“Hər gecə yuxumda elə hey Ağdamı görürəm”

 

Müsahibimiz xalq artisti, professor Arif Babayevdir

 

 Xalq musiqimizi qorumaq, yaşatmaq, onu təbliğ etmək hamımızın vətəndaşlıq borcudur. Milli muğamlarımıza, təsniflərimizə, xalq mahnılarımıza üz tutan, onu tamaşaçılara tanıdan, gələcək nəsillərə ötürən incəsənət xadimlərimiz, mədəniyyətimizin, musiqimizin inkişafı yolunda misilsiz xidmətlər göstərirlər. Belə ustad sənətkarlarımızdan biri özünəməxsus ifa tərzi ilə seçilən, məlahətli və bənzərsiz səs sahibi Arif Babayevdir. İllərlə el şənliklərində məşhurlaşan, opera və tamaşalarda səsi ilə ürəkləri titrədən sənətkar, həm də təcrübəli pedaqoqdur. Azərbaycanın xalq artisti, Milli Konservatoriyada Muğam  xalq  çalğı alətləri kafedrasının müdiri, professor, Prezident təqaüdçüsü Arif Babayevlə elə rəhbərlik etdiyi Muğam kafedrasında söhbət etdik.  Arif müəllimin həmişəki kimi danışığı sərrast, nitqi sanballı, ölçülü-biçilidi. İllər boyu oynadığı tamaşalarda obrazdan-obraza dəyişsə də, şəxsi həyatında təkcə bir obraz yaradıb - Arif Babayev obrazı.

 

- Neçə illərdir sizi tanıyıram: ağır təbiətli, təmkinli, səbirli bir insan kimi yeriniz var yaddaşımda.

 

- Ellada xanım, səbir, təmkin, əxlaq yaranışından bəri insanın yaraşığıdır. Mən ağdamlı məşhur Səməd bəyin nəvəsiyəm. Deyilənlərə görə, çox səxavətli, mərd adam olub babam. Hərdən elə istəyirəm ki, kaş bütün sənədlərimdə o kişinin adı yazıla, olam "Arif Səmədbəyli". Düzdür, xalq məni "Babayev" kimi tanıyıb, amma bu "yev" sonluğu həmişə mənə rus hegemonluğunu xatırladır...

 

- Məktəb illəriniz harada keçib?

 

- Ağdamın Sarıhacılı kəndində, 1938-ci il fevralın 20-də dünyaya gəlmişəm. Yeddiillik kənd məktəbini Əhmədavarda, 5 nömrəli orta məktəbi isə Ağdam şəhərində bitirmişəm. Sonra Bakıya gəlib 1962-ci ildə İncəsənət İnstitutuna qiyabi daxil olmuşam.

 

- Bəs nə vaxtdan xanəndəliyə başladınız?

 

- Ağlım söz kəsəndən oxuyuram. El toylarına çox getmişəm. Bəziləri şan-şöhrətə çatandan sonra bu barədə demir, gizlədir, amma mən bunu etiraf etməkdə bir əskiklik, bir qəbahət görmürəm. Bizi el şənlikləri məşhurlaşdırıb, tanıdıb. Balalarımızı da eldən gələn halal qazancımızla böyütmüşük. Həqiqəti hər zaman demək lazımdır. Tarixən də sənətkarları el dolandırıb.

 

- Yenə əvvəlki qədər toylara dəvət alırsınız?

 

- İndi məsələ belədi: mənim öz istədiklərim var. Məni də istəyənlər çoxdu. Yenə də seçim eləyirəm. Səviyyə olan yerlərə ürəknən gedirəm.

 

- Sizdən başqa da ailənizdə oxuyan olub?

 

- Ailədə iki bacı, dörd qardaşdıq. Kiçik qardaşım Şahin xanəndədi.

 

- Bir neçə verilişdə baxmışam, səsi xoşuma gəlib, amma nəsə...

 

- Bilirsiniz, Şahin efirə elə də can atmır. Qardaşıq deyə demirəm, insafən yaxşı səsi var, buradan daha çox İranda tanınır Şahin. Çox tez-tez İran toylarına dəvət alır.

 

- Öz övladlarınızdan davamçınız olmayıb deyəsən...

