Görkəmli
maarif xadimi
XIX
əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycan pedaqoji fikir
tarixində silinməz iz qoymuş
onlarca parlaq simalar fəaliyyət göstərmişlər.
Bütün həyat və fəaliyyətini həmvətənlərinin
təhsilə, elmə, maarifə və mədəniyyətə
yiyələnmələrinə həsr etmiş
görkəmli ziyalılarımızdan biri
də Teymur bəy Məmməd bəy oğlu Bayraməlibəyov (1862-1937) olmuşdur. O, 1862-ci il avqust ayının 22-də
keçmiş Lənkəran qəzasının
Yeddioymaq kəndində dünyaya
gəlmişdir. İlk təhsilini kənd
mollaxanasında almış, Quranı oxumağı öyrənmiş
və Sədi Şirazinin (1210-1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir. Daha sonra Lənkərandakı
2 sinifli rus məktəbində
oxumuş, 1875-ci ildə oranı bitirib Tiflisdəki feldşerlik
məktəbinə daxil olmuşdur.
Oranı da müvəffəqiyyətlə
bitirdikdən sonra 1879-cu ildə Qori Müəllimlər Seminariyasının
2-ci sinfinə qəbul olunmuşdur.
1881-ci
ildə seminariyanı bitirən Teymur bəy
Lənkərandakı 2 sinifli rus məktəbində rus
dili və riyaziyyat
müəllimi kimi əmək fəaliyyətinə
başlayıb. Müəllim işlədiyi məktəbdə
cəmi 4 azərbaycanlı şagirdin
oxumasından narahat olan
Teymur bəy kəndbəkənd gəzərək
valideynlərlə görüşüb,
təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq və
inandırmaq yolu ilə məqsədinə
nail ola bilmişdi. Bu böyük zəhmətin nəticəsi
idi ki, dərs dediyi birinci ildə məktəbdə
təhsil alan azərbaycanlı şagirdlərin
sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya
çatdırılmış, sonrakı illərdə isə
bu artım təhsil alanların 90 faizini təşkil etmişdir.
Teymur
bəy Bayraməlibəyovu zaman bizə sələflərinin
və müasirlərinin "təzə kitabxanalar,
qiraətxanalar və məktəbxanalar" açmaq,
Azərbaycanda kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar
təsis etmək səylərinin ardıcıl
davamçılarından biri kimi tanıdır. Sələflərinin
"Xeyriyyə cəmiyyəti" yaratmaq
təşəbbüsləri də onu çox düşündürən məsələlərdən
idi. O, 1884-cü ildə
yaratdığı "Xeyriyyə cəmiyyəti"nin xətti
ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq
haqqını ödəmək işlərini həyata keçirmişdir. Teymur bəyin
təkidi ilə 2 sinifli məktəbi
bitirən və orta
təhsil məktəbinə daxil olmaq istəyənlərə "Xeyriyyə cəmiyyəti"
yol xərci ödəyir və digər
köməklik edirdi. T.Bayraməlibəyovun
təşəbbüsü ilə yaradılan ilk
dram dərnəyində həvəskar
artistlərin iştirakı ilə M.F.Axundzadənin
"Hacı Qara", N.Nərimanovun "Dilin bəlası", N.B.Vəzirovun
"Yağışdan çıxdıq, yağmura
düşdük" pyesləri, Ə.B.Haqverdiyevin "Kimdir
müqəssir", S.M.Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya
qoyulmuşdu. Xeyriyyəçilik məqsədi
güdən teatr tamaşaları gənclərdə
estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə
sənəti haqqında təsəvvür yaradırdı.
1881-ci ildən 1899-cu ilədək
Lənkərandakı 2 sinifli şəhər
məktəbində müəllimlik edən T.Bayraməlibəyov
1906-cı ildə öz vəsaiti
hesabına orada qiraətxana
açmışdı ki, həmvətənlərinin
geniş dünyagörüşlü
insan kimi
formalaşmasına kömək etsin. Əks
təbliğat
işi ilə məşğul olması bəhanə
edilərək Bakı qubernatoru
Alışevskinin əmri ilə
T.Bayraməlibəyovun işdən azad
edilməsi mahiyyət etibarı ilə qiraətxanaya və oxuculara vurulan böyük mənəvi zərbə idi. Vəziyyətin gərginləşdiyini görən
Teymur bəy Lənkəranda yaşayan bir qrup iranlı ziyalının adından İran səfirliyinə ərizə ilə
müraciət edərək, onların uşaqlarının ana dilində təhsil almaları üçün bütün
xərcləri öz üzərinə
götürmək şərtilə "Behcət"
adlı fars-türk ibtidai
məktəbinin açılmasına icazə istəyir. Teymur bəyin səyi nəticəsində 5 sinifli "Behcət" adlı məktəb
15 sentyabr 1907-ci ildə İran
səfiri İsmayıl xanın səlahiyyəti altında təsis
edilir. Orada fars, Azərbaycan, ərəb və rus dilləri tədris olunmaqla
şəriət, ərəb qrammatikası, riyaziyyat,
coğrafiya, rəsmxət və xəttatlıq
dərsləri keçilirdi. Teymur bəy bu məktəbin
rus dili müəllimi
idi.
