On üç yaşlı dünya çempionu
Vahid Tofiq oğlu Məhərrəmov idmanın Qocyu-Ryu Okinava karate növü üzrə
30 kq çəki dərəcəsində
dünya çempionudur.
1997-ci ildə Bakıda anadan olub. Kiçik
yaşlarından idmana böyük sevgisi olub. Bakının Yasamal rayonunda yerləşən
176 nömrəli tam orta
məktəbin IX sinif şagirdidir.
Yaşıdlarından həmişə qeyri-adi
istedadı və bacarığı ilə fərqlənən Vahid karate ilə doqquz yaşından məşğul olur. O, altıqat dünya
və üçqat Avropa
çempionu olan təcrübəli
məşqçi Ümid Əliyevin yetirməsidir. Vahid bu idman növünün sirlərini
mükəmməl şəkildə öyrənməyə
başlayır. Onun uğurları da bundan sonra
artır.
- Vahid,
səndə idmanın bu növünə
həvəs haradan yarandı?
-Ailəmiz də idmanı çox sevir. Atam idmanı sevən bir insan kimi məndə idmançı olmağa həvəs oyatdı. Hələ uşaq yaşlarımda həmişə məhəllədə yaşayan qonşularımızın tezdən idmanla məşğul olmalarına həvəslə baxırdım. İstəyirdim ki, mən də onlar kimi idmanla məşğul olum. Həyətdə məhəllə yoldaşlarımla futbol oynayardıq. Karate ilə yanaşı, futbol oynamağı da çox sevirəm. Məşqçi müəllimim Ümid Əliyev də 176 nömrəli tam orta məktəbin məzunudur. Məktəbin idmançı şagirdlərinin şəkillərindən ibarət stenddə Ümidin və digər idmançıların yarış zamanı şəkillərini görəndə fərəhlənərdim. İstəyirdim ki, mən də onlar kimi idmançı olum. Mənim şəklim də şərəf lövhəsində olsun. Ümid müəllimlə münasibət qurmağa çalışdım. Həmişə istəyirdim ki, idmanın sirlərini ondan öyrənim. Bağçaya getdiyim vaxtlardan məhəllə uşaqları ilə idman zallarında yüngül də olsa, idmanla məşğul olardım. Orada məşq edən idmançıların hərəkətlərinə diqqətlə baxardım. Bir dəfə uşaqlarla məşqə gedəndə mən idman zalından evə gəlməmək üçün zaldakı kəndirlə tavana çıxmışdım. Təxminən yarım saat məni axtarandan sonra səsimi çıxartmışdım. Yoldaşlarım çox qorxmuşdu. Onlar elə biliblər ki, mən itmişəm. Məndən soruşanda niyə bu hərəkəti etdin, onlara dedim ki, zaldan evə getmək istəmirdim. Hələ mən məşqimi qurtarmamışdım axı. Zaldakı idmançılar güldülər. Məşqçi müəllimlər mənə dedilər ki, sən sevdiyin idman növü ilə məşğul olsan, güclü idmançı ola bilərsən.
- Uğurların
barədə bizə nə deyə bilərsən və
yarış zamanı hansı hissləri keçirirsən?
