Yeni
dərs ili qarşısında
Bəşəriyyət
yarandığı gündən özünün
inkişafını təmin etmək üçün həmişə
axtarışlar aparmış, yeni mexanizmlər
düşünülmüşdür. Bu zaman insanın
böyüyüb boya-başa çatması, rəqabətədavamlı
şəxsiyyət kimi formalaşması həmişə diqqət
mərkəzində saxlanılmışdır. Təhsil bəşəriyyətin
bu tarixi inkişaf yolunda ən unikal bir mexanizm kimi meydana
çıxmış, insanların əxlaqi, mənəvi və
fiziki cəhətdən inkişafını təmin edən
bir sistem kimi istifadə olunmağa başlamışdır. Bu
gün də təhsil fenomeni cəmiyyətin inkişaf
dinamikasını tənzimləyən, onu daha uğurla irəli
aparan potensial bir qüvvə kimi dəyərləndirilir. Ulu
öndər Heydər Əliyevin dediyi kimi, "Təhsil sahəsi
müqəddəs bir sahədir. Çünki təhsil sahəsi
uşaqları, gəncləri hazırlayıb gələcəyə
əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis
etmək üçün mövcuddur". Görünür,
elə bu səbəbdən də XXI əsr özünün
görüntüləri ilə "Təhsil əsri"
adlandırılmışdır. Ona görə də
bütün fəaliyyətlərin təhsilə yönlənməsi,
onun humanist prinsiplər əsasında qurulması əhəmiyyətli
hesab edilir.
Ölkəmizdə
ənənəvi sentyabr
konfranslarının keçirilməsi müəllimlərin,
bütövlükdə təhsil işçilərinin bir araya gələrək bu günü bayram etməsi, ona dəyər
verməsi əslində cəmiyyətimizdə təhsilə olan yüksək münasibəti ifadə edir.
Hər ilki konfranslara
müəllimlər özlərinin nail
olduqları uğurlar və
qarşılaşdıqları çətinliklərlə gəlirlər.
Problemlərin həlli istiqamətində müzakirələr
aparırlar. Onlar həmişə olduğu kimi, bu il də sentyabr
konfranslarına toplaşacaq, özlərinin
gələcək fəaliyyətlərinin istiqamətlərini
müzakirə edərək, müvafiq qərarlar
qəbul edəcəklər.
Məlum
olduğu kimi,
respublikamızda 1999-cu ildən başlayan
təhsil islahatları uğurla davam edir. Təhsilin bütün pillələrində, o cümlədən ümumi
təhsil sahəsində quruculuq işləri
planlı və ardıcıl şəkildə
aparılır. Artıq "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının
Prezidenti cənab İlham
Əliyevin həmin Qanunun tətbiq edilməsi
barədə 5 sentyabr 2009-cu il tarixli fərmanına uyğun olaraq ümumi təhsil sahəsinə aid olan sənədlər
yenidən hazırlanaraq istifadəyə verilmişdir. "Ümumtəhsil
pilləsinin dövlət standartları və proqramları
(kurikulumları)", "Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi", "Ümumi
təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin
nümunələri və onların verilməsi
qaydası", "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş
medalla təltif olunma
Qaydası", "Təhsildə xüsusi
nailiyyətlərə görə qızıl və gümüş medalların təsviri",
"Təhsil proqramlarının (kurikulumların) yerinə
yetirilməsi müddəti" və "Ümumi
təhsil müəssisəsinin Pedaqoji
Şurası haqqında Əsasnamə"dən ibarət
olan bu normativ-hüquqi
sənədlər qlobal dünyanın humanist və demokratik
prinsiplərinə uyğun
hazırlanmışdır. Bu gün həmin sənədlərin öyrənilməsi
təxirəsalınmaz bir vəzifə kimi qarşıda dayanır. Sentyabr
konfranslarında onları müzakirə obyektinə
çevirmək bu gün
sadəcə təhsili idarə edənlər üçün
deyil, həm də müəllimlər,
bütövlükdə pedaqoji ictimaiyyət
üçün əhəmiyyətli hesab edilir.
Müstəqil Azərbaycanın təhsil
tarixində ilk dəfə təlim nailiyyətlərinə
görə şagirdlərin qızıl və
gümüş medallarla təltif olunmasından, bununla təlim
prosesində stimullaşdırıcı bir şəraitin
yaradılmasından önəmli bir hadisə kimi
danışılmalıdır. Ötən dərs ilində
37 nəfərin qızıl, 16 nəfərin isə
gümüş medal alması, onların
hamısının ali məktəblərə
daxil olması, onların təhsildə yüksək nəticələr
qazanması və bu nailiyyətlərin əldə olunması
üçün müvafiq təlim texnologiyalarının
seçilməsindəki peşəkarlıqdan bəhs edilməlidir.