Teymur bəyin
təşəbbüsü ilə yaradılan "Behcət"
məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr
əsasında qubernator Alışevskinin
qəzəbinə tuş gəlir. Onun əmri ilə məktəb çar hökümətinin
ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə
pis nümunə göstərdiyinə və
inqilabi yuva rolunu oynadığına görə
bağlanır.
Lənkəranda
tez-tez maneə və müqavimətlə
qarşılaşan Teymur bəy mənəvi
tərəqqi uğrunda əvvəlki
ardıcıl mübarizəsini yenidən davam
etdirir. O, 1909-cu ildə "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbini
açır. Əzabkeş, xeyirxah və
uzaqgörən ziyalının zəmanəti və köməyi
ilə az sonra bu məktəbin qapıları
uşaqların üzünə Dağıstanda
açılır. Dağıstan qubernatorunun
zəmanəti ilə T.Bayraməlibəyov bu
məktəbə müdir təyin olunur.
Teymur bəy
Bayraməlibəyovun savadı, bacarığı, təşkilatçılığı
onu Lənkəran Dumasına gətirib
çıxarır. Dumada fəaliyyəti
nəticəsində 1910-cu ildə o, Lənkəranda
4 sinifli ibtidai məktəbin
açılmasına nail olur.
Daha sonra isə onun ardıcıl səyləri ilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir.
1911-ci
ildə Lənkəran qəzasında Teymur
bəy Bayraməlibəyovun işıqlı ömür
yolunun ən parlaq səhifələrini
təşkil edən pedaqoji fəaliyyətinin
30 illiyi təntənəli surətdə qeyd edilir.
1918-ci
ildən Teymur bəy ailəsi ilə
birlikdə Bakıya köçür və
1929-cu ilədək pedaqoji fəaliyyətini
burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat
yaşamış yorulmaz pedaqoq,
publisist və ictimai-siyasi
xadimin yaradıcılığını əsasən
2 dövrə ayırmaq olar. Birinci dövr onun Qori Müəllimlər
Seminariyasını bitirdikdən sonra -
1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini,
ikinci dövr isə
Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri
əhatə edir.
Teymur bəy
Bayraməlibəyov "Kaspi" qəzetinin
Lənkəran müxbiri kimi
1883-cü ildən 1917-ci ilədək fəaliyyət göstərmişdir.
Adı H.Zərdabi, N.B.Vəzirov, E.Sultanov,
Ə.Ağaoğlu (Ağayev),
M.Mahmudbəyov və başqa
ziyalıların cərgəsində çəkilməyə
layiq olan Teymur bəy Bayraməlibəyov bizə layiqli bir irs
qoymuşdur.
Teymur
bəyin 1 sentyabr 1885-ci ildə tarixi mövzuda qələmə
aldığı "Talış xanlığının tarixi", "Lənkəran keçmişdə",
"Talışın meşə-çöl sahəsi",
"Talışın quşlar aləmi",
"Lənkəran qəzası talışlarının kosmoqonik rəvayət və inamları"
1881-ci ildən Tiflisdə nəşr olunmuş
lSMOMPK» məcmuəsinin üç sayında, "Novruz
bayramı" silsilə məqalələri isə "Kaspi" qəzetinin 1913-cü il
55, 56, 57-ci saylarında çap olunmuşdur.
Tibb təhsili
almış Teymur bəy Bayraməlibəyovun
etnoqrafik irsində xalq
təbabəti ilə bağlı bir
neçə əlyazması da vardır.
Teymur bəy
Bayraməlibəyovun irsi tədqiqatçı
alimlər tərəfindən qəzet və jurnal
səhifələrində, eləcə də iki
monoqrafiyada
işıqlandırılmışdır.
Teymur bəy
Bayraməlibəyovun ailə şəcərəsini nəzərdən
keçirdikdə bu böyük
ailənin nümunəvi tərbiyə və təhsil ruhunda yetişməsinin şahidi
oluruq. Bu nəsildə
həkim də, müəllim də, alim də,
ictimai xadim də
vardır.
Avqustun 22-də
Teymur bəy Bayraməlibəyovun doğum gününün
149-cu ili tamam oldu. 2012-ci ildə isə bu
böyük ziyalı, maarifçi,
pedaqoq, publisist,
tarixçi-etnoqrafın, folklorşünasın anadan olmasının 150 illik
yubileyi tamam olur. Keçdiyi mənalı ömür yolunda, xalqın elm, təhsil
və maarifə yiyələnməsi uğrunda
apardığı şərəfli mübarizələrlə
dolu həyatında Teymur
bəy Bayraməlibəyov çox böyük işlər görmüşdür.
Ümid edirik ki, Teymur bəy Bayraməlibəyovun bizə qoyub getdiyi irsi - əsərləri və dövri
mətbuatda çıxan məqalələri toplanılaraq kitab halında nəşr olunacaqdır.
Esmira CAVADOVA,
tarix üzrə fəlsəfə doktoru
Bəhman KƏRİMOV,
tarix üzrə fəlsəfə doktoru
Azərbaycan.- 2011.- 26 avqust.- S.11.