Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı
Bu
günlərdə respublikamızın hüdudlarından çox-çox uzaqlarda daha bir gəncimizin xoş sorağını aldıq.
Daha bir gəncimiz nüfuzlu
bilik yarışında növbəti uğura imza atdı.
2011-ci il iyulun 22-dən
28-dək Tailandın kurort məkanı
sayılan Pattayada keçirilən məktəblilərin XXIII Beynəlxalq İnformatika
Olimpiadasında Azərbaycan komandasının üzvü
Azad Qəzənfər oğlu
Salahlı bürünc
medala layiq görüldü.
Məlumat
üçün bildirək ki, dünya ölkələrində
təhsilin və innovativ təhsil
texnologiyalarının inkişafında mühüm
rol oynayan beynəlxalq
informatika
olimpiadası nüfuzlu bilik
yarışlarından biri hesab
olunur. Bu olimpiada dünyanın müxtəlif
ölkələrində informatika sahəsində
istedadlı şagirdlərin aşkara
çıxarılmasına, onların birliyinin
təşkilinə, bu yeniyetmələr üçün yarışların
keçirilməsinə və gələcək
inkişafı üçün imkanın
yaradılmasına, məktəblilər arasında informatika üzrə yarışlara
marağın artırılması və populyarlaşdırılmasına
şərait yaradır. Bundan əlavə,
olimpiadanın keçirilməsinin başlıca məqsədi dünyanın müxtəlif
ölkələrində informatika sahəsində
istedadlı şagirdlərlə işləyən pedaqoq və alimlərin, ictimai
xadimlərin birləşdirilməsi,onlar arasında dostluq münasibətlərinin
qurulmasıdır. Belə bir mötəbər
olimpiadada iştirak
etmək və yüksək nəticə əldə edərək
doğma Vətəninə medalla dönmək təbii ki,
hər bir istedadlı gəncimizin arzusudur.
Keçirilmiş məktəblilərin
XXIII Beynəlxalq İnformatika Olimpiadası barədə, həmçinin
əldə etdiyi uğurla bağlı xoş təəssüratlarını
bizimlə paylaşan Azad dəqiq
elmlərə, xüsusilə informatika fənninə
böyük maraq göstərdiyini bildirdi. İnformatikaya marağını və məhz bu
fənn üzrə keçirilən beynəlxalq olimpiadada iştirakını belə
izah etdi: "Mən informatikanı ona görə seçdim
ki, burada tələb olunan biliklər digər texniki fənlərə
nisbətən daha çoxdur. İnformatika
olimpiadasındakı məsələləri həll etmək
üçün təkcə proqramlaşdırma deyil, həm
də riyaziyyatın qraflar nəzəriyyəsi,
optimallaşdırma, oyunlar nəzəriyyəsi, kombinatorika
kimi sahələrini bilmək tələb
olunur.Bununla yanaşı, riyaziyyatın adıçəkilən
sahələri universitet tələbələrinə öyrədilir
və orta məktəb proqramında yoxdur. Ümumiyyətlə,
texniki fənlər içərisində informatika mənim
üçün daha maraqlıdır".
Azad artıq məzunu olduğu Bakı Özəl
Türk Liseyində təhsil aldığı müddətdə
vaxtaşırı beynəlxalq
miqyaslı olimpiadalarda iştirak etdiyini, bilik
yarışlarında yüksək nəticələr qazanaraq
ölkəmizə 2
gümüş və 1
bürünc medalla döndüyünü qürur hissi ilə
qeyd etdi. Sonuncu iştirak etdiyi XXIII Beynəlxalq İnformatika
Olimpiadasının onun üçün xoş və yaddaqalan
hadisələrlə zəngin olduğunu söyləyən
Azad 2009 və 2010-cu illərdə həmin olimpiadada iştirak etdiyini və bu il onun daha
yüksək səviyyədə təşkil edildiyini bildirdi.
O, ilk növbədə, qazandığı uğura görə
məzunu olduğu Bakı Özəl Türk Liseyinin rəhbərliyinə,
pedaqoji kollektivə, informatika müəllimləri - Namiq Əliyevə və Əli Həsənova
borclu olduğunu bildirdi. Azad
Bakı Dövlət Universitetinin dosenti, Beynəlxalq
İnformatika Olimpiadasında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin ona göstərdiyi
köməyi xüsusilə qeyd etdi. Ümumiyyətlə, Azərbaycan komandasının beynəlxalq
informatika olimpiadasına yüksək səviyyədə
hazırlaşdığını deyən yeniyetmə gəncimiz
qeyd etdi ki, o və digər şagirdlərimiz AMEA
İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya
Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində
hazırlıq dərsləri keçiblər. Ramin Mahmudzadənin
rəhbərliyi altında iyunun 1-dən iyulun 17-dək davam
etmiş treninqlər
İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin və digər
ali təhsil müəssisələrinin
tanınmış alim və
mütəxəssisləri tərəfindən
aparılıb. Azad belə bir mükəmməl
hazırlığın son nəticədə ona uğur gətirdiyini
deyərək bu işdə əməyi olan hər kəsə
öz minnətdarlığını bildirdi.