Ümumtəhsil məktəbləri üçün
kurikulumların hazırlanması və tətbiqi sahəsində
ölkəmizdə aparılan işlər mahiyyət etibarilə
zamanın təkrar olunmayan və Azərbaycan təhsilini
dünyanın mütərəqqi təhsil məkanı ilə
əlaqələndirən pedaqoji innovasiyalardır. Bu
innovasiyalar məzmununda milliliklə ümumbəşəriliyi
birləşdirən, eyni zamanda tarixən əldə
olunmuş nailiyyətləri ehtiva edən strukturdur. Onlar
müasirlik prizmasında
unikal bir sistem kimi diqqəti
cəlb edir.
İcbari təhsil mərhələsindən
sonra tam orta təhsilin təmayüllər üzrə qurulması,
eləcə də istedadlı uşaqlar üçün
siniflərin təşkil olunması sahələrində də
tədbirlərin həyata keçirilməsi milli təhsilimiz
üçün yeni və son dərəcə
faydalıdır. Onun uğurla tətbiq
olunması və ölkə miqyasında geniş yayılması üçün
sağlam müzakirələrin
aparılmasına ehtiyac
vardır.
Ötən il 9380 yerlik 26 məktəbin
istifadəyə verilməsi, məktəblərin müxtəlif
avadanlıqlarla təmin olunması, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin
informatlaşdırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq 27 min nəfərin
İKT-nın tətbiqi üzrə
müxtəlif təlim kurslarından keçməsi, 180 ümumtəhsil
məktəbinə 1733 ədəd kompüter, 148 məktəbə
402 noutbuk, 14 məktəbə 1500 netbuk, 155 məktəbə
403 proyektor, 23 məktəbə 30 printer verilməsi, Azərbaycan
təhsil şəbəkəsinə qoşulmuş ümumi təhsil
müəssisələrinin sayının 503-dən 1100-ə
çatdırılması, 2011-2012-ci dərs ili ərəfəsində
ümumtəhsil məktəbləri üçün 102 adda
3463170 nüsxə dərsliyin çap edilməsi və
onlardan 45 adda 1179750 nüsxəsinin
yeni fənn kurikulumları ilə işləyən siniflər üçün nəzərdə
tutulması, ümumtəhsil məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, onun tədris
avadanlıqları və təlim vasitələri ilə təmin
olunması üçün ardıcıl olaraq tədbirlərin
həyata keçirildiyini göstərir. Onu da qeyd etmək
lazımdır ki, 2011-2012-ci dərs ilini 12180 nəfər şagird yeni
tikilmiş 47 məktəbdə qarşılayacaq.
Ölkəmizin tarixində ilk dəfə
ibtidai siniflərdə tətbiq olunan yeni kurikulumlarla iş bu il başa çatır. Əvvəlki illərdə
olduğu kimi, 2011-2012-ci dərs ilində də ümumtəhsil məktəblərinin I siniflərində
dərs deyəcək 9 min nəfərədək,
Naxçıvan Muxtar Respublikasında isə 358 nəfər
ibtidai sinif müəllimi təlim
kurslarından keçirilmiş və onlara müvafiq qaydada
sertifikatlar verilmişdir.
İbtidai təhsilin nəticəyönümlü məzmununun
tətbiqi sahəsində xeyli təcrübə
qazanılmışdır. İlk növbədə,
şagirdlərin təlim fəallığı artmış,
bir subyekt kimi problemlərin həllindəki rolu dəyişmişdir.
Bundan əlavə, onların kommunikativ, fiziki, ən
başlıcası isə idraki bacarıqlarının
inkişafı üçün imkan yaranmışdır.
Müəllimin belə bir təhsil sisteminin qurulmasını
təmin edən maraqlı tərəflərdən biri kimi
funksiyası dəyişmişdir. O, şagirdi öyrənməyə
istiqamətləndirmək, onun fəaliyyətini koordinasiya etmək keyfiyyəti qazanmışdır.
Aparılan müşahidələr,
keçirilən sorğular yeni sistemin şagirdin idrak fəallığının
yaranması, onun sürətlə inkaşaf etməsini
aydın şəkildə göstərir.
