700 bal toplamış məzunlar
Artıq
beşinci ildir ki, ali məktəblərə qəbul
imtahanlarında ən yüksək - 700 bal zirvəsi fəth
olunur. Bu il estafeti Ləman Məmmədova, Cahandar Camallı,
Xavər Feyzullayeva və Əli Əliyev davam etdiriblər.
Onların hamısı Bakı məktəblərinin builki məzunlarıdır.
Tələbə
adını qazanmış bu 4 gənc 700 ballıq nəticə
ilə imtahan verdiyi I qrupun və bütövlükdə builki
abituriyentlərin liderinə çevrilib. Həmin qalib gənclər
haqqındakı yazıları oxucularımıza təqdim
edirik.
Məmmədova
Ləman Elşən qızı
1993-cü il noyabrın 27-də
Bakıda ziyalı ailəsində anadan olub. 2000-ci ildə
Bakının Sabunçu
rayonundakı N.Rzayev adına 169 nömrəli məktəbin
I sinfinə qəbul olub. 2011-ci ildə həmin məktəbi
"əla" qiymətlərlə bitirib. Təhsil
aldığı bu illər ərzində
məktəbin bütün ictimai işlərində fəal
iştirak edib. Dəfələrlə inşa müsabiqələrində,
olimpiadalarda iştirak edib, diplomlar alıb. XI sinifdə oxuyarkən
məktəblilər arasında riyaziyyat fənni üzrə
keçirilən olimpiadada Bakı şəhəri üzrə
I yeri tutub.
2011-ci ildə ali məktəblərə
qəbul imtahanlarında I ixtisas qrupu üzrə yüksək
bilik nümayiş etdirərək 700 bal toplayıb. Qafqaz
Universitetinə daxil olan Ləman burada informasiya
texnologiyaları və sistemləri mühəndisliyi
ixtisasına yiyələnəcək.
Bu günlər redaksiyamızın
qonağı olan Ləman Məmmədova öz sevincini bizimlə
bölüşdü:
- Hələ uşaqlıqdan oxumağa
böyük həvəsim olub. Atam mühəndis, anam Xatirə
Əlibəyova riyaziyyat müəllimidir. Yaxşı
oxumağımda onların əməyi danılmazdır. Elə
bu uğurum üçün mənə yaratdıqları
şəraitə və mənəvi dəstəyə görə
valideynlərimə minnətdaram. Eyni zamanda ibtidai sinif müəllimim
Gülcənnətə, sinif rəhbərim və kimya müəllimim
Dürdanəyə, riyaziyyat müəllimim Gülşənə,
fizika müəllimim Yeganəyə, ingilis dili müəllimim
Solmaza, Azərbaycan dili müəllimim Arifəyə və əlbəttə,
məktəbimizin direktoru Elnarə xanıma öz dərin təşəkkürümü
bildirirəm.
Ən böyük arzum daxil olduğum
ali məktəbi də "əla" qiymətlərlə
başa çatdırmaq və gələcək illərdə
təhsilimi dünya şöhrətli Amerika universitetlərindən
birində davam etdirmək, daha sonra doğma Azərbaycana
qayıdıb layiqli bir mütəxəssis kimi xalqıma xidmət
etməkdirE
Bu yolda Ləmana biz də uğurlar
arzulayırıq.
Camallı
Cahandar İlqar oğlu
1994-cü il iyulun 22-də
Naxçıvan MR-in Şərur rayonunun Çomaxtur kəndində
anadan olub. 1997-ci ildə valideynləri ilə birlikdə
Bakı şəhərinə köçüblər. 2000-ci
ildə Bakının Xətai rayonundakı 263 nömrəli
orta məktəbin birinci sinfinə daxil olub. Bu təhsil
ocağında oxuduğu illərdə olimpiada və
müsabiqələrdə çox az iştirak edib. Amma birinci
qrup üzrə hazırlaşdığı fənlərdən
"beş", qalan fənlərdən "dörd" də
alıb. Əsas məqsədi isə TQDK-nın keçirdiyi
sınaq və qəbul imtahanlarında yüksək nəticə
göstərmək idi. Son sınaq zamanı 663 bal toplayıb.
Cahandar sınaq imtahanlarında daha çox mexaniki səhvlərə
yol verdiyini bildirdi. O özü etiraf edərək deyir ki, qəbul
imtahanında çalışıb bu səhvlərimi düzəltdim.
Bir qədər həyəcanlı olsam da, sualların 125-ni də
cavablandırandan sonra həyəcanım tamamilə
keçdi. Özümə çox inanırdım. Yüksək
nəticə göstərəcəyimə əmin idim.
Mənim 700 bal
yığmağımın əsas səbəblərindən
biri də valideynlərimin mənə yaxından dəstək
olması idi.
Bir neçə gün əvvəl 700
bal toplamış abituriyentlərə Türkiyənin
Sabançı Universitetindən pulsuz oxumaq təklifi edilsə
də Cahandar hələ ki, təhsilini Azərbaycanda davam
etdirmək fikrindədir. Qafqaz Universitetinin kompüter mühəndisliyi
ixtisasını seçib.
O, əldə etdiyi bu yüksək
uğurun qazanılması üçün yaradılan
lazımi şəraitə görə, ilk növbədə,
valideynlərinə borclu olduğunu söyləyir. Eyni zamanda,
məktəbin direktor müavini Nərgiz xanıma, sinif rəhbəri
Südabə müəllimə, sevimli fizika müəllimi
Elmiraya, kimya müəllimi Ulduzəyə və məktəbin
bütün müəllim kollektivinə dərin təşəkkürünü
bildirir.
