Dublin Universitet Kolleci
Yerləşir:
İrlandiya, Dublin
şəhəri
Yaranma tarixi: 1854-cü il
Tipi:
Dövlət
İşçi heyəti: 4600 nəfər
Tələbələrin ümumi sayı: 25000 nəfər
Rəsmi saytı: www.ucd.ie
Dublin Universitet Kolleci (University College Dublin) İrlandiyanın
paytaxtı Dublin şəhərində yerləşir və
ölkənin ikinci ən böyük ali məktəbidir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə tərtib
etdiyi dünya universitetlərinin reytinq cədvəlində
Dublin Universitet Kolleci 100 ən yaxşı ali məktəb arasında 89-cu
yeri tutub. "Times Higher Education World University Rankings"in
2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri
arasında apardığı araşdırmaya əsasən,
Dublin Universitet Kolleci 94-cü, "QS World University
Rankings"in açıqlamasına görə isə
114-cü yerdə qərarlaşıb.
Tarixi
Dublin
Universitet Kollecinin tarixi 1854-cü ildə yaradılmış
İrlandiya Katolik Universiteti ilə bağlıdır. Həmin dövrdə
irlandiyalı katoliklərə katolik azadlığından
sonra daha yüksək dərəcəli təhsil vermək
üçün kardinal Pol Kallenin rəhbərliyi altında
universitet yaratmaq ideyası irəli sürülür.
XIX əsrdə
İrlandiyada konfessional (dini) təhsil məsələsi
mübahisəli idi. Katolik
məktəblər iyerarxiyası Qoluey, Belfast, Kork şəhərlərində
yerləşən "Allahsız kolleclər"ə təsir
göstərmək, Dublin Triniti Kollecini katolik alternativi ilə
təmin etmək niyyətində idilər. Dublin Triniti Kolleci
anqlikan (İngiltərədə protestant dininin bir qolu)
yönümlü ali məktəb olsa da, 1780-ci
ildən burada katoliklər də təhsil almağa
başlayır, lakin universitetin dini sənədində katoliklərin
kollecin rəhbər orqanlarında vəzifə
tutmasının istisnası haqqında göstəriş
öz əksini tapır. 1850-ci ildə
İrlandiyanın Törls şəhərində Katolik
Universitet yaratmaq haqqında qərar qəbul olunur. Nəticədə, 1854-cü ildə İrlandiyada
yeni Katolik Universiteti yaradılır və müqəddəs
Con Henri Nyumen universitetin birinci rektoru təyin olunur. Daha
sonra universitetin 3 binası fəaliyyətə başlayır:
Maykl Flannerinin nəzarəti altında Sent-Patrik və ya
Universitet binası, Ceyms Kuinnin rəhbərliyi altında
Sent-Lourens və Nyumenin şəxsi nəzarəti altında
Sent-Meri binaları.
Nyumenin
rəhbərlik etdiyi Sent-Meri binasında ilk 8 tələbədən
2-si irland, 2-si ingilis, 2-si şotland və digər 2-si isə
fransız olub. Bu tələbələr baron, qraf və lord
övladları idi, sonradan onların arasına 2
belçikalı şahzadə də əlavə olunur. Nyumenin malik olduğu nüfuz universitetə tələbələrin
axınına səbəb olur. Universitetin
ilk tələbələri arasında İrlandiyanın siyasi
lideri Daniil OTKonnelin nəvəsi də təhsil alıb.
Katolik
Universiteti özəl ali məktəb
olduğu üçün Kral xartiyası almır və bu səbəbdən
maliyyə çətinliyi çəkir. 1857-ci
ildə Nyumen universiteti tərk etdikdən sonra burada ciddi
böhran yaşanır. Universitetə yeni rəhbər
Varfolomey Vudlok təyin olunur və o, 1879-cu ilədək bu ali məktəbə başçılıq
edir. V.Vudlok universitetin ərazisinin genişlənməsi
üzrə işlər aparır. 1880-ci
ildə İrlandiya Kral Universiteti yaradıldıqdan sonra bu
tendensiya dəyişir. Katolik Universitetinin Sesiliya
küçəsindəki Tibb Məktəbi, əsrarəngiz
memarlıq abidələri hesab edilən 2 binası - Nyumen Haus
və Sent-Stefan, eləcə də universitet kilsəsi
universitetdən qalan ən gözəl nümunələrdir. Kollecin bir çox işçi və tələbələri
sonradan İrlandiya dövlətinin inkişafında
mühüm rol oynayır. Onlardan Patrik Pirs, Hyu Kennedi,
Eoin Makneyll, Ceyms Rayan, Duqlas Hayd, Con Kostello və digərlərini
qeyd etmək olar.