Lakin bu yeni sistemin tətbiq olunması nöqsanlardan da xali
deyildir. Ötən il yeni fənn kurikulumlarının tətbiqi
vəziyyəti Təhsil Nazirliyi tərəfindən öyrənilərək
ümumiləşdirilmişdir. Bu zaman belə məlum
olmuşdur ki, "müəllimlərin müəyyən hissəsinin
fənn kurikulumlarında təsbit olunmuş məzmunun,
standartların reallaşdırılmasında qiymətləndirmə
standartlarının tətbiqi, interaktiv təlim
metodlarından səmərəli istifadə
bacarıqlarının təkmilləşdirilməsinə hələ
də ehtiyac vardır". Müşahidə və söhbətlər
göstərir ki, bəzi müəllimlər yeni təhsil
siyasətinə uyğun olaraq yaradılmış məzmunun
xüsusiyyətlərini, onun reallaşdırılması ilə
bağlı strategiyaların özünəməxsusluğunu
şərh etməkdə çətinlik çəkirlər.
Onun xüsusi təlim şəraitində
öyrənilməsinə ehtiyac duyurlar.
Bu dərs ilində ümumtəhsil məktəblərinin
V-XI siniflərində təhsilin ənənəvi məzmunu tətbiq
olunacaqdır. Əvvəlki dərs ilindən fərqli
olaraq bu il fakültativ, fərdi və qrup məşğələlərinin
hesabına yalnız X sinifdə kimya-biologiya, XI sinifdə isə
fizika və fiziki coğrafiya fənlərinin həftəlik
saatlarının miqdarı artırılaraq 2 saata
çatdırılmışdır. Əslində bu, 1999-cu
ildə təsdiq olunmuş Bazis tədris planından cari dərs
ilində yenə də istifadə olunacağını diktə
edir. Yeni təhsil sisteminə keçidin tədriciliyi hələ
bir müddət bu
vəziyyətin davam edəcəyini göstərir.
Bununla belə o da məlumdur ki, artıq
ümumtəhsil məktəblərinin kurikulumlarının
hazırlanması işi başa çatmış, Azərbaycan
Respublikasının təhsil naziri
02 iyun 2011-ci il tarixdə "Ümumtəhsil məktəblərinin
V-XI sinifləri üçün fənn proqramlarının
(kurikulumların) təsdiqi haqqında" əmr
imzalamışdır. Eyni zamanda V siniflər
üçün yeni kurikulumlarla dərsliklərin
hazırlanması məqsədilə tender elanı
verilmişdir.
Bütün bunlar onu göstərir ki, V-XI
siniflərin yeni kurikulumlarla işə başlamalarına
çox az bir vaxt qalır. Təbii ki, bu
ilkin olaraq fənn müəllimləri, fənn birləşmələri
və məktəb rəhbərlərini yeni təhsil
proqramlarının (kurikulumların) xüsusiyyətlərini
öyrənmələrini zəruri tələb kimi
qarşıya qoyur. Hər bir məktəb, hər
bir müəllim təxirə salınmadan bu innovasiyanı mənimsəməli
və özününküləşdirməlidir.
Keçirilmiş monitorinqlər göstərir
ki, hələ də yeni kurikulumlara keçidə ibtidai sinif
müəllimlərinin, yaxud kiminsə subyektiv problemi kimi
yanaşılır, onun ciddiyyəti və vacibliyi unudulur, arxa
plana keçirilir.
İslahatın gedişi prosesində əldə
olunmuş təcrübələr göstərir ki, sürətli
inkişafın təmin olunması üçün daha
çox görülən işlərin mahiyyətinin şərh
olunması, onun məqsəd və məramının
açıqlanması təkanverici rol oynayır.
İslahatların fəlsəfəsinin dərk olunması
pedaqoji içtimaiyyətin bu işə daha yaxından səfərbər
olunmasını təmin edir. Bu mənada sentyabr
konfranslarında müstəqil Azərbaycanın təhsil
siyasəti ətrafında müzakirələrin
açılması, xüsusən ümumtəhsil sahəsində
müəyyən olunmuş vəzifələrin qeyd edilməsi,
onun yerinə yetirilməsi istiqamətində
məsləhətləşmələrin
aparılması zəruri
hesab edilir.