 

- Yox, özləri də meyil eləmədi, mən də istəmədim. İki qızım var, bir oğlum. Böyük qızım Ruqiyyə həkimdi, anamın adını vermişəm ona. Kiçiyim Lalə müəllimdi. Oğlum Yaşar da iki institut bitirib, həm iqtisadçıdı, həm də hüquqşünas.

 

- Bəs nəvələr?

 

- Çoxdan baba olmuşam, altı nəvəm var, üçü qızdı, üçü oğlan... Böyük nəvəmin 19, ən kiçiyinin 6 yaşı var. Bizim ailədə iki Arif var. Oğlumun oğlu Arif 4-cü sinifdədir, güman edirəm ki, riyaziyyatçı olacaq. Arifin kiçik qardaşı  Aqil isə bu il hazırlığa gedir. Aqil xalq mahnılarına meyillidi, səsi də bir az var, bəlkə də mənim yolumnan o gedəcək.

 

- Arif müəllim, "Şöhrət" ordenli, "İstiqlal" ordenli incəsənət xadimisiniz. Prezident təqaüdünə layiq görülmüsünüz. Böyük tamaşaçı, dinləyici auditoriyanız var... Xoşbəxt həyat üçün, təminatlı yaşamaq üçün nail olduqlarınız sizə qəlb rahatlığı gətirirmi?

 

- "Şöhrət" ordenini mənə 19 fevral 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyev özü təqdim etmişdi, Allah ona qəni-qəni rəhmət eləsin. "İstiqlal" ordenim isə 19 fevral 2008-ci ildə cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə verilib.

2002-ci ildən Prezident təqaüdü alıram.

70 illik yubileyim münasibəti ilə 2008-ci ildə ölkəmizin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə bütün  külliyyatımla birgə böyük albom nəşr edilib. Sağ olsunlar. Bütün bunlar sənətə, sənətkar əməyinə verilən yüksək qiymətdir.

Amma oturub fikirləşəndə ki, mən hərtərəfli xoşbəxtəmmi, deyirəm, yox! Ən xoşbəxt günüm, daha dəqiqi, hamımızın xoşbəxt günü qabaqdadı hələ... Biz elliklə o vaxt  xoşbəxt olarıq ki, torpaqlarımızı əsirlikdən çıxardaq, düşmənin xarabaya çevirdiyi rayon və şəhərlərimizi gülüstana çevirək.

 

- Bir bayatımız var ey, illər öncə Akif İslamzadə oxuyardı:

 

Bura Vətəndi,

Gülü bitəndi,

Səsim çatandı,

Ünüm yetəndi -

Bura Vətəndi...

 

- Ağdamsız səsiniz hara qədər çatır, Arif müəllim?

 

- Dünyanın 50-dən çox ölkəsində Azərbaycanı təmsil etmişəm. Minlərlə əcnəbi tamaşaçı Azərbaycan musiqisini ayaqüstə alqışlayıb. Amma bunlar Ağdamsızlığımın yanında gözümdə deyil.

Yəqin yaşdandı... hər gecə yuxumda elə hey Ağdamı görürəm, Şuşada gəzirəm. Ayılıram, yuxum qaçır, qəhər boğur məni, torpaq zilləti çəkən adamın gecə yuxusu olmaz... hərdən oturub ağlayıram ki, ürəyim boşalsın, səbir eləməyə tab gətirsin.

Deyirlər, kişi ağlamaz. Baxır harada, nə vaxt? Mənim yozumum belədi:

Kişi düşmən qabağında ölər, amma ağlamaz... 

Kişi vəzifə üçün ağlamaz.

Kişi mənafeyi üçün, qarnı üçün ağlamaz.

Amma Vətəni üçün ağlamayan gözlər qoy kor olsun. Əgər bu yaşımda mən ata-baba yurduma gedə bilmirəmsə, atamın-anamın qəbri üstündə bir Quran oxuda bilmirəmsə, ürəyim həsrətdən qövr eliyir axı?! Torpaq elə bir möcüzədir ki, uzaq düşdükcə daha çox çəkir, çağırır adamı, illah da yaşlananda.

 

- Və... əlimiz çatmayan, ünümüz yetməyən illərdən təkcə xatirələr qalır bizə...

