Tanınmış
ədəbiyyatşünas alim Abbas
Zamanovun 100 illik yubileyi qeyd olunub
Noyabrın 29-da Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) Rəyasət Heyətinin
akt zalında tanınmış ədəbiyyatşünas
alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi,
professor Abbas Zamanovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Təhsil
Nazirliyi ilə birgə təşkil etdiyi tədbiri giriş sözü ilə AMEA-nın prezidenti Mahmud Kərimov açaraq bildirib ki, zəngin elmi fəaliyyəti ilə Abbas Zamanov milli ədəbiyyatşünaslığın
bir məktəb kimi formalaşması və inkişaf etdirilməsi sahəsində
təqdirəlayiq xidmətlər
göstərib.
Təhsil naziri Misir Mərdanov Abbas Zamanovun Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından biri olduğunu nəzərə çatdırıb, onun yüksək ixtisaslı kadrların azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsində böyük xidmətləri olduğunu vurğulayıb. Nazir deyib ki, Abbas Zamanovun Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafındakı xidmətləri danılmazdır. Təhsil naziri daha sonra Abbas Zamanovun Bakı Dövlət Universitetindəki fəaliyyətindən, onun tələbələr və professor-müəllim heyəti arasında yüksək nüfuz qazanmasından söhbət açıb.
Sonra Abbas Zamanovun 100 illiyinə həsr olunmuş film nümayiş olunub.
Filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, professor Pənah Xəlilov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov görkəmli alim Abbas Zamanov haqqında xatirələrini söyləyib, onun bir insan, bir alim kimi vətən və xalq qarşısındakı xidmətlərindən söhbət açıblar.
Tədbirin sonunda professor Abbas Zamanovun nəvəsi Gülgün Rzayeva babasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
2 dekabr.- S.3.