Respublikamızda yüksək intellektə
malik, istedadlı yeniyetmə və
gənclərə hər zaman diqqət və qaygı ilə
yanaşıldığını deyən Azad Salahlı, eyni
zamanda onların dünyanın inkişaf etmiş ölkələrində
müxtəlif fənlər üzrə keçirilən
yarışlarda iştiraklarını təmin etdiklərinə
görə müvafiq dövlət qurumlarına, xüsusilə
Təhsil Nazirliyinə təşəkkür etdi.
Yaşadığımız əsrin
kompüter əsri olduğunu söyləyən gənc
informasiya texnologiyaları sahəsinin ən sürətlə
inkişaf edən bir sahə olduğunu diqqətə
çatdırdı. Bildirdi ki, istər elmdə, sənayedə,
istərsə də digər sahələrdə
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
geniş yer verilir.
Azadın
bizimlə söhbət zamanı təvazökarlıq edərək
özündən çox danışmaması aydın hiss
olunurdu. Hər zaman onun
yanında olan, nailiyyətlərinə doğmaları qədər
sevinən Azərbaycan-Türkiyə Özəl Liseyləri
Baş İdarəsinin kompüter fənn metodisti Əli Həsənovdan
vaxtilə şagirdi olmuş Azad Salahlı haqqında fikirlərini
soruşmağı qərara aldıq. Əli müəllim
bunları dedi: "Azada 5 il dərs
demişəm. O, riyaziyyatı, fizikanı, o cümlədən
kompüteri gözəl bilir. Mənə
görə Azadın gözəl xüsusiyyətlərindən
biri də ev tapşırıqlarını yerinə yetirdikdən
sonra İnternetdən araşdırmalar apararaq, mövzu ilə
əlaqəli sualları tapıb onları da həll etməsidir.
O, İnternetdə ACM kimi portal veb səhifələrində
qeydiyyatdan keçib, oradakı məsələləri
araşdırmaqla məşğul olur. Azadın XXIII Beynəlxalq
İnformatika Olimpiadasında uğurlu iştirakı bir müəllim
olaraq məni çox sevindirdi. Biz müəllimlər ona
böyük ümidlər bəsləyirdik və sevinirəm
ki, Azad etimadımızı doğrultdu".
İstedadlı gəncin həyatında
ən yaddaqalan və sevincli hadisələrdən biri də
onun Kanadanın Vaterloo
Universitetinin kompüter elmləri fakültəsinə
daxil olmasıdır. "Niyə məhz Kanadanın bu
universitetini və fakültə olaraq kompüter elmlərini
seçmisən", - sualına Azad belə cavab verdi:
"Hazırda Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları sektorunun inkişaf etdirilməsi istiqamətində
mühüm işlər görülür və ölkəmizə
bu sahə üzrə bacarıqlı kadrlar lazımdır.
İnformatikaya olan marağım gələcəkdə bu sahə
üzrə lazımlı mütəxəssis kimi ölkəmizə
fayda vermək arzumu reallaşdırmağa təkan verdi. Elə
bunun üçün də Kanadada kompüter elmləri
üzrə ən yaxşı ali təhsil ocağı
sayılan Vaterloo Universitetinə daxil olmaq üçün
çalışdım və istəyimə nail oldum. Ən
böyük arzularımdan biri isə budur ki, Amerika, Sinqapur,
Hindistan və digər ölkələrdə olduğu
kimi, Azərbaycanda da
proqramlaşdırma neft sahəsi ilə yanaşı, ölkənin
əsas sənaye sahələrindən birinə çevrilsin.
Universitetdə yüksək bilik almaqla yanaşı, diaspor təşkilatlarının
təşkil etdiyi tədbirlərdə iştirak edəcək,
digər ölkələrin tələbələrinə Azərbaycan həqiqətlərini
çatdırmağa, ölkəmiz, onun mədəniyyəti
və tarixi haqqında, eləcə də bugünkü vəziyyəti,
inkişaf səviyyəsi barədə geniş məlumat verməyə
çalışacağam. Mənim fikrimcə, bu da təhsil
qədər önəmlidir".
Bizimlə söhbətinin sonunda Azad
qarşıda onu böyük sınaqların gözlədiyini
deyərək bu sınaqlardan üzüağ və
alnıaçıq çıxmaq üçün
var-qüvvəsini əsirgəməyəcəyini, doğma Vətəninə
layiqli bir mütəxəssis kimi dönəcəyinə
ümidvar olduğunu bildirdi.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2011.- 26 avqust.- S.16.