Fayf vilayətinin şərq sahilində yerləşən universitet
şəhəridir. 17000-ə yaxın
əhalisi olan Sent-Endryus Fayf vilayətinin
beşinci böyük
şəhəridir.
Burada əhalinin çox faizini tələbələr təşkil
edir. Şimal dənizinin sahilində yerləşən şəhər
qədim tarixə və əsrarəngiz memarlıq nümunələrinə
malikdir. Şəhərin qədim memarlıq abidələrindən 1158-ci ildə
inşa edilmiş Kafedral kilsənin qalıqlarını, kilsənin
yaxınlığındakı 1200-cü ilə aid qəsri, qədim dar küçələri, eləcə
də Sent-Endryus Universitetinin binalarını
göstərmək olar.
Sent-Endryus şəhəri qolfun vətəni hesab
olunur. Şimal dənizinin sahili boyu 600-dən çox
yaşı olan qədim qolf sahələri mövcuddur və
bura dünyanın ən tanınmış qolf
oyunçuları gəlir.
Sent-Endryus Universitetində məktəblərə bölünmüş
4 fakültə (dəqiq
elmlər, incəsənət,
tibb və ilahiyyat) fəaliyyət göstərir. Universitetdə İncəsənət, Klassika, Biologiya (Biomolekulyar elmlər, Hüceyrə və sistemlər biologiyası, Təkamül
biologiyası və heyvanların davranışı,
Dəniz biologiyası
departamentlərindən ibarətdir),
Kimya (Kimya, Biologiya interfeysi, Eksperimental və nəzəri kimyəvi fizika, Molekulyar sintetik kimya bölmələri daxildir),
İnformatika (Kompüter
elmləri, Süni intellekt və hesablama simvolları, Şəbəkə və
paylaşdırma sistemləri,
Sistem layihələşdirməsi
departamentlərindən ibarətdir),
İlahiyyat, İqtisadiyyat
və Maliyyə, İngiltərə Tədqiqatları
(Orta əsrlər və intibah dövrü, XVIII əsr, Romantik və Viktorian dövrü, Yeni və ən
yeni dövr, Yaradıcı yazı departamentləri), Coğrafiya
və Yer Elmləri, Tarix, Beynəlxalq Münasibətlər
(Sülh və Münaqişələrin Aradan
Qaldırılması, Terrorizm
və Siyasi Zorakılığın Öyrənilməsi,
Rusiya, Sovet İttifaqı, Mərkəzi
və Şərqi Avropa Tədqiqatları, Qlobal Konstitusionalizm, Din və Siyasətin Öyrənilməsi, Yaxın,
Orta Asiya və Qafqaz Tədqiqatları mərkəzlərindən
ibarətdir), İdarəetmə,
Riyaziyyat və Statistika (Tətbiqi riyaziyyat, Təmiz riyaziyyat, Statistika departamentləri), Tibb, Müasir Dillər (Müasir və Müqayisəli Ədəbiyyatşünaslıq,
Avropa Mədəni Tədqiqatları, Rusiya, Mərkəzi və Şərqi Avropa Mədəni Tədqiqatları,
Sent-Endryus Dilçilik
institutları), Fəlsəfə
(Etika, Fəlsəfə
və İctimaiyyətlə
Əlaqə, Məntiq,
Dil, Riyaziyyat və Ağıl Fəlsəfə mərkəzlərindən
ibarətdir), Antropoloji
Tədqiqatlar və
Film (Hindu, Latın Amerikası
və Karib Tədqiqatları, Kosmopolitan,
Sakit Okean tədqiqatları mərkəzləri),
Fizika və Astronomiya (Astrofizika, Sıxlaşdırılmış mühit, Fotonika), Psixologiya (Mənimsəmə,
İnsan şüuru,
Sosial psixologiya, Ağılın mənşəyi,
Davranış, Tətbiqi,
kliniki və sağlamlıq psixologiyası
departamentləri daxildir)
məktəbləri mövcuddur.
Sent-Endryus Universitetinə kansler rəhbərlik edir. O, universitetin ictimai məsələləri
ilə məşğul olur, elmi dərəcələrlə
təltif edir. Hazırda universitetin kansleri
2006-cı ildə bu vəzifəyə seçilmiş ser
Menzis Kempbelldir. Kansler vəzifəsi
ömürlük icra olunur. Universitetin
rektoru Kevin Dunion, direktoru isə professor Luiza Riçardsondur.