- Tatamiyə çıxanda ancaq qələbə qazanmaq haqqında düşünürəm. Çalışıram ki, heç bir səhvə yol verməyim, rəqib həmin anda bundan istifadə edə bilər. Tələsmədən rəqibin nə edəcəyi haqqında fikirləşirəm. Rəqibi ilk anda məğlub etmək istəyirəm. Yarışın axırını gözləmək istəmirəm. Qarşımda duran önəmli vəzifələrdən biri Avropa çempionu olmaqdır. Qazandığım bütün uğurlarıma görə müəllimim Ümid Əliyevə borcluyam. Müəllimsiz sənin heç bir uğurun ola bilməz. Yaxşı perspektivli bir idmançı olmaq, böyük uğurlar qazanmaq üçün zəhmət çəkmək lazımdır. Müəllimim mənə bu idman növünün bütün sirlərini dərindən öyrətdi. Bunun nəticəsidir ki, mən respublikada keçirilən birinciliklərdə və Azərbaycan çempionatlarında dəfələrlə iştirak etmişəm. Hər bir yarışda I yerə layiq görülərək diplom və mükafatlar almışam. Belə ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qocyu-Ryu Okinava karate-do və kobudo növləri üzrə Karate Federasiyasının təşkil etdiyi yarışlarda I yerə çıxmışam. 2011-ci ilin yayında Bakıda 30-a yaxın ölkənin iştirakı ilə Qocyu-Ryu Okinava növü üzrə 13-14 yaşlı idmançılar arasında keçirilən dünya çempionatında I yerə çıxaraq hər birimizə müqəddəs olan üçrəngli dövlət bayrağımızı zirvələrə qaldırmışam. Ən böyük arzum istənilən beynəlxalq yarışlarda bayrağımızı zirvələrə qaldırmaq və himnimizi səsləndirməkdir.
Vahid Məhərrəmovun qazandığı uğurlarda böyük zəhməti olan təcrübəli məşqçi, karate üzrə altıqat dünya və üçqat Avropa çempionu, 20 qızıl və gümüş medal sahibi Ümid Əliyev yetirməsi haqqında bu fikirdədir:
- Sevindirici haldır ki, Azərbaycan bu gün beynəlxalq idman aləmində idman ölkəsi kimi tanınır. İdmançılarımız çempion olanda, üçrəngli bayrağımız dövlət himnimizin sədaları altında zirvələrə qalxanda hər bir Azərbaycan övladı kimi mən də qürur hissi keçirirəm.
Vahidin zaldakı digər idmançılardan fərqi ondadır ki, onun çox güclü qavrama və götürmə qabiliyyəti var. Məsələn, 2-3 il gələn idmançıların o müddətdə götürdüklərini Vahid 5-6 ayda mənimsəmişdi. Onlara qalib gəlirdi. Tatamidə onlarla sərbəst işləyirdi. Mən Vahidə güvənirəm. Arzu edirəm ki, o, Avropa çempionu olsun. Hər bir məşqçi kimi mən də yetirməmin qələbəsinə sevinirəm. İnanıram ki, o, bütün ümidləri doğruldacaq və üçrəngli bayrağımızı beynəlxalq yarışlarda zirvələrə qaldıracaq.
Bu gün qarşımızda duran ən mühüm vəzifə uşaq və yeniyetmələrin intellektual səviyyələrinin, estetik, hüquqi tərbiyələrinin, bədii və texniki yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsindən, dövlətçiliyə sədaqət, milli mənəvi dəyərlərimizə dərin hörmət ruhunda formalaşmasından ibarətdir. Sevindirici haldır ki, bu gün Vahid kimi yetirmələrimiz Azərbaycanın idman şərəfini qoruyaraq ölkəmizi Avropa və dünya çempionatlarında layiqli təmsil edirlər.
Bakıdakı 176 nömrəli tam orta məktəbin direktoru Sairə Rəsulova:
- Son illərdə idman sahəsində qazanılan uğurlara görə bütün idmançıları və idmansevərləri təbrik edirəm. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də misilsiz uğurlar qazanılmışdır. Vahid haqqında onu deyə bilərəm ki, o, təlim və tərbiyəsi ilə seçilən, nümunəvi şagirddir. Məktəbdə keçirilən tədbirlərdə həmişə fəallığı ilə seçilir. O, idman yarışlarında və hərbi spartakiadalarda xüsusi fəallıq göstərir. Vahid müəllimlərinin məsləhətlərinə qulaq asan, tapşırıqlara əməl edən bir şagird kimi özünü həmişə doğruldur. Ona gələcək həyatında uğurlar arzulayırıq.
Rəşad
ZİYADOV
Azərbaycan müəllimi.- 2011.-
2 dekabr.- S.22.