Ümumtəhsil kurikulumlarının
hazırlanması ölkədə həyata keçirilən
təhsil siyasətinin bir qolu kimi diqqət mərkəzində
saxlanılır. Bu siyasət mahiyyət etibarı ilə
humanist və demokratik prinsiplərə söykənməklə
ümumi təhsil məktəbinin yenidən qurulmasına
yönəlmişdir. "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda göstərilir ki, "Ümumtəhsil
təhsil alanların fiziki və intellektual inkişafına, zəruri
biliklərə yiyələnməsinə, onlarda sağlam həyat
tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş
təfəkkürünün formalaşmasına, milli və
dünyəvi dəyərlərə hörmət hissinin
aşılanmasına, ailə, cəmiyyət, dövlət və
ətraf mühit qarşısında hüquq və vəzifələrin
müəyyən edilməsinə imkan yaradır".
Ümumi təhsil məktəbi Azərbaycan vətəndaşının,
milli və bəşəri dəyərlərə məxsus
olan, idraki, hissi və fiziki keyfiyyətlərə malik şəxsiyyətin
formalaşması istiqamətində fəaliyyət göstərir.
Onun bu vəzifələri müvəffəqiyyətlə
yerinə yetirməsi şəxsiyyətyönümlü
xarakter daşımasından, nəticəyönümlü məzmuna
malik olmasından, fəaliyyətini təhsil standartlarına əsasən
qurmasından daha çox asılıdır. Çünki
belə olan halda ümumi təhsil sahəsində fəaliyyətləri,
onların inkişafını daha asan idarə etmək
mümkün olur.
Qlobal dünyanın mütərəqqi fikir axını ümumi təhsil məktəbi ilə bağlı bir nöqtədə qovuşur. Bu, hafizə məktəbinin
təfəkkür məktəbi
ilə əvəz olunması zərurətindən
irəli gəlir.
Bu gün dünyanın
təhsillə bağlı
mülahizələr söyləyən
təhsilşünas, psixoloq
alimləri bu barədə qəti fikir söyləməklə
onu müasir inkişaf məkanında ən uğurlu çıxış yolu hesab edirlər. Bununla həm də insanın bir şəxsiyyət kimi təfəkkür mədəniyyətinə
malik olmasını cəmiyyət üçün
ən yüksək dəyər və insani keyfiyyət kimi qiymətləndirirlər.
Bu təhsil tendensiyası dünyanın
inkişaf etmiş demokratik ölkələrində
davam etməkdədir.
Qlobal dünyanın insanları
kimi, bu mütərəqqi yanaşma
tərzini əxz eləmək, ən müasir pedaqoji innovasiya kimi onun tətbiqinə nail olmaq üçün müzakirələr aparmağa
ehtiyac vardır.
Özümüzün təhsil şəraitimizə,
potensial imkanlarımıza
əsaslanmaqla müstəqil
Azərbaycanın intellekt
məktəbini hansı
təməl üzərində
necə qurmalı və onu necə
inkişaf etdirməliyik?
Təhsil sahəsində müəyyən
olunmuş humanistlik, demokratiklik, varislik, bərabərlik, keyfiyyətlilik,
millilik və dünyəvilik, səmərəlilik
və sair prinsipləri necə həyata keçirməliyik?
Təbii ki, konfrans zamanı keçirilən
müzakirələrdə bu suallar ətrafında toplanan
fikirlər ümumilikdə təhsil fəaliyyətimizin daha səmərəli
qurulmasına əhəmiyyətli təsir göstərə
bilər.
Ölkəmizdə aparılan təhsil
islahatları yeni pedaqoji təfəkkürün
formalaşması ilə müşayiət olunur. Pedaqoji
innovasiyalar pedaqoji ictimaiyyətin fikrində, düşüncəsində
yeni anlayışlar, eləcə də əməlində fəaliyyətinə
yeni yanaşma tərzi kimi formalaşır. Bu təbii proses bəzən
qısqanclıqla qəbul olunsa da, baş verir. Hər zaman bu
prosesə açıq olmaq, onu təfəkkür süzgəcindən
keçirmək, saf-çürük etmək müasir
zamanımızın ən vacib keyfiyyətlərindəndir.
Ümumtəhsil məktəblərində
islahatlardan danışılarkən məzmun
islahatlarının aparılması, onun reallaşdırılması
kimi məsələlərə diqqət yetirilir. Bəzən
məzmun islahatlarını "kurikulum islahatları" kimi
izah edənlər də olur. Əslində "kurikulum
islahatı" daha geniş anlayış olub özündə
"məzmun islahatları"nı da ehtiva edir. Təhsilin məzmunu
bilik, bacarıq və vərdişlərin sistemindən ibarət
olmaqla stabil xarakter daşıyır və nələrin
öyrədilməsi sualına cavab verir.
Uzun zamanlar üzərində iş
aparılan təlim materiallarına məzmun kimi
yanaşılmışdır. Elə buna görə də
onların mənimsədilməsi məqsəd hesab edilmişdir.
