Belçika
Krallığının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri ADU-da olub
Avqustun 23-də Azərbaycan Dillər
Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov Belçika
Krallığının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Luk Troyeni qəbul etdi.
Qonağı salamlayan rektor
onu Azərbaycan Dillər Universitetində
görməkdən məmnun olduğunu bildirdi. Sonra S.Seyidov qeyd etdi ki, ADU çox
sürətlə inkişaf edən universitetdir və birincilik
üçün əlindən gələn
hər şeyi edir. ADU-nun mədəni,
beynəlxalq əlaqələr, dil, tərcümə
və s. istiqamətlərdə yüksək
şəkildə ixtisaslaşdığını, burada ingilis, fransız və
alman dillərinin tədrisinin prioritet təşkil etdiyini
vurğuladı. Rektor əlavə etdi ki, universitetdə bu dillərdən başqa
Koreya, yapon, hind, Malayziya, Norveç, ərəb, fars,
italyan, ispan dilləri
də tədris edilir. Bununla
bərabər həmin dillərin mərkəzləri də ADU-da fəaliyyət göstərir. Həm də
ADU-dakı İnformasiya Resurs
Kompleksindən nəinki ADU tələbələri, hətta
digər universitetlərin tələbələri və xaricilər
də yararlanırlar. Bu gün
ADU-da bir sıra xarici mütəxəssislər
çalışır.
Bununla yanaşı, rektor S.Seyidov Essex
Universiteti ilə mövcud olan əlaqələri önə
çəkdi, ADU ilə Essex Universiteti arasında müqavilənin
imzalanmasını qonağın diqqətinə çatdırdı.
Səfir Luk Troyen, öz növbəsində,
Azərbaycanın Rusiya Federasiyası və Türkiyə ilə
tarixi, mədəni, dil əlaqələrinin
mövcudluğundan söhbət açdı. O, ADU ilə
Belçika universitetləri arasında gələcək əməkdaşlıqla
bağlı müzakirə apararaq bu sahədə maraqlı
olduqlarını qeyd etdi. Səfir bildirdi ki, Azərbaycan
hökuməti tələbələrin xarici ölkələrdə
təhsil almasına yardım göstərir.
Beynəlxalq əlaqələr üzrə
prorektor Jalə Qəribova isə ADU-nun Hacettepe və Strasburq
universitetləri ilə əməkdaşlığından
danışaraq Belçikanın Antverp Universiteti ilə
mövcud əlaqələrindən söz açdı.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2011.- 26 avqust.- S.2.