Cahandarın ən böyük arzusu
seçdiyi ixtisas üzrə xarici ölkə universitetlərinin
birində təhsil alıb doğma vətənə
qayıdaraq layiqli bir övlad kimi müstəqil Azərbaycana
xidmət etməkdir.
Feyzullayeva
Xavər Canbulat qızı
1994-cü il fevralın 2-də Bakı
şəhərində anadan olub. 2000-ci ildə Bakıdakı
299 nömrəli məktəbin 1-ci sinfinə qəbul olunub.
O, məktəbdə bilik və bacarığı ilə bərabər,
yüksək əxlaqi keyfiyyətlərə malik bir şagird
kimi tanınıb. Təhsil aldığı məktəbin
ictimai işlərində daim fəal iştirak edib.
Xavər 2011-ci ildə oxuduğu 299
nömrəli məktəbi bitirəndə attestatında
yalnız bir fəndən - biologiyadan "4" qiymət olub.
O, X və XI siniflərdə oxuyarkən TQDK tərəfindən
keçirilən sınaq imtahanlarında həmişə
600-dən yuxarı bal toplayıb. Özünün dediyinə
görə, sonuncu sınaq imtahanında 690 bal toplayıb.
O, I ixtisas qrupu üzrə qəbul
imtahanı zamanı bütün suallara düzgün cavab
yazaraq 700 bal toplayıb və Qafqaz Universitetinə seçdiyi
kimya mühəndisliyi
ixtisası üzrə qəbul
olunub. O, valideynlərinə, xüsusilə anası Səadət
xanıma ona psixoloji dəstək olduğuna görə minnətdarlığını
bildirir.
Eyni zamanda orta məktəbdə
oxuduğu illərdə onun yüksək təhsil almasında
əməyi olan sevimli müəllimləri - Reyhan,
Qızxanım və ibtidai sinif müəllimi Ballı müəllimə,
ona ali məktəbə hazırlaşmaqda
yardımçı olan "Araz" kursu kollektivinə, o
cümlədən Ülvi və Cahanə müəllimlərə
öz dərin təşəkkürünü bildirir.
Xavər təhsildə, elmdə daha
böyük uğurlar qazanmağı qarşısına məqsəd
qoyub.
Ölkə Prezidenti İlham Əliyev cənablarının
rəhbərliyi altında bu gün Azərbaycanda hər bir kəsin
yüksək təhsil alması üçün yaradılan
münbit şərait gəncləri daha yaxşı
oxumağa sövq edir. Xavərin də ən böyük
arzusu bu təhsil ocağını bitirdikdən sonra biliyini
xarici ölkə universitetlərinin birində daha da
artırmaq, Vətənə layiq övlad kimi yetişərək
xalqımıza xidmət etməkdir.
Arzusunun həyata keçməsində
ona uğurlar diləyirik.
Əliyev
Əli Rəhbər oğlu
1993-cü ildə Neftçala şəhərində
anadan olub. Atası mühəndis, anası Səadət
xanım evdar qadındır. Əli dünyaya gəldiyi il
Bakıya köçüblər. 2000-ci ildə o,
Bakıdakı 27 nömrəli ingilis dili təmayüllü məktəbin
1-ci sinfinə qəbul olub. 2008-ci ildən Bakıdakı 287
nömrəli "Zəkalar" liseyində təhsilini davam
etdirib. Özünün dediyi kimi əsas uğurları da elə
bundan sonra başlanıb. Riyaziyyat olimpiadalarında iştirak
edərək biliyini sınayıb. IX və XI siniflərdə
"Araz" kursunun keçirdiyi sınaqlarda 2 və 3-cü
yerləri tutub. X sinifdə oxuyarkən Qafqaz Universitetinin
keçirdiyi III riyaziyyat və məntiq olimpiadasında fərqlənən
30 şagirddən biri olub. XI sinifdə oxuyarkən - 2011-ci ildə
keçirilən riyaziyyat olimpiadasında Bakı şəhəri
üzrə I yerə, respublika üzrə isə IV yerə
çıxıb. Bu il Xəzər Universitetinin keçirdiyi
olimpiadada I qrup üzrə 1-ci yerə layiq görülüb.
Eyni zamanda XI sinifdə oxuyarkən
"Virtual rinq", "Xəmsə", "Ağıl dəryası"
kimi intellektual teleoyunlarda iştirak edərək qalib olub. "Ağıl
dəryası" verilişində 2-ci yeri tutub finala
çıxan Əli imtahansız attestat və Şimali Kipr
Universitetində pulsuz oxumaq şansı qazanıb. Attestatı
isə ona təhsil naziri Misir Mərdanov özü təqdim
edib.
Qəbul imtahanı zamanı test
kitabçasında olan 125 sualın hamısını 2 saat ərzində
düzgün cavablandıraraq 700 bal toplayıb. Beləliklə
də Əli arzu etdiyi Qafqaz Universitetinin informasiya
texnologiyaları və sistemləri mühəndisliyi fakültəsini
seçir və elə ora da qəbul olunur. Gələcəkdə
təhsilini xarici ölkələrdə - Qərbi Avropa və
Amerikada davam etdirmək arzusundadır.
Əli Əliyev deyir ki,
qazandığım bu uğura görə, ilk növbədə,
valideynlərimə, müəllimlərimə və bir də
özümə borcluyam. Xüsusilə, ibtidai sinif müəllimim
Elmira Nağıyevaya, riyaziyyat müəllimim Rəfailə,
fizika müəllimim Şamxala, kimya müəllimim Atlasa, Azərbaycan
dili müəllimim Səlminaza, ingilis dili müəllimim
Amaliyaya, tarix müəllimim Abbasağaya və məktəbimizin
direktoru Aygün xanıma təşəkkürümü
bildirirəm.
Səhifəni
hazırladı: Ədalət DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2011.- 26 avqust.- S.6.