Beynəlxalq ekspertlər belə sistemi "fənnyönümlü",
"bilikyönümlü" adlandırmaqla onları dəyərləndirmişlər.
Yeni təhsil siyasətinə uyğun olaraq ümumtəhsilin
məzmununda dəyişikliklər aparılmışdır.
Onun nəticələr formasında verilməsi, təhsildə
maraqlı olan bütün şəxslərin fəaliyyətini
bu nəticələrə uyğun olaraq qurması məqsədəmüvafiq
hesab edilmişdir. Belə bir yanaşma tərzinin meydana gəlməsi,
heç şübhəsiz, pedaqogika nəzəriyyəsində
təhsilin məzmununu və onun kimi bir sıra
anlayışların şərhinə də öz təsirini
göstərməsi istisna edilmir.
Dərsliklər təhsilin məzmununun
reallaşdırılmasında xüsusi əhəmiyyət
daşıyan və onu tamamlayan resurslardan hesab edilir. Təlim
prosesinin təşkil olunmasında, müəllim və
şagird əlaqələrinin səmərəli şəkildə
qurulmasında dərslik əsas təlim vasitələrindən
biri kimi əvəzolunmaz rola malikdir. Ona görə də
ölkəmizdə dövlət səviyyəsində
hazırlanmış təhsil siyasəti həyata
keçirilir. Artıq bir neçə ildir ki, kurikulumların
tələblərinə uyğun yeni dərsliklərin
hazırlanması sahəsində iş aparılır. Mahiyyət
etibarilə bu dərsliklər müasir məktəbin tələblərinə
uyğun olaraq intellektual potensialın yüksəldilməsinə
yönəldilmiş dərsliklər kimi hazırlanır.
I-III siniflərdə yeni dərsliklərin tətbiqi ilə
bağlı xeyli təcrübə əldə olunmuşdur.
Aparılmış monitorinqlər göstərir ki, bu dərsliklərin
tətbiq olunması şagirdlərin fəallığının
artırılması, düşünmə qabiliyyətinin
inkişaf etdirilməsi, onun yaradıcı şəxsiyyət
kimi formalaşdırılması baxımından əhəmiyyət
daşıyır. Lakin bununla yanaşı, onların tətbiq olunmasında bir sıra
çətinliklər də vardır. İlkin qənaətlər
göstərir ki, bu çətinliklər daha çox həmin
dərsliklərin prinsiplərini,
məzmun və struktur xüsusiyyətlərini
aydınlaşdırmamaqdan, onların
reallaşdırılması istiqamətində uyğun
texnologiyaları seçə və təlim materiallarına
yaradıcı yanaşa bilməməkdən irəli gəlir.
Müzakirələrdə bu məsələnin də gündəmə
gətirilməsi, yeni texnologiyalar əsasında təcrübə
toplamış müəllimlərin
çıxışlarının dinlənilməsi,
qabaqcıl təcrübəsinin analitik təhlilinə həsr
olunmuş məruzələr ətrafında müzakirələrin
aparılması faydalı hesab edilir. İmkan daxilində dərslik
müəlliflərinin müzakirələrə
qatılması praktik cəhətdən əhəmiyyətli
təcrübə kimi qiymətləndirilir.
Bu gün müəllimlərin daha
çox ehtiyac duyduğu məsələlərdən biri təlimin
strateji məsələləridir. Baxmayaraq ki, ötən əsrin
90-cı illərinin sonundan başlayaraq fəal təlim məsələləri
nəzəri və praktik cəhətdən öyrənilir,
müəllimlər interaktiv metodlardan istifadə ilə
bağlı seminarlarda və işgüzar görüşlərdə
iştirak edir, təcrübələr toplayırlar, lakin yeni
kurikulumların tətbiq olunması zamanı təlim
formalarının, üsullarının seçilməsində,
dərsin məzmun və struktur cəhətdən
düzgün qurulmasında yenə də çətinliklərlə
rastlaşırlar. Əslində belə bir vəziyyətin
olması təbii hesab edilir. Çünki islahatın
gedişi prosesində yeniliklərin qəbul olunması və
tətbiqi ilə bağlı dəyişikliklər tədrici
xarakter daşıyır. Orada tələsmək, formal olaraq
sürətliliyi təmin etmək o qədər faydalı
hesab edilmir.
Müzakirələrdə təlimin
strateji məsələlərindən biri kimi
planlaşdırmanın əhəmiyyəti, cari və
perspektiv olaraq aparılmasının zəruriliyi ilə
bağlı fikir mübadiləsi aparılmalıdır. Bu barədə
müasir pedaqoji araşdırmalara istinad edilməlidir.