1908-ci
ildə "İrlandiya universitetləri haqqında" qanun qəbul
edilir, həmin sənədə əsasən Kral Universiteti ləğv
edilir və İrlandiya Milli Universiteti ilə əvəz
olunur. İrlandiya Milli Universiteti Dublin, Qoluey və Kork
kolleclərinin birləşməsi nəticəsində
yaranır.
Birinci
Dünya müharibəsi dövründə İrlandiya
könüllülərinin əksəriyyəti, eləcə
də Dublin Universitet Kollecinin tələbə və müəllimləri
britaniyalıları dəstəkləyir. 1940-cı illərin əvvəllərində
Dublin Universitet Kolleci ölkədə üçüncü ən
böyük dövlət ali məktəbinə
çevrilir. Dublin şəhərinin mərkəzində
kollecin kampusunun genişləndirilməsi üzrə bir
neçə dəfə uğursuz cəhdlərdən sonra
şəhərin kənarında ali məktəbin
müasir kampusunun tikintisinə başlamaq qərarı qəbul
olunur. Bu qərarın icrasına 1960-cı illərdə Dəqiq
elmlər fakültəsinin Dublin şəhərinin kənarında
1,4 km² (350 akr) Belfild ərazisinə
köçürülməsindən sonra
başlanılır. Bir müddətdən sonra
Belfild müasir binalardan, kollec, yataqxana, istirahət mərkəzlərindən
ibarət əzəmətli kampusa çevrilir.
1997-ci
ildə qəbul edilmiş "Universitetlər haqqında"
qanundan sonra Dublin Universitet Kolleci İrlandiya Milli Universiteti
çərçivəsində yaranan əsas təhsil müəssisəsinə
çevrilir. 2004-cü ildə Dublin Universitet Kolleci
yaradılmasının 150 illiyini təntənəli olaraq qeyd
edir.
2007-ci
ildə kollecin sonuncu departamenti Erlfort ərazisindən Belfild
kampusuna köçürülür.
Büdcəsi və təhsil haqqı
Dublin Universitet Kollecinə
Avropa İttifaqı üzvü olan ölkələri təmsil
edən tələbələrin qəbulu kollec tərəfindən
deyil, Mərkəzi Ərizələr Ofisi (Central Applications
Office) tərəfindən aparılır. Abituriyentlər
ali məktəbə qəbul olmaq
üçün buraxılış imtahanlarında əldə
etdikləri nəticələri təqdim etməlidirlər. Ofis kollecdə ayrılan yerlərlə abituriyentlərin
göstəricilərini uyğunlaşdırdıqdan sonra
avqustun ortalarında qəbulun nəticələri
açıqlanır. Avropa İttifaqı
üzvü olmayan ölkələri təmsil edən
abituriyentlər kollecə qəbul olmaq üçün bir
sıra mərhələlərdən keçməlidirlər.
Əlillər, yaşlı və ya maddi durumu çətin
olan tələbələr digər proqramlar əsasında bu ali məktəbə qəbul edilirlər.
2011-2012-ci
tədris ilində Dublin Universitet Kollecində Avropa
İttifaqı ölkələrindən olan tələbələrin
təhsil haqqı bakalavr səviyyəsində onların
oxuduğu kollec və məktəbdən asılı olaraq
5784-13915 avro, magistratura və doktorantura səviyyəsində
isə 3200-5400 avro təşkil edir. Avropa İttifaqına daxil
olmayan ölkələri təmsil edən tələbələrin
təhsil haqqı bakalavr səviyyəsində tələbənin
qəbul olunduğu kollec və məktəbdən
asılı olaraq 14850-39200 avro, magistratura və doktorantura səviyyəsində
isə 6700-11400 avro arasında dəyişir.
Universitet bu gün
Dublin
Universitet Kollecinin Belfild kampusu Dublin şəhərindən 4
km cənubda 133 hektar ərazidə yerləşir. Kampus akademik binalar, elmi-tədqiqat
institutları, kitabxana, tələbə kəndləri, idman və
istirahət kompleksləri, eləcə də digər müəssisələrdən
ibarətdir.
Kampus ərazisindəki
binalardan Ceyms Coys kitabxanası, Baytarlıq Məktəbinin
binası və binanın qarşısındakı
böyük "Noah yumurtası", İncəsənət,
Biznes məktəbləri, Konvey İnstitutu, NovaUCD tədqiqat
mərkəzi, Qlenomena yataqxana kompleksini qeyd etmək olar. Belfild kampusu müxtəlif beynəlxalq elmi və
professional konfransların, yay məktəblərinin təşkil
olunduğu məkan kimi tanınır.
