Məmmədsadıq Əhməd oğlu Əfəndiyev

 

Məmmədsadıq Əhməd oğlu Əfəndiyev 1902-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub.

İlk təhsilini Nuxada (indiki Şəki) alan Məmmədsadıq Əfəndiyev 12 yaşında anasını, 5 il sonra isə atasını itirib. 1913-cü ildə Nuxa klassik kişi gimnaziyasına daxil olub. Maddi çətinliklər ucbatından 1919-cu ildən təhsilini davam etdirməklə yanaşı, həm də mətbəədə çalışıb və Nuxa Bolşevik Təşkilatına üzv yazılıb. Ordu sıralarında olarkən Bakıda hərbi məktəbdə oxuyub. Sovet hərbi məktəbinin ilk məzunlarından olan Məmmədsadıq Əfəndiyev 1920-ci ildən hərbi sahədə çalışmağa başlayıb.

1920-ci ilin ortalarından 1925-ci ilə qədər Ümumittifaq Fövqəladə Komissiyası orqanlarında çalışıb. Xüsusi xidmət orqanlarının təcrübəli işçisi kimi Azərbaycanda və İranda mühüm tapşırıqlar yerinə yetirib. Peşəkarlığına və nümunəvi fəaliyyətinə görə Dövlət Təhlükəsizlik Komitəsinin Kollegiya üzvü seçilib, qızıl silahla təltif edilib.

Səhhətindəki problemlərlə bağlı 1925-ci ildə istefaya çıxdıqdan sonra Bakı Türk Fəhlə Teatrının direktoru, Dövlət Opera və Balet Teatrının direktor müavini, Teatr Texnikumunun direktoru, Azərbaycan Tamaşa Müəssisələri İdarəsinin direktoru və direktor müavini vəzifələrində uğurla fəaliyyət göstərib, Moskva Dövlət Kinematoqrafiya İnstitutunda, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında və Pokrovski adına Kommunist Universitetində işləyib.

1931-ci ildə Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutuna qəbul olub. Elmi tədqiqat mövzusu üzərində işə başlasa da, Mərkəzi Komitə tərəfindən yeni vəzifəyə təyin olunduğuna görə dissertasiyasını müdafiə edə bilməyib.

1935-1937-ci illərdə Azərbaycan SSR Baş Siyasi İdarəsinin rəisi, Azərbaycan KP MK-nın təbliğat və təşviqat, mətbuat və nəşriyyat şöbələrinin müdiri vəzifələrində çalışıb.

1937-ci ildə xalq maarifi komissarı təyin edilib. Bir ilə yaxın Azərbaycan təhsilinə uğurla rəhbərlik edib.

1938-ci ildə haqsız olaraq həbs edilib. Uzunsürən araşdırmalardan sonra 1940-cı ildə həbsdən azad olunub.

Sonralar Azərbaycan SSR Xalq Komissarları Sovetinin sosial-mədəni qrupunun rəhbəri, Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun direktoru və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru işləyib.

Məmmədsadıq Əfəndiyev 1942-ci ildə cəbhəyə göndərilib və həmin il həlak olub.

  

 

Azərbaycan müəllimi.- 2011.- 26 avqust.- S.11.