Pedaqoji fəaliyyətin səmərəliliyi
və keyfiyyəti onun düzgün
planlaşdırılmasından asılıdır. İl ərzində
təlim materiallarının hansı ardıcıllıqla,
hansı məzmunda və nə zaman
reallaşdırılacağı, eləcə də hansı
resurslardan istifadə olunacağı müəyyənləşdirilməlidir.
Hər bir müəllim özünün fərdi tədris fəaliyyətini
bu tələblərə əsasən
planlaşdırmalıdır. Bu zaman tövsiyə olunan müxtəlif
tematik planlaşdırma nümunələrinə əsaslanmaq,
onlardan yaradıcı şəkildə istifadə etmək
olar. Bəzən müəllimlər müxtəlif tədris
komplektlərində tövsiyə olunmuş, eləcə də
ayrıca hazırlanaraq çap edilmiş planlaşdırma
nümunələrini standart kimi qəbul edir, onlar əsasında
fəaliyyətlərini qurmağa çalışırlar.
Bu, pedaqoji prosesin yaradıcı xarakterinə zidd olan bir hal
kimi yolverilməzdir. Məktəblərdə pedaqoji prosesin
yaradıcılıq tələb etməsi nəzərə
alınmalı, məktəbin, sinfin şəraiti,
imkanları əsasında hər bir müəllimin işini fərdi
qaydada planlaşdırması təmin olunmalıdır.
Müasir dərsin
planlaşdırılması ətrafında da müəllimlərin
diskussiyasının qurulması təklif olunur. Orada
başlıca olaraq aşağıda qeyd olunan bir necə məsələyə
diqqəti yönəltmək vacib hesab edilir:
Birinci, dərs təlimin təşkili
forması kimi konkret məqsədə xidmət göstərir
və zəruri resurslara istinad edir.
İkinci, dərs konkret standartların və
proqram tələblərinin reallaşdırılmasına
yönəlir.
Üçüncü, dərs
yaradıcı xarakter daşıyır və mövcud imkan və
şəraitə uyğun qurulur.
Dördüncü, dərs mütləq
mənada standart xarakter daşımır. Məqsəddən
asılı olaraq qeyri-standart dərslərdən də istifadə
etmək məsləhət görülür.
Konkret məqsədə yönəlmiş
uyğun forma, üsul və vasitələrdən ibarət təlim
strategiyalarının hazırlanması sahəsində
dünyanın inkişaf etmiş ölkələrində
geniş təcrübənin olduğu, eyni zamanda müəllimin
öz təcrübələrinə əsasən strategiyalar
hazırlaya bilmələri məlumdur. Ölkəmizdə aparılan
təhsil islahatlarında bu məsələyə diqqətin
yönəldilməsi didaktik cəhətdən əhəmiyyət
daşıyır. Mövcud şəraitdə müəllimlərimizə
bu strategiyaların əhəmiyyəti, mahiyyəti və məzmunu,
onlardan istifadə qaydaları barədə bilik və
bacarıqlar qazanmaq üçün istiqamət verilməli,
bu sahədə müəllimlərin səriştələrinin
artırılmasının zəruriliyi qeyd edilməlidir.
Yeni təhsil quruculuğunda müəllim-şagird
münasibətlərinin düzgün qurulması
bütövlükdə ümumi təhsil sahəsində
islahatların istinad nöqtəsi kimi müəllim subyektinə
və eləcə də şagird subyektinə, onların
qarşılıqlı ünsiyyət fəaliyyətinə
düzgün yanaşmaqdan qaynaqlanır. "Məktəb təcrübəsində
ən kobud səhvlərə, bir qayda olaraq, elə bu sahədə
yol verilir. Müəllimlərin çoxu güzəran təcrübəsinə
arxalanaraq "müəllim-şagird(lər)" münasibətini,
adətən "yaşlı-uşaq" münasibəti
kimi mənalandırırlar... Halbuki müvafiq yaş dövrlərində
"müəllim-şagird" münasibətləri
"yaşlı-uşaq" münasibətləri kimi deyil,
"böyük-kiçik" münasibətləri kimi nəzərdən
keçirilərsə, onların formalaşmasında,
inkişafında yaş amillərinin rolu dolğun
açıqlana bilər" (Ə.Ə.Əlizadə). Bu
zaman məktəb müəllim-şagird münasibətlərində
qarşılıqlı hörmətin yaranması
baxımından daha çox qazanar. Təlim prosesində bu
münasibətlər inkişafetdiriciliyin yaranmasına zəmin
yaradar. Şagirdin ümumi inkişafı təmin olunar.
