Əhməd Cavad haqqında yeni kitab
Ədəbiyyatımızda elə yaradıcı şəxsiyyətlər, ictimai-siyasi xadimlər olub ki, onların keçdiyi ömür yolu, həyat tərzi, yaradıcılığı haqqında dəfələrlə yazılsa belə azdır. Çünki onlar bütün varlığı ilə vətəninə, millətinə, onun azadlığına bağlı idilər. Belə söz sahiblərindən biri də vətənpərvər, millətsevər, azadlıq şairi olan Əhməd Cavaddır.
Dəhşətli 37-nin qurbanı olmuş, uzun illər yaradıcılığına qadağalar qoyulmuş Əhməd Cavadın yalnız Azərbaycanın deyil, böyük türk dünyasının, Turan elinin şairi olduğunu zaman təsdiq etdi. Qaranlıqlar işıqlandı, sular duruldu, zaman axarına düşdü. Əhməd Cavad poeziyası, lirikası yenidən ədəbiyyatımızda bərq vurdu. Əsərlər yazıldı, kitablar çap olundu. Belə kitabların biri də "Əhməd Cavadın yaradıcılıq yolu" adlanır. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "istiqlal şairi" adı qazanmış Əhməd Cavad yaradıcılığına, poeziyasına həsr olunan bu sanballı əsər ilk sözündən son sözünə kimi şairin söz-sənət dünyasından oxucunu hali edir. Nadir istedada, fitri zəkaya malik olan Ə.Cavad poeziyasının sənətkarlıq xüsusiyyətləri, rəngarəngliyi müəllif tərəfindən ustalıqla açılır, təhlil edilir. Hər sözündə, kəlamında böyük Turan ellərinə sonsuz sevgisi, sayqısı olan Əhməd Cavadın uşaqlıq illərindən ömrünün son günlərinə kimi keçdiyi həyat və yaradıcılıq yolu geniş şəkildə əks etdirilib.
2011-ci ildə "Ozan" nəşriyyatı tərəfindən işıq üzü görən, cavadşünaslıq irsinə ən qiymətli töhfə olan bu əsərin elmi redaktoru mətbuatımızın tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir. Ön sözün müəllifi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevdir. Əsərə yüksək qiymət verən hörmətli Bəkir müəllim yazır: "Müəllif Əhməd Cavad yaradıcılığındakı orijinallıqdan, təkraredilməz poetik sənətkarlıqdan müqayisəli şəkildə geniş söhbət açır. Hər şeydən öncə əsərin elmi dəyərini qeyd etməklə yanaşı, onun praktik əhəmiyyətini də yüksək qiymətləndirirəm".
Doğrudan da əsəri oxuyarkən hiss olunur ki,
tədqiqatçı alim R.Salmanlı
Əhməd Cavad
yaradıcılığına böyük
bir məsuliyyətlə yanaşıb.
Əhməd Cavad
yaradıcılığı, poeziyası, həyatı ilə
bağlı kiçik bir
detala da həssaslıqla,
alim təmkini ilə yanaşaraq
əsərin ərsəyə gəlməsi üçün uzun illər
gərgin axtarışlar aparıb. Hiss olunur ki, R.Salmanlı şair haqqında yetərincə informasiyaya
malikdir. Bu heç
də təsadüfi deyil. Çünki
o, "Əhməd Cavad",
"Kür üstündə
bir şəhər varE" və "Cümhuriyyət şairi"
adlı əsərlərində
artıq şairin çoxcəhətli yaradıcılıq
və keşməkeşli
həyat yolu ilə tanış idi. Elə ona görə
də əsəri bir çox tədqiqatçı alimlərimiz
cavadşünaslıq irsinin
ən sanballı əsəri kimi qiymətləndirmişlər.
1991-ci ildə dövlət
müstəqilliyimizi yenidən
elan etdikdən sonra cavadşünaslıq
irsinə aid çox əsərlər, məqalələr,
monoqrafiyalar yazılıb. Lakin R.Salmanlının
"Əhməd Cavadın
yaradıcılıq yolu"
adlandırdığı bu
monoqrafiya bir çox yenilikləri ilə də diqqəti cəlb edir. İlk növbədə onu qeyd edək
ki, əsər kifayət dərəcədə
bitkin şəkildə
işlənmişdir. Əhməd Cavad poeziyasının yüksək sənətkarlığı,
təkrarolunmaz orijinallığı
yetərincə geniş
şəkildə təhlil
edilib. Tədqiqatçı alim arxiv sənədlərindən, mətbuat
materiallarından yerli-yerində
istifadə edib. Bununla da əsərində bir daha sübut
edib ki, Əhməd Cavad XX əsr Azərbaycan ədəbiyyatının, poeziyasının
təkrarolunmaz sənətkarlarındandır.
Müəllif həmçinin bu
fikri söyləmək
üçün Əhməd
Cavad yaradıcılığına
yüksək qiymət
verən M.Ə.Rəsulzadə,
H.Baykara, Ə.Səfəroğlu,
M.B.Məhəmmədzadə kimi tədqiqatçıların
əsərlərinə, fikirlərinə
istinad edib.
Azərbaycan ədəbiyyatının, poeziyasının
say-seçmə söz,
sənət sahiblərindən
olan Əhməd Cavad yaradıcılığa
tarixin həm ziddiyyətli, həm də mürəkkəb dövründə gəlib. Lakin yaradıcılığının
ən məhsuldar, çiçəkləndiyi dövr
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə
təsadüf edir.
Bu illərdə şair bütün varlığı ilə yazıb-yaratmış, cümhuriyyətin
ideyalarını tərənnüm
etmişdir. Ona görə
də bu illər onun yaradıcılığında çox böyük və müstəsna əhəmiyyətə malikdir.
Heç
də təsadüfi deyil ki, cavadşünaslar
bu illəri "Əhməd Cavad yaradıcılığının zirvəsi, kulminasiya nöqtəsi" adlandırırlar.
Bütün varlığı
ilə azadlığa
can atan, türk dünyasının təəssübkeşi
olan şair istiqlal mübarizəsini
son ana kimi davam etdirmiş, bu yolda olmazın
əzablara, əziyyətlərə,
məşəqqətlərə məruz qalsa da, amalından dönməmişdir.
Bütün bunları müəllif əsərində geniş
şəkildə əks
etdirə bilmişdir. Əsərdə Əhməd Cavadın yaradıcılıq uğurları
ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
sonra millətçi,
pantürkist, müsavatçı
damğası ilə zindanlarda, həbslərdə
çəkdiyi dəhşətli
işgəncələr də
oxucuya geniş şəkildə çatdırılır.
Qərənfil DÜNYAMİNQIZI
Azərbaycan müəllimi.-
2011.- 2 dekabr.- S.21.