Dublin
Universitet Kolleci məktəblərə bölünmüş
7 kollecdən ibarətdir:
Kənd Təsərrüfatı, Qida Elmləri
və Baytarlıq Elmləri Kolleci universitetin ən böyük bölməsdir. Kollecə Kənd Təsərrüfatı,
Qida Elmləri, Baytarlıq Elmləri; Biologiya və Ekologiya;
Biomolekulyar və Biotibbi Elmlər; Kimya və Kimya
Biologiyası; Tibb və Tibb Elmləri;
Tibb Bacısı, Mamalıq və Səhiyyə Sistemləri;
İctimai Səhiyyə, Fizioterapiya və Əhali Elmləri məktəbləri
aiddir.
İncəsənət və Kelt Tədqiqatları
Kolleci humanitar elmlər
üzrə proqramlar təklif edir. Kollecdə Arxeologiya; İncəsənətin
Tarixi və Mədəni Siyasət; Klassika; İngilis Dili,
Drama və Kino; Tarix və Arxiv; İrland, Kelt Tədqiqatları,
İrland Folkloru və Dilçiliyi; Dillər və Ədəbiyyatlar;
Musiqi məktəbləri fəaliyyət göstərir.
Biznes və Hüquq Kolleci Biznes, Hüquq məktəblərindən
ibarətdir. Beynəlxalq əhəmiyyətli nüfuza malik olan
bu məktəblər ölkənin ən tanınmış
şəxslərini yetişdirib.
Mühəndislik və Memarlıq Kolleci sənaye müəssisələri ilə
əməkdaşlıq edərək təhsil və tədqiqat
işləri həyata keçirir. Kollecə 6 məktəb (Memarlıq;
Biosistem Mühəndisliyi; Vətəndaş, Struktur və
Ekologiya Mühəndisliyi; Kimya və Bioproses Mühəndisliyi;
Elektrotexnika, Elektronika və Kommunikasiya Mühəndisliyi;
Mexanika və Materialşünaslıq) daxildir. Məktəblərdə
maşınqayırma, memarlıq, energetika, biotibb, tibbi
avadanlıq, nəqliyyat, kommunikasiya, tikinti, emal sənayesi və
digər sahələr üzrə innovativ tədqiqatlar
aparılır.
Tibb Kollecində tibb, fizioterapiya, ictimai səhiyyə,
rentgenoqrafiya və digər sahələr üzrə tədqiqatlar
həyata keçirilir. Kollecdə Tibb və Tibb Elmləri; Tibb Bacısı,
Mamalıq və Səhiyyə Sistemləri; İctimai Səhiyyə,
Fizioterapiya və Əhali Elmləri məktəbləri
mövcuddur.
Humanitar Elmlər Kolleci universitetin ən dinamik inkişaf edən
kollecidir. Kollec Tətbiqi
Sosial Elmlər; İqtisadiyyat; Pedaqogika; Coğrafiya, Planlaşdırma
və Ekoloji Siyasət; İnformasiya və
Kitabxanaçılıq Elmləri; Fəlsəfə; Siyasət
və Beynəlxalq Əlaqələr; Psixologiya; Sosial Ədalət;
Sosiologiya məktəblərindən ibarətdir.
Dəqiq Elmlər Kolleci biologiya, kimya, geologiya, riyaziyyat, fizika,
kompüter elmləri üzrə müxtəlif proqramlar təklif
edir. Kollecdə
Biologiya və Ekologiya; Biomolekulyar və Biotibbi Elmlər; Kimya
və Kimya Biologiyası; Kompüter Elmləri və
İnformatika; Geologiya Elmləri; Riyaziyyat Elmləri; Fizika məktəbləri
vardır.
Dublin
Universitet Kollecinin prezidenti 2004-cü ildən doktor Hyu Beydidir. Universitetin rektoru isə
Filip Nolandır. Kollecdə ümumilikdə
4600 işçı çalışır. Əməkdaşların 1322 nəfərini
professor-müəllim, qalanlarını isə inzibati heyət
təşkil edir.
Ötən
tədris ilində Dublin Universitet Kollecində 25000-dən
çox tələbə təhsil alıb. Tələbələrin beş
minini dünyanın müxtəlif ölkələrindən
olan əcnəbi tələbələr təşkil edib. Kollecin tələbələri arasında bir
çox ölkələrdən gələn İrlandiya
diasporunun nümayəndələri üstünlük təşkil
edir. Eyni zamanda kollecdə təhsil alan
tələbələr Erasmus Mundus proqramı, "Universitetlər
21" qlobal tədqiqat universitetləri şəbəkəsi
çərçivəsində digər ölkələrin
ali məktəblərində təhsil almaq imkanlarına
malikdirlər.