Bu gün ümumi təhsilin daha
çox prioritet hesab olunan problemlərindən biri şagird
nailiyyətlərinin qiymətləndirilməsidir. Bütövlükdə
idarəetmə məsələsi kimi anlaşılan qiymətləndirmə
həm də zəruri pedaqoji texnologiyalardan biri hesab edilir. Azərbaycanda
qiymətləndirmə texnologiyasının, onun sisteminin
yaradılması istiqamətində işlər
aparılır. İlk dəfə hazırlanaraq hökumət
tərəfindən təsdiq olunmuş "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" (30 oktyabr 2006-cı il), "Azərbaycan
Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası" (13 yanvar 2009-cu il), "Ümumi təhsil
pilləsinin dövlət standartı və proqramları
(kurikulumları)" (03 iyun 2010-cu il) ümumtəhsil məktəblərində
qiymətləndirmə fəaliyyətinin normativ-hüquqi əsasını
təşkil edir. Orada şagird nailiyyətlərinin qiymətləndirilməsinin
fəlsəfəsi, prinsipləri, məzmun məsələləri,
forma və vasitələri öz əksini
tapmışdır.
Təcrübə göstərir ki, bir
çox ibtidai sinif müəllimləri ölkədə həyata
keçirilən şagird nailiyyətlərinin qiymətləndirilməsi
üzrə siyasətin mahiyyətini açıqlamaqda, məktəbdaxili
qiymətləndirmənin müxtəlif növlərindən
istifadə etməkdə çətinlik çəkirlər.
Diaqnostik, formativ və summativ qiymətləndirmənin prosedur
qaydalarına tam əməl edə bilmirlər. V-XI siniflərdə
dərs deyən müəllimlərin yeni qiymətləndirmə
sistemi ilə bağlı praktik bacarıqlar qazanmağa
böyük ehtiyacları vardır.
Humanist təhsil sisteminin qurulmasında,
irəliləyişlərin əldə olunmasında milli zəminə
əsaslanan dünyəvi xarakterli qiymətləndirmə
sisteminin yaradılması və onun müvəffəqiyyətlə
tətbiq olunması önəmli hesab edilir. Bu günə qədərki
aparılmış işlər təbii ki, şagird nailiyyətlərinin
qiymətləndirilməsi üzrə dünyəvi xarakterli
sistemin yaradılması sahəsində atılmış
müvəffəqiyyətli addım kimi qiymətləndirilməli,
onun inkişaf etdirilməsi, daha geniş miqyasda yayılaraq tətbiq
olunması üçün müzakirələr
aparılmalıdır. Bu zaman qarşıya çıxan hər
hansı bir qiymətləndirmə mexanizmi ilə bağlı
çətinliyin aradan qaldırılması üçün
fikir mübadilələri aparılmalı və təkliflər
verilməlidir.
Məktəblərin məzmun və
strukturu dəyişdiyi kimi, onun idarə olunması, tədris-təlim
işlərinin daha keyfiyyətli və məhsuldar fəaliyyət
göstərməsi üçün istiqamətləndirilməsinə
qoyulan tələblər də tamamilə yenidir. Artıq
demokratik və humanist prinsiplərə
söykənən məktəb öz fəaliyyətində
tamamilə müasir olan yanaşmalara istinad edir. Xüsusilə
idarəetmədə tamamilə yeni prinsiplərə istinad
olunur. 03 iyun 2010-cu ildə hökumət tərəfindən təsdiq
olunmuş "Ümumi təhsil pilləsinin dövlət
standartı və proqramları (kurikulumları)" sənədində
göstərildiyi kimi, "Ümumi təhsilin idarə
olunması hesabatlılıq, məsuliyyətin
bölüşdürülməsi və inkişafın
monitorinqi prinsipləri əsasında həyata
keçirilir".
Hesabatlılıq ümumtəhsil məktəblərində
müəllimdən başlayaraq məktəbin direktoruna, eləcə
də təhsil şöbəsinin rəhbərinə qədər
hər kəsin özü və tabe olduğu struktur
qarşısında ardıcıl və sistemli olaraq hesabat
verməyi tələb edir. Bu, bir neçə cəhətdən
faydalı hesab edilir. Əvvəla, hər kəs müəyyən
müddətdə nəzərdə tutduğu işi başa
çatdırır və onun qəbulu barədə ilkin
ekspertiza xarakterli rəyi öyrənir. İkinci, işin növbəti mərhələdə
yerinə yetirilməsi
ilə bağlı mülahizələr konkretləşir. Üçüncü, nəzərdə tutulmuş işin icra vaxtı, zamanı və keyfiyyəti ilə
bağlı diaqnostik qənaətlərə
gəlmək olur.
