Təhsil Nazirliyində görüş

 

Avqustun 22-də təhsil naziri Misir Mərdanov Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Jarkko Lehikoynenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

 

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib.

Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Jarkko Lehikoynen təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib və bu vəzifəyə təyin olunduqdan sonra ilk səfərini məhz Azərbaycana etdiyini vurğulayıb. Rəhbərlik etdiyi qurum haqqında məlumat verən J.Lehikoynen qeyd edib ki, 1985-ci ildən iki ölkədə - Fransa və Şotlandiyada gənclərə müxtəlif istiqamətlərdə güzəştlər təklif edən vahid Gənclər Kartı tətbiq olunmağa başlanıb. 1986-cı ildə Gənclər Kartı prosesinə 6 dövlətin (Belçika, Fransa, Niderland, Portuqaliya, Şotlandiya, İspaniya) qoşulduğunu diqqətə çatdıran qonaq onu da bildirib ki, 1990-cı ildə qarşılıqlı güzəştləri müəyyən edən Lissabon Protokolu imzalanıb. J.Lehikoynen məhz bu sənəddən sonra hazırda əsas ofisi Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Avropa Gənclər Kartı Assosiasiyasının fəaliyyətə başladığını vurğulayıb. Qonaq əlavə edib ki, həmin vaxtdan etibarən Avropa Gənclər Kartı Assosiasiyasına üzv olan təşkilatların, kart istifadəçilərinin sayı sürətlə artmağa başlayıb, gənclərə təhsil, nəqliyyat, yataqxana, istirahət, eləcə də digər sahələrdə edilən güzəşt və imtiyazlar genişləndirilib.

Avropa Gənclər Kartı Assosiasiyası prezidentinin verdiyi məlumata görə, 1991-ci ildə bu təşkilat gənclərin Gənclər Kartından istifadəsini sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş imzalayıb, 1995-ci ildən isə Avropa Komissiyası müvafiq prosesi dəstəkləməyə başlayıb. Eyni zamanda qonaq hazırda Avropanın 40-a yaxın ölkəsinin Gənclər Kartı prosesinə qoşulduğunu, bütövlükdə isə bu ölkələrdən 30 yaşınadək 4 milyondan çox gəncin qeyd olunan kartların daşıyıcısı olduğunu nəzərə çatdırıb.

J.Lehikoynen daha sonra bildirib ki, Gənclər Kartı gənclərə maddi dəstək vasitəsidir və bu vəsiqələrdən istifadə edənlər müxtəlif sahələri əhatə edən 80 minə qədər endirimdən bəhrələnə bilərlər. Kartların üzərindəki çip-kartların vəsiqənin sahibi haqqında müəyyən informasiya daşıdığından bəhs edən qurum rəhbəri bu prosesin iqtisadi tədbir olduğunu vurğulayıb və əlavə edib ki, onun əsas məqsədi gənclərin bir araya gətirilməsidir. Jarkko Lehikoynen onu da qeyd edib ki, Gənclər Kartının Azərbaycanda tətbiqi ilə bağlı Gənclər və İdman Nazirliyində ciddi müzakirələr aparılıb. Assosiasiya rəhbəri bu kartların Azərbaycanın ali məktəblərində tətbiq olunması üçün təhsil naziri Misir Mərdanovdan dəstək göstərməyi xahiş edib.

 Təhsil naziri Misir Mərdanov qonağa bu vəzifədə ilk səfərini Azərbaycana etdiyi üçün təşəkkürünü bildirib. Nazir Avropa Gənclər Kartının Azərbaycanda da tətbiq olunmasını dəstəklədiyini, xüsusilə ali məktəb tələbələrinə qeyd olunan vahid formada kartların verilməsinə lazımi köməklik göstərməyə hazır olduğunu vurğulayıb. Misir Mərdanov Avropa Gənclər Kartının tətbiqi üçün konkret addımlar atmaq məqsədilə Təhsil Nazirliyində görüləcək işlərlə bağlı növbəti müzakirənin aparılmasının məqsədəuyğunluğunu qeyd edib. Azərbaycanın Avropa təhsil məkanına inteqrasiya olunduğunu diqqətə çatdıran nazir Avropa Şurası və Avropa Komissiyasının dəstəklədiyi bu prosesə qoşulmağın zəruriliyini bildirib.

 Daha sonra Avropa Gənclər Kartının Azərbaycan ali məktəblərində tətbiqi, bu istiqamətdə görüləcək işlər barədə rəy və təkliflər nəzərə çatdırılıb.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 26 avqust.- S.2.