Respublika rəsm müsabiqəsinin
qalibləri
mükafatlandırıldı
Noyabrın 30-da T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında ali məktəb tələbələri arasında "Azərbaycan-çiçəklənən diyar" mövzusunda təşkil olunmuş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, respublika rəsm müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Fuad Salayev və digər şəxslər iştirak edirdilər.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərə dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhu aşılamaq, rəsm sahəsində istedadlı gəncləri üzə çıxarmaqdır. Müsabiqə ali məktəb və respublika mərhələləri olmaqla 2 mərhələdə keçirilib. Müsabiqənin respublika mərhələsinə 100-ə yaxın rəsm işi təqdim edilib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən seçim aparılıb və 12 qalib müəyyənləşdirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov qalibləri təbrik edərək bildirdi ki, ali məktəb tələbələri arasında "Azərbaycan-çiçəklənən diyar" mövzusunda ilk dəfə təşkil olunmuş rəsm müsabiqəsi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdəndir və bu tədbirlər 2011-ci ilin sonuna qədər davam etdiriləcək. Təhsil nazirinin müavini qeyd etdi ki, müxtəlif ali məktəblərin tələbələrinin iştirak etdiyi müsabiqədə məzmunlu və dolğun əsərlər öz əksini tapmışdır. Müsabiqədə əməyi keçən hər bir şəxsə minnətdarlığını bildirən Q.Novruzov belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.
Digər çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışdılar.
Müsabiqədə I, II və III yerləri tutan tələbələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırıldılar. Qaliblərlə xatirə şəkilləri çəkildi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
2 dekabr.- S.5.