Məsuliyyətin
bölüşdürülməsi prinsipi əsasən nizamnamə
və əsasnamələrdə müəyyən olunmuş vəzifələrə
görə həyata keçirilir. Hər kəsdən tələb
olunan fəaliyyət onun məsuliyyət çərçivəsinə
tabe edilir. Ona görə də hər kəs öz məsuliyyəti
daxilində işləri yerinə yetirməklə, cavabdeh
olduğu məsələlərlə bağlı hesabatlar
verir.
İnkişafın monitorinqi prinsipi fəaliyyət
zamanı sadədən mürəkkəbə doğru
bütün mütərəqqi xüsusiyyətləri nəzərə
almağa, inkişafı izləməyə, onun daha keyfiyyətlə
yerinə yetirilməsinə imkan yaradır. Bu zaman mahiyyət
etibarı ilə keyfiyyətin idarə olunmasını təmin
etmək mümkün olur.
Bu prinsiplərin nəzərə
alınması tamamilə yeni idarəetmə mexanizmlərinin
həyata keçirilməsinə imkan yaradır. Ona görə
də müzakirələrdə onların hər birinin üzərində
dayanmaq, mahiyyəti və məzmununu açıqlamaq praktik cəhətdən
əhəmiyyətli hesab edilir.
Müşavirədə valideyn-məktəb
münasibətləri də gündəmdə olmalı, ona fəal
münasibət bildirilməlidir. Məlum olduğu kimi, ənənəvi
pedaqogikada həmişə ailə, məktəb və
şagird əlaqələrindən
danışılmış, onun əhəmiyyəti qeyd
edilmişdir. Bu məsələ ilə bağlı xeyli təcrübə
toplanmışdır.
Artıq XXI əsrdə yeni Azərbaycan
məktəbinin şəxsiyyətin
formalaşdırılmasına yönəldilməsi
valideynlərlə olan əlaqələrə tamamilə yeni
müstəvidə yanaşmağı tələb edir. Valideynlər
məktəblə əlaqələrini sadəcə
informasiyalar üzərində qura bilməzlər. Onlar məktəblə
yaxından əməkdaşlıq etməli, təhsil
prosesinin iştirakçısı kimi fəaliyyət göstərməli,
nailiyyətlərin əldə olunmasına imkanları daxilində
töhfələrini verməlidirlər.
Şəhər (rayon) təhsil
şöbələrinin nəzdində fəaliyyət
göstərən metodkabinetlərin başlıca vəzifəsi
ümumtəhsil müəssisələrinin, eləcə də
orada fəaliyyət göstərən müəllimlərin,
təhsil işçilərinin işini istiqamətləndirməkdən
ibarətdir. Lakin aparılmış monitorinqlər bu strukturun
fəaliyyətində xeyli nöqsanların olduğunu, onun təhsil
islahatının tələblərinə cavab vermədiyini
göstərir. Metodkabinetlər öz fəaliyyətlərini
müasir təhsil texnologiyalarından istifadə edilməsi və
təhsilin keyfiyyətinin idarə olunması baxımından
səmərəli qura, Təhsil Nazirliyi qarşısında
hesabatlarını vaxtlı-vaxtında verə bilmir. Ona
görə də müzakirələrdə metodkabinetlərin
sentyabr konfransının təşkili və keçirilməsi
ilə bağlı fəallıqlarının
artırılması, gələcəkdə onların məzmun
və strukturunun yeni dövrün məktəbinin tələbatlarına
uyğunlaşdırılması istiqamətində təkliflərin
hazırlanması məqsədəmüvafiq hesab edilir.
Heç şübhə etmirik ki,
sentyabr konfranslarında bu problemlər və pedaqoji ictimaiyyətimizi
düşündürən digər məsələlər
müzakirə olunacaq, gələcək fəaliyyətimizin
daha səmərəli qurulması məqsədi ilə
faydalı təkliflər veriləcəkdir.
Abdulla
MEHRABOV,
Təhsil Problemləri İnstitutunun
direktoru, professor,
Ənvər ABBASOV,
Kurikulum Mərkəzinin direktoru,
institutun direktor müavini,
dosent
Azərbaycan müəllimi.- 2011.- 26 avqust.- S.4-5.