Kollecdə
50-yə qədər müxtəlif tələbə qruplaşması
fəaliyyət göstərir. Bunlara incəsənət, ticarət-iqtisadiyyat,
dini (Xristian, İslam, Dünyəvi Humanist), elmi, fəlsəfi,
klassik, xeyriyyəçi və s. tələbə cəmiyyətləri
aiddir. Kollecdə ən qədim cəmiyyət Ədəbiyyat
və Tarix, ən çox üzvü olan isə Dublin Hüquq
(5248 nəfər) cəmiyyətləridir. Dublin Universitet Kollecinin Tələbə Təşkilatı
1974-cü ildən fəaliyyət göstərir.
Dublin
Universitet Kollecinin yataqxanalarında 3000-dən çox tələbə,
eləcə də ali məktəbin əməkdaşları
qalır. Yataqxanada qalanların həyat tərzini
yüksəltmək məqsədilə burada ən müasir
şərait yaradılıb. Belfild
kampusunda tələbələrin məskunlaşması
üçün xüsusi tələbə kəndləri
mövcuddur. Onların arasında ən
çox tələbə tutumuna malik olanları Qlenomena,
Belqrov yataqxana kompleksləridir.
Dublin Universitet
Kollecində çox güclü idman ənənəsi
mövcuddur. Universitetin Herlinq komandası dəfələrlə
ölkə çempionatının qalibi olub, xokkey, basketbol,
qadınlardan ibarət voleybol, reqbi, tennis, futbol, kriket
komandaları müxtəlif çempionatlarda qalibiyyət əldə
ediblər. Universitet idmançıları tennis üzrə
8, qılıncoynatma üzrə 5, sonradan isə 10 il dalbadal çempionlar kubokunu qazanıblar. Belfild kampusunda İrlandiyanın ən yüksək
səviyyəli idman kompleksləri yerləşir.
Bunlardan milli xokkey stadionunu (burada qadın xokkeyçilərin
dünya kuboku, kişi xokkeyçilərin
Avropa Final çempionatı keçirilib), reqbi və futbol
stadionlarını, ölkədə ən böyük fitnes mərkəzini,
skvoş, tennis kortlarını, qapalı meydançaları,
qayalara dırmaşma divarlarını, iki böyük idman
zalını və s. qeyd etmək olar. Hazırda
kollecdə 50-dən çox idman klubu fəaliyyət göstərir.
157 ildir
ki, Dublin Universitet Kollecinin məzunları İrlandiyanın
müstəqil Avropa ölkəsi kimi dinamik inkişafında
mühüm rol oynayır. Kollec yüksək keyfiyyətli
təhsil, tədqiqat və təqaüd proqramları həyata
keçirir, biznes, hasilat, siyasət və xidmət sahələrinin
gələcək inkişafı məqsədilə yeni
metodlar tətbiq edir. Kollecdə iqlim dəyişməsi
və sabit inkişaf, informasiya və kommunikasiya
texnologiyaları, genetika, tibb və digər sahələr
üzrə ən qabaqcıl elmi tədqiqatlar aparılır.
Yaradıcı
və uğurlu fəaliyyəti ilə İrlandiyanın,
bütövlükdə bəşəriyyətin
çiçəklənməsinə xidmət edən Dublin
Universitet Kolleci ali məktəbin prezidenti Hyu Beydinin qeyd etdiyi
kimi, müasir və intellektual düşüncəli
insanların üzünə həmişə
açıqdır.
Universitetin məşhur məzunları
Ketrin
Dey
Avropa
Komissiyasının baş katibi
Duqlas
Hayd
İrlandiyanın ilk prezidenti
İmon de
Valera
İrlandiyanın 3-cü prezidenti
Kerbholl
Dalaigh
İrlandiyanın 5-ci prezidenti
Patrik Hilleri
İrlandiyanın
6-cı prezidenti
Varahagiri
Venkata Giri Hindistanın 4-cü prezidenti
Con
Kostello İrlandiyanın 1-ci baş naziri
Çarlz
Hoqi
İrlandiyanın
6-cı baş naziri
Qarret
Fitsjerald
İrlandiyanın
7-ci baş naziri
Jon
Bruton
İrlandiyanın
9-cu baş naziri
Brayan
Kouen
İrlandiyanın
11-ci baş naziri
Ceyms
Coys
İrlandiya ya
zıçısı
Gebriel Birn tanınmış irland aktyoru
Nil
Cordan irlandiyalı rejissor və prodüser
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 26
avqust.- S.8-9.