 

- Mənim Ağdamla birgə bütün uşaqlıq, gənclik illərim, köklü-köməcli xatirələrim əsirlikdədi elə bil. Əlim çatmır heç birinə.

 

- Tələbə yoldaşlarınızdan ən çox yadınızda kim qalıb?

 

- Bir zərdablı balası vardı - Mürşüd Abbasov, həm tələbə yoldaşı idik, həm də yaxın dost. Bal kimi səsi vardı Mürşüdün. Xan əmi Zərdabda toyda olanda bəyənmişdi onun səsini, Habil müsabiqədə onu seçmişdi. Çox təkrarsız, şirin səsi vardı, həm də ürəyitəmiz, saf, mərd adamdı. 1975-ci ildə təyyarə qəzasında həlak oldu. Yaşasaydı, indi necə məşhur olardı!..

 

- Müəllimlik fəaliyyətinə nə vaxtdan başladınız?

 

- 1981-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Muğam sinfinə müəllim dəvət olundum. 1984-cü ildən isə Musiqi Akademiyasının Muğam kafedrasında çalışdım.  Hazırda Milli Konservatoriyanın Muğam və xalq çalğı alətləri kafedrasının müdiriyəm.

İndi o vaxtkı tələbələrimin əksəriyyəti xalq artisti, əməkdar artist kimi tanınır. Amma birinin adını çəksəm, gərək hamısını xatırladam, yoxsa inciyərlər.

 

- Bu gün muğamlarımıza yüksək dövlət qayğısı var...

 

- Bakıda "Muğam" Mərkəzinin tikilməsi Mehriban xanım Əliyevanın xidmətidir. Beynəlxalq Muğam Müsabiqəsinin iki dəfə məhz Bakıda keçirilməsi böyük hadisədir. Milli muğamlarımızı bütün dünyaya tanıtmaq yolunda Mehriban xanım təqdirəlayiq işlər görüb və görür.

 

- Səsi həzin, bir az da kövrək gənc Arif Babayev və eşqindən zəbanə çəkən Məcnun obrazı... O tamaşaları xatırlayanda, hərdən mənə elə gəlir ki, "Aşiqi-Məcnun" o səsin sahibi özüydü? Zaman keçdi, Arif müəllim, bəs illər o Leyliləri hara apardı?

 

- Mənim Leylilərim hamısı güclü sənətkarlar olub. Zeynəb Xanlarova - mən ona cansağlığı arzulayıram. Rübabə Muradova, Nəzakət Məmmədova - hamısı Leylini gözəl, səviyyəli oynayırdı. Amma Nəzakəti tez-tez xatırlayıram, onun özü də gözəliydi, səsi də, ürəyi də. Nəzakət xanıma da, Rübabə xanıma da Allah rəhmət eləsin...

 

- Arif müəllim, sabahlar açıla, xeyir gətirə...

 

- Allah ağzınızdan eşitsin, Ellada xanım. Onu da deyim ki, müharibəni udmaq, torpaqlarımızı geri qaytarmaq tək bir nəfərin vəzifəsi deyil ha, hamılıqla bir vətəndaş kimi əlimizdən gələni əsirgəməməliyik. Mənim ümidim var ki, bizim Prezidentimiz gec-tez nə yolnan olursa-olsun, bu qondarma Qarabağ problemini həll edəcək.

Gecə-gündüz Allaha da, zamana da yalvarıram ki, nə qədər ömür yaşayıramsa-yaşayım, amma o ömür payımın içində azad olmuş torpaqlarda gəzə bilmək payım da olsun.

 

- Amin.

 

Mənim də arzularımın üzü güllə səsi gələn tərəfə - yurd yerlərimizədi.

Gözlərim cığırlarını ot basmış, təkər səsini yaddan çıxarmış yollara yol çəkir.

Arzu, dilək insanı sabaha, irəliyə ötürən yol bələdçisidi.

Və bu yolların sonuncu dayanacağı Vətəndi...

Sonuncu dayanacaqda görüşənə kimi... hələlik, Arif müəllim...

 

Söhbəti yazdı:  Ellada UMUDLU

Azərbaycan müəllimi.- 2011.- 2 dekabr.- S.11.