Universitet Məhkəməsi universitetin
strategiyası, maliyyə, mülkiyyət, sağlamlıq, təhlükəsizlik
və ümumi idarəolunma işlərinə cavabdehlik
daşıyır. Məhkəmənin 23
üzvü professor-müəllim, tələbə heyəti,
məzunlar, Fayf vilayətinin yerli idarəetmə orqanları,
eləcə də yerli əhali arasından seçilir. Universitetin Senatı direktorun (rəhbərin) rəhbərliyi
altında fəaliyyət göstərir. Sent-Endryus
Universitetində 1804 nəfər işçi
çalışır. İşçilərin
817 nəfəri professor-müəllim, qalanları isə
inzibati heyətdir.
2010-2011-ci
tədris ilində Sent-Endryus Universitetində təxminən
9000 tələbə təhsil alıb. Onların 7000-ə qədərini
bakalavr, qalanlarını isə
magistr və doktorantlar təşkil edib.
Universitetdə
dünyanın 100-dən çox ölkəsindən olan tələbələr
təhsil alır. Burada oxuyan tələbələrin 30 faizini əcnəbilər
təşkil edir. Əcnəbilər
arasında Avropa və Şimali Amerikanın bütün
regionlarından, Yaponiya, Çin, Tayvan, Avstraliya, Malayziya,
Afrika, Hindistandan olan tələbələr üstünlük
təşkil edir.
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Sent-Endryus Universitetinin magistratura səviyyəsində
Hacıyev Əli Eldar oğlu beynəlxalq əlaqələr və
menecment ixtisası üzrə təhsil alır.
Sent-Endryus
Universitetinin üstün cəhətlərindən biri də
geniş çeşidli yataqxana sisteminə malik
olmasıdır. Universitetdə oxuyan tələbələrin
üçdə iki hissəsi yataqxanalarda məskunlaşır.
Yataqxanalarda qalan tələbələrin 66
faizini birinci kurslar, 34 faizini isə yuxarı kurs tələbələri
təşkil edir. Universitetdə Endryu Melvil Holl (birnəfərlik
otağın qiyməti ildə 4718, bir neçə nəfər
üçün isə 4253 funt-sterlinq), Con Bernet Holl,
Makintoş Holl, Sent-Requl Holl, Sent-Salvator Holl, Universitet Holl (birnəfərlik-5345,
bir neçə nəfərlik-4819 funt-sterlinq), Devid Rassel (birnəfərlik-5085,
bir neçə nəfərlik-4581 funt-sterlinq), Yeni Holl (birnəfərlik-5115,
bir neçə nəfərlik-4611 funt-sterlinq), eləcə də
təkadamlıq Olbani Park (2457 funt-sterlinq), Fayf Park (5085
funt-sterlinq) yataqxanaları fəaliyyət göstərir.
Sent-Endryus
Universiteti 6 əsrdən çoxdur ki, özünü
Avropanın, eləcə də dünyanın ən
qabaqcıl və fərqli elmi-tədqiqat müəssisəsi kim təsdiqləyib. Eyni zamanda Sent-Endryus
Universiteti şahzadələrin təhsil aldığı ali məktəb kimi tanınır.
Universitetin məşhur məzunları
II Ceyms Şotlandiya kralı
Şahzadə Uilyam Kembric hersoqu, şahzadə Çarlz və Diananın oğlu
Ketrin Middlton Kembric hersoginyası, şahzadə Uilyamın həyat yoldaşı
Aleks Salmond Şotlandiyanın baş naziri və Şotland Milli
Partiyasının lideri
Con Soers Böyük Britaniyanın BMT-dəki sabiq səfiri
Ceyms Uilson ABŞ Müstəqillik
Bəyannaməsini imzalayan
şəxslərdən biri
Ceyms Qrem görkəmli Şotlandiya sərkərdəsi
Ceyms Blek tibb və fiziologiya
üzrə Nobel mükafatı
laureatı
Uolter Hevort kimya üzrə Nobel mükafatı laureatı
Alan MakDiarmid kimya üzrə Nobel mükafatı laureatı
Con Neypir riyaziyyatçı, loqarifmin ixtiraçısı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 19
avqust.- S.5-6.