"Atam
Qabilin qəribə əhvalatları"
Xalq şairi
Qabil dövrümüzün
ən çox sevilən, oxunan
və sayılan şairlərdən biridir.
Onun yaradıcılıq yolu
şəxsiyyəti ilə həmahəngdir. Xatırladaq ki, o, 1948-ci ildə Azərbaycan
dili və ədəbiyyat müəllimi kimi Yardımlı rayonunda
dərs deyib. Elə həmin ilin sonlarında isə "Azərbaycan müəllimi"
qəzetində müxbir kimi
fəaliyyət göstərib. Bütün
bunlarla bərabər o,
yaradıcılığı, poeziyası ilə Azərbaycan şeirini
zənginləşdirən şairlərimizdəndir. O, müasirimiz olsa da hələ sağlığında klassikləşmiş
sənətkardır.
Qabil bütün
yaradıcılığı, dillər əzbəri olan "Səhv düşəndə yerimiz", "Bakılı",
"Çörək", "Azərbaycan torpagı",
"Göygöl", "Türkün qəbri", "Qoru özünü",
"Sənə qurban" kimi
qeyri-adi şeirləri və "Nəsimi"
kimi fundamental poeması
ilə əbədiyaşarlıq tapmışdı. Eyni zamanda həyatda mehriban,
səmimi və duzlu zarafatları ilə
yanaşı, onun haqqında yaradılan
maraqlı lətifələr də oxuculara
çoxdan bəllidir.
Bu günlərdə oxucular
üçün yeni olan Mahir Qabiloğlu tərəfindən
yazılmış "Atam Qabilin qəribə əhvalatları"
("Nurlan" nəşriyyatı, Bakı, 2011, 86 səh.)
kitabı Həsən Həsənovun redaktorluğu ilə
işıq üzü görüb. Xalq şairi Qabilin 85 illiyi
münasibəti ilə yazılmış bu kitabda Mahir
"Müəllifdən" yazısında qeyd edir ki, zaman
keçdikcə çox şey unudulur, elə buna görə
də onlardan (əhvalatlardan) bəzilərini mən də
geniş ictimaiyyətə çatdırmaq üçün qələmə
almaq niyyətinə düşdüm. Kitabın adını
isə görkəmli yazıçımız İsmayıl
Şıxlıya istinadən- o, "Dostum Qabilin qəribə
əhvalatları" qoymuşdu, mən isə "Atam Qabilin
qəribə əhvalatları" qoydum...
Həmin kitabda Mahir Qabiloğlunun
bilavasitə iştirakçısı və şahidi
olduğu əlliyə yaxın bir-birindən maraqlı əhvalat
toplanıb. Bu əhvalatlar içərisində gülməlisi
də, düşündürəni də var, bir çox mətləblərə
aydınlıq gətirəni də...
İnanırıq ki, şirin, sadə
bir dillə yazılmış nəfis tərtibatlı kitab
bütün Qabilsevərlərin sonsuz marağına səbəb
olacaq.
ƏDALƏT
Azərbaycan
müəllimi.- 2011.- 19 avqust.- S.8.